Məhkəmə qərarları › İş №2(103)-3680/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3680/2025

13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3680/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2272/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərə çəkmiş şəxsin ölümünə görə maddi zərərin əvəzi ödənilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə işə Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin göstərişinə əməl etməyib, yəni cavabdehin eyniləşdirmə məlumatlarını (VÖEN) iddia ərizəsində qeyd etməyib. İddiaçı iddia ərizəsində cavabdeh kimi “Cavabdeh”ı, cavabdehin ünvanını isə “Yasamal rayonu, İnşaatçılar prospekti, 8-10” kimi göstərərək öz yaşayış yeri üzrə Nizami Rayon Məhkəməsinə müraciət edib. MPM-in 36.6-cı maddəsinə görə, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Ziyan vuranın ünvanı və ya ziyan vurma yeri Nizami rayonunda yerləşmir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsində cavabdehin adı “Cavabdeh” kimi göstərilib, onun təşkilati-hüquqi forması, habelə eyniləşdirmə məlumatları qeyd edilməyib. “Elektron məhkəmə” informasiya sistemində “Cavabdeh” adı üzrə axtarış verildikdə, belə adda hüquqi şəxs aşkar edilməmişdir. Ərazi aidiyyəti qaydalarına görə, həmin iddia ərizəsi 3 yerin məhkəməsinə verilə bilər. Birinci, cavabdeh hüquqi şəxsin ünvanının oduğu yerin məhkəməsinə (MPM, maddə 35.2); ikinci, ziyan vuranın ünvanının olduğu yerin məhkəməsinə (MPM, maddə 36.6); üçüncü, ziyan vurma yerinin məhkəməsinə (MPM, maddə 36.6). Bunlardan birini seçmək iddiaçının hüququdur. İddia ərizəsindəki məlumatlara görə, cavabdehin ünvanı, ziyan vuranın ünvanı, habelə ziyan vurma yeri Yasamal rayonunda yerləşir. Lakin iddia ərizəsi iddiaçının yaşadığı yerin məhkəməsinə - Nizami Rayon Məhkəməsinə verilib. Odur ki, ərazi aidiyyəti qaydaların görə, iddia ərizəsinə Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Beləliklə, məhkəmə MPM-in 152.1.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2272/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar