Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-369/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 Nəhmət oğlunun və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3963/2017 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Nəhmət oğlu və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 avqust 2016-cı il tarixdə, saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3cü bəndinin tələblərini pozaraq, yol nəqliyyat hadisəsi törədərək, ona məxsus «Mersedes Benz 230» markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurarmuş,maşına 9724 manat məbləğində maddi ziyan dəyməklə avtomomaşında arxa oturacağında əyləşmiş İddiaçı2 sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət yetirmişdir. Göstərilən hadisə ilə əlaqədər 04 oktyabr 2016-cı il tarixdə Bakı Şəhəri Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı bundan sonra isə cinayət işi baxilması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 05 aprel 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh hadisə baş verdikdən bir neçə gün sonra maşınını düzəltdirməyə söz versə də sonradan buna əməl etməmişdir. Bundan başqa hadisə zamanı qızı İddiaçı2 başından və üz nahiyyəsindən müxtəlif dərəcəli xəsarətlər almış və bu günədək onun müalicəsi üçün 1000 manat pul xərclənmişdir. Lakin müalicə həkimi qızının üz sümüyünün sındığını və gələcəkdə həmin yerin inkişaf etməyəcəyini və sifətinin öz formasını itirəcəyini bildirərək, Alidənin üzündə cərrahiyyə əməliyyatının aparılmasının labüd olduğunu bildirmişdir. Onda isə bunun üçün pul yoxdur. Həkimin deməsinə görə həmin cərrahiyə əməliyyatının aparılmasına 5000 manat pul lazımdır. Beləliklə hadisə zamanı qızına 1000 və 5000 manat, cəmi 6000 manat məbləğində maddi ziyan yetirilmişdir. Bundan əlavə hadisə zamanı ona və qızı Alidəyə 10000 (on min) manat məbləğində mənəvi zərər dəymişdir. Beləliklə, göstərilən yol nəqliyyat hadisəsi zamanı ona və qızı Alidəyə ümumilikdə 24724 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən hadisə zamanı iddiaçının maşınına yetirdiyi 9724 manat məbləğində maddi ziyana və 5000 manat mənəvi ziyana görə, qızı İddiaçı2 yetirdiyi xəsarətlərə görə 6000 manat məbləğində maddi ziyana görə və 5000 manat mənəvi ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 24754 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3963/2017 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə maddi zərərə görə 9724 manat, İddiaçı2 xeyrinə mənəvi zərərə görə 2000 manat tutulması, 30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehlərin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, maddi ziyan hissəsində yalnız ziyanın ekspertiza rəyi əsasında müəyyən edilmiş hissədə təmin edilməsi, mənəvi ziyanın hissədə isə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun həbsdə olduğunu bilə-bilə onun iştirakını təmin etməmiş və iddia ərizəsinin surətini və məhkəmə bildirişlərini onun həbs yerinə göndərməməklə onun məhkəmədə özü və ya nümayəndəsi ilə iştirakının qarşısını almışdır. Bundan əlavə, məhkəmə iddiaçıya dəymiş maddi ziyan barədə heç bir araşdırma aparmadan, həmin ziyanın həqiqi həcmini müəyyən etmək üçün ekspertiza təyin etmədən, yalnız hökmdə göstərilmiş məbləği əsas gətirərək maddi ziyanın miqdarını müəyyən etmişdr. Lakin cinayət işinə baxılarkən zərərçəkmiş mülki iddia verməmiş və cinayət işinə baxılan məhkəmə baxışı zamanı avtomaşına dəymiş ziyan məsələsi müzakirə edilməmiş və buna hüquqi qiymət verilməmişdir. İddiaçı həmin iddianı mülki məhkəmə icraatı qaydasında verdiyi üçün mübahisə MPM-nin tələbləri baxımından həll edilməli, ziyanın miqdarı da həmin Məcəllənin tələbləri əsasında müəyyən edilməli idi. Mənəvi ziyanın tutulması hissəsində də qətnamə qanunsuz olmuşdur. Belə ki, iddiaçının hər hansı bir mənəvi ziyan çəkməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə heç bir sübut olmadan mənəvi ziyana görə olan iddianı qismən təmin etmişdir. Həmin mənəvi ziyanın məbləği də əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9189/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə maddi zərərə görə 9724 manatın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissədə, yəni iddiaçı X1 xeyrinə mənəvi zərərə görə 2000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-763/2020 saylı, 07 fevral 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən İddiaçı1 Nemət oğlunun verdiyi kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Digər proses iştirakçılarının məhkəmə iclasına gəlmədiklərinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan hissəsini təmin edərkən gəldiyi nəticəni Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə əsaslandırmışdır. İşdən müəyyən olunur ki, sözügedən hökm ilə Cavabdeh 07 avqust 2016-cı il tarixdə, saat 22 radələrində, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Gentra” markalı, az ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətindən, metronun “Koroğlu” stansiyası istiqamətində, saatda 50-60 kilometr sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət etməklə, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq məqsədilə düzgün ara məsafəsi seçməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək, ehtiyatsızlıqdan qarşısında ünvan 1 ünvanında dönmək üçün dayanmış sürücü İddiaçı1 Nəhmət oğlunun etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mercedes Benz230” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Daewoo Gentra” markalı, ** AE *** dövlət qeyd nişanlı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin İddiaçı2 beyin silkələnməsi, sol almacıq sümüyünün qapalı yerdəyişmiş sınığı, sol gözətrafı hematoması, sol almacıq və yanaq nahiyyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmiş, həmçinin “Mercedes Benz 230” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şirəliyev Nəhmət oğluna 9.724 manat məbləğində maddi zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh apellyasiya şikayətinin vurulan maddi ziyanla bağlı tam araşdırma aparılması dəlili ilə bağlı Bakı Apellyasiya məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərardadı ilə məhkəmə təşəbbüsü ilə iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan, “Honda” servis tərəfindən təqdim olunmuş 17.09.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5290,0 manat müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək iddia tələbi üzrə maddi ziyan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin təqsirkar hərəkətləri nəticəsində İddiaçı1 Nəhmət oğluna maddi ziyan dəyməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Lakin kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində tam araşdırma aparmamışdır. İşin hallarını, eləcə də, ekspertiza rəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanın vurulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində cavabdehin mənəvi ziyanın dəyməsini sübuta yetirmək üçün kifayət qədər sübutlar təqdim etmək imkanının olmamasını nəzərə alaraq cavabdehdən tutulmalı olan məbləğin 2000 manat məbləğində qiymətləndirilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin məruz qaldığı mənəvi ziyanın sübuta yetirilməsi mənəvi-psixolojı amillər (zərər çəkmişin əzab-əziyyət, sarsıntılara məruz qalması, mülkiyyətindən iradəsindən asılı olmayaraq istifadə edə bilməməsi, yaradılmış şəraitlə bağlı sıxıntılar çəkməsi və s.) ilə bağlıdır. Bu cür mənəvi-psixolojı amilləri isə sübut kimi məhkəməyə təqdim etmək mümkün deyil. Mənəvi zərərin mövcudluğu işin vəziyyətindən asılı olaraq məhkəmənin özü tətəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə ziyanın ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, baş vermiş hadisə nəticəsində İddiaçı2 beyin silkələnməsi, sol almacıq sümüyünün qapalı yerdəyişmiş sınığı, sol gözətrafı hematoması, sol almacıq və yanaq nahiyyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər almasını,həmin xəsarətlərin fiziki nəticələrinin uzun müddət davam etməklə iddiaçıya mənəvi-psixoloji sarsıntılar gətirmə ehtimalının olması və digər halları İddiaçı2 həqiqətən də mənəvi zərər dəyməsi nəticəsinə gəlmək üçün əsasdır. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi maddi ziyanın müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehin təqsirkar hərəkətləri nəticəsində İddiaçı1 Nəhmət oğluna dəymiş maddi ziyanın məbləği 5290 manat müəyyən edilməklə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri 100 manat Məhkəmə Ekseprtiza Mərkəzi tərəfindən aparılmış ekspertizasının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid edilən ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait isə tərəflərdən Məhkəmə Ekseprtiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3963/2017 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2017-ci il tarixli qətnaməsi maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə maddi zərərə görə 5290 manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat iddiaçılar İddiaçı1 Nəhmət oğlundan, İddiaçı2 və Cavabdeh müştərək qaydada dövlət büdcəsinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-369/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-369/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver