Məhkəmə qərarları › İş №2(103)-3615/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3615/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3615/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı X1 ilkin iddia üzrə Cavabdeh qarşı “əmlak və pul tələbinə dair” ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı “müqavilə öhdəliklərinin məcburi icra edilməsi və vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-939/2020 saylı qətnaməsindən tərəflərin apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosessi ünvanda olan 900 kv.m torpaq sahəsinə görə 41 ay ərzində aldatma yolu ilə ondan alınmış hər ay 1300 manat olmaqla, cəmi 53300 (41x1300) manat, torpaq-əmlak vergisinə görə yerli bələdiyyəyə ödənilmiş 2100 (3x700) manat və tikilmiş tikililərə xərclənmış 11200 manat olmaqla, cəmi 66600 manat pul vəsaitinin və mübahisəli torpaq sahəsində tərəfindən quraşdırılan böyük yük-qaldırıcı, 1 ədəd-qiyməti 1000 manat; balaca yükqaldırıcı, 1 ədəd-qiyməti 400 manat; “Tornaçı dəzgah”, ölçüsü 400-qiyməti 10000 manat; mişar-qiyməti 1200 manat; frezer, ölçüsü 83-qiyməti 4500 manat dəyərlərində olan dəzgahların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddiaçı X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddia təmin edilərək, X2 13600 manat icarə haqqı, maddi zərərə görə 9300 manat, icarə haqqının qanunsuz olaraq ödənilməməsinə görə illik bank faiz uçot dərəcəsi nəzərə alınmaqla 3 il üçün 2856 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 939/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı X4 apelyasiya şikayətində qətnamənin qismən, yəni ilkin iddiaya aid hissədə ləğv edilməsini və ilkin iddianın təmin edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə apelyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının VÖEN-nin olduğunu, lakin 2016-cı ildə fəaliyyətini dayandırdığını bildirərək, mübahisəyə ümumi məhkəmədə baxılmalı olduğunu qeyd etdi. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Aidiyyət ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-939/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. İş materiallarından görünür ki, icarəyə verən Cavabdeh ilə icarəçi X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi ünvanında olan 900 kv.m torpaq sahəsini 3 il müddətinə, aylıq 400 manat kirayə haqqı olmaqla icarəçi X3 icarəyə vermişdir. İddia tələblərinin məzmunundan müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsində ağ-lay daşlarının istehsalı ilə məşğul olmuşdur. İddiaçının apelyasiya şikayətindən müəyyən edilir ki, o, vergi ödəyicisi kimi uçotda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ildə fəaliyyətini dayandırmış və VÖEN-i bağlatdırmışdır. Həmçinin AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli VÖEN-i olmuş (tikinti materialları bazarının icarəyə verilməsi üzrə fəaliyyət), fəaliyyətini müvəqqəti dayandırmışdır. Göründüyü kimi, tərəflər fərdi sahibkar olmuş və aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 939/2020 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar