Məhkəmə qərarları › İş №2(103)-3682/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3682/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3682/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 3070/2019 nömrəli qətnaməsindən cavabdeh "xxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 28354 AZN məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumunun tutularaq, “xxxxxxxxxxxxx” ASC-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “X7 Fe” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2018-ci il tarixində Yevlax-Zaqatala-Gürcüstan yolunun 110 km-də “xxxxxxxxxxxx”MMC-yə məxsus və yol vərəqəsi əsasında Cavabdeh2 Qadir oğlunun idarə etdiyi “xxxxxxxx” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh2 Qadir oğlu hadisədə təqsirli bilinmiş və İXM-nın 327.2- ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilə dəymiş zərər 33 000 manat məbləğində qiymətləndirilmiş və avtomobil tam məhv olmuş hesab edilmişdir. Avtomobilin qalıqlarının dəyəri 7000 manat qiymətləndirilmiş, avtomobilin bazar qiymətindən 7000 manat qalıq, 380 USD azadolma məbləği çıxılıb və 33354.00 manat pul məbləği müqavilədə faydalanan şəxs qismində qeyd olunmuş “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. “xxxxxxxx” markalı avtomobi Standart Sığorta ASC-də icbari sığorta ilə sığortalanmışdır. “xxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxx ASC-nın hesabına üzərinə düşən öhdəliyə görə 5000.00 manat sığorta ödənişi köçürülmüşdür. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, əgər avtomobil tam sığortalı avtomobil ilə toqquşursa və sığorta şirkəti sığorta ödənişi edirsə, şirkətin subroqasiya hüququ yaranır və “xxxxxxxxxxxxx” MMC-dən ödədikləri məbləği geri qaytarmaq hüquqları var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 3070/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 28354 (iyirmi səkkiz min üç yüz əlli dörd) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh "xxxxxxxxxxxxx" MMC apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004) 3070/2019 saylı qətnaməsini ləğv edib, iddiaçı tərəfindən verilmiş iddia tələbini tam və hərtərəfli araşdırmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh2 Qadir oğlu məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmiş və iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi 28354,0 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tələb olunduğu halda, məhkəmə əsassız olaraq yalnız “xxxxxxxxxxxxx" MMC-dən həmin pulun tutulmasını təmin etmişdir. Bundan başqa “xxxxxxxxxxxxx" MMC hadisə nəticəsində “X7 Fe" markalı avtomobilə dəymiş zərərin 33.000 manat məbləğində qiymətləndirilməsindən və avtomobilin tam məhv olunmuş hesab edilməsi və onun qalıqlarının dəyərinin 7000 manat məbləğində olması və onun kim tərəfindən qiymətləndirilməsindən də məlumatsız olmuşdur. "xxxxxxxxxxxxx" MMC-nin nümayəndəsi həmin rəylə razılaşmamış, həmin rəydəki ehtiyat hissələrinin qiymətinin kifayət qədər şişirdildiyini, ordakı qiymətlərin ehtiyat hissələrinin orta bazar qiymətlərinə uyğun olmadığını bildirərək bu səbəbdən təkrar ekspertizanın təyin edilməsi ilə bağlı məhkəməyə vəsatət vermişdir. Məhkəmə "xxxxxxxxxxxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə istinad etməklə apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli, MİG-0196/18 saylı sığorta aktına əsasən, sığortaçı “xxxxxxxxxxxxx” ASC tərəfindən sığortalı X1 hesabına “X7 FE” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 33354,00 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, 04382 saylı ödəniş tapşırığına əsasən, “xxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxx” ASC-nin hesabına 33354,00 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2018-ci il tarixli, BSM seriyalı, 018341 saylı yük avtonəqliyyatı üçün yol vərəqəsinə əsasən, “xxxxxxxxxxxxx” MMC-yə məxsus “xxxxxxxx” markalı, **-JD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh2 yol vərəqəsi əsasında idarə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3070/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13818 saylı rəyi ilə “xxxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “X7 fe” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30706 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı və digər Cavabdeh2 Qadir oğlu birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmir. Qətnaməni digər cavabdeh “xxxxxxxxxxxxx” MMC mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “X7 Fe” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2018-ci il tarixində Yevlax-Zaqatala-Gürcüstan yolunun 110 km-də “xxxxxxxxxxxx”MMC-yə məxsus və yol vərəqəsi əsasında Cavabdeh2 Qadir oğlunun idarə etdiyi “xxxxxxxx” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh2 Qadir oğlu hadisədə təqsirli bilinmiş və İXM-nın 327.2- ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin subraqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC və Cavabdeh2 Qadir oğlundan pulun müştərək qaydada tutulmasını tələb etsə də, məhkəmə kollegiyası iddianı ancaq cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə münasibətdə əsaslı hesab edir. Çünki, Cavabdeh2 Qadir oğlu məhz “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında avtomobili idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində digər avtomobilə zərər vurduğundan, cavabdeh “xxxxxxxxxxxxx” MMC də vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə kolegiyası apelyatorun “28354,0 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tələb olunduğu halda, məhkəmə təərfindən əsassız olaraq yalnız “xxxxxxxxxxxxx" MMC-dən həmin pulun tutulmasını təmin etməsi” dəlilinə münasibətəd qeyd edir ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, zərərin cavabdeh “xxxxxxxxxxxxx" MMC-dən tutulması Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğundur. Daha sonra Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində 1-ci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspetizanın Rəyi ilə razılaşmadığını göstərsə də, qiymətlərin şişirdilmiş olması, rəyin əsassız olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13818 saylı rəyi ilə “xxxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “X7 fe” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 30706 manat müəyyən edilmişdir ki, bu məbləğdə zərər də avtomobilin bazar dəyərinin 70%-ni keçdiyindən (dəymiş zərər 30706 manat avtomobilin bazar dəyəri 41.000 manatın 74,5%-ni təşkil edir.) və odur ki, avtomobil tam məhv olmuş hesab edildiyindən 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 3070/2019 nömrəli qətnaməsi cavabdeh "xxxxxxxxxxxxx" MMC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar