Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3666/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin üzərinə müvafiq vəzifənin qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 sentyabr 2008-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X1 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin üzərinə müvafiq vəzifənin qoyulması tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.09.2008-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin 13.10.1993-cü il tarixli, 1768 saylı sərəncamı əsasında verilmiş 37 saylı orderlə Pirşağı bağ sahəsində İddiaçı adına ayrılmış 1162 “B” saylı bağın Pirşağı bağlarına aid sxem-plana salınması və bu barədə dövlət reyestr sənədinin verilməsi vəzifəsinin DƏDRX Bakı ŞƏİ-nin üzərinə qoyulmasını qət etmişdir. İş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Alidə Bədəlova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində sözügedən mübahisəli 1162 “B” saylı bağ sahəsi Kürdəxanı bələdiyyəsinin ərazisi olan “T” bağlar massivinə aid 1172 “T” nömrəli bağ sahəsidir. Həmin bağ sahəsinə dair Alidə Bədəlova ilə Kürdəxanı bələdiyyəsi arasında 18.11.2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin müddətini uzatmaq istədikləri zaman isə onlara məlum olmuşdur ki, həmin sahə başqa şəxs, yəni İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02.09.2008-ci il tarixli qətnaməsi əsasında özəlləşdirilmişdir. Məhkəmənin 02.03.2021-ci il tarixli qərardadı ilə Alidə Bədəlovanın apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün hesab edilmiş və iş apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı digər mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrini Məhkəməyə təqdim edərək bildirmişdir ki, ona aid olan sahə ilə A.Bədəlovaya aid sahələr eyni deyil və A.Bədəlovanın tələblərinə məhkəmə qaydasında artıq qiymət verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)-552/2020 saylı iş üzrə və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-430/2021 saylı iş üzrə qəbul edilmiş qətnamələrdən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı (üçüncü şəxs DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi) qarşı “qeydin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işlərə baxılan zaman məhkəmələr DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 28.03.2019-cu il tarixli, **********28 nömrəli məktubuna əsasən müəyyən etmişlər ki, elektron baza məlumatlarına əsasən, Alidə Bədəlova tərəfindən ona məxsus sahə kimi göstərilən sahə **********94 reyestr nömrəsi ilə 1162 “B” nömrəli bağ sahəsi kimi 29.11.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən sahə Pirşağı bağ massividir. Bələdiyyə ərazisi deyil. Bunu müəyyən etmiş məhkəmələr hesab etmişlər ki, iddiaçı Alidə Bədəlovanın iddiası əsassızdır. Göründüyü kimi, hazırki mülki iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermiş Alidə Bədəlova həmin qətnamədə göstərilən və Pirşağı bağlar sahəsində yerləşən 1162 “B” saylı bağ sahəsinin ona məxsus olan və Kürdəxanı bələdiyyəsinə aid olan “T” bağlar massivinə yerləşən 1172 “T” nömrəli bağ sahəsi olmasını, həmin sahənin onun istifadəsinə Kürdəxanı bələdiyyəsi tərəfindən ayrıldığını bildirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, sözügedən sahə Pirşağı bağ massividir və bələdiyyə ərazisi deyil. Bununla da müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul olunmuş 02.09.2008-ci il tarixli qətnamə Alidə Bədəlovanın maraqlarına toxunmur, o, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, MPM-də nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). Apellyasiya şikayəti mümkün hesab edilərək, Məhkəmə tərəfindən baxılmağa qəbul edilsə də, yuxarıda qeyd olunan hallar apellyasiya baxışı zamanı məhkəmə iclasında müəyyən edilmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Alidə Bədəlovanın verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Göstərilənlərə əsasən, Məhkəmə, MPM-nin 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 sentyabr 2008-ci il tarixli qətnamədən X1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3666/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3666/2021
21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver