Məhkəmə qərarları › İş №2(103)-3655/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3655/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3655/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X3, Cavabdehlərin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ələmşad oğluna və Cavabdeh4 Həsən oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” 2(005)-307/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ələmşad oğluna və Cavabdeh4 Həsən oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ələmşad oğlundan və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, 32400 manat ona hesablanmış faizin, 30 852 manat ziyanın, 24458 manat az verilmiş sahəyə görə ziyanın, 100000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 307740 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ələmşad oğlundan və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, 36641,5 manat məbləğində sahə fərqinə görə vurulmuş maddi zərərin, həmçinin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 354755,5 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təhlükəsizlik baxımından 8 mərtəbədən artıq olmayan binada mənzil almaq istəyi ilə şəhərin müxtəlif yerlərində aparılan tikintilərə baş vurmuş və Nərimanov rayonu, S.Rəhman küçəsi 41 ünvanda tikilməkdə olan binada mənzil almaq qərarına gəlmişdir. Ona görə ki, binanı tikən Cavabdeh2 ilə söhbət zamanı o, binanın 8 mərtəbəli olacağını bildirmişdir. Bu söhbət 2013-cü ilin noyabr ayında olmuş və həmin zaman binanın 5-ci mərtəbəsi tikilirmiş. Ertəsi gün tikintiyə rəhbərlik edən Şakir ona zəng edərək ofisinə dəvət etmişdir. O da atası Yaqub Məmmədov və ailəvi dostları olan Mirməmmədlə onların ofisinə getmişdir. Burada Şakir onları şirkətin rəhbərləri kimi təqdim etdiyi Cavabdeh3 və Cavabdeh4la tanış etmişdir. Onlara çox hündür binada mənzil almaq istəmədiyini bildirdikdə hər üçü binanın 8 mərtəbəli olacağını deyib binanın eskiz layihəsini və proyektini göstərmişlər. Bu da onlarda binanın 8 mərtəbəli olacağına əminlik yaratmışdır. Həmçinin, eskiz layihədə binanın geniş həyətyanı sahəsinin və 30 maşınlıq dayanacağının olacağı göstərilirdi. Bu kriteriyalarına görə mənzilin bir kvadratmetrini 1330 manat dəyərində almağa razılaşmışdır. Bu qiymət məhz binanın cəmi 8 mərtəbə olacağından irəli gəlirdi. Çünki həmin müddətdə eyni ərazidə tikilən 16-18 mərtəbəli binalarda mənzil sahəsinin 1 kvadratmetrinin qiyməti 700-800 manat idi. Həmin gün – xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh2 ilə müqavilə bağlamış və onlara 299 999 manat (həmin dövr üçün 383 333 ABŞ dolları) nəğd pul vermişdir. Lakin, cavabdehlər razılaşmanı pozub binanı 16 mərtəbə tikmişlər. Buna etirazını qəbul edən Cavabdeh4 8 mərtəbəli binada olacaq mənzil sahəsinə görə ondan artıq aldıqları 120 000 manatı geri qaytaracaqlarını bildirmişlər. Həmin vaxt digər şərik olan Əmiraslan xaricdə imiş. O, xaricdən qayıtdıqdan sonra görüşdükdə Əmiraslan müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını ləngitmiş, binanın tikintisi tamamlandıqdan sonra bu məbləği ona ödəyəcəklərinə söz vermişlər. Mənzillə bağlı razılaşma zamanı binanı “xxxx” MMC tərəfindən inşa edildiyinə dair sənədlər təqdim edilmişdir. Müqaviləni isə özünü həmin vaxt Cəmiyyətin rəhbəri kimi təqdim edən Cavabdeh2 özü bağlamış və özünə məxsus möhürlə təsdiqləmişdir. Lakin, mənzilin reyestrdə qeydiyyatı zamanı məlum olmuşdur ki, Cavabdeh2 tikilən binada heç bir səlahiyyətə malik olmamışdır. Bu da mənzilin qeydiyyata alınmasında problem yaratmışdır. Ona görə də cavabdehlər onda olan müqaviləni 2019-cu ilin avqust ayında eyni şərtlərlə və köhnə tarixlə binanın aid olduğu Cavabdeh5 və X4 adından tərtib etmişlər, müqavilə onlar tərəfindən imzalanmış və onlara məxsus möhürlə təsdiqlənmişdir. Yalnız ondan sonra həmin müqaviləni təqdim edib reyestrdən çıxarış ala bilmişdir. Tikili ilə bağlı Fövqəladə Hallar Nazirliyinə etdiyi müraciətə cavabdan aydın olmuşdur ki, ilkindən Cavabdeh5 və X4 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2012-ci il tarixli 415 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, S.Rəhman küçəsi 41 ünvanında onlara məxsus evin sökülüb yerində 4 mərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün layihə sənədləri təqdim edilmişdir. xx xxxx 2013-cü il tarixdə həmin layihə dəyişdirilərək 6 mərtəbə + mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx xxxxx 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin 124 nömrəli sərəncamı ilə həmin ünvanda çoxmərtəbəli qeyriyaşayış binasının tikilməsi üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır. Tarixlərə nəzər saldıqda görünür ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh2 heç bir səlahiyyəti olmadan onunla saxta müqavilə bağlayaraq digər cavabdehlərin əlbirliyi ilə onu aldatmış və 299000 manat nəğd pulun Cavabdeh3 və Cavabdeh4 “xxxx” QSC-də olan hesablarına köçürülməsinə nail olmuşlar. Razılaşdıqları müddət başa çatdıqdan sonra cavabdehlər hər dəfə bir bəhanə ilə ondan artıq aldıqları 120000 manat məbləğində pulun qaytarılmasını gecikdirmiş, ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlərin ona qarşı qəsdli hərəkətlərinin nəticəsində ona məxsus olan 120000 manat pul vəsaitinin istifadəsindən məhrum olduğundan həm faydalana biləcəyi gəlir əlindən çıxmış, həm də bazar alıcılıq nisbətində manatın devalivasiyası nəticəsində ona ziyan dəymişdir. Manatın son illərdə bazarda ABŞ dollarına nisbətdə 25,71% aşağı düşməsi səbəbindən cavabdehin razılaşmanı pozmaqla törətdiyi delikt nəticəsində ona 30852 manat ziyan dəymişdir. Bundan başqa cavabdehlərlə aralarında bağlanmış müqavilədə ona 224,89 m² sahəsi olan mənzil veriləcəyi qeyd edilmiş, lakin mənzilə dair çıxarış alanda görmüşdür ki, çıxarışda mənzilin sahəsinin 206,5 m², yəni 18,39 m² az olduğu qeyd edilmişdir. Göründüyü kimi cavabdehlər mənzilin sahəsində də onu aldatmaqla ondan 24458 manat artıq pul almış və ona həmin məbləğdə ziyan vurmuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24449,50 (iyirmi dörd min dörd yüz qırx doqquz manat 50 qəpik) məbləğində pul vəsaitinin və 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, qeyd olunan qətnamə qismən qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2019cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixli, 32286 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahəsinin 197,7 m2 olduğu müəyyən edilmişdir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzildə təmirdən əvvəl 206,5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş hər hansı zərəri müəyyən edərək təmin edirsə bu real zərərdən əlavə olaraq əldə çıxmış faydanı da müəyyən etməli idi. Bu halda isə işə baxan hakim bir abzasla əsaslandırılmamış nəticəyə varmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçı tərəfindən ona cavabdehlər tərəfindən vurulmuş zərərin sübutu olaraq iki nəfər şahidin dindirilməsini tələb edilsə də, işə baxan hakim tərəfindən bu şahidlər dindirilməmişdir və məhkəmə iclas protokolunda bu barədə qeydlər aparılmamışdır. Bütün bu prosessual pozuntular nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı hesab edir ki, cavabdehlər mənzil sahələrini bilərəkdən artıq göstərərək külli miqdarda vəsaiti mənimsəmişlər. İş üzrə qətnamə çıxarmış hakim prosessual pozuntuya yol verərək xüsusi qərardad çıxarılması ilə bağlı verilmiş vəsatətə münasibət bildirməmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili F.Həsənov apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edərək, həmin hissədə iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili F.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsinin müəyyən edilməsi zamanı həmin mənzilə dair çıxarışda göstərilən sahəni əsas götürmüşdür. Çıxarışda mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd olunur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 32286 saylı ekspert rəyində qeyd olunur ki, mənzilin faktiki sahəsi 197,7 kv.m-dir. Məhkəmə iclasında ekspert təmir zamanı mənzilin sahəsinin 10 kv.m-ə qədər azala biləcəyini özü etiraf etmişdir. Mənzilin texniki pasportundan da görünür ki, mənzilin lociya və balkon hissələrinin faktiki sahələri mənzilin ümumi sahəsinə tam şəkildə əlavə olunmamışdır. Yəni müəyyən əmsallar tətbiq edilməklə bu hissələrin (balkon və lociya) sahələri mənzilin ümumi sahəsinə daxil edilir. Belə ki, texniki pasportdan lociyanın faktiki sahəsinin 5,3 kv.m olmasını, lakin mənzilin sahəsinə sadəcə 2,7 kv.m hissəsinin daxil edildiyi, eyni şəkildə balkonun 6,8 kv.m olmasına baxmayaraq, mənzilin ümumi sahəsinə 2,0 kv.m hissəsinin əlavə edildiyi görünür. Lakin iddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi sahəsinə balkon və lociya digər hissələr kimi tam şəkildə (faktiki ölçüdə) daxil edilir və müqavilədə mənzilin sahəsi buna uyğun qeyd olunur. Yəni çıxarışı və texniki pasportu verən orqan tərəfindən mənzilin balkonu və lociyası müəyyən olunmuş əmsallar əsasında mənzilin sahəsinə qismən daxil edilə bilər, bu isə cavabdehlərin iddiaçıya müqavilədə göstərilən sahəyə uyğun mənzil verməməsi mənasına gəlmir. Çünki mənzillərin sahəsi müqavilələr bağlanan zaman faktiki ölçüyə uyğun qeyd olunur, texniki pasportdakı kimi əmsallar tətbiq olunmur. Müqavilədə də tərəflər balkon və lociya ilə bağlı sahənin hesablanmasında qeyd-şərt müəyyən etməmişdir. Bu da o nəticəyə gəlir ki, hazırki halda balkon və lociya da müqavilədə göstərilən sahənin içərisinə tam şəkildə əlavə edilməlidir. Belə olan halda iddiaçıya verilən sahə 214 kv.m (balkon və lociyadan nəzərə alnmayan 7,4 kv.m əlavə edilməklə) alınır. Qalan 10,89 kv.m sahə isə mənzilin təmiri, arakəsmələr zamanı itir. Arakəsmələrin sahəyə təsirini məhkəmə də qeyd etmiş, təmir zamanı 10 kv.m-ə qədər sahənin azala biləcəyini ekspert də məhkəmə iclasında bildirmişdir. Həqiqətən də, mənzilin təmiri zamanı divarların üzlənməsi və digər hallar sahənin azalmasına gəlirib çıxarır ki, bu mübahisəsiz faktdır. Bundan əlavə cavabdehlə aralarında olan olan razılığa əsasən ünvan 3 ünvanında iddiaçıya 224,89 kv.m sahəsi olan mənzilin 299000 manata satılmasına dair razılıq əldə edilmiş, iddiaçı pulu tam ödəmiş və mənzili əldə etmişdir. İddiaçı ilə 4 otaqlı mənzilin qiyməti həmin məbləğə razılaşdırılmışdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışı və məhkəmə tikinti ekspertizasını bəhanə edərək əlavə pul tələbini irəli sürməsi qəbul edilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili C.Cəfərov iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili F.Həsənov cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya verilən mənzilin sahəsi müqavilədə göstərilən sahəyə tam uyğundur. Mənzilə dair texniki pasportda göstərilən əmsallar tətbiq edilmədən, lociya və balkonun faktiki sahəsi nəzərə alındıqda mənzilin ümumi sahəsinin 214 kv.m olması açıq şəkildə müəyyən olunur. Qalan 10,89 kv.m sahə də mənzlin təmiri, arakəsmələr və digər işlər görülərkən azalmışdır. İddiaçının ona satılmış mənzil üçün 299000 manat ödəməyə razılığı olmuşdur. Cavabdehlərin nümayəndəsi və vəkili göstərilənlərin nəzərə alınmaqla, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin nümayəndəsi vəkilinin apellyasiya şikayəti təmin olunmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunan hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü X7 İdarəsi tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh5 və X4 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2012-ci il tarixli, 415 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, S.Rəhman küçəsi 41 ünvanında onlara məxsus evin sökülüb yerində 4 mərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün layihə sənədləri təqdim edilmişdir. xx xxxx 2013-cü il tarixdə həmin layihə dəyişdirilərək 6 mərtəbə + mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx xxxxx 2014-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin 124 nömrəli sərəncamı ilə həmin ünvanda çoxmərtəbəli qeyri-yaşayış binasının tikilməsi üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ünvanlanmış 02-TH/85 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən bina Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli, 124 nömrəli sərəncamında qeyd olunan təyinata əsasən çoxmərtəbəli qeyri-yaşayış binası kimi inşa olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 415 nömrəli Sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh5 və Cavabdeh1 məxsus mülkün sökülüb yenidən tikilməsi haqqında qaldırdıqları məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2012ci il tarixli, 18/03-8/2755 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il tarixli 124 nömrəli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxxxx 2013-cü il tarixli 44/2262 nömrəli razılıq məktubu, vətəndaşlar Cavabdeh5 və X4 müraciətlərini nəzərə alaraq ünvan 6 ünvanda özlərinə məxsus yaşayış evlərinin yerləşdiyi torpaq sahəsində Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli, 415 saylı sərəncamı əsasında tikintisi gedən yaşayış evinin təyinatının dəyişdirilərək çoxmərtəbəli qeyriyaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin vətəndaşlara icazə verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı il tarixli, 234 nömrəli Sərəncamının surətindən görünür ki, 944-cü məhəllə, Sabit Rəhman küçəsi 41 saylı ünvanda yerləşən 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi, 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən 16-cı mərtəbəyə qədər təqdim olunmuş layihədə göstərilən ölçülərdə mövcud vəziyyətdə yaşayış sahəsi kimi sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş 16276 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında 6 mərtəbəli fərdi yaşayış evinin işçi layihəsi rəyin tələblərinin yerinə yetirilməsi və bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 18473 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında 6 mərtəbəli fərdi yaşayış evinin işçi layihəsi rəyin tələblərinin yerinə yetirilməsi və bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında tikilən yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən mənzilin daxili divarları, arakəsmələr mənzilin ümumi sahəsinə daxildir. İş materiallarında olan fiziki şəxs Cavabdeh2 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə borcu yoxdur. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, fiziki şəxslər ünvan 3 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan fiziki şəxslər Cavabdeh5 və X6 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə borcu yoxdur. İş materiallarında olan fiziki şəxs Cavabdeh2 tərəfindən imzalanmış və möhürlənmiş kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanında tikdiyi yaşayış binasında yerləşən 9 saylı mənzil üçün 199 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 41 saylı evin 9 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 206,5 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixli 32286 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahəsinin 197,7 m² olması, mənzilin çıxarışda göstərilən sahəsi ilə texniki pasportda göstərilən sahəsi arasında fərqin olması və həmin mənzilin faktiki ümumi sahəsi (197,7 m²), mənzilin alınmasına dair bağlanmış müqavilədə göstərilən sahə (224,89 m²) və çıxarışda göstərilən sahənin (206,5 m²) uyğun gəlmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə ünvan 3 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə ünvan 3 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verməsilə bağlı tərəflər razılığa gəlmişlər. Borcun olmamasına dair Cavabdeh5 və X6 iddiaçıya maliyyə arayışı vermişlər. İddiaçı xx xxxxxx 2013-cü il tarixdə həmin mənzilə görə digər fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlamış və İddiaçı həmin mənzil üçün 199 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə Cavabdeh2 tərəfindən imzalanmış, möhürlənmiş kassa mədaxil orderinin qəbzi İddiaçı verilmişdir. Bu müqavilənin şərtinə görə isə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılğa gəlmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206,5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahəsinin 197,7 m² olduğu müəyyən edilmişdir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzildə təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən mənzilin 1 m² sahəsinin qiymətini təxminən 1329,50 manat hesablayaraq 18,39 kv.m sahə fərqinə görə 24449,50 manat məbləğində vurulmuş zərərə görə pulun tutulmasını əsaslı saymışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin bu qənaəti mübahisənin faktiki hallarına və iş materiallarına uyğun gəlmədiyi üçün əsassızdır. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 224,89 kv.m.-dir (1.1-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil deyil, daha az (206.5 kv.m) sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıqaşkar zidd qənaətdir. Birinci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.3-cü bəndini nəzərə almamış, bu xüsusata qiymət verməmişdir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 299000 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 224,89 kv.m. olan dörd otaqlı mənzilə görə ödəniləcək məbləğin 299000 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin dəyərini 1 kv.m. sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülkihüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə, həmçinin eyni tarixdə Cavabdeh2 ilə müqavilə bağlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X6, habelə Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər. İddiaçı cavabdehlər Cavabdeh5, X6 və Cavabdeh2 ilə müvafiq öhdəliyə dair razılığa gəlmiş, digər cavabdehlərin öhdəliyi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə 16 mərtəbə tikilməsi ilə iddiaçıya vurduqları ziyana görə 120000 manatın cavabdehlərdən tutulmasına dair hissədə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə ünvan 3 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsi ilə bağlı razılığa gələrək müqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ələmşad oğlundan və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, sahə fərqinə görə vurulmuş maddi zərərə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin tutulması hissəsində iddia tələbini sübut edə bilmədiyindən iddia həmin hissələrdə əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər barədə xüsusi qərar çıxarılması barədə vəsatətinə münasibət bildirilməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21-ci maddəsində əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən, cavabdehlərin təmsilçisinin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2, 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1, 385.1.4-cü maddələrinə görə, maddi hüququ normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlərin nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-307/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar