Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3616/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qətimkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cəmi 20.480 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi 100.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil almış, təhsilini bitirdikdən sonra Azərbaycan Ordusunda müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cəbhə bölgəsində yerləşən (şərti olaraq) “N” saylı hərbi hissənin komandiri olmuşdur. Xidməti dövründə xx.xx.2005-ci il tarixdə kapitan, xx.xx.2009-cu il tarixdə mayor və xx.xx.2015-ci il tarixdə polkovnik-leytenant rütbələri, eyni zamanda “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Hərbi xidmətdə fərqlənməyə görə” İİİ dərəcəli, “Qüsursuz xidmətə görə” İ dərəcəli medallarla təltif edilmişdir. 2016-cı ilin aprel ayında döyüşlərində fəal iştirak etmişdir. İddiaçı, 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin (şərti olaraq) “X” saylı hərbi hissəsinin əməliyyat şöbəsinin rəisinin gündəlik fəaliyyətin planlaşdırılması və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində təxminən 10 gün ərzində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq xx.xx.2017-ci il tarixdə iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1. 231.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə təqsirləndirilən şəxs statusunda olan iddiaçının həbsdə saxlanılma müddəti 3 ay olmaqla, xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə isə həbsdə saxlanılma müddəti 2 ay 28 gün olmaqla, xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçının əməli Cinayət Məcəlləsinin 311.1, 331.2 və 331.3cü maddələrindən həmin Məcəllənin 331.2 və 331.3-cü maddələrinə tövsif olunmuş, xx.xx.2018-ci il tarixdə iddiaçıya həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün iş aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçı, CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 500 manat məbləğində cərimə və 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşdur. İddiaçının barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəməyə, hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının barəsindən olan həmin cinayət işinə xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən CMnin 333.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən CM-nin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl CM-nin 331.2 və 331.3-cü maddələrindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının barəsində CM-nin 329.2.1-ci maddəsi ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə iddiaçıya CM-nin 331.2 və 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı, Azərbaycan Ordusunda uzun müddətli xidmətinə baxmayaraq əsassız ittihamlara və işgəncələrə məruz qalmış, qanunsuz olaraq həbs olunmuş, ona qarşı sürülmüş irəli sürülmüş əsassız ittihamlarla təqsirli bilinərək 500 manat miqdarında cərimə olunmuş, 11 ay azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin “X” saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, iddiaçının orta aylıq əmək haqqı məbləği 1.665 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin may ayına qədər, yəni 12 ay ərzində faktiki aylıq qazancından məhrum edilmiş, 500 manat miqdarında isə cərimə edilərək həmin məbləği ödəmişdir. Bu isə (1.665 x 12 = 19.980 manat + 500 manat =) 20.480 manat edir ki, həmin məbləğ cavabdeh Nazirlik vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi iddiaçıya həm də mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Buna görə də mənəvi ziyan olaraq iddiaçıya 50.000 manat pulun ödənilməsi zəruridir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. İş üzrə cavabdeh Nazirlik iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsində xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi haqqında Əsasnamədə Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən Aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə iştirak edir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər orqanları da nəzərdə tutulur. Eyni zamanda, Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirilir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı üçün iddia tələbi Nazirliyə qarşı təmin edilə bilməz. İddiaçının mənəvi zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.000 manat, işsiz qaldığı dövrlə bağlı iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, hər ay 1.665 manat olmaqla, cəmi 19.980 manat, ödədiyi cərimənin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdeh Nazirlik vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayətləri barədə məlumat
6. Cavabdeh Nazirlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, ayrı-ayrılıqda mübahisələndirilən hissələrdə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
8. İddiaçı və cavabdeh Nazirliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Qeyd edilən prosessual hüquq normasının tələbini, iddia qismən təmin olunsa da, iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsini, apellyasiya şikayətinin yalnız cavabdeh Nazirlik tərəfindən verilməsini, bu şikayətlə iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin mübahisələndirilməsini, mübahisənin predmetinin bölünməz olmamasını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını mübahisələndirilən hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı, Müdafiə Nazirliyinin (şərti olaraq) “X” saylı hərbi hissəsinin əməliyyat şöbəsinin rəisinin gündəlik fəaliyyətin planlaşdırılması və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmətdə olarkən Azərbaycan Respublikasının Baş Prokurorluğu xx.xx.2017-ci il tarixdə tutulmuş, CM-nin 311.1. 231.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan iddiaçının barəsində olan cinayət işinə, istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən (bəraətverici əsasla) xitam verilmişdir. İddiaçı, xx.xx.2018-ci il tarixədək həbsdə saxlanılmışdır. İddiaçı, cinayət işi ilə bağlı Azərbaycan Ordusundan tərxis olmuş və 2017-ci ilin may ayından 2018-ci ilin may ayına kimi işsiz qalmışdır.
14. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qətimkan tədbiri kimi həbs tətbiq edilmişdir. Bunun nəticəsində o, 11 ay müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır.
15. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.
16. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).
17. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).
19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
20. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
22. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
24. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 11 ay müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 11.000 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.
26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
27. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
28. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
29. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
30. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, işsiz qaldığı 12 ay ilə bağlı iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, hər ay 1.665 manat olmaqla, cəmi 19.980 manat, ödədiyi cərimənin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdeh Nazirlik vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilsin.
31. Cavabdeh Nazirlik qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin bu nəticəsini də əsassız hesab edilərək ləğv edilməsini xahiş edir.
32. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığının yoxlanılması ilə bağlı bildirir ki, iddiaçının adına verilmiş “Hərbi biletdən”, Azərbaycan Respublikasının Baş Prokurorluğunun “cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından və Kapital Bank tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və iddiaçının adına olan hesab üzrə çıxarışdan görünür ki, cinayət işi ilə bağlı tərxis olunana qədər iddiaçının əmək haqqısı ayda 1.665 manat məbləğində olmuşdur.
33. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı, cinayət işi ilə bağlı Azərbaycan Ordusundan tərxis olmuş və 12 ay müddətində işsiz qalmışdır.
34. Bundan başqa, işdə olan xx.xx.2018-ci il tarixli, TT**********019500 nömrəli “Ödəniş qəbzindən” görünür ki, iddiaçı, məhkəmənin hökmü ilə ona təyin edilmiş 500 manat cəriməni dövlət büdcəsinə ödəmişdir.
35. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı, cinayət işi ilə bağlı Azərbaycan Ordusundan tərxis olmuş və 2017-ci ilin may ayından 2018-ci ilin may ayına kimi, yəni 12 ay ərzində işsiz qalmışdır. Belə olan halda müəyyən edilir ki, iddiaçıya (1.665 x 12 = 19.980 manat + 500 manat =) 20.480 manat məbləğində maddi zərər dəymişdir.
36. Bunu və yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qənaətə gəlməkdə və bu zərərin əvəzinin məhz 20.480 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
37. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi
38. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Buna görə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.