Məhkəmə qərarları › İş №2(103)-3677/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3677/2025

03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3677/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: payın naturada ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3430056Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(003)-105/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında 0,041 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında 0,041 ha torpaq sahəsinin paylara uyğun ½ hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 0,041 ha torpaq sahəsi Cavabdeh ilə onun paylı mülkiyyətindədir. Lakin cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş, ona məlumat vermədən və heç bir əsası olmadan torpaq sahəsinin 1/2 hissəsindən çoxunu zəbt etmişdir. Buna etiraz etsə də heç bir əhəmiyyət verməmiş, öz qanunsuz hərəkətinə davam edərək aralarında mişar daşı ilə hasar çəkmişdir. Buna görə də mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,041 ha torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. . 5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(003)- 105/2025 nömrəli qətnaməsinə əsasən iddianın rədd olunması qət edilmişdir.

6. Qətnamə onunla əsaslandırılmışdır ki, ekspert rəyindən görünür ki, sözügedən torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə görə, bu əmlak artıq onlar arasında naturada bölünüb və ayrı-ayrı yaşayış sahələri var, hətta giriş-çıxış qapıları da ayrıdır. Sadəcə torpaq sahəsinin naturada ayrılması rəsmiyətə keçməli və hər birimiz öz əmlakına dair ayrı çıxarış alması qalır. Məhz buna görə də o məhkəməyə müraciət etmişə, hətta cavabdeh də buna etiraz etmir, lakin məhkəmə ekspert qarşısında düzgün suallar qoymadığından ekspertiza rəyi belə olub ki, əmlakın naturada bölünməsi mümkün deyil. Məhz bu nöqsanların və anlaşılmazlıqların aradan qaldırılması üçün o, ekspertin dəvət olunmasını və ona suallar verməklə aydınlıq gətirilməsini, bu mümkün olmadıqda eksperti dindirdikdən sonra təkrar ekspertiza təyin edilməsini xahiş etmişdi. Lakin məhkəmə əsassız olaraq onun bu vəsatətinin təmin olunmaması barədə qərar qəbul etdi və işə bu anlaşılmazlıqarla baxaraq əmlakın naturada bölünməsini dəqiq araşdırmadan qətnamə qəbul etdi. Hesab edir ki, bu davranışlarlı ilə birinci instansiya məhkəməsi ədalətli araşdırma ilə bağlı onun konstitusion hüququmu pozmuşdur, bundan əlavə, əmlakın naturada bölünməsinin tam araşdırmadan digər mərhələyə keçirilməsinin qeyri-mümkün olması barədə Konstitusiya Məhkəməsinin Plenum qərarının tələblərinə zidd olaraq bu qətnaməni qəbul etmişdir. Normanın tələbindən göründüyü kimi kompensassiya və əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hazırki tələblə məhkəməyə müraciə edə bilər. Hazırda isə əmlakın naturada bölünməsinin mümkünsüzlüyü sübut edilmir. Maddi hüquq normasının imperativ tələbinə əsasən, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsidir. Göründüyü kimi qanunun tələbinə əsasən birinci naturada bölgünün mümkünlüyü dəqiq araşdırılmalıdır. Məhkəmə araşdırmadı ki, niyə görə payın naturada ayrılmasına yol verilmir, hansı səbəbə görə ümumi mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılma mümkün deyil, qətnamə 2 səhifədən ibarətdir, onun yarıdan çoxu rekvizitlərdir, cəmi bir cümlə var ki, ekspert deyir ki, naturada bölünmür, lakin ekspert qarşısında hansı suallar qoyulub, niyə görə ayrılma mümkün deyil, tənasübsüz ayrılmanın mümkün olmamasına səbəb nədir məhkəmə heç cür əsaslandırmır. İşin hallarından və tərəflərin verdiyi izahatlarla müəyyən olunur ki, birgə əmlak sənəd üzərində ümumi birgə mülkiyyət olsa da, tərəflər arasında faktiki ayrılmış və ayrı-ayrı evlər şəklində mövcuddur. Tərəflər həmin evdə hazırda faktiki ayrı vəziyyətdə yaşamaqdadırlar. Hazırki iddia tələbini isə sənəd üzərində çıxarışlarının ayrılması və hər kəsin öz payına uyğun əmlakına ayrıca sənəd alması ilə bağlı hüquqi maraqları var. Bundan əlavə cavabdeh özü də qeyd olunan halları inkar etməmişdir, cavabdehin verdiyi izahatdan aydın olur ki, onlar əmlaklarını faktiki ayırıblar, belə olan halda hansı səbəbdən naturada ayrılmanın mümkün olmamasına aydınlıq gətirilmədən məhkəmənin iddianı rədd etməsi hesab edir ki, MM-nin 220 maddəsinin tələblərinə və həmin maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenm qərarına uyğun olmamışdır. İşdə olan mötəbər dəlil olan onun əmlakın naturada bölünməsi ilə bağlı tələbim sübut olunur, məhkəmə isə yalnız ekspertin qeyri-müəyyən rəyinə əsaslanaraq bu nəticəyə gəlir ki, əmlakın naturada bölünməsi mümkün deyil. Lakin bu zaman məhkəmə nəzərə almır ki, ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyil, digər sübutlarla qarşılıqlı təhlil edilərək qiymətləndirilməlidir. Məhz bu ekspert rəyində olan anlaşılmazlıqlar və natamamlıqlar barədə mənim verdiyim vəsatəti məhkəmə qanunsuz və əsassız olaraq təmin etmir, baxmayaraq ki, iddiaçı olaraq mənimlə yanaşı cavabdeh də təkrar ekspertiza tələb edirdi. Məhkəmə isə nədənsə bu vəsatətə münasibətini belə açıqlamadan təmin etmir və iddianın rədd edilməsi qətnaməsini çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ekspertiza rəyini digər sübutlarla qarşılıqlı qiymətləndirmir, ekspert rəyində olan nöqsanların aradan qaldırılması üçün ekspertin çağırılması və dindirilməsi ilə bağlı vəsatətimizi, eləcə də, təkrar ekspertiza ilə bağlı vəsatətimizi təmin etmir , lakin bu mövqeyini də heç bir dəlillə əsaslandırmır. Məhkəmənin gəldiyi nəticə üçün əmlakın naturada bölünməsinin mümkün olub - olmamasının araşdırılmasıdır. Lakin nədənsə məhkəmə işin ədalətli və qanuni həlli üçün bu mühüm xüsusatı araşdırmır. Diqqətinizə çatdırıram ki, bu əmlak artıq bizim aralatında faktiki olaraq naturada bölünüb və ayrı-ayrı yaşayış sahələri var, hətta giriş-çıxış qapıları da ayrıdır. Sadəcə torpaq sahəsinin naturada ayrılması rəsmiyyətə keçməli və hər birimiz öz əmlakına dair ayrı çıxarış alması qalır. “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Normanın tələbindən göründüyü kimi kompensassiya və əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hazırki tələblə məhkəməyə müraciə edə bilər. Hazırda isə əmlakın naturada bölünməsinin mümkünsüzlüyü sübut edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, əmlakın naturada bölünməsi qeyri-mümkündür. Lakin məhkəmə bu nəticəsini əsaslandırmır və ekspert rəyini digər sübutlarla düzgün qiymətləndirmir. Verilən izahatlardan məlum olur ki, əmlak tərəflər arasında artıq faktiki bölünüb və onlar bir-birindən təcrid edilmiş, ayrı-ayrı evlərdə yaşayır, giriş-çıxış qapıları da ayrıdır. Bu işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə müəyyən etməli idi niyə görə bu qənaətə gəlir ki, əmlakın naturada bölünməsi mümkün olmamışdır. Lakin qətnaməyə baxanda məlum olur ki, məhkəmə heç bir araşdırma aparmamış, ekspert qarşısında da düzgün suallar qoymamış, bunun nəticəsində qoyulan suallara cavab verən ekspert rəyi işin hallarına uyğun düzgün izahlar verməmiş, səhf nəticəyə gəlmişdir. Bunun aradan qaldırılması üçün təkrar ekspertiza tələb edəndə məhkəmə vəsatəti təmin etməmişdir. Qeyd olunanlar onu göstərir ki, məhkəmənin qətnaməsində əmlakın bölünməməsi ilə bağlı göstərilən nəticə işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3430056Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

12. Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər; Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir; Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir;

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ekspert rəyinin düzgün olmadığına istinad edilir. Buna görə də məhkəmə kollegiyası ekspertin hansı əsaslarla payın naturdada ayrılmasının qeyri – mümkünlüyü nəticəsinə gəlməsini araşdırmağı zəruri hesab edir.

18. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, reyestrdən çıxarışa əsasən həm sahəsi 62,2 kv.m olan fərdi yaşayış evi, həm də evin yerləşdiyi 0,041 ha torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir və vahid daşınmaz əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

19. İddiaçının tələbi isə fərdi yaşayış evinin deyil, yalnız evin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı olduğundan birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında yalnız torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü ilə bağlı sual qoyulmuşdur.

20. Ekspert gəldiyi nəticəni məhkəmə tikinti – texniki ekspertizasının həlli metodlarına əsaslandıraraq qeyd etmişdir ki, torpaq sahəsində tərəflərin istifadəsi üçün sərhəd hasarının çəkilməsi evlərin bölgüsü zamanı məişət təyinatlı tikililər tərəflərdən birinin sərəncamında qaldığından digər tərəflərin sərəncamında qalan torpaq sahəsiində həmin təyinatla tikililərin yaradılmasına texniki imkan olmadığından mümkün deyildir. Həmçinin, rəydə fərdi yaşayış evinin və torpaq sahəsinin bir tərəfdən küçəyə çıxışının olduğu, üç tərəfdən isə qonşu sahələrlə əhatə olunduğu aşkar edilmişdir.

21. Göründüyü kimi ekspert rəyi kifayət qədər saslandırılmışdır və buna görə də əlavə və ya təkrar ekspertizanın aparılmasına zərurət yoxdur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli qərardadının 42-ci bəndində qeyd olunur ki, birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olubolmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Ekspert rəyinin məzmunundan görünür ki, naturada bölünmənin mümkünsüzlüyü ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlməməsi ilə əsaslandırılmışdır. 2-ci, yəni, kompensasiyanın ödənilməsi mərhələsinə keçid isə yalnız iddiaçının istəyinə uyğun aparıla bilər. Lakin işin hallarından görünür ki, iddiaçının belə bir tələbi olmamış və qarşı tərəfə hər hansı bir təklif göndərilməmişdir.

24. Qərardadın 43-cü bəndində qeyd olunur ki, digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. İddia ərizəsində də qeyd olunmuşdur ki, cavabdeh torpaq sahəsinin öz payına düşən hissəsindən artıq hissəsi zəbt edərək hasar çəkmişdir, yəni, tərəflərin özlərinin hər hansı bir alternativ həll yolu olmadığından birinci instansiya məhkəməsi naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkandan istifadə edərək ekspertiza təyin etməklə araşdırılmış, alınmış rəydə isə naturada ayrılmanın mümkünsüzlüyü qeyd olunmuşdur.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(003)-105/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(003)-105/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar