Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3646/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbi barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2584/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Abşeron rayonu, X11 üzrə 09 dekabr 2000-ci il tarixli 16№ li əmrin çıxarışından görünür ki, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0,08 hektar fərdi ev tikmək üçün topaq sahəsi ayrılsın.
2. Cavabdeh İB-nin xx.xx.2024-ci il tarixli, 14-2-2/2-S-4760- 5/2024 saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə iddiaçının ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı X4 Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırlıması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 0,08 ha torpaq sahəsində ev inşa etmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir və xx.xx.2000-ci ildə çıxarış verilmişdir. 2021-ci ilin may ayında köçərək ailəsi ilə birlikdə həmin yaşayış evində yaşayırlar. İddiaçı bildirir ki, X15 Səhmdar birliyi tərəfindən yaşadığı mənzilə işıq və su xətti çəkilərək sayğac qoyulmuşdur. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə müraviət etmişdir.Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-2/2-S-4760- 5/2024 nömrəli məktubla iddiaçıya imtina verilmişdir. İmtinasını “X3 haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə
13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Bakı şəhəri, Xəzər rayonu ,Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçının inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınmış, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalmz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də “X3” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023cü il tarifdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən onun evinə çəkilmiş su xəttidir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarımı kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2584/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X6)
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qeyd edilən ünvana dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Həmin torpaq sahəsinə dair “sənəd” olaraq yalnız Abşeron rayon X11 üzrə 09 dekabr 2000-ci il tarixli 16№-li əmri iş materiallarına əlavə edilmişdir. 09 dekabr 2000-ci il tarixli əmrdən görünür ki, Abşeron rayonu, X11 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Hazırda iddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həavlə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilk olaraq onu bildirir ki, iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də cavabdeh təşkilat tərəfindən qaz xətlərinin çəkilməsi və sayğacın quraşdırılmasında imtina etməsi əsaslı olmuşdur. İddiaçının qazla təchiz edilməsini tələb etdiyi obyektin qazlaşdırılması bununla bağlı cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Yəni ki, ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 98-ci, 149-cu maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2ci, 10-1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1ci, 80-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində həmin evin yeni tikili olmamasını, həmin torpağın çıxarışının olmasını, həmin evdə uzun müddətli yaşayışın olmasını, həmin evdə işıq və su xəttlərinin olmasını göstərsə də yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmə qeyd edilən qətnaməsi onun vəziyyətini ağırlaşdırır. Qeyd etdiyi kimi o, yaşadığı fərdi yaşayış evini məhkəmənin əsaslandırdığı qanuni qüvvəyə minməmişdən çox əvvəl inşa edərək burada yaşamışdır. Bundan başqa ev özbaşına tikili deyil. Həmin fərdi yaşayış evini Abşeron rayonu X11nun 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrinə əsasən Abşeron Rayon İcra hakimiyyətinin sərəncamı əsasında inşa etdirmişdir. Həmin evə səlahiyyətli orqanların icazələri ilə işıq və su xəttləri çəkdirərək ondan istifadə edir. Bütün bunlardan da belə qənaətə gəlmək olur ki, dövlət özü onu mülkiyyətçi kimi tanıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh İB tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək göstərilmişdir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Qeyd olunan iş üzrə Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10- 1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 2(103)-3646/2025 saylı iş üzrə apellyasiya şikayətinin rədd olunması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair (1 saylı) Protokol (Paris, 20 mart 1952-ci il):
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-civə 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir.
4. 2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
17. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297Ns li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası”: 1.2.2. sifarişçi - qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs;
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
24. Hazırkı işin faktiki hallarına əsasən X1 rayonu, X14 ünvanında yaşamaq məqsədi ilə fərdi yaşayış evini inşa etmiş və hazırda orada yaşayır. Qeyd edilən ünvanda 2021-ci ildən yaşamaqla su və elektrik xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yaşayış evinin qazlaşdırılması ilə bağlı Azəriqaz İB-yə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-2/2-S-4760- 5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə iddiaçının ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir. 25 İş materiallarına əsasən iddiaçı sözügedən fərdi yaşayış evinin tikintisi üçün 2000ci ildən torpaq sahəsinə faktiki sahiblik etmiş, həmin torpaqda fərdi yaşayış evi tikmiş və 2021-ci ildən fasiləsiz və mübahisəsiz olaraq orada yaşamaqdadır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin iddiaçının qazlaşdırma ilə bağlı ərizəsi təmin edilməmişdir.
26. Göründüyü kimi cavabehin imtinasının əsasını iddiaçının həmin torpağa, fərdi yaşayış evinə mülkiyyət və ya digər əşya hüququnun rəsmi qaydada təsdiq edilməməsi, tanınmaması ilə əlaqədardır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il oktyabr ayının 1-dən qüvvəyə minən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsidə əlavə edilmiş, həmin maddədə də qazpaylayıcı şəbəkəyə qoşulması torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququları ilə əlaqələndirmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, eyni torpaqda iki tikilinin tikilməsi iddiaçının onları uzun müddət işıq, su ilə təchiz edərək, orada mübahisəsiz şəkildə yaşaması müraciət zamanı imtina üçün əsasın qanuni və əsaslı olmasını şübhə altına alır.
29. Belə ki, NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinə hazırki mübahisəyə hüquqi qiymət verərkən iki mərhələli yoxlama tətbiq edilməli, ilkin olaraq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məzmunundan görünür ki, 2023-cü il oktyabrın 1-dən özbaşına tikililərdə əhalinin qazlaşdırılması qadağan edən normanın publik hüquq münasibətləri kontekstində təhlili aparılmalı, daha sonra isə məsələyə mülki hüquqi konteksdə qiymət verilməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflərdən biri istehlakçı (qaz istehlakçısı), digər tərəf isə alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qaz paylayıcısıdır. Qaz paylayıcısının ikinci imtinasının əsası isə publik norma ilə qaz paylayıcısına mülki müqavilənin bağlanmasına qoyulmuş qadağa dayanır.
30. Məhkəmə araşdırması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu maddə 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində qeyd edilir ki, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mütənasiblik prinsipi publik hüquq normasında fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
33. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinin və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzuznmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırım; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektik həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir.
34. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1 -ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı işi üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1 -ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Bununla belə, AİHM bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
35. AİHM presendentlərində formalaşmış hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 21 may tarixli Qərar, §103)
36. Məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnu məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrı- seçkiliyə, hüquqdan sui-istifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsiplərini, o cümlədən AİHM məhəkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əlavə edilmiş 10-1-ci hissənin 2023-cü il oktyabrın 1-ə qədər tikintisi başa çatmış, uzunmüddətli yaşayış halları sübuta yetirilmiş fərdi yaşayış evləri ilə bağlı tətbiqində məhkəmələr daha ətraflı ararşdırma aparmalı, işin hallarına uyğun olaraq qərar qəbul etməlidir. Hazırki haldada iddiaçının kommunal xidmətlərin digər novlərindən yaralandığı, o cümlədən hazırki fərdi yaşayış evinində qanunun qəbulun daha öncədədən tikib orda yaşadığı halda, müraciətin qanunun qəbulundan sonra olmasına baxmayaraq cavabdeh tərəfindən kommunal xidmətdən istifadəsi məhdudlaşdırılmamalıdır.
38. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2584/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2584/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.