Məhkəmə qərarları › İş №2(103)-3682/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3682/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3682/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(010)-68/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan məlum olmuşdur ki, Xəzər rayon DYPŞ bildirdiyinə görə Nümayəndə məxsus, Cavabdeh idarə etdiyi “Mercedes Benz ML270 CDİ” minik markalı 90ZE597 qeydiyyat nişanlı avtomobil 05 fevral 2023-cü il tarixdə saat 20:00 dəqiqələrdə X4 yol-nəqliyyat hadisəsi baş vermişdir.

2. Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3, yol nəqliyyat hadisəsi faktına dair qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mercedes Benz ML” markalı **-FX-*** qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikas İnzibati-Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Cavabdeh barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, Avto yol nəqliyyat qəzasına uğramış LADA minik markalı, ** FX *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara metalik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri də daxil olmaqla 6175 manat olunmuşdur.

4. 09 fevral 2023-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, yol nəqliyyat qəzasına uğramış LADA minik markalı, ** FX *** dövlət nömrə nişanlı, ban №XTARS0350H0991635, 2017-ci il buraxılış, qara metallik rəngdə, İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sərf olunan işlərin dəyəri ümumi 8560 manat müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərin (real zərər) əvəzi kimi 3560 manat, əldən çıxmış fayda olaraq 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,6 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 05 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində ona məxsus “Lada” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailəsi ilə birlikdə Türkan istiqamətindən Qala dairəsinə daxil olmuş və şəhər istiqamətində hərəkətə başladığı zaman avtomobilin sağ hissəsinə nəyinsə möhkəm dəydiyini hiss etmiş və bu zaman avtomobil fırlanaraq dirəyə dəyərək dayanmışdır. Həmin vaxt avtomobildə oğlu və həyat yoldaşı olmuş və avtomobilə dəymiş zərbədən oğlu xəsarət almışdır. O, dərhal avtomobildən enərək oğlunu xəstəxanaya çatdırmaq üçün yoldan keçən avtomobilləri saxlamağa çalışmış, lakin, heç bir avtomobil saxlamamışdır. Hadisə yerinə gələn PPX əməkdaşlarının köməkliyi ilə onlar Xəzər tibb mərkəzinə getmışlər. Mobil telefonu qırıldığı üçün polisə məlumat verə bilməmişdir. Sonradan bilmışdir ki, hadisə zamanı avtomobilinə “Mercedes Benz ML270” minik markalı 90ZE597 qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Həmin avtomobil onun həyat yoldaşına məxsusdur. Keçirilmiş ekspertiza nəticəsində avtomobilinə 8560 manat ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh barəsində Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və 13 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanması təhqiqatçı tərəfindən rədd edilmişdir. Bundan sonra cavabdeh barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. O, dəfələrlə cavabdehə onun avtomobilinə vurmuş olduqu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməmişdir. Bundan sonra o, məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini həmin avtomobil ilə dolandırır. Cavabdeh yüksək sürətlə avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törədərkən avtomobilə ziyan vurmaqla yanaşı törətdiyi qəza nəticəsində avtomobil yararsız hala düşmüş və iki aydan çoxdur ki, avtomobildən istifadə edə bilməməklə onun maddi vəziyyəti pisləşmiş, qazancından məhrum olunmuşdur. Əldən çıxmış fayda olaraq cavabdeh ona 2 ay ərzində orta aylıq hesabla 600 manat olmaqla, ümumilikdə 1200 manat ziyan vurmuşdur.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 9/5468-8/2085 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaştırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri eksperizaları tədqiqat aparmış və Nəzəri hesablama yolu ilə iş materiallarında olan 09 fevral 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7184,0 manat müəyyən edilmşdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 09 fevral 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6597,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan 28 aprel 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5559,0 manat müəyyən edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(010)- 68/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1597 manat məbləğində pul və 35,97 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, birinci dəfə aparılmış ekspertiza tədqiqatı nəticəsində ekspert iddiaçının özünün təqdim etdiyi 09 fevral 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsaslanaraq qüsur aktındakı eyni məbləği müəyyən etməklə avtoehtiyyat hissələrinə yalnız köhnəlmə faizi tətbiq etmişdir. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, ikinci dəfə aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının özünün təqdim etdiyi 09 fevral 2023-cü il tarixli qüsur aktı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlərlə razılaşmaması üçün heç bir əsas yoxdur. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslı olduğunu hesab edir və Cavabdehnun törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı idarə etdiyi avtomobilə isə 6597 manat məbləğində zərər dəydiyi, bu zərərin icbari sığorta tərəfindən ödənilmiş 5000 manat məbləği çıxılmaqla Cavabdeh tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, işə əlavə edilmiş, məhkəmə iclasında tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2024-cü il tarixli rəyinə əsasən 28 aprel 2023cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5559,0 manat təşkil etməsi müəyyən edilmişdir. Zərərin məbləğinin əvəzinin daha az miqdarda olması müəyyən olunsa da məhkəmə bu halı nəzərə almamış, qəbul edilmiş qətnamədə buna heç bir hüquqi qiymət verməmişdir. Ekspert rəyi ilə məhkəməninin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd olanan ekspert rəyini əsaslı hesab edərək rəydəki 6597 manat məbləğlə razılaşmaması üçün heç bir əsasın olmamasını qeyd etsə də həmin rəydə qeyd olunmuş 5559,0 manat real zərər məbləğini nədənsə “əsas” hesab etmək istəməmiş, bu halı qətnaməsində əsaslandırmayaraq buna qiymət belə verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “ Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.”

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, Xəzər rayon DYPŞ bildirdiyinə görə Nümayəndə məxsus, X2 təqsiri üzündən idarə etdiyi “Mercedes Benz ML270 CDİ” minik markalı 90ZE597 qeydiyyat nişanlı avtomobil 05 fevral 2023-cü il tarixdə saat 20:00 dəqiqələrdə X4 yol-nəqliyyat hadisəsi baş verməsi işin mübahisəsiz halıdır.

23. Cavabdeh şikayətinin birinci dəlili kimi göstərmişdir ki, tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2024-cü il tarixli rəyinə əsasən zərərin məbləğinin əvəzinin daha az miqdarda olması müəyyən olunsa da məhkəmə bu halı nəzərə almamış, qəbul edilmiş qətnamədə buna heç bir hüquqi qiymət verməmişdir.

24. 30 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert tərəfindən heç bir araşdırma aparılmadan tərəflərin təqdim etdiyi 2 qüsur aktının nəticələri olduğu kimi köçürülərək köhnəlmə faizi tətbiq edilməklə rəy verilmişdir. Buna görə də məhkəmə kollegiyası həmin qüsur aktlarına qiymət verilməsini zəruri hesab edir.

25. 09 fevral 2023-cü il tarixli ekspert rəyi adlandırılan, faktiki olaraq mütəxəssis tərəfindən verilmiş rəy avtomobilə baxış keçirilməklə tərtib olunaraq əsaslandırma aparılmış, avtomobilə zərbənin arxa hissədən dəyməsi, tam sökülüb yığılmasına təmir və rənglənməsinə sərf olunacaq işlərin dəyəri 8560 manat qeyd olunmuşdur.

26. 28 aprel 2023-cü il tarixli rəy isə avtomobilə baxış keçirilmədən tərtib olunmuş və heç bir əsaslandırma aparılmamışdır. Avtomobilə baxış keçirilmədən hansı hissələrin təmirinə, hansı hissələrin dəyişdirilməli olması, ustaların təmir üçün nə qədər vəsait alacağı qənaətinə gəlinməsi mümkün deyildir.

27. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz 09 fevral 2023-cü il tarixli rəyin əsasında verilmiş ekspert rəyi ilə razılaşmaqla düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(010)- 68/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(010)- 68/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar