Məhkəmə qərarları › İş №2(103)-3627/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3627/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3627/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-212/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 9580 manat maddi ziyan, 100000 (bir yüz min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-212/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı həmin qətrnamədən apellyasiya şikayəti verərək qətnamənin qanunsuz və əsassız olduğunu bildirmişdir, belə ki, ekspertiza keçirilərkən iddiaçı tərəfindən ekspərtə ünvanlanması üçün 15 sual təqdim edilsə də, ekspert qarşısında bunlardan yalnız 6 sual qoyulmuşdur, bunlar isə yekun qərara gəlmək üçün həlledici rol oynayan suallar deyildi. Bundan başqa, məhkəmə həmçinin iş üzrə materialları da düzgün araşdırmamış, “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2021-ci il tarixli ekspert rəyindəki natamamlığa, rəydəki məqamlarla Cavabdeh1ın təqdim etdiyi sənədlər arasındakı ziddiyyətə qiymət verməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsi ancaq rəyə əsalanmışdır ki, həmin ekspert rəyi əsassız və ziddiyyətlidir, çünki iddiaçının təqdim etdiyi 15 sualdan yalnız altısı ekspertiza qarşısında qoyulmuş və xx.xx.2022-ci il tarixli rəy əsas tutularaq da cavabdehin iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurmaqda təqsiri olmadığı barədə qətnamə qəbul etmişdir, bu səbəbdən də təkrar ekspertiza keçirilməlidir. Nümayəndə həmçinin bildirdi ki, Hospitalın təqdim etdiyi materiallarla rəy arasında uyğunsuzluq var. Belə ki, ekspert rəyində göstərilir ki, xəstə hospitala 13:08-də daxil olmuş, ölüm faktı isə 13:46-da qeydə alınmışdır. Ancaq hospitalın təqdim etdiyi sənədlərdə isə xəstənin 11:18-də xəstəxananın kassasına ödəniş etdiyi göstərilir. Qeyd olunanlara əsasın şikayətin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, bu iş 2020-ci ildən etibarən davam edir, bununla bağlı prokurorluğa da müraciət olunub, amma cinayət işinə başlanılmasından imtina edilib. Bundan əlavə, hadisənin həkim səhvi ucbatından baş verdiyinin sübut edən hər hansı əsaslı sübut da yoxdur. İddiaçı həkim barədə bu tip məlumatları yaymaqla onun şəxsi və işgüzar nüfuzuna zərər vurur, bununla bağlı başqa bir iş olub, iddiaçı xanım həkimdən üzr istəyib və tərəflər barışıb, onlar da xüsusi ittihamdan imtina etmişdilər. Hazırkı halla bağlı isə xəstəxananın heç bir təqsiri yoxdur. Nümayəndə Vəkil2 bütün bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin isə qüvvədə saxlanmasını xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli rəyinə əsasən 1948-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Cavabdeh1da Əliyəsər Xasməmmədovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Ürəyin işemik xəstəliyi, qeyri-stabil proqressivləşən arterial hipertenziya, İİİ dərəcə, risk 4. Piylənmə İ dərəcə, Prostat vəzin adenoması, Keçici tam AV blokada” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə koronar angioqrafiya əməliyyatı göstərişi olması səbəbi ilə həmin tarixdə üzərində qeyd olunan əməliyyat icra edilmiş, daha sonra müvafiq müalicələr aparılmış və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə, yaxşılaşma ilə evə yazılmışdır. “EGE Hospitalıda Ə.Xasməmmədovun adına təıtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə saat 13:08-də “Kəskin miokard infarktı” diaqnozu hospitala daxil olmuş və aparılmış müayinələrdən sonra ona “Ürəyin işemik xəstəliyi ST elevasiyasız mikard infarktı, Arterial hipertenziya İİİ mərhələ, risk 4” diaqnozu təyin edilmişdir. Xəstəyə aparılmış KAQ müayinəsi zamanı koronar arteriyaların total trombozunun olduğu müəyyən edilmiş, damarlara PTCA icra edilmiş və angioplastika uğurlu nəticə vermədiyi üçün təcili cərrahiyyə əməliyyatının icrasına qərar verilmişdir. Lakin saat 1320 -də xəstənin vəziyyəti qəflətən pisləşmiş, reanimasion tibbi tədbirlər göstərilsə də, saat 13:46-da onda bioloji ölüm baş vermişdir. Əliyəsər Xasməmmədovun koronar anatomik diaqnozuna uyqun olaraq stenozu olan və kəskin koronar sindromdan cavabdeh olan damarlara perkutan koronar angioplastika və stent tətbiq edilməsi proseduru icra edilmişdir. Stent implantasiyası zamanı optimal angioqrafik nəticə və rezdual stenozun qalmaması zəruridir və buna uyğun olaraq implantasiya edilən stent sayısı təyin edilir. Stend sayında hər hansı bir məhdudiyyət, alt və ya üst limit yoxdur və kliniki, anatomik vəziyyətə (Syntax skoru) uyğun olaraq seçilir. Ə.Xasməmmədovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbilə əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Əliyəsər Xasməmmədov evə yazıldıqdan bir müddət (10 gün qədər) sonra yenidən kəskin koronar sindrom (ST elevasiyasız mokard infarktı) simptomları inkişaf etdiyi üçün kontrol koronar angioqrafiya zəruri olmuşdur ki, bu da stend trombozunun diaqnostikasında əsas vasitələrdən biridir. Xəstəyə koronar angioqrafiya edilməsi mütləq idi və aparılmış koronar angioqrafiya nəticəsində onda stent trombozunun baş verdiyi müəyyən edilmişdir. Kontrol koronar angioqrafiyada yayılmış stent trombozu görüldüyü üçün və xəstənin anamnezindən antiaqreqant (klopidoqrel) qəbulunun mütəmadi olması səbəbi ilə xəstədə klopidoqrel rezistentliyi düşünülərək, əvəzinə tikaqrelorla yüklənmə edilmiş, antikoaqulyasiya da əlavə edilərək, stent trombozu zamanı ilk addım olaraq yenidən perkutan koronar angioplastika və lazım olduqda stent tədbiq edilməsi (yəni re-PKM) proseduru icra edilmişdir. Lakin adekvat antikoaqulyasiya və antiqareqant müalicə fonunda təkrarlanan redilatasiyalara baxmayaraq tromboz səviyyəsində azalma qeyd olunmamış, əksinə tərsinə artma müşahidə edilmişdir. Bu səbəblə perkutan müdaxiləyə son verilərək cərrahi konsilium nəticəsində təcili cərrahiyyə əməliyyatının icrasına (aorto-koronar şuntlama əməliyyatı) qərar verilmişdir. Bununla əlaqədar olaraq xəstə reanimasiya şöbəsinə verilmiş, lakin kliniki, hemodinamik vəziyyəti proqressiv olaraq pisləşərək kardiovaskulyar və respirator arrest inkişaf etmişdir. Göstərilmiş reanimasion tibbi tədbirlərə baxmayaraq saat 13:46-da xəstədə bioloji ölüm baş vermişdir;

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 206/2021 saylı qərarına əsasən Xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı xüsusi ittihamçıdan yazılı üzr istədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmişdir;

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3627/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 1948-ci il təvəllüdlü xəstə X2 damar cırılması koronar arteriyaya giriş sahəsindəki ağırlaşmalar, qanaxma və ya hemotoma olmuşdurmu? Bu risklərin olmaması üçün hansı tədbirlər görülmüşdür ? 2) Angioqrafiya zamanı istifadə olunan maddəyə qarşı xəstənin həssaslığı müəyyən edilmişdirmi, əgər edilmişdirsə, bu hansı tibbi üsulla yoxlanılmışdır? 3) Əməliyyatdan əvvəl hansı testlər aparılmışdır. Əgər aparılmışsa, nəticələri nədən ibarət olmuşdur? 4) Həmin testlərin nəticələrinə görə müvafiq ixtisaslı həkimlərlə konsultasiyalar aparılmışdırmı, əgər aparılmışdırsa, müzakirənin nəticələri (fərqli fikirlər)nədən ibarət olmuşdur? 5) Xəstədə stenokardiya və ürəyində ciddi ritm pozğunluğu olmuşdurmu? 6) EKQ və holter müayinələri aparılmışdırmı, əgər aparılmışdırsa, bu müayinələrdə anormallıqlar aşkar olunmuşdurmu? 7) Angioqrafiyadan sonra xəstəyə hansı tibbi tədbirlər tətbiq olunmuşdur? 8) Təkrar müraciət zamanı xəstənin həyatını xilas etmək üçün bütün zəruri tədbirlər görülmüşdürmü? 9) Müayinə və müalicə həkiminin müvafiq tibbi ixtisası olmuşdurmu? 10) Xəstə vəfat edən günü həkim tərəfindən başqa neçə əməliyyat aparılmışdır, həmin gün apardığı əməliyyat sayına görə həkimin xəstəni əməliyyat etməsi uyğundurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2022-ci il tarixli, 375/KEŞ nömrəli rəyinə əsasən 1948-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-ci sual üzrə, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Əliyəsər Xasməmmədov xx.xx.2020-ci il tarixdə Cavabdeh1a daxil olmuşdur. Aparılmış müayinə zamanı ona “Ürəyin işemik xəstəliyi. Qeyri-stabil proqressivləşən arterial hipertenziya. İİİ dərəcə, risk 4. Piylənmə İ dərəcə. Prostat vəzin adenoması. Keçici tam AV blokada” diaqnoz təyin edilmiş və tibbi göstəriş əsasında koronar angioqrafıya əməliyyatı icra edilmişdir. İnvaziv müdaxilənin gedişində hər hansı bir ağırlaşma, qanaxma və ya hematoma qeyd edilməmişdir. 2-ci sual üzrə, “Koronar angioqrafiya” əməliyyatı zamanı istifadə olunan kontrast maddəyə qarşı orqanizmin həssaslığın yoxlanılması nəzərdə tutulmayıb. Həmçinin kontrast maddə ilə bağlı hər hansı bir reaksiya olmuş olsa idi, bu müdaxilə zamanı özünü birüzə verilməli idi. Əliyəsər Xasməmmədova aparılmış “Koronar angioqrafiya” əməliyyatı zamanı kontrast maddə ilə bağlı patoloji vəziyyət qeydə alınmamışdır. 3-cü sual üzrə, Əliyəsər Xasməmmədov hospitala daxil olarkən onun müayinəsi zamanı “Qeyri stabil stenokardiya və kəskin koronar sindrom” mövcud olmuşdur. Belə olan halda stress testin aparılması əks göstərişdir və müalicə üsulu invaziv müdaxilə-koronar angioqrafıya optimal seçilmdir. 4-cü sual üzrə, müalicə taktikası, tibbi müdaxilələr və ya əməliyyatın aparılması müalicə həkiminin seçimindən asılıdır. 5-ci sual üzrə, Əliyəsər Xasməmmədov aparılmış kliniki və instrumental müayinələrin göstəricilərinə uyğun olaraq onda stenokardiya və ciddi ritm pozğunluğu mövcud olmuşdur. 6-cı sual üzrə, Əliyəsər Xasməmmədov hospitala daxil olarkən (ilkin və təkrar) ona zəruri olan kliniki, laborator, instrumental, EKQ və ExoKQ müayinələri aparılmışdır. Müayinə cavablarında xəstədə mövcud olan ürək qan damar sistemində patoloji dəyişikliklər düzgün olaraq müəyyən edilmiş və adekvat müalicə taktikası seçilmişdir. 7-ci sual üzrə, Əliyəsər Xasməmmədovun üzərində xx.xx.2020-ci il tarixdə icra edilmiş koronar angioqrafıya müdaxiləsindən sonra ona təyinat üzrə müalicələr aparılmış, hemodinamik göstəricilərinə nəzarət və kontrol müayinələr təmin edilmişdir. Xəstə xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə, yaxşılaşma ilə evə yazılmışdır. 8-ci, 10-cu suallar üzrə, Əliyəsər Xasməmmədov xx.xx.2020-ci il tarixdə hospitala təkrar daxil olarkən ona “Ürəyin işemik xəstəliyi ST elevasiyasız mikard infarktı. Arterial hipertenziya İİİ mərhələ, risk 4” diaqnozu təyin edilmişdir. Aparılmış KAQ müayinəsi zamanı koronar arteriyaların total trombozunun olduğu müəyyən edilmiş, damarlara PTCA icra edilmiş və angioplastika uğurlu nəticə vermədiyi üçün təcili cərrahiyyə əməliyyatının icrasına qərar verilmişdir. Seçilmiş müalicə taktikası xəstənin ağır vəziyyətinə və koronar arteriyaların total trombozuna uyğun olmuşdur, lakin patologiyanın ağırlığı xəstənin vəziyyətinin qəflətən pisləşməsinə və bioloji ölümə gətirib çıxatmışdır. 9-cu sual üzrə, Əliyəsər Xasməmmədova aparılmış müayinə və müalicələr həkimin tibbi ixtisasına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə:

10. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

12. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3627/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2022-ci il tarixli, 375/KEŞ nömrəli rəyinə əsasən seçilmiş müalicə taktikası xəstənin ağır vəziyyətinə və koronarr arteriyaların total trombozuna uyğun olmuşdur, lakin patologiyanın ağırlığı xəstənin vəziyyətinin qəflətən pisləşməsinə və bioloji ölümünə gətirib çıxartmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, bir sıra başqa işlərdən fərqli olaraq bu qəbildən olan işlərdə tibbi ekspertlərin rəyi daha vacib əhəmiyyət daşıyır və məhkəmənin fərqli qənaətə gəlməsi daha cox mülahizə xarakterli ola bilər. Hazırkı iş üzrə verilmiş son rəyə əsasən də Ə.Xasməmmədov hospitala daxil olarkən (ilkin və təkrar) ona zəruri olan kliniki, laborator, instrumental, EKQ və ExoKQ müayinələri aparılmışdır. Müayinə cavablarında xəstədə mövcud olan ürək qan damar sistemində patoloji dəyişikliklər düzgün olaraq müəyyən edilmiş və adekvat müalicə taktikası seçilmişdir. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

22. Beləliklə, aparılan araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapamadığından şikayət əsassıdır və təmin edilmə bilməz. Nəticə:

23. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-212/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar