Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3663/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 qarşı mənzilin və yardımçı sahələrin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və cavabdehlərin mənzildən çıxarılmaları tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 qarşı mənzilin və yardımçı sahələrin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və cavabdehlərin mənzildən çıxarılmaları tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)-64/2022-ci il nömrəli qərardadından Cavabdeh4, 17 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh1 şikayətlərinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı MTK iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə paylı mülkiyyətlərindəki Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7 ünvanda yerləşən 4, 5 nömrəli söküləcək mənzilin əvəzinə İddiaçı MTK-nın həmin ünvanda inşa etdiyi binadan cavabdehlərə hər birinin sahəsi 74,54 kv.m olan 1 ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 ədəd üçotaqlı təmirsiz mənzil və sahəsi 119,05 kv.m olan 1 ədəd üçotaqlı təmirsiz mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehələrə hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(007)- 64/2022-ci il nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə paylı mülkiyyətlərindəki Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7 ünvanda yerləşən 4, 5 nömrəli 64,2 kv.m yaşayış sahəsi, 320,2 kv.m yardımçı sahəsi olmaqla, ümumilikdə 384,4 kv.m ümumi sahəsi olan üçotaqlı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu B.Çobanzadə M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 nömrəli məhəllədə yeni inşa etdiyi binada cavabdehlərə 74,54 kv.m olan 1 ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 ədəd üçotaqlı təmirsiz sahəsi 119,05 kv.m olan 1 ədəd üçotaqlı təmirsiz mənzilin verilməsi, yeni mənzillərin tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacaqları mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının ödənilməsinin İddiaçı MTK-ya həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği İddiaçı MTK-dan tutularaq "X10 Mərkəzi” MMC-yə ödənilməsi qət edilmişdir.
3. Qətnamə işdə iştirak edən şəxslərə, həmçinin eyni ünvanda – Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 7, mənzil 4,5 ünvanında yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göndərilmiş, 19 sentyabr 2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır.
4. İş materiallarının 198-ci vərəqəsində olan məhkəmə qəbzinin surətindən görünür ki, qətnamə 20 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 təqdim olunmuşdur.
5. 20 oktyabr 2022-ci il tarixdə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.
6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 15 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək elektron sistemə əlavə olunmasını xahiş etmişdir.
7. 15 noyabr 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuş və Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-8322/2022 nömrəli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(103)-8322/2022 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Cavabdeh1 ünvanı üzrə göndərilmiş, xx.xx.2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərpoçt tərəfindən təqdim edilmiş teleqramda göstərilmişdir ki, SS813722485AZ saylı məktub xx.xx.2022-ci il tarixində Şirinov şəxsən almışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə Cavabdeh1 tərəfindən qətnamə qəbul edilmişdir. Cavabdeh1 tərəfindən apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan həmin ünvan üzrə daha əvvəl göndərilmiş məhkəmə sənədləri də “Şirinov” soyadı qeyd edilərək poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş və vizual baxışdan həmin xəbərnamələrdəki imzaların eyni olması müəyyən edilir. Göründüyü kimi qətnamənin surəti cavabdehin ünvanı üzrə göndərilmiş və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada özü və ya ailə üzvü tərəfindən (“Şirinov” soyadı qeyd edilməklə) qəbul edilmişdir. Apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra verilmiş və müddətin bərpasına dair vəsatət verilməmişdir.
10. Cavabdeh1 qərardaddan kassasiya şikayəti vermiş, kassasiya şikayətində imzanın ona məxsus olmadığını bildirmiş və məhkəmə - xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti əlavə etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(102)825/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin edilməmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(102)825/2023 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, “Cavabdeh kassasiya şikayətində qətnamənin ona çatdırılmadığını, xəbərnamədə olan imzanın ona məxsus olmadığını, bu halları araşdırmaq üçün ekspertiza təyin olunmalı olduğunu göstərmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həmin qəbzi nəzərə almadan, cavabdehin qəbzə imza edərək məhkəmə qətnaməsini həmin tarixdə almasını araşdırmadan, prosessual müddətin ötürülməsinə qiymət vermədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd edilməlidir ki, məhkəmə qətnamənin surətini iş materiallarında ona məlum olan ünvan üzrə göndərmiş, həmin ünvandan poçt zərfi ona ünvançının yaşamadığına görə geri qaytarılmamış, əksinə imza edilməklə qəbul edilmişdir. Xəbərnamədə olan imzanın ona məxsus olmaması və ona qətnamənin surətinin çatdırılmamasına dair dəlilləri əsassız olmaqla heç bir sübutla dəstəklənmir, eyni zamanda xəbərnamədə olan imzanın ekspertiza vasitəsi yoxlanmasını zəruri edən hər hansı bir əsas da mövcud deyil. Bu baxımdan cavabdehin prosessual pozuntularla verilmiş şikayətinin geri qaytarılması məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.”
13. Cavabdeh1 24 dekabr 2022-ci il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. Ərizənin əsaslarına görə, cavabdeh şəxsi elektron kabineti olmadığına görə nə şəxsi elektron kabinet vasitəsilə, nə də sifarişli poçt göndərişi (məktubu) ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsini almamışdır. Qətnaməni 20 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Həmin qəbzdəki imza onun şəxsi imzasıdır. İşin içərisində olan və onun 19 sentyabr 2022-ci ildə məhkəmə qətnaməsini almağını təsdiq edən qəbzdəki imza nə onun, nə də onun ailə üzvlərinin imzasıdır. İşin içərisində olan və onun 19 sentyabr 2022-ci ildə məhkəmə qətnaməsini almağını təsdiq edən qəbzdəki imza onun və ailə üzvlərinin imzası deyildir və həmin sənəddəki Şirinov soyadı onun və ailə üzvlərinin xətti ilə yazılmamışdır. 20 oktyabr 2022-ci il tarixli məhkəmə qəbzindəki ona məxsus olan imza ilə və işin içərisində olan və onun 19 sentyabr 2022-ci ildə məhkəmə qətnaməsini almağını təsdiq edən qəbzdəki “imza”nın ona məxsus olub-olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası həyata keçirilməlidir. Yalnız bundan sonra hər iki sənəddə göstərilən imzalardan hansının ona məxsus olması ilə bağlı obyektiv fikir söyləmək olar. Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(103)-8322/2022 nömrəli qərardadında qeyd edilir ki, iş materiallarında olan həmin ünvan üzrə daha əvvəl göndərilmiş məhkəmə sənədləri də “Şirinov" soyadı qeyd edilərək poçt xəbəmaməsinə imza edilməklə qəbul edilmiş və vizual baxışdan həmin xəbərnamələrdəki imzaların eyni olması müəyyən edilir. Göründüyü kimi, qətnamənin surəti cavabdehin ünvanı üzrə göndərilmiş və 19 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada özü və ya ailə üzvü tərəfindən (“Şirinov” soyadı qeyd edilməklə) qəbul edilmişdir. İş üzrə üç cavabdeh vardır – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1. Müvafiq sənəddə “Şirinov” soyadının olması həmin şəxsin Cavabdeh1 olması demək deyildir və vizual baxışdan həmin xəbərnamələrdəki imzaların eyni olması da həmin imzanın ona məxsus olması demək deyildir. Cavabdeh qismində çıxış edən və Şirinov (Şirinova) soyadlı ailə üzvləri də 19 sentyabr 2022-ci il tarixli poçt xəbərnaməsindəki həmin imzanın onlara məxsus olmadığını bildirmişlər. Həmin imza heç vizual baxımdan da 20 oktyabr 2022-ci il tarixli məhkəmə qəbzindəki ona məxsus olan imzaya oxşamır. Həmçinin imzaların kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb olunduğundan Bakı Apellyasiya Məhkəməsində hakim ekspertiza təyin etməli idi. Lakin, etməmiş və öz mülahizəsi ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmçinin, əgər o, Cavabdeh1 19 sentyabr 2022-ci il tarixdə məhkəmə qətnaməsini almışdırsa, onda nəyə görə ikinci dəfə (təkrar) ona məhkəmə qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.9-cu maddəsinə əsasən müvafiq dövlət rüsumunu ödəmədən verilirdi? Bu da o deməkdir ki, Cavabdeh1 qətnaməni 19 sentyabr 2022-ci il tarixdə yox, birinci dəfə - 20 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Yəni, Cavabdeh1 qətnaməni rəsmi qaydada 20 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq qeyd etmək istəyir ki, apellyasiya şikayəti ilə bağlı qanunla müəyyən edilmiş 1 aylıq müddət buraxılmamışdır.
15. Həmçinin, Cavabdeh4 16 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək qətnaməni rəsmi qaydada almadığını bildirmiş və surətinin ona verilməsini xahiş etmiş, qətnamənin surəti 19 dekabr 2022-ci il tarixdə ona təqdim olunmuşdur.
16. 24 dekabr 2022-ci il tarixdə qətnamədən Cavabdeh4 və vəkili Vəkil tərəfindən imzalanmış apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)- 64/2022-ci il nömrəli qərardadı ilə Cavabdeh4 apellyasiya şikayəti geri qaytarılmışdır.
18. Qərardadın əsaslarına görə, 01 sentyabr 2022-ci il tarixli qətnamə 14 sentyabr 2022-ci il tarixli məktub ilə cavabdehlərin ünvanı olan Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7,4,5 ünvanına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və iş üzrə digər Cavabdeh1 adına göndərilmiş, qətnamə 19 sentyabr 2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Azərpoçt tərəfindən təqdim edilmiş teleqram ilə qətnamə və onun müşayiət məktubu yerləşdirilmiş zərfinin (SS813722485AZ saylı kodla şifrələnmiş) 19 sentyabr 2022-ci il tarixdə Şirinov tərəfindən şəxsən alındığı müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və qərardaddan şikayət ilə bağlı qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə iş materiallarında olan “Şirinov” soyadı qeyd edilən poçt xəbərnaməsinə və 20 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən imza çəkilmiş məhkəmə qəbzinə vizual baxışdan imzaların eyni olması müəyyən edilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, məhkəmə qətnamənin surətini iş materiallarında ona məlum olan ünvan üzrə göndərmiş, həmin ünvandan poçt zərfi ona ünvançının yaşamadığına görə geri qaytarılmamış, əksinə imza edilməklə qəbul edilmişdir. Xəbərnamədə olan imzanın ona məxsus olmaması və ona qətnamənin surətinin çatdırılmamasına dair dəlilləri əsassız olmaqla heç bir sübutla dəstəklənmir, eyni zamanda xəbərnamədə olan imzanın ekspertiza vasitəsi yoxlanmasını zəruri edən hər hansı bir əsas da mövcud deyil. Daha sonra cavabdeh Şirinova (Nuriyeva) Sevingül İbrahim qızı qətnaməni əldə etmədiyini bildirərək 16 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlamış və qətnaməni etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən 19 dekabr 2022-ci il tarixində imza edilməklə qəbul edilmiş, 24 dekabr 2022-ci il tarixdə Şirinova (Nuriyeva) Sevingül İbrahim qızının vəkili və nümayəndəsi X1 elektron kabineti vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin, cavabdeh Şirinova (Nuriyeva) Sevingül İbrahim qızı qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə qətnaməsi Şirinova (Nuriyeva) Sevingül İbrahim qızının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən 19 sentyabr 2022-ci il tarixdə əldə edilsə də hazırki apellyasiya şikayəti 3 aydan artıq müddət sonra yəni, 24 dekabr 2022-ci il tarixdə Elektron Məhkəmə Sisteminə daxil edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin alınma tarixi olaraq 19 dekabr 2022-ci il tarixi göstərmişdir. Göstərilən dəlil əsassızdır. Belə ki, iş materiallarında olan 30 may 2014-cü il tarixdə 10 il müddətinə verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 cavabdeh Şirinova (Nuriyeva) Sevingül İbrahim qızının adından məhkəmədə təmsil olunması ilə əlaqədar bir çox səlahiyyətlər, o cümlədən imza etmək, məhkəmə qərarlarından şikayət vermək hüquqları verilmişdir. Məhkəmə aktının nümayəndəyə təqdim edildiyi dövrdə həmin etibarnamə qüvvədə olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin digər cavabdeh və nümayəndə Cavabdeh1 təqdim olunması qətnamənin cavabdeh Şirinova (Nuriyeva) Sevingül İbrahim qızına rəsmi qaydada verilməsinə bərabər tutulmalıdır.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2022-ci il tarixli, 2(007)- 64/2022-ci il nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, şikayəti geri qaytarılmışdır.
20. Qərardadın əsaslarına görə, 01 sentyabr 2022-ci il tarixli qətnamə 14 sentyabr 2022-ci il tarixli məktub ilə cavabdehlərin ünvanı olan Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7, 4, 5 ünvanına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və iş üzrə digər Cavabdeh1 adına göndərilmiş, qətnamə 19 sentyabr 2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Azərpoçt tərəfindən təqdim edilmiş teleqram ilə qətnamə və onun müşayiət məktubu yerləşdirilmiş zərfinin (SS813722485AZ saylı kodla şifrələnmiş) 19 sentyabr 2022-ci il tarixdə Şirinov tərəfindən şəxsən alındığı müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və qərardaddan şikayət ilə bağlı qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə iş materiallarında olan “Şirinov” soyadı qeyd edilən poçt xəbərnaməsinə və 20 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən imza çəkilmiş məhkəmə qəbzinə vizual baxışdan imzaların eyni olması müəyyən edilmişdir. 24 dekabr 2022-ci il tarixdə cavabdeh yenidən apellyasiya şikayəti və müddət bərpa barədə ərizə ilə vəkili və nümayəndəsi X1 elektron kabineti vasitəsilə müraciət etmişdir. Məhkəmə prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən məhkəmə iclaslarında iştirak edilmiş və məhkəmə qətnaməsinin qəbul olunmasından onun məlumatı olmuşdur. Hazırda cavabdeh müddətin bərpası barədə ərizə verərək məhkəmə qətnaməsini 20 oktyabr 2022-ci il tarixdə qəbul etdiyini və şikayət verilərkən müddətin tərəfindən ötürülmədiyini bildirmişdir. Məhkəmə bildirmişdir ki, yuxarıda qeyd olunanlar əsasında işin mübahisəsiz halı cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin qəbul edilməsini təsdiq edən 19 sentyabr 2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən qəbul edilib imzalanan poçt xəbərnaməsində olan imzanın Cavabdeh1 məxsus olmasıdır. Hansı ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən də imzanın ona məxsus olubolmaması barədə ekspertiza keçirilməsi xahiş olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnamənin surətini iş materiallarında ona məlum olan ünvan üzrə göndərmiş, həmin ünvandan poçt zərfi ona ünvançının yaşamadığına görə geri qaytarılmamış, əksinə imza edilməklə qəbul edilmişdir. Xəbərnamədə olan imzanın ona məxsus olmaması və ona qətnamənin surətinin çatdırılmamasına dair dəlilləri əsassız olmaqla heç bir sübutla dəstəklənmir, eyni zamanda xəbərnamədə olan imzanın ekspertiza vasitəsi yoxlanmasını zəruri edən hər hansı bir əsas da mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, hazırda məhkəmə xətşünaslıq ekspertizasının həyata keçirilməsi barədə vəsatətin təmin edilməsi üçün də heç bir əsas olmadığından vəsatət rədd edilməli, bütün bu qeyd olunanlar əsasında Cavabdeh1 məhkəmə qətnaməsini qəbul etməsi 19 sentyabr 2022-ci il olaraq müəyyən edilməlidir. Bu isə onun tərəfindən apellyasiya şikayətini birinci dəfə verərkən müddətin ötürməsi kimi qiymətləndirilməlidir və məhkəmə tərəfindən müddətin üzrlü ötürülməsi üçün hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin ərizədə qeyd olunan “Cavabdeh1 19 sentyabr 2022-ci il tarixdə məhkəmə qətnaməsini almışdırsa, onda nəyə görə ikinci dəfə (təkrar) ona məhkəmə qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.9-cu maddəsinə əsasən müvafiq dövlət rüsumunu ödəmədən verilirdi?” dəlilinə münasibətdə bildirmişdir ki, qeyd olunan hal mübahisəli qətnamənin cavabdeh tərəfindən ilk dəfə 20 oktyabr 2022-ci il tarixdə alması kimi qəbul edilməsi üçün əsas deyildir.
21. Cavabdeh4 13 aprel 2023-cü il tarixli qərardaddan şikayət verərək, ləğv edilib, prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
22. Şikayətin dəlillərinə görə, ağır onkoliji xəstəlikdən əziyyət çəkdiyinə görə məhkəmə qətnaməsini vaxtında ala bilməmişəm və qətnamənin alınması barədə də ona məlumat verilməmişdir. Buna görə də qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Onkoloji xəstəlik səbəbindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməyimin səbəbi kimi qeyd etdiyi ağır onkoliji xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müayinə və müalicələrdə olmağına, həyat yoldaşı ilə faktiki olaraq ayrı yaşamağına və həyat yoldaşı tərəfindən də ona qətnaməni alıb-almaması barədə heç bir məlumat vermədiyinə görə apellyasiya şikayəti verməkdən ötrü qanunla müəyyən edilmiş prosessual müddəti ötürməyi üzrlü hesab edilməlidir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(007)- 64/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Cavabdeh1 17 aprel 2023-cü il tarixli qərardaddan şikayət verərək, ləğv edilib, prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
25. Şikayətin dəlillərinə görə, 19 sentyabr 2022-ci ildə məhkəmə qətnaməsini almağını təsdiq edən qəbzdəki imza onun imzası deyil. Ola bilsin ki, ailə üzvlərindən kimsə qətnaməni qəbul etmiş, onun yerinə imza etmiş və mənə də bu barədə məlumat verməmişdir. Qeyd etmək istəyir ki, həyat yoldaşı və hazırkı iş üzrə cavabdeh X3 ağır onkoliji xəstə olduğundan bütün işini gücünü ataraq başı onun müalicə, müayinələrinə və zəruri dərman vasitələrinin axtarılıb tapılmasına qarışmışdır. Sevingül Şirinovanın ağır onkoloji xəstəlikdən əziyyət çəkməsinə görə bütün ailənin başı onun müayinə və müalicələrinə, dərmanlarının axtarılıb tapılmasına, həmçinin ona qulluq göstərilməsinə qarışmışdır. Demək olar ki, Sevingül Şirinovanın onkoloji xəstəliyinə görə biz uzun müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Sevingül Şirinova zaman-zaman stasionar şəraitdə müalicə almaqla yanaşı, ona qulluq göstərilməsi ilə əlaqədar uzun müddətdir ki, bacısının evində yaşayır. Həyat yoldaşı Sevingül Şirinovanın xəstəliyi ilə bağlı olaraq ona qulluq göstərilməsindən ötrü çox vaxtı qızı və gəlini həyat yoldaşının bacısıgilə gedərək orada qalırlar. Oğlu Cavabdeh3 da işindən və təhsilindən asudə vaxtlarında ancaq anasının maşınla həkimə aparıb-gətirməklə və həkimin yazdığı dərmanların axtarılıb tapılması ilə məşğul olur. Yəni, yuxarıda da qeyd etdiyi kimi həyat yoldaşı Sevingül Şirinovanın ağır onkoloji xəstəliyi ilə bağlı o və digər ailə üzvləri çox vaxt evdə olmurlar. Evdə olub kimsə qətnaməni qəbul etmişdirsə evdə yaranmış narahatçılığa görə ona bu barədə məlumat vermək üzrlü səbəbdən yaddan çıxmışdır.
26. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(007)- 64/2022 nömrəli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
27. İddiaçı şikayətlərə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 həyat yoldaşının onkoloji xəstəliklə əlaqədar qətnamə barədə ona vaxtında məlumat verilməməsi və onun vaxtının çoxunu həyat yoldaşına qulluq etməsi ilə əlaqədar üzürlü səbəb kimi göstərdiyi xüsusatlar, qətnamədən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsinin üzürlü hesab edilməsi kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 hazırkı mülki işlə əlaqədar bütün məhkəmə iclaslarında iştirak edərək bu işlə bağlı məlumatlı olmuşdur. Hətta məhkəmə qətnaməsi elan edilərkən də məhkəmə zalında olmuşdur. Onun sonradan guya qətnaməni almamış kimi göstərdiyi və 20 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni alması kimi göstərdiyi xüsusatlar yalnız məhkəməni yanıltmaq niyətindən irəli gəlir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh, eyni zamanda digər cavabdehlərin etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 ünvanına göndərilmiş, 19 sentyabr 2022-ci il tarixdə sonuncu tərəfindən “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə imza etməklə şəxsən qəbul edilmişdir.
31. Həm Cavabdeh1, həm də Cavabdeh4 qərardadlardan verdikləri şikayəti, qətnamədən şikayət verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbini sonuncunun onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə əsaslandırmışlar.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 onkoloji xəstəlikdən əziyyət çəkməsi, cavabdehlərdən tərəfindən qətnamədən şikayət verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmiş, işdən və elan edilən qətnamədən məlumatlı olmuş, 19 sentyabr 2019-cu il tarixdə qətnaməni şəxsən qəbul etmiş və şikayət verilməsi üçün 1 ay vaxtı olmuşdur.
33. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 əvvəl də qətnamədən şikayət vermiş, onun şikayəti apellyasiya instansiyası məhkəməsində qeyrimümkün hesab edilmiş, bu qərardaddan verdiyi şikayət isə kassasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 hər üç məhkəmədə icraat zamanı israrla 19 sentyabr 2022-ci il tarixli xəbərnamədəki imzanın ona məxsus olmadığını irəli sürmüş, lakin, onun bu dəlilləri öz təsdiqini tapmamışdır.
34. Hazırkı şikayətlərdə isə cavabdehlər müddətin ötürülməməsi ilə bağlı mövqelərini tamamilə dəyişmiş, Cavabdeh1 qətnamənin ola bilsin onun ailə üzvlərindən hər hansısa biri tərəfindən götürüldüyünü, lakin Cavabdeh4 onkoloji xəstəliyi ilə əlaqədar qətnaməni mübahisələndirə bilmədiklərini irəli sürmüşdür.
35. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hər iki qərardadında doğru nəticəyə gəlmişdir.
36. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları qanuni və əsaslıdır, şikayətlərin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadların ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardadlar dəyişdirilmədən saxlanılmalı, şikayətlər təmin olunmamalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)-64/2022-ci il nömrəli qərardadından və Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(007)-64/2022-ci il nömrəli qərardadından verdiyi şikayətlər təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)-64/2022 nömrəli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(007)- 64/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev