Məhkəmə qərarları › İş №2(103)-3656/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3656/2022

23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3656/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X12, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “miras əmlakdakı paya mütənasib pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 24.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 4000 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərcin Cavabdeh tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X5 ölümündən əvvəl borclu olduğu 120.038 (bir yüz iyirmi min otuz səkkiz) manat məbləğində pul vəsaitinin 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın cavabdeh İddiaçı1, 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın isə İddiaçı2 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 23.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin 3833 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 3833 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərc iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsi ilkin iddi tələbini qismən təmin etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəməyə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir və həmin müqavilədə avtomobilin 24.000 manata satıdığı göstərilmiş, rayon məhkəmə tərəfindən həmin sübuta düzgün qiymət verilmədən avtomobilin satış qiyməti cavabdehin izahatına əsasən 23.000 manat qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 (iyirmi üç min) manat məbləğə satılmışdır. Həmin avtomobilin satılmasında məqsəd mərhum əri Qulu Qasımovun xəstəliyi ilə əlaqədar onun tərəfindən alınmış borcların qaytarılması olmuşdur. Belə ki, mərhum əri X8 vəfat etməzdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında Medipol xəstəxanasında 2 dəfə ağır əməliyyat keçirdi. Ərinin xəstəliyi ilə əlaqədar çəkdiyi xərclərin böyük bir qismi ayrı-ayrı şəxslərdən mərhum ərinin aldığı (daha doğrusu ərinin xahişi və istəyi əsasında ayrı-ayrı şəxslərdən alınmış) borcların hesabına ödənilmişdir ki, hazırda da hələ həmin borcların bir hissəsi qalmışdır. “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pul bütünlüklə borcların qaytarılmasına sərf edilmişdir. Ərindən təkcə avtomobil, həmçinin onun tərəfindən alınmış borclar da miras qalmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçıların nümayəndəsi və vəkili S.Qasımov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, və qeyd etdi ki, rayon məhkəməsinə təqdim olunmuş xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsində miras kütləsinə daxil olan avtomobilin 24.000 manata satıldığı müəyyən olunur, lakin buna baxmayaraq, məhkəmə cavabdehin izahatını əsas götürməklə həmin məbləğin 23.000 manat olduğu qənaətinə gəlmişdir və bunula da sübutların qiymətləndirilməsində prosessual qanunun tələblərini pozmuşdur, qarşılıqlı iddia tələbi ilə bağlı isə məhkəmə düzgün nəticəyə gəlmişdir, çünki tərəflə arasında mirasın açılmasından sonra bir çox məhkəmə mübahisələri olmuşdur, miras qoyanın borcu ilə bağlı məsələsi yalnız hazırkı mübahisədə ortaya atılmış, buna dair hər hansı şübhədən kənar sübut təqdim olunmamışdır, ifadə vermiş şahidlər isə işin nəticəsində bilavasitə marağı olan şəxslər olmuşlar, bu səbəbdən də cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, avtomobilin satış qiymətinin müqavilədə 24.000 göstərilməsi formal olmuşdur, əslində avtomobil 23.000 manata satılmışdır, həm də həmin vəsait miras qoyanın borclarının qaytarılmasına yönəlmişdir, rayon məhkəməsi ilkin tələbin təmin olunmasında səhv nəticəyə gəlmişdir, qarşılıqlı iddia tələbi ilə bağlı isə onlar miras qoyanın borcları ilə bağlı yetərli sübutlar, o cümlədən də şahid ifadələrin təqdim etsələr də, rayon məhkəməsi həmin sübutları obyektiv qiymətləndirməmişdir, bu səbəbdən də iddiaçıların şikayətinin təmin edilməməsi, özlərinin şikayətinin isə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarındakı ölüm haqqında sənəddən görür ki X8 31 may 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1 13 iyul 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda, İddiaçı2 isə 08 iyul 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mərhum ataları X1 miras qalmış əmlaklardan onlara çatan payları notarial qaydada qəbul etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı ünvan 1 ünvünında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, “Nissan Navara” markalı **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh ilə X2 arasında olan xx.xx.2017-ci il tarixli, X2 ilə X9 arasında olan xx.xx.2017ci il tarixli, X9 ilə X3 arasındakı xx.xx.2018-ci il tarixli, X3 ilə X6 arasında olan xx.xx.2019cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X4 verilən AD414756 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi, “Nissan Navara” markalı **-BA-*** (**- CM-***) dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” markalı **-BG-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı və Cavabdeh (ər-arvadın birgə mülkiyyəti olan) avtomobillərdən məhrum atası X5 ər kimi ½ payına münasibətdə İddiaçı2 çatan 1/6 payın, İddiaçı1 çatan 1/6 payın (miras əmlakın) müəyyən olunması, ünvan 1 ünvünında yerləşən və sağlığında X5 adına olan 97 saylı mənzildən mərhum atası X5 ¾ payına münasibətdə iddiaçıya çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın, İddiaçı2 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsin xx.xx.2019-cu il tarixli, 2(005)-99264 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvünında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı2 ¼ hissədə və İddiaçı1 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 03 fevral 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, “Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququnun tanınması və tanınmış paya mütənasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - yəni, ““Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 20 aprel 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5053/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 24.000 manat olmuşdur (i/v 53). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 (qarşılıqlı iddiaçının kürəkəni) bildirmişdir ki, Afət xanım onun qaynanasıdır. Qulu əmi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Müalicəsi üçün ondan on altı min dollar almışdı. Rövşən adlı başqa tanışından isə beş min dollar almışdı. İstanbulda əməliyyat olundu. Dörd saatlıq əməliyyat on iki saat davam etdi. Çünki Qulu əminin qida borusunda xərçəng var idi və mədəsinə sıçramışdı. Daha sonra müalicə xərcləri üçün əlavə beş min dollar tələb olunurdu. Müalicə üçün tələb olunan qalan məbləği Qulu əminin Türkiyədəki dostu, “Mete” ticarətin sahibi Xəlil İpək verdi. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Qulu əmi xərçəng xəstəsi idi. İcarəyə mağaza götürmüşdü və orada xırdavat və inşaat materiallarının satışı ilə məşğul olurdu. Türkiyədə vəziyyəti ağırlaşdığı üçün Bakıya gətirdilər və “Zəfəran” klinikasında müalicəsi davam etdirildi. “Zəfəran” klinikasında müalicə üçün altı min manat xərc çəkilmişdir. Dəfn mərasimində iştirak edib, bütün xərclər Afət xanım tərəfindən ödənilib. Oğullarını tanımır, indi görsə belə tanımaz. Qulu əmini hamı insan olaraq tanıyırdı, biznesmen olaraq tanınmırdı. Qulu əminin maddi vəziyyəti, imkanı çox yaxşı deyildi. Əgər maddi vəziyyəti yaxşı olsa rəhmətə getməzdi, vaxtında müalicə olunardı. Xırdavat mağazasında satmaq üçün malları “Baha” adlı Türkiyədəki şirkətdən alırdı. O, borcu 2016-cı ilin sonları Qulu əmiyə vermişdi. Qulu əmi ilə birlikdə Türkiyəyə o, qaynanası Afət xanım və qaynı getmişdilər. Gedənə qədər pul Qulu əmidə idi. Xəlil İpək pulu verəndə onlar xəstəxanada idilər. Qəbir daşı üçün beş min altı yüz manat xərc çəkilmişdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 (miras qoyanın dostu) bildirmişdir ki, o Afət xanımın həyat yoldaşı Qulu ilə yaxın dost olub. Qulu 2016-cı ildə onkoloji xəstəlik tutdu. Müalicə üçün Türkiyənin Ərzurum və İstanbul şəhərlərinə müalicə məqsədi ilə gedirdi. Bu müddətdə müalicə üçün pula ehtiyacı var idi. Müalicə üçün ondan və digər ortaq tanışlarından borc almışdı. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Qulu 2017-ci ilin may ayında onkoloji xəstəlik səbəbi ilə rəhmətə getdi. Müalicə üçün pulu çatmırdi, ona görə də borc aldı. İstanbulda müalicə alırdı və həmin şəhərdə əməliyyat olundu. Naxçıvandakı obyektində xırdavat və tikinti materialları satırdı. Satdığı materialları Türkiyədən “Mete” və “Baha” adlı ticarət şirkətlərindən alırdı. Yas mərasimində və dəfn mərasimində iştirak edib. Yas və dəfn mərasimləri üçün çəkilən xərclər Qulu bəyin həyat yoldaşı və qaynı tərəfindən ödənilib. Qəbir üstü abidə üçün təxmini altı min manat xərc çəkildi. Yaxın dost olduqları üçün borcun alınmasını notarial qaydada rəsmiləşdirməmişdilər. Qulunun avtomobili var idi, rəhmətə getdikdən sonra o avtomobil satıldı. Avtomobilin satışından əldə edilən pul ilə onun borcunu və digər borcları ödədilər. Afət xanım mənimi borcunu qaytaranda 2017-ci ilin avqust-sentyabr ayları idi. Mərhum ilə yaxın dostluq münasibətləri olduğu üçün borc alınarkən heç bir sənəd imzalamayıblar. “Mete” şirkətinin rəhbəri Xəlil İpək ona dedi ki, beş min dollar müalicə üçün əlavə pul verib. O, borcu manatla vermişdi, səkkiz min beş yüz manat borc verib. Borcu Naxçıvanda, evdə verib və həmin vaxt qardaşı da evdə idi. Mərhum üçün qoyulan qəbir daşının eynisi onun qəzada rəhmətə gedən dostu üçün qoyulmuşdu, ona görə qəbir üstü abidənin qiymətini bilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların apellyasiya şikayətinə əsasən ilkin iddia tələbinin nəqliyyat vasitəsinin satışından əldə olunan pul məbləğinin təmin olunmayan hissəsində və cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddia tələbinin miras kütləsinə daxil olan nəqliyyat vasitəsinin satışından əldə olunan pul məbləği hissəsində dəyişdirilməli, həmin avtomobilin satışından əldə olunan və vərəsələr arasında paylara müvafiq bölünməli olan məbləğin həcmi 24.000 manat müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Nissan Navara” markalı, **-BA-*** (**-CM- ***) dövlət qeydiyyat nişanlı avtomobil satış qiyməti 24.000 manat olmuşdur (i/v 53). Belə olan halda Kollegiya hesab edir ki, rayon məhkəməsi avtomobilin satış qiymətinin yazılı sübutda göstəriləndən fərqli olması barədə qənaətə gəlməsi və bu vaxt yalnız cavabdehin deməsinə əsasən onu 23.000 müəyyən etməkdə haqlı olmamışdır. Rayon məhkəməsinin bu yanaşması MPM-in 88-ci maddəsinin tələblərinə uyğun deyildir. Bu səbəbdən də, qətnamə avtomobilin satışından əldə olunan vəsait məbləğinə aid hissəsində dəyişdirilməli, həmin məbləğ alqı-satqı müqaviləsindəki satış qiymətinə uyğun olaraq 24.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əsasən isə, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi ilə bağlı təqdim etdiyi sübutlar- şahid ifadələrinə rayon məhkəməsi tənqidi yanaşaraq, onların hazırkı işin cavabdehin xeyrinə həll edilməsində maraqlı olan şəxslər olması (həmin şahidlərin işin nəticəsində bilavasitə maraqlı olması) barədə düzgün qənaətə gələrək, həmin sübutları mötəbər sübut kimi qiymətləndirməməkdə, buna müvafiq olaraq da qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddia tələbinin nəqliyyat vasitəsinin satışından əldə olunan pul məbləği hissəsində dəyişdirilməli, həmin avtomobilin satışından əldə olunan və vərəsələr arasında onların payına müvafiq olaraq bölünməli olan pul məbləği 24.000 manat müəyyən edilməli, 24.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsi 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsi - 4000 manat müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan pul məbləği hissəsində dəyişdirilsin, həmin avtomobilin satışından əldə olunan pul məbləği 24.000 manat müəyyən olunsun, 24.000 manat pul vəsaitinin (vərəsələrin miras payına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsi - 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsi - 4000 manat müəyyən edilməklə cavabdehdən alınaraq onlara verilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə yalnız cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar