Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3667/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X6 və Cavabdeh2 MMC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1890/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 1150 manat məbləğində sığorta ödənişinin 847 manat hissəsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 877,40 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2(009)- 1890/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə X3 arasında 997 GW saylı daxili lizinq müqaviləsi imzalanaraq 90- PS-889 nömrəli dövlət nəqliyyat vasitəsi X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 6.2.6-cı maddəsinə uyğun olaraq Cavabdeh1 da etibarnamə verilmişdir. Hər iki şəxs etibarnamə ilə lizinq obyektini idarə edə bilərdilər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və lizinq müqaviləsi üzrə X2 da cəlb edərək sığorta ödənişini müştərək qaydada onlardan tutmalı idi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X10 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin edildiyini və apellyasiya şikayətinin Cavabdeh2 MMC tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” ASC ilə “LAÇİN QƏZETİ” redaksiyası arasında xx.xx.2015-ci il tarixdə sığorta müqaviləsi bağlanaraq, Mİ-008394 saylı şəhadətnamə üzrə 5 il müddətinə 16000 manat məbləğində sığortalanmış, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, dayanmış vəziyyətdə olarkən, Cavabdeh2 MMC-yə məxsus etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən “GREAT WALL VOLEEX C30” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində, avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhər Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh1 Mirzəbala oğlu barəsində İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri “xxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər 1150 manat məbləğində müəyyən olunmuşdur. “xxxx” ASC tərəfindən “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri məqsədi ilə “LAÇİN QƏZETİ” redaksiyasına 1150 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh1 tərəfindən idarə edilən 90-PS- C27 dövlət qeydiyyat nişanlı “GREAT WALL VOLEEX C30” minik markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası ********** saylı şəhadətnamə əsasında “xxxx” ASC-də sığorta olunduğundan sonuncu tərəfindən “xxxx” ASC-yə 303 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ödənilmiş 847 manat (1150 – 303 = 847) sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh2 MMC iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC-yə aid hissədə iddia əsassızdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 936.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Kollegiya qeyd edir ki, həmin maddəyə əsasən “LAÇİN QƏZETİ” redaksiyasınaməxsus olan “xxxx” ASC-də sığortalanmış “Nissan Sunny” minik markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ subroqasiya qaydasında iddiaçıya keçmişdir. Həmin avtomobilə dəymiş zərərə görə məsuliyyət isə Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun müəyyən edilməlidir. Çünki həmin zərər ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitəsinin fəaliyyəti nəticəsində vurulmuşdur. Həmin maddəyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunverici zərərin əvəzini ödəmək vəzifəsini yalnız bir şəxsin, yəni mülki hüquq pozuntusu (hazırki halda yolnəqliyyat hadisəsi) törədilən zaman nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxsin (bu mülkiyyətçi yaxud nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən digər şəxs ola bilər) üzərinə qoymuşdur. Hazırkı işin halları isə ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi baş verərkən “GREAT WALL VOLEEX C30” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh2 MMC-nin deyil, Cavabdeh1 qanuni sahibliyində olmuş, həmin sahibliyin əsasını Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə təşkil etmişdir. Ona görə də, məhz Cavabdeh1 Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu baxımdan kollegiya hesab edir ki, zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutulması üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbləri Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməlidir. İddiaçı “xxxx” ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan da görünür ki, həmin norma zərərçəkənə, yəni hazırki halda iddiaçıya zərərin əvəzinin mülkiyyətçi və ya digər qanuni sahibdən tutulmasını tələb etmək baxımından seçim hüququ vermir. Həmin maddənin son cümləsində işlədilən “və ya” bölüşdürmə bağlayıcısı isə qanuni sahibliyin formasını, yəni delikt törədən şəxsin mülkiyyətçi, yoxsa nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən şəxs ola bilməsini müəyyən etmişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsindən də müəyyən olunur ki, məsuliyyət həm mənbə sahibinin, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsü) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Hazırki işdə isə belə bir hal mövcud deyildir. Çünki Cavabdeh1 avtomobili qanuni əsaslarla, yəni Cavabdeh2 MMC tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etmişdir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1890/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-3667/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3667/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver