Məhkəmə qərarları › İş №2(103)-364/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-364/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-364/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2022 saylı, 24 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, mənzilin təmir işlərinin aparılması və mebellərin quraşdırılması ilə bağlı cavabandeh Cavabdeh MMC ilə müqavilə bağlamış, lakin görülmüş işlər qüsurlu olmuşdur. Eyni zamanda Cavabdeh MMC də iddia edir ki, görülmüş işlərə görə razılaşdırılmış məbləğlər vaxtında ödənilmədiyindən şirkətə ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən təmir işlərinin aparılmasına görə 32.750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün cəmi 7.364 manat, mebellərə görə ödənilmiş 13.000 manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 manat xidmət haqqı, mənəvi ziyana görə 13.000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3.000 manat kirayə haqqının-ümumilikdə 75.935 manat məbləğində pulun və 318 manat məbləğində dövlət rüsumunun “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, təmir işlərinin aparılması ilə məşğul olan "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, bina 189A-da yerləşən 53 nömrəli ona məxsus mənzil təmir edilməli idi. Müqavilənin 3.1ci bəndinə görə xidmətin dəyəri 42.819 (qırx iki min səkkiz yüz on doqquz) manat müəyyən edilmişdir. Həmçinin müqavilənin 5.2-ci bəndinə əsasən icra müddəti 5 ay nəzərdə tutulmuşdur. Yəni cavabdeh mənzili müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq ona xx.xx.2021-ci il tarixdə təhvil verməli olsa da, bu günədək mənzil ona tam təmirli şəkildə təhvil verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi, “Bakı şəhəri, Xətai rayonu, «8 noyabr prospekti 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edilmişdir. Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Buna görə sözügedən qüsurlar aşkar edilmiş elementlərin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Mənzildəki qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 (təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri məbləğə daxil deyil) manat pul vəsaiti tələb olunur. Bərpa zamanı söküntü prosesi malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan dəyib istifadəyə yararsız hala düşməsi mümkündür. “Aparılmış qüsur” işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün müəyyən etdikləri məbləğdə bu nəzərə alınmayıb”. Bundan başqa cavabdehlə aralarındakı razılaşmaya əsasən, onlar iddiaçıya məxsus mənzilə hall üçün 3000 manat dəyərində 2 ədəd şkaf, yataq otağı üçün 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termogüzgü, uşaq otağı üçün 1500 manat dəyərində şkaf, 400 manat dəyərində yazı masası, qonaq otağı üçün 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1100 manat dəyərində TV stend, mətbəx üçün 3750 manat dəyərində mətbəx mebeli, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul, 4800 manat dəyərində 8 ədəd qapı, ümumilikdə 23600 manat dəyərində mebel hazırlayaraq təhvil verməli və quraşdırmalı idi. Lakin cavabdeh tərəfindən 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termo-güzgü, 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür. Qeyd olunan mebellərə görə tərəfindən cavabdehə 13.000 manat məbləğində pul ödənilmişdir. Bunu təsdiq edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunmuşdur. Ekspert rəyində qiymətləndirmə zamanı nəzərə alınmasa da, otaqlara təyinatı üzrə natamam formada mebel quraşdırıldığı, mebellərə aid olan otaqların giriş qapılarının çox əyri olması və malyar işinin zəif olması, mətbəx mebeli və şkaflarda bir çox ciddi qüsurlar, çatlar olduğu, səliqəsiz işlənmə, malyar işinin zəif olması, petlə və açılanların düzgün seçilməməsi, mebellərin ümumiyyətlə tam hazır olmaması, tərkib hissələri, rəflər, qapaqların bir hissəsinin olmaması, mebellərin keyfiyyətsiz, istifadəyə yararsız olduğu göstərilmişdir. Bundan başqa müqaviləyə əsasən xidmət haqqı 42819 manat (26495 manat material pulu, 12340 manat usta pulu, 4004 mana şirkət gəliri) müəyyən edilmişdir. Lakin təmir işləri üçün nəzərdə tutulmuş materialların bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Cavabdeh tərəfindən yalnız təmir işlərinə 13529 manat dəyərində material istifadə olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş 12946 manat dəyərində materialın bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda, ustaya ödənilməli olan məbləğ 12340 manat nəzərdə tutulsa da, onlar tərəfindən 2690 manat dəyərində iş görülməmişdir. Bununla da usta və material üçün nəzərdə tutulmuş 38815 manatın əksinə olaraq cavabdeh tərəfindən yalnız 23179 manat dəyərində iş görülmüşdür. Lakin tərəfindən cavabdehə 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla 30.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh öhdəliyi tam icra etmədiyi üçün 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla onun tərəfindən ödənilmiş 6821 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən mənzil təhvil verilmədiyi üçün artıq 6 aydır ki, hər ay 500 manat ödəməklə kirayə mənzildə yaşayır. Bu günədək ümumilikdə 3000 manat məbləğində kirayə haqqı ödəmişdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün ona ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək cavabdeh tərəfindən gecikdirilmiş hər gün (172 gün) üçün ümumilikdə ona 7364 manat məbləğində pul ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, ödəniş qəbzlərindən, ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən ona bugünədək real olaraq ümumilikdə 62.935 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa məhkəmə prosesinin davam edəcəyini nəzərə alsaq, mübahisə başa çatanadək kirayədə mənzildə yaşayacaqdır. Həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi təmir işləri üçün nəzərdə tutulmuş pul vəsaiti hesablanan zaman təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri, bərpa zamanı söküntünün malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan vuraraq istifadəyə yararsız hala salınması ehtimalı nəzərə alınmamışdır. Eyni zamanda baş verənlər nəticəsində ona çox ciddi maddi və mənəvi ziyan dəymiş, çəkdiyi iztirablar nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. Buna görə də, əlavə olaraq iddiaçıdan 13.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlik pozulmuş, həmçinin lazımınca yerinə yetirilməmişdir. Nəticə olaraq ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10000 (on min) manat, cəmi 29989,00 (iyirmi doqquz min doqquz yüz səksən doqquz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, İddiaçı belə bir arqumentləri ilə razılaşmaq olmaz və onun iddia tələbləri tamamilə əsassızdır. İlkin iddia tələbinin əsaslarına ayrı-ayrılıqda münasibət bildirərək məhkəmənin diqqətinə çatdırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” 131 m2 mənzilin təmir işlərinin görülməsini, “İcraçı” isə bu növ xidməti təmin edəcəyini öhdəsinə götürmüşdür və “İcraçı” Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını əsasdırılmasında əsas sübut kimi akkreditə olunmamış və heç bir lisenziyası olmayan “X6” MMC-nin 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyini göstərmişdir. Həmin rəydə qüsurlu təmir kimi qeyd olunanlar tam aydın deyil və əgər qüsurlar varsa həmin qüsurların kənar müdaxilə nəticəsində yaranıb yaranmadığı araşdırılmamışdır. Əsl həqiqətdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə həm maddi ziyan vurmuşdur, həmçinin də iş vaxtının itirilməsinə və işgüzar nüfuzunun zədələnməsinə səbəb olan mənəvi zərər vurmuşdur. Belə ki, təmir işlərində bir iş yekunlaşmasa digər işə keçid etmək mümkün deyildir. Bu səbəblə də Cavabdeh MMC tərəfindən bütün təmir işləri tərəflər arasında öncədən razılaşdırılmış smetada qeyd olunan yüksək keyfiyyətli materiallardan istifadə olunaraq peşakar ustaların işləri ilə aparılmışdır və hər bir iş şəxsən İddiaçı təhvil verilmişdir. İddiaçı heç bir zaman görülmüş təmir işlərindən narazılıq etməmiş, hər bir yekunlaşan işi təhvil aldıqca razılığını bildirmişdir. İddiaçı heç bir vaxt istər şifahi, istərsə də yazılı (pretenziya) qaydada hər hansı bir narazılığını Cavabdeh MMC bildirməmişdir. Əgər belə bir narazılıq bildirilsəydi müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi dərhal tədbir görərdi. Tərəflər arasında narazılıq yalnız ödənişlərin edilməsində yaranmışdır. Belə ki, İddiaçı dəfələrlə əvvəlcədən razılaşdırılmış smetadan kənar materialların alınmasını və əlavə işçilik edilməsini xahiş etmiş müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi isə müştərinin xahişini yerinə yetirmişdir. Halbuki alınan əlavə materiallara və əlavə işçiliyə görə İddiaçı heç bir vəsait tələb etməmişdir. Buna misal kimi İddiaçı arakəsmə hörgülərini əvvəlcə adi kərpiclərdən hörülməsinə razılıq bildirsə də, sonradan bir ədədi 1.20 manat olan kərpiclər ilə hörgü işinin görülməsini xahiş etmişdir. Daha sonra bir formada istədiyi təmiri bir necə saatdan və ya bir neçə gündən sonra başqa formada olmasını istəmiş və bütün bunlar əlavə materialların alınmasına və əlavə işçiliyə səbəb olmuşdur. Bütün əlavə materialların və əlavə işçiliyin haqqının ödənilməsi bir tərəfə elə ilkin iddia üzrə iddiaçının əlavə etdiyi qəbzlərdən məlum olur ki, İddiaçı razılaşdırılmış məbləği ödəməmişdir. Bu səbəblə özünün istəyi üzrə pul vəsaitini düzəldənədək təmir işlərinin saxlanılmasını xahiş etmişdir. Müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi isə İddiaçı xahişini nəzərə alaraq təmir işlərini dayandırmışdır. Tələb olunan vəsait İddiaçı tərəfindən ödənildikdən sonra yarımçıq qalan təmir işlərini yekunlaşdırmağa hazırdırlar. Tərəflər arasında razılaşmalardan biridə ondan ibarət olub ki, müştəri istənilən təmir materialını seçib ala bilər. Belə bir təklifi müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi ona görə irəli sürmüşdür ki, müştəri bazar qiymətləri ilə tanış olaraq əmin olsun smetada qeyd olunan qiymətlər tam şəffaf qiymətlərdir və heç bir material smetada qeyd olunan qiymətdən ucuz alınmır. İddiaçı bu təklifdən dəfələrlə istifadə etmiş və tikinti materiallarının bəzisini özü almışdır. Buna misal kimi onu göstərir ki, kafel metlax işlərinin görülməsi etapı çatdıqda İddiaçı məlumat verilmiş və həmin materialların alınmalı olduğu bildirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kafel və metlaxı öz seçimlərinə görə almaq istədiyini bildirmişdir və nəticə etibarilə smetada nəzərdə tutulan 1 m2 -35 manat olan yüksək keyfiyyətli material yerinə 1 m2 -13,5 manat olan aşağı keyfiyyətli material almışdır. Həmin kafeldə nöqsanlar olduğu İddiaçı bildirilmiş, lakin o həmin materialdan istifadə edilərək təmirin davam etdirilməsini istəmişdir. Kafellərdə nöqsanların olmasına baxmayaraq Cavabdeh MMC-nin ustaları tərəfindən keyfiyyətli iş təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən bütün lazımı yüksək keyfiyyətli materiallar alınmış, yüksək keyfiyyətli iş görülmüş, təmirin bütün gedişatına İddiaçı şəxsən nəzarət edib, təmiri qəbul edib və razılığını bildirib. Buna misal kimi qeyd edir ki, ilkin hörgü, suvaq, santexnik, elektrik, betonlama, alçipan, laqa dikt, parket və kafel metlax işləri görüldü. Qeyd olunan işlər cavabdeh İddiaçı tərəfindən qəbul edildikdən sonra mənzildə qalan işlər aşağıdakılar olmuşdur: Divarlarda boya vurulması; Parketin laklanması; Qapıların quraşdırılması; mebel işlərinin görülməsi; sonda plintusların vurulması. İddiaçı Cavabdeh MMC boya işlərinə başlayarkən cavabdeh İddiaçı əvvəlcədən razılaşdırılmış smetada nəzərdə tutulan adi boyadan deyil dekorativ boyadan istifadə olunmasını istəmişdir. Təbiidir ki, bu boyanın qiyməti və işçiliyi bahadır. Belə olan halda Cavabdeh MMC-nin ustasının təklif etdiyi qiymət ilə razılaşmayan cavabdeh İddiaçı özünün bu sahədə tanıdığı usta olduğunu və onun bu işi görməsini istədiyini bildirmişdir. Cavabdeh MMC-nin rəhbərliyi cavabdehin bu təklifini qəbul etmişdir. Cavabdeh İddiaçı tapdığı usta mənzilə gələrək təmirə baxmış və dekorativ boyanın vurulması üçün divarlarda bəzi düzəlişlərin olunmasını istəmişdir. Həmin düzəlişlər Cavabdeh MMC-nin ustaları tərəfindən edilmiş və İddiaçı iştirakı ilə özünün tapdığı ustaya təhvil verilmişdir. Həmin ustada öz növbəsində işi qəbul etmiş və heç bir problemin olmadığını bildirmişdir. Həmçinin İddiaçı qeyd edir ki, guya o kirayədə yaşayır. Halbuki bu belə deyil. Cavabdeh özünə məxsus olan bağ evində yaşayır. Hətta iddiaçının ustaları tərəfindən də həmin bağ evində yaranmış problemlər (hansı ki, özünün deməsinə görə həmin problemləri öncədən bir neçə usta baxıb həll edə bilməmişdir) həll edilmişdir. Təmirdə müəyyən gecikmələrin olması isə hava şəraitinin uyğun olmaması nəticəsində divarların gec quruması, “Sifarişçi” tərəfindən alınan materialların vaxtında alınaraq “İcraçı”ya təhvil verilməməsi, binanın yük qaldırma liftində yaranmış problemlərə görə alınan materialların vaxtında mənzilə daşınmaması və İddiaçı tərəfindən tələb olunan pul vəsaitinin vaxtında ödənilməməsi səbəb olmuşdur. Bütün bu səbəblər əvvəlcədən İddiaçı bildirilmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin 2.2.2-ci bəndinə əsasən, əgər “Sifarişçi” müqavilədə göstərilən qaydada xidmətlərin göstərilməsi ilə əlaqədar “İcraçı”ya məbləği ödəməzsə hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Müqavilənin təmir tikinti ilə bağlı işlərin görülməsi üzrə əvvəlcədən razılaşdırılmış smetasından məlum olur ki, ümumi məbləğ 42819,00 (qırx iki min səkkiz yüz on doqquz) manat müəyyən edilib. Həmin smetadan 7930,00 (yeddi min doqquz yüz otuz) manatlıq materialı İddiaçı özü almışdır və ümumilikdə 30000,00 (otuz min) manat ödəniş etmişdir. Riyazi hesablamalarla 42819-7930- 30000=4889,00 (dörd min səkkiz yüz səksən doqquz) manat İddiaçı təmir işlərindən Cavabdeh MMC-yə borcu qalmışdır. Daha sonra İddiaçı tərəfindən mebellərin hazırlanması işində iddiaçı Cavabdeh MMC-yə tapşırılmışdır və mebellərin hazırlanmasına görə əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23600,00 (iyirmi üç min altı yüz) manat təşkil etmişdir. Həmin smetadan razılaşdırılmış dəyərində 13000,00 (on üç min) manat İddiaçı tərəfindən ödənilmiş 10600,00 (on min altı yüz) manat isə borcu qalmışdır. Lakin ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən məlum olur ki, təmir tikinti ilə bağlı işlərin görülməsinə görə razılaşdırılmış 42819,00 (qırx iki min, səkkiz yüz on doqquz) manat yerinə cəmi 30000,00 (otuz min) manat, mebellərin hazırlanmasına görə isə razılaşdırılmış 23600,00 (iyirmi üç min altı yüz) manat yerinə cəmi 13000,00 (on üç min) manat ödəniş etmişdir. Buradan məlum olur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün iddiaçı Cavabdeh MMC-yə ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək, yəni xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən gecikdirilmiş hər gün (300 gün) üçün ümumilikdə iddiaçı Cavabdeh MMC-yə 4500,00 (dörd min beş yüz) manat məbləğində pul ödənilməlidir. Ümumiyyətlə, ilkin iddia üzrə iddiaçı belə əsassız iddialar irəli sürərək məhkəmə qaydasında ilkin iddia üzrə Cavabdeh MMC-dən pul vəsaiti tutduraraq təmirini pulsuza salmaq niyyətindədir. Əsl həqiqətdə hazırki mübahisə üzrə zərər çəkən yeganə tərəf iddiaçı Cavabdeh MMC-dir. Belə ki, İddiaçı əsassız iddiaları ilə Cavabdeh MMC-nin düzgün təmir etmədiyini və saxtakar olduqlarını bildirərək onun işgüzar nüfuzuna xələl yetirmiş, həmçinin Cavabdeh MMC-yə qarşı məhkəmədə əsassız iddia qaldıraraq onun iş vaxtının itirilməsinə səbəb olmuşdur. Həmin qanunsuz hərəkətlər nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə 10000 (on min) manat ziyan dəymişdir. Bakı şəhəri Nərimov Rayon Məhkəməsinin 2(005)-440/2022 saylı 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pulun, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzili təmir etdirmək üçün cəmi 30.000 manat, 13000 manat isə mebellər üçün ödəniş etmişdir. Lakin, İddiaçı qeyd olunan məbləğdə ödənişi etməsinə baxmayaraq, iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəşünaslıq və tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022ci il tarixli, 10/1571 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmirquraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunduğu müəyyən olunmuşdur. Məhkəmə mənzilin təmirinə sərf edilmiş vəsaitin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Mebellərin hazırlanmasına görə əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23600,00 (iyirmi üç min altı yüz) manat təşkil etmişdir. Həmin smetadan razılaşdırılmış dəyərində 13000,00 (on üç min) manat İddiaçı tərəfindən ödənilmişdir. İstinad olunan maddi hüquq normalarına əsasən ilk İddiaçı yenidən təmir işlərinin aparılmasına görə 32750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün (172 gün) 7364 manatı tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və İddiaçı 30.000 manat məbləğində ödəniş etmiş, lakin təmir qüsurlu olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməmişdir. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunması müəyyən olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilə gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə pulu ödəyir. Bu baxımdan, ilk iddiaçının müqavilənin icrasının gecikdirildiyi günlər (172 gün) üçün cəmi 7364 manat ödənilməsi barədə tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə «mebellərin hazırlanmasına görə ödənilmiş 13000 manat pulun tutulması» hissəsində iddianı əsassız hesab edir, belə ki, ilk iddiaçı göstərir ki, «cavabdeh tərəfindən 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termogüzgü, 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür». İddiaçı gətirilmiş mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, İddiaçı "xxxx" MMC-yə ödədiyi 13000 manat pulun deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsindən çıxış etməklə ona təhvil verilməmiş ümumi dəyəri 9050 manat dəyərində mebellərin təhvil verilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin istinad olunan normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, ilk iddiaçı digər mebellərin ona təhvil verilməsi öhdəliyinini deyil, ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlı deyil. Məhkəmə iddia tələbinin “müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ilk iddiaçının bu tələblərinin əsaslığı ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir (kirayə müqaviləsi bağlaması və kirayə pulu ödəməsi ilə bağlı), bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İddiaçının maddi ziyan tələbinin təmin olunmasını iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçi Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbin irəli sürmüşdür. İş materialları ilə müəyyən edilir ki, müqavilənin müddəti bitmiş, hazırkı tələbin təmin olunması üçün əsas yoxdur. Digər tərəfdən, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10000 (on min) manatın tutulması tələbləri müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən lazımi keyfiyyətdə icra olunmadığından, müqavilə öhdəlikləri podratçının təqsiri nəticəsində yerinə yetirilmədiyindən təmin oluna bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 385, 386.1, 421.2, 442, 445.1, 447.1, 447.7, 462.1, 465.2, 762.1, 762.2, 768.1, 768.1.1, 771, 753.2, 760.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini iddia tələbinin mebellərə görə ödənilmiş 13.000 (on üç min) manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 (altı min səkkiz yüz iyirmi bir) manat, mənəvi ziyana görə 13.000 (on üç min) manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3.000 (üç min) manat kirayə haqqının tutulmasının təmin olunmamasına dair hissədə ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili də apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 440/2022 saylı qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda da mülkiyyətində olan mübahisəli mənzildə yaşamır. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Məhkəmə qətnamə çıxararkən mübahisənin hazırda da davam etdiyini, cavabdehin qanunsuz əməlləri nəticəsində uzun müddətdir mülkiyyətində olan evdə yaşamadığını, yenidən təmir prosesinin davam edəcəyini, yaşamaq istədiyi evdə bir müddət daha yaşaya bilməyəcəyini nəzərə almamışdır. Mənzildəki qüsurlu təmirin aradan qaldırılması üçün müyyənləşdirilmiş 32.750 manat məbləğində pul ona dəymiş mənəvi zərəri, uzun müddətdir keçirdiyi əsəb, stressi, təmir prosesi ilə bundan sonra məşğul olacağını, yaşamaq istədiyi evdə bir müddət daha yaşaya bilməyəcəyini qarşılamır. Həmin məbləğ yalnız və yalnız mənzilin yenidən təmir olunmasına görə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdir. Təbii ki, ekspert tərəfindən rəy verilərkən yenidən təmir üçün çəkilcək xərclərə uyğun bu məbləğ müəyyən edilmiş və onun keçirdiyi əsəb stress, mənəvi gərginlik nəzərə alınmamışdır. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bir daha qeyd edir ki, mülki mübahisə tamamilə yekunlaşanadək, qətnamə cavabdeh tərəfindən icra olunanadək həmin mənzildə yaşaya bilməyəkdir. Cavabdehin öhdəliyi lazımınca icra etməməsi nəticəsində həyatına dair planlaşdırdığı bir çox qərarların icrası təxirə düşmüşdür. Ailəlidir və himayəsində iki azyaşlı övladı var. Əslində cavabdehin öhdəliklərini icra etməməsi onunla yanaşı ailə üzvlərinin də hüquqlarının pozulması ilə nəticələnmişdir. Mübahisəli mənzilin təmir edilməsini və orada yaşamağı onunla birlikdə ailə üzvləri də gözləməkdədir. Bu halın belə onda yaratdığı gərginlik cavabdehdən xeyli miqdarda mənəvi zərərin onun xeyrinə tutulmasını zəruri edir. İş materiallarında olan müqavilədən, ödəniş qəbzlərindən, ekspert rəyindən də göründüyü kimi cabadeh tərəfindən ona bu günədək real olaraq ümumilikdə 62.935 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa məhkəmə prosesinin davam edəcəyini nəzərə alınsa, mübahisə başa çatanadək kirayədə mənzildə yaşayır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən də göründüyü kimi təmir işləri üçün nəzərdə tutulmuş pul vəsaiti hesablanan zaman təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri, bərpa zamanı söküntünün malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan vuraraq istifadəyə yararsız hala salınması ehtimalı nəzərə alınmamışdır. Buna görə də, əlavə olaraq iddiaçıdan 13.000 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Cavabdehin qarşılıqlı iddia ərizəsindən və iş materiallarından da göründüyü kimi "xxxx" MMC ilə aralarında evin təmiri ilə yanaşı ona məxsus mənzilə mebel hazırlanması ilə bağlı razılaşma əldə edilmişdir. "xxxx" MMC tərəfindən hazılanacaq mebellərin siyahısı onların möhürləri və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh mebelləri mənzilin təmirinin tam başa çatdırlacağı, yəni xx.xx.2021-ci il tarixədək təhvil verməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş mebellərin bir hissəsini ümumiyyətlə hazırlamamışdır.Hazırlanaraq quraşdırılmış holl üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəx mebeli, 8 ədəd qapı isə məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi istifadəyə yararsız haldadır. Məhkəmə tərəflərindən sübut təqdim edilmədiyini qeyd etsə də, iş materiallarından da göründüyü kimi məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyi iddia ərizəsinə əlavə edilmişdir. Müqavilənin müddəti başa çatdığı üçün "xxxx" MMC-dən mebellərin hazırlanması deyil, ödənilmiş pulun geri qaytarılması tələbi irəli sürülməlidir Həmçinin təmiri və digər mebelləri qüsurlu hazırlamış cavabdehlə yenidən müqavilə münasibətlərinin yaranması, mebellərin hazırlanaraq təhvil verilməsinin tələb edilməsi yolverilməzdir. Bu sanki onun bilərəkdən yeni qüsurlu məhsullar hazırlanması üçün sifariş verməyinə bənzəyir. Müqavilə müddəti başa çatmasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməyən cavabdeh ona dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, müqaviləyə əsasən xidmət haqqı 42819 manat (26495 manat material pulu, 12340 manat usta pulu, 4004 mana şirkət gəliri) müəyyən edilmişdir. Lakin təmir işləri üçün nəzərdə tutulmuş materialların bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Cavabdeh tərəfindən yalnız təmir işlərinə 13529 manat dəyərində material istifadə olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş 12946 manat dəyərində materialın bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda ustaya ödənilməli olan məbləğ 12340 manat nəzərdə tutulsa da, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsində etiraf etdiyi kimi 2690 manat dəyərində bir sıra işlər görülməmişdir. Bununla da usta və material üçün nəzərdə tutulmuş 38815 manatın əksinə olaraq cavabdeh tərəfindən yalnız 23179 manat dəyərində iş görülmüşdür. Lakin tərəfindən cabadehə 4004 manat məbləğində şirkət gəliri də daxil olmala 30.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh öhdəliyi tam icra etmədiyi üçün 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla tərəfindən əlavə ödənilmiş 6821 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilməli idi. Lakin məhkəmə buna dair hər hansı sübutun təqdim edilmədiyini əsas gətirərək həmin hissədə iddianı təmin etməmişdir. Bununla bağlı qeyd edir ki, iş materiallarında olan qarşılıqlı iddia ərizəsindən də göründüyü kimi cavabdeh bəzi materialların, yəni 7930 manatlıq materialın onun tərəfindən alındığını, həmçinin təmir işlərinin tam həyata keçirilmədiyini və yarımçıq qaldığını qeyd edərək dollayı şəkildə iddianı etiraf etmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən cavabdehin etirafı onu bu faktı sübut etmək vəzifəsindən azad edir. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməli idi. Məhkəmə tərəfindən ekspert qarşısında mebellərdə qüsurlarının olub-olmamasının müəyyən edilməsi ilə bağlı sual qoyulmamışdır. Yəni mebellərdə qüsurların olub-olmaması yalnız ekspert və ya mütəxəssis rəyi ilə müəyyən edilə bilər ki, tərəflərindən bunu təsdiqləyən ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı ekspertizanın keçirilməsi və ekspert qarşısında suallar qoyulması xahiş edilmişdir. Lakin məhkəmə hansı səbəbdən tərəflərindən təqdim edilmiş sualların qoyulmasından imtina etdiyini əsaslandırmamış, AR MPM-nin 97.4-cü maddəsinin tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyində qiymətləndirmə zamanı nəzərə alınmasa da, otaqlara təyinatı üzrə natamam formada mebel quraşdırıldığı, mebellərə aid olan otaqların giriş qapılarının çox əyri olması və malyar işinin zəif olması, mətbəx mebeli və şkaflarda bir çox ciddi qüsurlar, çatlar olduğu, səliqəsiz işlənmə, malyar işinin zəif olması, petlə və açılanların düzgün seçilməməsi, mebellərin ümumiyyətlə tam hazır olmaması, tərkib hissələri, rəflər, qapaqların bir hissəsinin olmaması, mebellərin keyfiyyətsiz, istifadəyə yararsız olduğu göstərilmişdir. Məhz buna görə tərəflərindən məhkəmə mühəndis-tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarından ibarət kompleks məhkəmə ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərək, ekspertlər qarşısında digər suallarla yanaşı “Mebellərdə (hall üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəxüçün mətbəx mebeli) qüsurların olub-olmamasının, ümumiyyətlə istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsinə” dair sualların qoyulmasının təmin edilməsi xahiş olunmuşdur. Lakin Məhkəmə tərəfindən ekspert qarşısında mebellərdə qüsurlarının olubolmamasının müəyyən edilməsi ilə bağlı sual qoyulmamışdır. Yəni mebellərdə qüsurların olub-olmaması yalnız ekspert və ya mütəxəssis rəyi ilə müəyyən edilə bilər ki, tərəflərindən bunu təsdiqləyən ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı ekspertizanın keçirilməsi və ekspert qarşısında suallar qoyulması xahiş edilmişdir. Belə olan halda məhkəmənin daha hansı mötəbər sübut tələb etdiyi anlaşılmazdır. Məhkəmə tərəfindən hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq edilməmiş, AR MPM-nin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən mülki mübahisəyə əsassız olaraq AR MM-nin 443.1-ci maddəsi tətbiq edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə ekspertiza mərkəzinin saxta ekspert rəyi ilə əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/1571 nömrəli rəyinin saxtalığını belə əsaslandırır ki, ekspertiza mərkəzindən məhkəməyə ekspert vəsatəti ünvanlanaraq iş üzrə ekspert baxışının 24 may 2022-ci il tarixinə təyin edilməsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/1571 nömrəli rəyi isə 10 may 2022-ci il tarixdə elektron məhkəmə portalına daxil edilmişdir. Burdan belə nəticə çıxır ki, məhkəmə eksperti iş üzrə cavabdeh "xxxx" MMC iştirakını təmin etmədən, ümumiyyətlə ekspert baxışının təyin edildiyi vaxtdan 1 ay qabaq rəy hazırlayıb və məhkəməyə göndərib. Ekspertin baxış yerinə gedib getməməsi belə məlum olmayan, ekspert rəyini nə dərəcədə mötəbər sübut hesab edilə bilərdi. Bununla bağlı dəfələrlə məhkəməyə etiraz bildirilsə də məhkəmə öz qətnaməsində bu hala hüquqi qiymət verməmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin sifarişi əsasında “X4” MMC-nin ekspertmütəxəssisləri ilə birgə baxış keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilə gedilsə də İddiaçı tərəfindən buna şərait yaradılmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bu halada göz yumaraq hüquqi qiymət verməmişdir. Həmçinin verilmiş ifadələrdən məlum olur ki, Cavabdeh MMC tərəfindən təmir işləri tam yekunlaşdırılmamışdır. Bunun səbəbi İddiaçı tərəfindən ödənişlərin edilməməsi olmuşdur. Həmçinin bütün təmir işləri Cavabdeh MMC tərəfindən icra olunmamış bəzi işlər Fərid Mehtiyevin istəyi ilə onun özü tərəfindən təmirə cəlb edilmiş ustalar tərəfindən icra edilmişdir. Əgər həqiqətəndə İddiaçı iddia etdiyi kimi mənzilin təmirində ciddi nöqsanlar varsa maraqlıdır məhkəmə necə müəyyən etdi ki, həmin nöqsanlara məhz Cavabdeh MMC tərəfindən yol verilmişdir, Fərid Mehtiyev tərəfindən cəlb edilmiş ustalar etməmişdir. Məhkəmə öz qətnaməsində bu hala da hüquqi qiymət verməmişdir. Müqavilənin təmir tikinti ilə bağlı işlərin görülməsi üzrə əvvəlcədən razılaşdırılmış smetasından məlum olur ki, ümumi məbləğ 42819,00 manat müəyyən edilib. Həmin smetadan 7930,00 manatlıq materialı Fərid Mehtiyev özü almışdır və ümumilikdə 30000,00 manat ödəniş etmişdir. Riyazi hesablamalarla 42819-7930- 30000=4889,00 manat Fərid Mehtiyevin təmir işlərindən Cavabdeh MMC-yə borcu qalmışdır. Fərid Mehtiyevin məhkəməyə təqdim etdiyi ödəniş sənədlərindən bu açıq aydın sübut olunduğu halda məhkəmə qarşılıqlı iddianı rədd etmiş, ancaq təmir işlərində nöqsanın olub-olmadığı və əgər hər hansısa bir nöqsan var idisə bunu Cavabdeh MMCnin törədib-törətmədiyi sübut olunmadığı halda ilkin iddianı təmin etmişdir. İşin hallarından məlum olur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ona həvalə edilmiş təmir işini keyfiyyətli yerinə yetirərək Fərid Mehtiyev tərəfindən işə cəlb edilmiş ustaya təhvil verilib və həmin ustada heç bir problem olmadığını bildirirək işi təhvil alıb. Smetada nəzərdə tutulandan fərqli, yəni aşağı keyfiyyətli metlax alınması barədə onu xəbərdar edib. Fərid Mehtiyev görülmüş işlərin müqabilində ödəməli olduğu muzdu ödəmədiyindən iş dayandırılmışdır. Sadalananlardan görünür ki, qətnamədə maddi hüquq normaları göstərilsə də qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq edilməyərək yanlış nəticəyə gəlmişdir və nəticəsini yalnız formal əsaslandırma ilə yazmaqla kiyafətlənmişdir. Bununla birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsivəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecilcdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi boclunun icranı gecikdirməsi sayılır. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfı müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfı öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi ilə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 760.2. Əgər podratçı tərəfındən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfıyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. 768.1.1. Sifarişçidən alınmış material keyfıyyətsiz və yararsız olduqda podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur.

771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilməyən – mebellərə görə ödənilmiş 13.000 manat vəsaitin və mənəvi ziyana görə 13.000 manat vəsaitin “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iddia tələbləri qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qəlan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilən hissəsində eləcə də qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən göstərilən xidmətlərin dəyəri 42.819 manat və xidmətlərin göstərilmə müddəti 05 ay təşkil edir. Həmin müqaviləyə əsasən iddiaçı mənzili təmir etdirmək üçün cəmi 30.000 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, mebellərin hazırlanmasına görə əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23.600,00 (iyirmi üç min altı yüz) manat təşkil etmişdir. Həmin smetadan razılaşdırılmış dəyərində 13.000,00 (on üç min) manat İddiaçı tərəfindən ödənilmişdir. Lakin, İddiaçı qeyd olunan məbləğdə ödəniş etməsinə baxmayaraq, iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X6” MMC-nin xx.xx.2021-ci il tarixli 541 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri. Xətai rayonu. 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı foto görüntülərlə birlikdə qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurlar aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikintinorma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750 (təkrar təmir tikinti zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınma xərcləri məbləğə daxil deyil) manat pul vəsaiti tələb olunur. Aparılması tələb olunan işlər aşağıdakılardır: - tavanlardan alçipan təbəqəsinin sökülməsi yenisi ilə əvəz edilməsi; - divarların qaşınması, gips materialından olan çərçivə kantların sökülməsi, şpaklyovkalanması yeni gips çərçivə kantların vurulması, yenidən boya ilə rənglənməsi - divarlarda elektrik açarları üçün quraşdırılmış qutuların yeniləri ilə əvəz olunması; - döşəmənin sökülməsi yenisi ilə əvəz edilməsi üzərinin boyanması - sanitar qovşağında və eyvanlarda kafel metlax təbəqəsinin sökülməsi yenisi ilə əvəz edilməsi; - Təkrar təmir söküntü işləri aparılarkən mövcud vəziyyətə uyğun ortaya çıxan əvvəlcədən nəzərə alınmayan qüsurların həll edilərək aradan qaldırılması və s. Bərpa zamanı söküntü prosesində malaaltında qalan isti döşəməyə, multı soyutma sisteminin borularına ziyan dəyib istifadəyə yararsız hala düşməsi mümkündür. Aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün müəyyən edilən məbləğdə bu nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mənzilin təmirinə sərf edilmiş vəsaitin müəyyən edilməsi üçün tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəşünaslıq və tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/1571 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edilmiş (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı foto-görüntülərlə birlikdə qeyd olunmuşdur), aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpasının mümkün olmaması müəyyən edilmiş, bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750,0 manat pul vəsaiti tələb olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı hər iki tərəf iş üzrə ekspertiza keçirilməsi barədə vəsatət vermiş və apellyasiya şikayətlərinin, vəsatətlərin dəlillərini və mülki işin materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət və vəsatətlər göstərilən dəlillər üzrə, yaranmış ziddiyyətləri, eləcə də işin obyektiv və hərtərəfli həlli baxımından cavablandırılmamış suallar üzrə əlavə məhkəməəmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli № 10/6826 və 9/7555 saylı rəylərinə əsasən iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş mebellərin X3 rəyini nəzərə alınmaqla həmin mebellərin qüsurların aradan qaldırılması üçün orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12100 manat müəyyən olunur. Həmin mebellərin yenisi ilə əvəz olunması məqsədə uyğun hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu, həmin qüsurların keyfiyyətsiz təmir nəticəsində yarandığı müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750,0 manat pul vəsaiti tələb olunur. Təqdim edilmiş ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olması müəyyən edilmişdir. Cavabdeh tərəf həmin qüsurların Cavabdeh MMC-nin törədib-törətmədiyinin sübut olunmadığına istinad etmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır və həmin mənzildə cavabdehin də qeyd etdiyi kimi başqa ustalar tərəfindən təmir-tikinti və quraşdırma işlərinin aparılması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda apellyasiya baxışı zamanı təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/75xx-xx/6826 nömrəli ekspert rəyindən görünür ki, (Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə) 13 dekabr 2022-ci il tarixdə İddiaçı, ekspertlər Elvin Qəhrəmanov və İsa Eyvazzadənin iştirakı ilə əmlaka baxış keçirilmişdir. Müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və “X3” 19 dekabr 2022-ci il tarixli 234 nömrəli mütəxəssis rəyindən istifadə edilməklə, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə quraşdırılmış mebellərdə (hol üçün 2 ədəd şkaf, uşaq otağı üçün şkaf, yazı masası, qonaq otağı üçün TV stend, mətbəx üçün mətbəx mebeli, 8 ədəd qapı) qüsurlar olduğu müəyyən edilmişdir. Həmin mebellərin qüsurları aradan qaldırılması üçün X6-nin rəyini nəzərə alınmaqla həmin mebellərin qüsurların aradan qaldırılması üçün orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12100,0 manat müəyyən olunur. Həmin rəydə məhkəmə əmttəşünaslıq ekspertizası üzrə tədqiqatın nəticəsinə görə İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş mebellərin qüsurlarının aradan qaldırılması üçün orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12.100 manat müəyyən olunur. Həmin mebellərin yenisi ilə əvəz olunması məqsədə uyğun hesab edilir. Məhkəmə tikinti-texniki ekspertizası üzrə isə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin qüsurlu olduğu, həmin qüsurların keyfiyyətsiz təmir nəticəsində yarandığı müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 manat pul vəsaiti tələb olunur. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və İddiaçı 30.000 manat məbləğində təmir işlərinə və 13.000 manat mebellərə görə ödəniş etmişdir, lakin təmir və quraşdırılmış mebellər qüsurlu olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə “Garant «İnşaat N” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı 30.000 manat məbləğində ödəniş etsə də aparılan təmirin qüsurlu olması "xxxx" MMC müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməməsi ilə birbaşa bağlı olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.2.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilə gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilədən görünür ki, icraçı işini 5 (beş) ay ərzində hazırlamasını öhdəsinə götürsə də, təmir işlərini vaxtında, keyfiyyətlə və tam təhvil verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32.750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7.364 (yeddi min üç yüz altmış dörd) manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbin irəli sürsə də iş materialları ilə müəyyən edilir ki, müqavilənin müddəti bitmişdir və belə olan halda da hazırkı tələbin təmin olunması üçün əsasın olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən lazımı keyfiyyətdə icra olunmadığından, müqavilə öhdəlikləri podratçının təqsiri nəticəsində yerinə yetirilmədiyindən qarşılıqlı iddianın İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə tələbinin əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, qarşılıqlı iddiaçının 15.489,00 (on beş min dörd yüz səksən doqquz) manat borc və bu ödənişin gecikdirilməsinə görə 4.500,00 (dörd min beş yüz) manat cərimə tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10.000 (on min) manatın tutulması hissəsində də təmin edilməsi üçün əsaslar olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/1571 nömrəli rəyinin saxtalığını belə əsaslandırır ki, ekspertiza mərkəzindən məhkəməyə ekspert vəsatəti ünvanlanaraq iş üzrə ekspert baxışının 24 may 2022-ci il tarixinə təyin edilməsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/1571 nömrəli rəyi isə 10 may 2022-ci il tarixdə elektron məhkəmə portalına daxil edilmişdir. Burdan belə nəticə çıxır ki, məhkəmə eksperti iş üzrə cavabdeh "xxxx" MMC iştirakını təmin etmədən, ümumiyyətlə ekspert baxışının təyin edildiyi vaxtdan 1 ay qabaq rəy hazırlayıb və məhkəməyə göndərib”. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Qərardadın icrası ilə bağlı mülki iş xx.xx.2022-ci i tarixli müşayiət məktubu ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə dair vəsatət daxil olmuşdur. Ekspert vəsatətində obyektə baxışı xx.xx.2022ci il tarixə saat 16:00-a təyin edilməsini xahiş etmişdir. Vəsatətin icrası ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərə məktub göndərərək tədqiq olunan obyektə baxış keçirilməsini xx.xx.2022-ci il tarixə, saat 16:00-a təyin etmişdir. Bundan sonra ekspert rəyi xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ekspert rəyi tərtib olunarkən texniki səhvə yol verilmiş və bu texniki səhv birinci instansiya məhkəməsində qətnamə qəbul edilərkən kobud pozuntu kimi qəbul edilməməlidir. Belə ki, apellyasiya icraatı zamanı tərəflərin vəsatəti əsasında tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy daxil olmuşdur. Bununda da qeyd olunan pozuntu aradan qaldırılmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin – “müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 manat xidmət haqqı və cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3.000 manat kirayə haqqının” hissəsində iddianın rədd edilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, ilk iddiaçının bu tələblərinin əsaslığı ilə əlaqədar hər hansı mötəbər sübut təqdim etməmişdir (kirayə müqaviləsi bağlaması və kirayə pulu ödəməsi ilə bağlı). Həmçinin də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32.750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul tutulmasının qət edilməsi ilə faktiki olaraq iddiaçının müqaviləyə görə əlavə olaraq ödənilmiş 6.821 manat xidmət haqqını da əhatə etdiyindən (baxmayaraq ki cavabdeh məbləğin ödənilməsini etiraf edir) bu məbləğin cavabdehdən əlavə olaraq tutulması ağlabatan deyildir. Lakin bununla yanaşı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşır və hesab edir ki, şikayət qismən əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın mebellərə görə ödənilmiş hissəsi üzrə ətraflı araşdırma aparmayaraq mebellərin qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunmasını aydınlaşdırmamış, İddiaçı gətirilmiş mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməməsini göstrməklə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının nəticələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş mebellərin qüsurların aradan qaldırılması üçün orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12.100,0 manat müəyyən olunur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair cavabdehin dəlilləri ehtimal xarakterli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və qeyri-müəyyən xarakter daşımır. Həmçinin mebellərin qüsurlu olması xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyinin əsaslandırıcı hissəsində də öz əksini tapmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi - İddiaçı gətirilmiş mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməməsi əsası ilə iddia tələbini həmin hissədə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə ekspert rəyinə uyğun təmin edilməklə, "xxxx" MMC-dən mebellərin hazırlanmasına görə 12.100 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin mənəvi ziyana görə 13.000 manat vəsaitin “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İşin materiallarından görünür ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 13.000 manat tələb etmiş, məhkəmə isə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı mötəbər subütlar təqdim edilməməsi əsası iddianı bu hissədə rədd etmişdir. İddiaçı iddiasının bu hissəsinin rədd edilməsini mübahisələndirir və bunu, cavabdeh tərəfindən qüsurlu işlərin görülməsi, müəyyən müddət ərzində qüsurlu işin nəticəsi olaraq mülkiyyətində olan mənzildə yaşaya bilməməsi və bunun təsiri ilə əzab və sarsıntı keçirməyi ilə əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən qüsurlu işlərin aparılması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Belə olan halda kollegiya cavabdehdən iddiaçının xeyrinə 2.000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilməyən – mebellərə görə ödənilmiş 13.000 manat vəsaitin və mənəvi ziyana görə 13.000 manat vəsaitin “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iddia tələbləri qismən təmin edilməklə, mebellərə görə ödənilmiş 12.100 manat vəsait və mənəvi ziyana görə 2.000 manat vəsait “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qəlan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməlidir. Həmçinin, iş üzrə keçirilmiş apellyasiya baxışı zamanı əlavə məhkəməəmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaların dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə “Garant İnşaat N" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2022 saylı, 24 iyun 2022-ci il tarixli qətnaməsi – ilkin iddia tələbinin təmin edilməyən mebellərə görə ödənilmiş 13.000 manat vəsaitin və mənəvi ziyana görə 13.000 manat vəsaitin “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilində mebellərə görə ödənilmiş 12.100 (on iki min yüz) manat və mənəvi ziyana görə 2.000 (iki min) manat “Garant İnşaat N" MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “Garant İnşaat N" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. İş üzrə keçirilmiş apellyasiya baxışı zamanı əlavə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaların dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pulnu 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Garant İnşaat N" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabir Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar