Məhkəmə qərarları › İş №2(103)-3619/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3619/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3619/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “mənəvi zərər”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1040/2024 saylı, 29 mart 2024cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı 05 mart 2022-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsində tikinti üçün qazılmış xəndəyə düşmüşdür.

2. İddiaçı almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilibcırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, yəni xx.xx.2022-ci il tarixdə xəndəyə yıxılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyində onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədar olub, yəni xx.xx.2022- ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir.

3. İddiaçı insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə 2-ci dərəcəli gözdən əlillik təyin edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh2 Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.

5. Hökmdən məhkum olunmuş şəxs Cavabdeh2 müdafiəçisi tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə təmin edilməmişdir.

6. İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev adına elektrik təchizatı sahəsində baş mühəndis vəzifəsində çalışmış, işlədiyi son iki il ərzində təxminən aylıq olaraq 946 manat əmək haqqı almışdır.

7. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 58704(əlli səkkiz min, yeddi yüz dörd), mənəvi zərərə görə isə 100000(yüz min) manatın cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi Cavabdeh2 vəzifəli şəxs qismində səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək fiziki şəxsin (İddiaçı) hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 mənzil-tikinti kooperativinin hüquqi varisi olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla onun bazasında yaradılan Cavabdeh1 ümumi yığıncağının qərarına əsasən kooperativin sədri seçildiyindən vəzifəli şəxs olmaqla əvvəllər, yəni, Bakı şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 7/393 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində Cavabdeh1 MİK tərəfindən tikilməsi nəzərdə tutulmuş 5b saylı kooperativ yaşayış binasının tikintisi məqsədilə ayrılmış ərazidə qazılmış, lakin kooperativin sədri işlədiyi dövrdə onun sifarişi ilə «Bakıdövlətlayihə» İnstitutunun xx.xx.2006-cı il tarixli, 369229 inventar nömrəli layihə sənədinə əsasən layihələndirilmiş həmin binanın tikiləcəyi yerdə mövcud olan xəndəyin piyadaların gedişgəliş yoluna tərəf hissəsinin qoruyucu hasarla hasarlanmasını, hasarın üzərində xəbərdarlıq yazıları və nişanlarının quraşdırılmasını, gecə saatlarında siqnal işıqlarının qoyulmasını “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının” 9.5-ci bəndinin tələblərinə əsasən təmin etməli olduğu halda, səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməyərək, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərməklə bütün bunları etməmiş, nəticədə həmin ərazinin yaxınlığında yaşayan və xəndəyin ətrafındakı yoldan istifadə edərək gündəlik olaraq işə gedib-gələn 1962- ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində həmin xəndəyin yaxınlığından keçərkən yıxılmış, təxminən 30 dəqiqə həmin xəndəkdə ağrılar içərisində qalmış, bundan sonra oğlu Ceyhun yaxınlaşaraq xəndəyə daxil olub onu yıxıldığı yerdən çıxararaq təcili yardım çağırmışdır. Cavabdeh2 səhlənkarlığı nəticəsində o, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nahiyəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı xəsarətlərini almış, bununla da, vəzifəli şəxs qismində Cavabdeh2 işinə vicdansız və laqeyd münasibəti fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan əlavə, bu travmalar nəticəsində onun şəkərli diabet xəstəliyi güclənmiş, nəticədə hər iki gözünün görmə itiliyi itmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsindən verilmiş xx.xx.2022-ci il tarixli, 14/347 saylı rəyində onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb kimi onda olan şəkərli diabet xəstəliyi göstərilsə də, bu mövqe yanlışdır. Belə ki, şəxsin görmə itiliyinin itirilməsinin səbəbli əlaqəsi məhz xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə olmuşdur. İddiaçı xəndəkdə təxminən yarım saat qalması nəticəsində onun şəkərli diabeti güclənmiş, o, sarsıntı keçirmiş, məhz bunun məntiqi ardıcıllığı olaraq hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb olmuşdur. İddiaçı əvvəllər görmə qabiliyyətində əmək qabiliyyətini icra edə bilməməsinə səbəb olacaq heç bir sıxıntı olmamışdır. Məhz xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyinin itirilməsi ilə nəticələnmişdir. Baş vermiş hadisə ilə İddiaçı hər iki gözündə görmə itiliyinin itirilməsi arasında səbəbli əlaqə mövcuddur və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdən keçirilməlidir. İddiaçı xəndəkdə təxminən yarım saat çarəsiz vəziyyətdə qalmış, psixoloji sarsıntı keçirmiş, ona əhəmiyyətli dərəcədə mənəvi zərər vurulmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1040/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil– istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılmış və qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Göstərilən hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 314.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaqı aparılmış və hazırki iş üzrə Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məsuliyyətə cəlb edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 478/2022 №-li hökmü ilə ona 2(iki) il müddətinə islah işi cəzası verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkum olunmuş şəxs Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərlə əlaqədar cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 58704, mənəvi zərərə görə isə 100 000 məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri aldığı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilmiş, həmçinin cavabdeh məhkəmə iclasında izahatında bu faktı inkar etməmişdir. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılması nəticəsində İddiaçı sağlamlığına ziyan vurulması işin mübahisəsiz halıdır. Mübahisə isə həmin hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərlə əlaqədardır. İş materiallarında olan tibbi sənədlərdən, digər iş materialları ilə də təsdiq olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət nəticəsində ona qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri dəymişdir. Lakin iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında aldığı bu xəsarətlər nəticəsində hər iki gözünün görmə itiliyinin azalmasını qeyd etmişdir. Yuxarıda qeyd edilən xəsarətlərin iddiaçının xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində aldığı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin 14/347 nömrəli ekspert rəyi ilə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapsa da, iddiaçının hər iki gözündə görmə itiliyinin itməsinə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərin səbəb olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı qeyd edilən faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin 14/347 nömrəli ekspert rəyində birbaşa olaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədardır, yəni qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, İddiaçı E11.3 insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə VİS OD=0, Vis OS= 0.08 k/e diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Buradan da görünür ki, ona təyin olunmuş əlilliyin səbəbi şəkərli diabet tip İİ xəstəliyinə bağlı olaraq gözlərin zədələnməsi olmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" QSC-də vəzifəli şəxs olmuşdur. Uzun illər orada çalışmışdır. İşdən çıxmasını isə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlə əlaqələndirmişdir. Lakin burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli Əmrdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi müəyyən olunur. Belə ki, İddiaçı işdən çıxmasına səbəb özünün ərizəsi olmuşdur. Onun işdən çıxması ilə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə ilkin olaraq iddia tələbinin maddi zərərə görə 58704 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edib ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarət nəticəsində sağlamlığın uzun müddətə pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçı ona tələbində qeyd etdiyi kimi 58704 manat məbləğində maddi zərər dəydiyini təsdiq edən heç bir sübutu, müalicə xərclərini özündə əks etdirən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan, iddia tələbi ona dəymiş 58704 manat maddi zərərin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə 100 000 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan tibbi sənədlərdən, iddiaçının məhkəmədə verdiyi izahatından da görünür ki, İddiaçı hər iki gözündə görmə itiliyinin pozulması ilə onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə olmasa da, İddiaçı xx.xx.2022-ci il tarixdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı həmin xəsarətlə bağlı olaraq sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, uzunmüddətli olaraq əmək qabiliyyətindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi zərər dəymişdir. Odur ki, iddiaçının iddia tələbi 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. İddia tələbindən də göründüyü kimi iddiaçı tələbdə irəli sürdüyü məbləğin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb etsə də, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul yalnız Cavabdeh1ndən tutulmalıdır. Belə ki, müvafiq tikinti ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsini təmin etmək vəzifəsinin daşıyıcısı Cavabdeh1 olmuşdur və buna görə də xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi də Cavabdeh1 üzərinə qoyulmalıdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətlərinin dəlilləri

12. Qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

13. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək iddianın maddi və mənəvi zərər hissəsində tam təmin edilməsini xahiş edib şikayətində göstərib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışda da İddiaçı gözdən əlilliyi müəyyən edilmişdir ki, bu da əmək qabiliyyətinin 70% itirilməsinə dəlalət edir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli əmrin surətindən görünür ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfindən bu fakta istinad olunsa da, müqaviləyə xitam verilməsinin səbəbi olaraq iddiaçının təşəbbüsü faktiki olaraq rol oynamamış, bu təşəbbüsün əsası kimi isə İddiaçı xx.xx.2022-ci il tarixdə yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılması və sağlamlığına müxtəlif formalı xəsarətlərin yetirilməsi səbəbi ilə əmək qabiliyyətini itirməsi çıxış etmişdir. Bu da onun yaşa görə əmək pensiyası almaq hüququna əsas verən yaş həddinə çatana qədər əmək haqqından, yəni dolayısı ilə əldə edəcəyi gəlirdən məhrum olmasına (maddi ziyan) gətirib çıxarmışdır. Lakin məhkəmə bütün bunlara baxmayaraq, iddiaçının maddi ziyanın ödənilməsi tələbini əsassız olaraq rədd etmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından da görünür ki, Cavabdeh2 Cavabdeh1 ümumi yığıncağının qərarına əsasən bu kooperativin sədri seçilməklə onun vəzifəli şəxsi statusuna malik olmuşdur. Belə olduğu halda, cavabdehin səhlənkarlığı (cinayətkarcasına etinasızlıq) nəticəsində vurulmuş zərər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınmalıdır. Lakin məhkəmə dəymiş zərərin ödənilməsi öhdəliyini yalnız müvafiq hüquqi şəxsin üzərinə qoymuşdur. Göründüyü kimi, məhkəmə öz qətnaməsində Mülki Məcəllənin qeyd edilən maddəsinə heç bir əsas olmadan istinad etməmişdir. Göstərilən mövqe Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 18 Aprel 2022-ci il tarixli Plenum Qərarı ilə də təsdiq olunur. Buna görə də iddia tələbi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı idi. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə tədqiq edilən sübutlara əsaslanaraq Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsini qət etmişdir. Lakin bu məbləğ iddiaçıya dəyən mənəvi zərərə, yəni keçirdiyi psixoloji iztirablar, zərərçəkənin hiss etdiyi fiziki və psixoloji ağrılara əhəmiyyətli dərəcədə ekvivalent deyil. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı həmin günə, yəni xx.xx.2022-ci il tarixinə qədər səhhətində problem olsa da (şəkərli diabet), sağlam şəkildə işə gedib-gəlmiş, xəstəliyi ilə bağlı olaraq səhhətində heç bir digər pozuntu meydana gəlməmiş, yalnız həmin gündən sonra isə əmək fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi, iddiaçıda şəkər diabet xəstəliyinin daha öncədən mövcud olmasına baxmayaraq, onun bu xəstəliklə əlaqələndirilən gözdə görmə itiliyinin itirilməsi probleminin daha əvvəllər deyil, məhz hadisə baş verdikdən sonra yaranmasına diqqət yetirilməli və şəxsin əmək fəaliyyətinə xitam verilməsi ilə hadisənin baş verməsi tarixlərinə baxılmalı idi. Bunun nəticəsində isə iddiaçının gözündə görmə itiliyinin itirilməsi ilə onun müvafiq hadisə zamanı aldığı xəsarətlərin arasında səbəbli əlaqə aşkara çıxaracaq, buna görə də şəxsin şəkərli diabet xəstəliyi ilə əmək qabiliyyəyini itirməsi arasında əlaqə olmadığı müəyyən olunacaqdır.

14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, iddiaçının tələbində əvəllər görmə qabiliyyətində əmək qabiliyyətini icra edə bilməməsinə səbəb olacaq heç bir sıxıntı olmadığını göstərilən tarixdə yəni xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyini itirilməsi arasında səbəbli əlaqə mövcud olduğunu və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdən keçirilməsi göstərilmişdir. Göstərilən fikirlər tam yanlış, heç bir hüquqi və qanuni əsasları olmayan fərziyyələrdir. Belə ki, hələ istintaq zamanı həmin xüsusatlar araşdırlmışdır. Həmin vaxt təyin olunmuş məhkəmə tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 14/347 №-li rəyi ilə də təsdiqini tapmışdır. Məhkəmə tibb ekspertinin xx.xx.2022-ci il tarixli 14/347 saylı rəyinə görə İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyidir, yəni xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. Həmin təxminən deməsinə görə 30 dəqiqə xəndəydə qalmasını isə psixoloji sarsıntı keçirməsi və ona əhəmiyyətli dərəcədə mənəvi ziyan vurulması kimi qiymətləndirmişdir. Göstərilən hər iki tələb əsassız və qanuna ziddir. Belə ki, uzun illər həmin binada yaşamış U.Şəmsədov uzun müddət şəkərli diabet xəstəliyindən əzab çəkməsi və gündəlik olaraq həmin yolu qət etməsinə baxmayaraq həmin günü ondakı xəstəliyin şiddətlənməsi nəticəsində görmə qabiliyyətində olan çatışmazlıqla bağlı yolu səhv saldığına görə həmin xəndəyə yıxılmasını isə unutmuşdur. MTE rəyində tam, açıq və aydın olaraq onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəbin şəkərli diabet xəstəliyi ilə əlaqədar olmasının göstərilməsi danılmaz və təkzib olunmaz sübutdur. Digər tərəfdən İddiaçı əvəllər də şəkərli diabet xəstəliyindən əzab çəkərək müalicədə olması faktları da danılmazdır. Bununla və onun işdən çıxma səbəbləri ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nə vəkil sorğuları göndərilmiş və hazıra qədər cavab alınmamışdır. Göstərilən xəsarətlə bağlı isə ona heç bir maddi ziyan dəyməmiş, onun bütün müalicə xərcləri dövlət sığorta fondu hesabına ödənilmişdir. Belə olduğu halda hansı maddi ziyandan bəhs edilməsi belə absurddur. İddiaçı mənəvi ziyana münasibətdə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusuya Məhkəməsinin 31 may 2002-ci il tarixli, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edərək zərərin məbləğinin ağlabatan və ədalətli olması meyarını göstərsə də bu ziyanın 100.000 manat kimi qiymətləndirilməsi də düzgün deyil. Daha sonra onun Azərbaycan Dəmir Yollar QSC tərəfindən verilmiş arayışa görə 946.84 əmək haqqı aldığını onun xx.xx.2027-ci il tarixdə pensiya hüququ yarandığına görə xx.xx.2022-ci il tarixdən həmin tarixə qədər olan müddət üçün maddi zərər (əldən çıxmış faydaya görə) 58.707 manat pul tələbini irəli sürmüşdür. İddiaçı xəstə olmasına görə öz ərisəsi ilə işdən çıxmış və onda yaranmış xəstəliyinin Cavabdeh2 ona yetirilməsi ilə heç bir bağlılığı və əlaqəsi olmamışdır. İddiaçı Ü.Səmədovun hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyinin itirməsi arasında səbəbli əlaqə mövcud olduğunu və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdə keçirilməsi göstərilmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 14/347 №-li rəyi ilə təsdiqini tapmasını göstərmişdir. İddiaçı iddiasının əsaslandığı rəyidə təhrif etmişdir. Belə ki, işdə olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 14/347 №-li rəyinə görə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftolmoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki,onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyidir, yəni xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. Göründüyü kimi, iddiaçının aldığı xəsarətlə onun əlilliyi arasında heç bir səbəbli əlaqə yoxdur, onun müalicəsi ilə çəkilmiş xərclər dövlət sığorta fondu tərəfindən ödənilmiş, maddi ziyanla bağlı heç bir sübut təqdim edə bilməmiş, ona görədə həmin hissədə iddia təmin olunmamışdır. Həmin faktla bağlı iddiaçıya heç bir mənəvi ziyan dəyməmişdir. Məhkəmədə iddiaçının göstərdiyi xüsusatları məhkəmə tibb ekspertizasının rəyi, həkim konsultant oftomoloqun müayinə rəyinə ciddi yanaşmayaraq düzgün olmayan qətnamə qəbul ertmişdir. Məhkəmə göstərdiyinə istinad edərək mənəvi zərərin əvəzi kimi hüquqi şəxsin vurduğu ziyan kimi qiymətləndirmişdir. Bu isə mülki qanunvericiliyin göstərilən maddəsinin tələbinə ziddir. Belə ki, mənəvi zərər şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. İş materialından da görünür ki, iddiaçı yıxılmışdır. Burada hüquqi şəxs hansı mənəvi zərər vura bilməsi məhkəmə tərəfindən göstərilməmiş və səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadəngəlmə və ya sarsıntı nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə nünasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktor hüquqa zidd əməlin növü, ölçüsü, şiddəti davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi,onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Şəxsin hər iki gözündə görmə itiliyinin itirməsinin səbəbi aldığı xəsarətlərlə heç bir əlaqəsi olmaması ibtidai istintaq, məhkəmə istintaqı zamanı və məhkəmə tibb ekspertizasının rəyi ilə təsdiq olunmadığı halda həmin hadisə ilə bağlı məhkəmənin buna görə qəbul etdiyi qətnaməsi əsassız və qanuna zidd olmaqla yanaşı məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 və MTK-nın nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və onun təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

19. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

20. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarına göstərilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsas deyil, lakin cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün deyil, ödənilməli mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini iddiası qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin olunan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

29. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

30. Maddi zərərin ödənilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, mənəvi zərərin ödənilməsi hissəsində isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

31. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə maddi zərərin ödənilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, mənəvi zərərin ödənilməsi hissəsində isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla mənəvi zərərin ödənilməsi hissəsində iddia haqlı sayılır.

32. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

33. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

34. Məhkəmə tərkibi maddi ziyanın tələbi üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu hissədə birinci instansya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi onun öz təşəbbüsü ilə baş vermişdir. Başqa sözlə, onun işdən çıxması ilə xx.xx.2022-ci ildə baş vermiş hadisə arasında səbəbli əlaqə olmadığı mötəbər sübutlarla, o cümlədən məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Bundan əlavə, iddiaçının cavabdehin idarəçiliyində olan binanın yaxınlığında olan xəndəyə yıxılması və sağlamlığına müxtəlif formalı xəsarətlərin yetirilməsi əmək qabiliyyətinin müəyyən faizinin itirilməsinin səbəbi olmamışdır. Yəni, əmək qabiliyyətinin müəyyən faizinin itirilməsi əlilliyə səbəb olsa da bunun cavabdehin hərəkəti yaxud hərəkətsizliyi ilə heç bir bağlılığı təsdiq olunmur. Ona görə də iddiaçının yaşa görə əmək pensiyası almaq hüququna əsas verən yaş həddinə çatana qədər əmək haqqından, yəni dolayısı ilə əldə edəcəyi gəlirdən məhrum olmasına (maddi ziyana) yaxud digər əsaslara görə Mülki Məcəllənin 1118.1-ci maddələrinə əsasən cavabdehlər mülki hüquqi məsuliyyətə cəlb edilə bilməzdilər.

35. İddiaçı Mülki Məcəllənin 1108.1-ci maddəsinə istinad edərək zərərin cavabdehlərdən müştərək qaydada tutulmalı olduğunu düşünür. Ancaq Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddəsinin tələblərinə əsasən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən mənəvi zərərin yalnız Cavabdeh1ndən tutulması zərərin məbləği istisna olmaqla düzgün olmuşdur. Çünki qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Ona görə də məhkəmənin Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Cavabdeh2 da mənəvi zərərin əvəzinı tutmaması onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Əksinə Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 18 Aprel 2022-ci il tarixli Plenum qərarındada bu cür mübahisələr üzrə vurulan zərərin əvəzinin Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun ödənilməli olduğu təsbit edilmişdir.

36. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi, yəni mənəvi zərərin əvəzinin miqdarı azaldılmalıdır. Belə ki, iddiaçı cavabdehlərdən vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat tələb edib, məhkəmə isə 10000 (on min)manat hcmində təmin etmişdir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan görünməyə bilər. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

37. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf iddiaçının aldığı az ağır bədən xəsarətlərinə görə mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbəttə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə şikayətlərdə uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun az ağır xəsarət alması faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

38. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin qismən təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının və şikayətində göstərdiklərinin əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər tam formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları tam sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nə də ki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.

39. Bununla yanaşı, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir.

40. Göstərilənlərə baxmayaraq, iddiaçı iddiasının mənəvi zərərlə bağlı da qismən təmin edilməsini, cavabdeh isə təmin edilən həmin hissəni mübahisələndirir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu hissədə iddiaçının deyil, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və mənəvi zərərin əvəzinin miqdarı azaldılaraq 4000(dörd min) manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən, yəni mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, təqsirin forması, zərərin aktiv hərəkətlərlə vurulmadığı, hadisənin davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınır.

41. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1040/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməli və mənəvi zərərin məbləği azaldılaraq 4.000 (dörd min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh1 apellyasiya apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1040/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilsin və mənəvi zərərin əvəzi azaldılaraq 4.000 (dörd min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh1 tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar