Məhkəmə qərarları › İş №2(103)-3639/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3639/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3639/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 qızının və İddiaçı1 Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin qaz təchizatı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-536/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 28.10.2021-ci il tarixli "xxxx" ASC və "xxxx" ASC-yə təqdim edilməsi üçün verilmiş yaşayış yeri barədə №3444 saylı arayışdan görünür ki, X6 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi iki nəfərdən ibarətdir, ev hal-hazırda vətəndaşın istifadəsindədir.

2. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə işıq sayğacı quraşdırılmışdır.

3. xx.xx.2023-cü il tarixli Cavabdeh ASC tərəfindən Nərgiz Kazımovaya ünvanmış müraciətə baxılması nəticəsi haqqında məktubdan görünür ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikilinin qazlaşdırılmasından imtina edilmişdir. Bildirilmişdir ki, “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən 2023-cü ilin oktyabr 1-dən etibarən AR Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazəsi tələb olunan lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikindi obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

4. 05.03.2025-ci il tarixdə mübahisəli mənzilə yerində müayinə keçirilməsi zamanı qeydə alınan video yazıdan məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin evdə yaşayış üçün şərait var və hazırda həmin ünvana işıq xətti çəkilmiş və **********20031 nömrəli abonent kodu verilmiş işıq sayğacı mövcuddur. Hətta evin darvazasının üstündən qaz borusunun keçdiyi görünür. İddiaçı Nərgiz Kazımova qonşu evlərə qaz xəttinin çəkilməsini bildirmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X2 qızının və İddiaçı1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyi Cavabdehnə həvalə edilməsini xahiş etmişlər.

6. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar 2021-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,4 sot sənədsiz torpaq alıb, üstündə iki otaqlı ev tikdirmişlər. Elə həmin il də Suraxanı İH Hövsan qəsəbəsi üzrə nümayəndəsindən Azərsuya, Azərerjiyə təqdim etmək üçün arayış və əlavə olaraq, Azərenerjiyə təqdim etmək üçün tikilinin peyk görüntüsünü almışlar. Sənədləri ASAN Kommunala təqdim etmişlər, işıq çəkilmişdir. Ev yaşayış üçün hazır olmadığından və qaz sayğacı təxminən 266 manat olduğu üçün qaz çəkilməsini sonraya saxlamışlar. (Elektrik sayğacı üçün 175 manat ödəmişlər). Əgər pul olsa idi, əlbəttə ki, qaz çəkdirmək üçün də müraciət edəcəkdilər. xx.xx.2023 tarixində, təmirsiz də olsa, evə yığışmışlar və evə qaz çəkdirmək üçün arayış almaq məqsədi ilə Hövsan qəsəbəsi üzrə İcra Nümayəndəliyinə müraciət etmişlər. Lakin onlar arayış verməkdən imtina etmişlər. Evin kupçası yoxdur. Soyuqdan dona-dona, orta əsrlərdəki kimi vedrədə su qoyaraq (dəmir vedrədə suyu qızdırıcı (kipyatilnik) ilə qızdıraraq təmizlik işlərini görürlər. Yemək bişirmək üçün maye qazdan istifadə edirlər. Bunlar da çox narahat və təhlükəlidir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-536/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın təmin edilməsi, iddiaçılar X2 qızının və İddiaçı1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 3.1, 4.2, 13, 13.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.1, 2.2, 4.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsi sənayə təyinatlıdır və qanunvericliyə uyğun olaraq mənzilə dair sənəd yoxdur (çıxarış). Qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQDnömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10- 1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.”. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, qeyd olunan məhkəmə mübahisəsi getdiyi anda və qərar çıxarılarkən Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 10-1 bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. Bu səbəbdən 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qərar qəbul etmişdir. SOCAR-ın daimi istifadəsində olan, o cümlədən X11 Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrində, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmir. Qeyd olunan fərdi yaşayış evi pay hasilatı torpaqlarının ərazisinə düşdüyü üçün fərdi yaşayış evinin qazlaşdırılması Cavabdeh İB tərəfindən mümkün olmamışdır. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. QEYD:Maddənin məzmunundan müəyyən olunur ki, tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri (qaz xəttinin çəkilməsi, qazlaşmaişlərinin aparılması) istehlakçının seçdiyi podratçı və ya istehlakçının vəsaiti hesabına qaz paylayıcısı (Azəriqaz İB) tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən həmin maddi hüquq normasının tələbləri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız yekun məhkəmə aktı qəbul etmişdir. Lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan və sənayə təyinatlı torpaqdan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir. Bununla bağlı vətəndaşa 14-2-2/2-6655/2023 saylı məktubla cavab verilmiş və qeyd olunanlar ətraflı izah edilmişdir. Lakin 1-ci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, xx.xx.2025-ci il tarixindən son məhkəmə qətnaməsi qüvvəyə minən günədək Azəriqaz İB-dən hər günə görə 100 manat təzminat alınmasını xahiş etmişdir.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və ərizə ünvanlayaraq başqa məhkəmə prosesində iştirakı səbəbilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmağını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 1. texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

16. Maddə 3.1. Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir.

17. Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur.

18. Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-536/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.

37. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən 2023-cü ilin oktyabr 1-dən etibarən Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazəsi tələb olunan lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

38. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur.

39. Həmin Qanunun 13-cü maddəsinə əsasən 1-ci və 3-cü bəndlərinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

41. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.

42. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

43. İşin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə yerli baxış keçirən zaman iddiaçıların həmin mənzildə yaşadığı, mənzilin yaşayış üçün şəraitin olması və evdə işıq xəttinin mövcud olduğu, fərdi yaşayış evinin darvazasının üzərindən qaz borusunun keçdiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərişıq ASC tərəfindən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçıların yaşadığı fərdi yaşayış evi elektrik enerjisi ilə təmin edilmişdir.

44. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə istinad etsə də, iş materillarından görünür ki, iddiaçıların sözügedən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün müvafiq orqana 2023-cü ildə müraciət etmələrinə baxmayaraq, həmin yaşayış evi 2021-ci ildən mövcuddur. Həmin mənzilə hazırki zamanda insanın normal yaşayışı üçün vacib ehtiyaclardan sayılan işıq xətti "xxxx" ASC tərəfindən çəkilmişdir. Həmçinin tikiliyə yaxın qonşuların evlərinə qaz xəttinin çəkilməsi, iddiaçılara məxsus tikilinin darvazasının üzərindən qaz borusunun keçməsi onu sübut edir ki, həmin əraziyə qaz xəttinin çəkilməsi üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdır.

45. Beləliklə, kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçılar qazla təmin olunmağını istədikləri fərdi yaşayış evində 2021-ci ildən məskunlaşmışlar. Cavabdeh tərəf də bunu mübahisələndirməmiş və iddia etməmişdir ki, iddiaçıların bu özbaşına tikilidən başqa bir mənzili (evi) var və o, mübahisəli tikilidən öz yaşayışını təmin etmək üçün istifadə etmir. İş üzrə məhkəmə araşdırması gedişində də belə bir hal aşkar edilməmiş, iddiaçıların özbaşına tikdiyi bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı olmadığı müəyyən edilməmişdir. Belə olan halda iddiaçılar İddiaçı1 və Nərgiz Hacıyevanın həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından iddiaçıların “evi”dir. Məhz bu səbəbdən həmin mənzilə hazırki zamanda insanın normal yaşayışı üçün vacib ehtiyaclardan sayılan işıq xətti "xxxx" ASC tərəfindən çəkilmişdir. İşıq qədər qaz da bu günkü gündə yaşayış üçün vacib ehtiyaclardan biridir.

46. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

49. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-536/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar