Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3640/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və xəstəliyin bərpası xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(009)-291/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və xəstəliyin bərpası xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş xəsarətə görə cavabdehdən maddi ziyana görə 10.000 manat və mənəvi ziyana görə 20.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.01.2018-ci il tarixdə təxminən saat 07.30 radələrində işə gedərkən Q.Qarayev prospekti, 65 saylı ünvanın qarşısından yolu sağdan sola keçən zaman yolun ortasında olan ayrıc zolağa 2-3 məsafə qalmış, 8-ci km Bazarı istiqamətindən "Neftçilər” metrostansiyası istifadəsində hərəkətdə olan "Mersedes” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşın yüksək sürətlə gələrək qabaq hissəsi ilə onu vurmuşdur. Həmin vaxtı avtomaşının zərbəsinin təsirindən onu bir neçə metr qabağa ataraq yerə yıxılmışdır və sürücü avtomaşını saxlamış, ətrafdakı insanların köməyi ilə onu avtomaşınına mindirərək "X7”nə aparmışdır. Həmin klinikada həkimlər onu ilkin müayinə etmiş və onun sol tərəfdən oturaq (çanaq) sümüyünün qapalı sınıq və diz qapağının sınığı xəsarəti aldığını bildirmişlər. O, uzun müddət köməksiz vəziyyətdə müalicə alsa da, nəticəsi tam müsbət olmamışdır. O, xəstəliyinin müalicəsi ilə əlaqədar müxtəlif səhiyyə müəssisələrində həm diaqnostik baxış, həm də müalicə keçirilmiş və ona bildirilmişdir ki, onun xəstəliyi ömürlükdür. Xəstəliyinin müalicəsi və müayinəsi ilə əlaqədar o, dəfələrlə təkrar-təkrar bir neçə dəfə müayinədən keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Travmotologiya və Ortopediya İnstitutunda a/k 1017 saylı, 08.02.2018-ci il tarixli arayışında "Sol oturaq sümüyünün, sol encik sümüyünün başının köhnəlmiş (1 ay müddətində) bitişməkdə olan qəlpəli sınıqları, sol diz oynağının iç yan bağın zədələnməsi, diz oynağının postranatik artrozu, ayrı sindromu, MRT müayinəsi, yataq valdus defomiyası” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutunun a/k 1017 saylı,14.03.2018-ci il tarixli arayışında, Sol oturaq sümüyünün, sol envik sümüyünün başının köhnəlmiş (64 gün müddətində) bitişməkdə olan qəlpəli sınıqları, hər iki asitabulun oynaq kənarlarının itiləşməsi, sol diz oynağının sinoviti, nudial nuniskin və ya nudial kollateral bağın zədələnməsi, diz oynağının postranatik artrozu, diz oynağının konstruksiyası, qeyri-stabilliyi, valqus deformasiyası, dounu ağrı sindromu” diaqnozu qoyulmuşdur. Ona qoyulmuş diaqnoz olaraq "Ancaq incik sümüyünün sınığı, sol oturaq sümüyünün (çanaq sümüyünün), sol incik sümüyünün başının bitişmiş sınığı, hərəkətin və yerişin pozulmaları, aşağı ətraf funksiyasının pozulması, diz kaseti, diz oynağının xroniki qeyri-sabitliyi,...sol diz atofiyası və üzülməsi,...sol aşağı ətraf əzələlərinin atrofiyası, ağrı sindromu, yerişin pozulması. Diz oynağının oynaq qığırdağının zədələnməsi, sol diz oynağının medial meniskin arxa buynuzunun qismi meniskektomiyası, qalan meniskin degerasiyası. Ön çarpaz bağın qismən qopması. Osteofit, sol diz oynağında ağrı, potoloji hərəkətlər, osteofitlər, hərəkət məhdudluğu”. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Xidməti tərəfindən təqdim edilmiş **********31 nömrəli, 04.09.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2786003AADJD saylı göndərişi əsasında 21.01.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aldığı xəsarət nəticəsində sağlamlığın məhdudlaşmış və hazırda onun sağlamlığının bərpası üçün böyük məbləğdə vəsait lazımdır. Eyni zamanda cavabdehin cinayət əməli nəticəsində o, bir neçə ildir ki, nəyin ki, maddi, eyni zamanda ona mənəvi zərər ödəməlidir. Ona vurulmuş mənəvi zərəri o, 20.000 manat qiymətləndirir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(009)-291/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Göstərilən qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh həm istintaq müddətində, həm məhkəmə araşdırmaları zamanı onu aldadaraq guya ona vurulmuş ziyanı tam ödəmə barəsində ondan notariat qaydada ərizə almışdır. Lakin hadisə nəticəsində aldığı xəsarətlə bağlı təkrar cərrahiyə əməliyyatı olunmalıdır ki, sağlamlığı tam bərpa olunsun. Kifayət qədər çox sayda tibbi sənədlər mövcuddur ki, onun iddiasının əsaslığını təsdiq edir. Lakin bunlara baxmayaraq birinci instanisya məhkəməsində keçən məhkəmə iclasında bu hallar nəzərə alınmamış, formal mülahizələrə əsasən əsaslı iddiası təmin edilməmişdir. Həmin tibbi sənədləri və bununla əlaqədar zəruri xərcin tələb olunmasını təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə edir. Yol-nəqliyyat hadisəsi nəticəsində o, nəinki maddi ziyan çəkmiş, həm də bu hadisə ona mənəvi ziyan da vurub. Lakin hakim mənəvi ziyanla bağlı da ədalətsiz mövqe tutaraq iddianı təmin etməmişdir. Ümumiyyətlə o hesab edir ki, cavabdeh ömrünün axırına qədər ona maddi təzminat ödəməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 12.02.2018-ci il tarixli, 047524 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh məxsus «Mercedes Benz C200» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil 18.09.2017-ci il tarixdən 18.09.2018-ci il tarixədək - 1 il müddətinə sığorta olunmuş, 10.01.2018-ci il tarixdə sığortalanmış avtomobil törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı az ağır dərəcəli xəsarətlər almış, İddiaçı sağlamlığına 1500 manat zərər dəymiş və bununla bağlı 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılmış və Bakı şəhəri 30 saylı notarial kontorunda təsdiq edilmiş ərizəsinin kserosurətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən ona dəyən maddi ziyan tamamilə ödənilmişdir. Ona görə də onun Cavabdeh qarşı heç bir şikayətin və maddi tələbinin olmadığını və gələcəkdə də olmayacağını göstərilmişdir. Nizami rayon Məhkəməsinin 1(007)-144/2018 saylı, 28.02.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materiallarına Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ilə barışdığına və ona vurulmuş maddi zərəri tam ödədiyinə görə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-586/2018 saylı, 26.04.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə dair 28.02.018-ci il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayətindən imtina etdiyinə görə onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. İddiaçı aldığı avtoqəza nəticəsində 10.01.2018-ci il tarixdən 12.01.2018-ci il tarixədək "Sol oturaq sümüyünün yerdəyişməyən sınığı” diaqnozu ilə "Diaqnoz” tibb mərkəzində müalicədə olmuşdur. 08.02.2018-ci il tarixdə İddiaçı FTTOİ-də müayinə olunmuş, "Sol oturaq və sol incik sümüyünün qəlpəli sınığı” diaqnozu ilə müalicə almışdır. 29.03.2018-ci il tarixdən 30.03.2018-c il tarixədək "Sol diz oynağının medial yan bağının qopması, medial meniskin yırtığı, ön çarpaz bağın hissəvi zədələnməsi. Xroniki sinovit. Qonartroz İİ dərəcə, sol incik sümüyünün başının yerdəyişmiş sınığı” diaqnozu ilə yenidən stasionar müalicə olmuş. 29.03.2018-ci il tarixə "Atroskopiya, medial meniskin rezeksiyası. Medial yan bağın bərpası əməliyyatına məruz qalmışdır. İddiaçı 05.02.2019-cu il tarixdən 20.02.2019- cu il tarixədək növbəti dəfə qeyd olunan diaqnozla 3 nömrəli ŞKX-da stasionar müalicədə olmuş, lakin aparılan müalicələr az effektli olmuşdur. İddiaçı 06.05.2020-ci il tarixdə Mərkəzi Klinikada MRT müayinəsindən keçirilmiş və ona diz oynağının protezləşməsi əməliyyatı təklif olunmuşdur. İddiaçı sonuncu dəfə 24.08.2020-ci il tarixdə FTTOİ-də müayinə olunmuş və "Sol diz iç menisk yırtığına görə meniskektomiya. Ön çarpaz bağın tam qopması. İç yan bağın hissəvi yırtığı” diaqnozu ilə müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21.10.2020-ci il tarixli müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlililk təyin edilmişdir. Mərkəzi Klinika tərəfindən İddiaçı təqdim edilmiş 06.05.2020-ci il tarixli əməliyyat xəstələri üçün göndəriş formasından və 07.05.2020-ci il tarixli hesab xərclərindən görünür ki, İddiaçı artroskopik AEL rekons” (əməliyyat kodu: ORT-P-03- 009), “iç yan bağ rekons.” (əməliyyat kodu: ORT-P-02-050 və “bayır gevşətmə-diz” (əməliyyat kodu: ORT-P-03-022) tibbi əməliyyatların aparılması üçün 7070 manat, həmçinin 3000 manat tibbi sərf xərcləri da daxil olmaqla, cəmi 10070 manat pul vəsaiti tələb olunur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1123.1-ci maddəsinə əsasən əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. İş materiallarından göründüyü kimi, 29.01.2018-ci il tarixli Nizami rayon prokurorluğunun yekun protokolundan görünür ki, material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 15.01.2018-ci il tarixli 52 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X1 oturaq sümüyünün qapalı yerdəyişməyən sınığı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 10.01.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər virmaya aiddir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T120/2021 saylı 01 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, vətəndaş İ. G. Həsənovanın 06:05.2020-ci il tarixdə "xxxx"da sol diz oynağında icra ediləcək “artroskopik ACL rekonstruksiyası, iç yan bağ rekonstruksiyası və boyun gevşətmə əməliyyatları” onun şikayətləri və həmin Klinikada aparılmış MRT müayinəsinə əsasən təyin edilmişdir. İddiaçı 10.01.2018-ci il tarixdə “sol oturaq sümüyünün yerdəyişməyən sınığı” diaqnozu ilə “Diaqnoz” Tibb Mərkəzinə sol bud-çanaq oynağında ağrı, hərəkət məhdudluğu şikayətləri ilə daxil olmuş, döş qəfəsinin, çanağın və belin iki proyeksiyada rentgen müayinəsi aparılmış, abdominal ultrasəs müayinələrindən keçirilmiş, sol diz oynağı ilə əlaqədar şikayəti olmadığından instrumental müayinə aparılmamış və 12.01.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Sol diz oynağında olan patoloji dəyişikliklərlə əlaqədar “Diaqnoz” Tibb Mərkəzində olan tibbi sənəddə istər şikayətlərində, istərsə də onyektiv müayinəsində xəsarət aşkar edilmədiyindən bunun 10.01.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqələndirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən təkrarən təyin edilmiş məhkəmə tibbi ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T276/2021 saylı 04 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı 10.01.2018-ci il və 08.02.2018-ci ildə çəkilmiş rentgen şəkillərdə sol oturaq sümüyündə xətti sınıq, sol diz oynağında incik sümüyü başının sınığı, 02.07.2018-ci ildə aparılmış sol diz oynağının təkrar rentgen müayinəsində incik sümüyü başının bitişmiş sınığı aşkar edilmişdir. Dəfələrlə aparılmış maqnit rezonans tomoqrafik müayinədə ön çarpaz bağın proksimal qopması, medial kollateral bağın hissəvi qopması, osteoartroz, diz qapağının xondromalyasiyası müəyyən edilmişdir. Zərərçəkmişin sol diz oynağında "xxxx" MMC-də aparılması nəzərdə tutulan “atroskopik AEL rekons”, “iç yan bağ rekons” və “bayır gevşətmə diz” rekonstruktiv cərrahi əməliyyatın aparılması labüddür və yaranmış postravmatik dəyişiklikləri təqdim edilən MRT müayinələrinin görüntülərinə əsasən onun 10.01.2018-ci ildə avtomobil qəzası zamanı aldığı xəsarətlərlə bağlı olmasını inkar etmək olmaz. Kollegiya yuxarıda qeyd edilən 04 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən hesab edir ki, iddiaçının hazırda tibbi xərclər əsasında irəli sürdüyü tələbləri 10.01.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun aldığı xəsarətlərlə səbəbli əlaqədədir. İddia tələbi üzrə isə yenidən tibbi xərclərin yaranması iş materialları ilə müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinə iddia tələbi həddində baxılmalı olduğundan Cavabdeh maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya hesab edir ki, yol-nəqliyyat hadisəsi 10.01.2018-ci il tarixdə baş vermiş, iddiaçı baş vermiş hadisə ilə bağlı cinayət işi üzrə apellyasiya şikayətindən imtina etmiş və notarial qaydada ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Bu hal da iddiaçının gələcəkdə cavabdehə qarşı mənəvi ziyanla bağlı tələb irəli sürməsini istisna edir. Çünki, cavabdeh yol-nəqliyyat hadisə nəticəsində iddiaçıya ödədiyi məbləği ona dəymiş ziyanın əvəzi olaraq ödəmiş, iddiaçı da öz növbəsində notarial qaydada ona vurulmuş ziyanın ödənildiyini iradə ifadəsi olaraq bildirmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddiası təmin edildiyi təqdirdə qanunun ədalət prinsipi pozulmuş olar. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(009)-291/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən salxanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3640/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3640/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver