Məhkəmə qərarları › İş №2(103)-369/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-369/2024

08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-369/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Şəhəri BPİ-nin X17 İdarəsi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Şəhəri BPİ-nin X17 İdarəsi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mübahisə predmetini təşkil edən “QAZ 33021" yük markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə X6 həmin avtomobili sərəncam vermək səlahiyyəti daxil olmaqla İddiaçı1 etibar etmişdir. İddiaçı1 da öz növbəsində xx.xx.2019-cu il tarixdə avtomobili idarə edilməsi üçün İddiaçı2 etibar etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı2 “QAZ 33021" yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı bortlu-tenli yük avtomobilinin kuzovunun arxa divarında dövlət qeydiyyat nişanlarını təkrar yazdırmadığına görə Bakı şəhəri X15 yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati tənbeh tədbiri kimi 50 manat məbləğində cərimə edilmiş, bununla yanaşı avtomobil yol hərəkətində iştirakdan kənarlaşdırılmış və mühafizə olunan duracağa yerləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarı ilə Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən İddiaçı2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, İddiaçı2 barəsində Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta olmadığından xitam verilmiş, eləcə də avtomobilin DİN BDYP-nin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasından İddiaçı2 qaytarılması qərara alınmışdır. Avtomobil hazıradək Azərbaycan Respublikası DİN Baş X19 İdarəsinin “SİQNAL” İLİ İdarəsinin 10 saylı cərimə meydançasında saxlanılır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-117/2022 saylı mütəxəssis rəyinə əsasən analoqlardan göründüyü kimi oxşar xüsusiyyətlərə malik nəqliyyat vasitələrinin bazar dəyərini tapmaq üçün monitorinq aparılmış, düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin işlək vəziyyətdə olan bazar dəyəri müəyyən edilmişdir. Alınmış nəticə 7.500 manat təşkil edir. Avtomobilin 41 ay müddətinə AR DİN-nin Baş X17nin cərimə meydançasında saxlanılması nəticəsində nəqliyyat vasitəsinin istifadə edilməməsi səbəbindən əldən çıxmış faydanın məbləği xx.xx.2022-ci il tarixinə 30.750 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7264-9/7273 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən “QAZ 33021" yük markalı, 1998-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 8.500 manat müəyyən olunur, avtomobilin xx.xx.2019-cu il tarixdən istifadə olunmaması nəticəsində əmtəə dəyərini 5% itirməsi nəticəsində qalıq qiymətinin təxminən 8.075 manat olması istisna edilmir, əldən çıxmış faydanın müəyyən edilməsi üçün ekspertlər qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9035 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən “QAZ 33021" markalı, 1998-ci il buraxılışlı yük avtomobilinin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin nəzəri qaydada təxminən 8.500 manat olması, avtomobil avtoservis mərkəzində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra salam qalmış hissələrin dəyəri müəyyən edilə bilər.

Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri BPİ-nin X17 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində dəymiş 5.000 manat maddi və 3.000 manat mənəvi zərər olmaqla, cəmi 8.000 manat məbləğində pulun, habelə 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışdırlar ki, İddiaçı1 tərəfindən verilmiş etibarnamə əsasında İddiaçı2 idarə etdiyi “QAZ 33021 YUK" markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2019-cu il tarixdə, saat 10-11 radələrində Lökbatan-Biləcəri magistral yolda Biləcəri istiqamətinə hərəkət edərkən, Biləcəri-Şamaxinka yolayrıcısında 2 nəfərdən ibarət olan ** YP *** nömrəli yol patrul xidməti avtomobilinin polis serjantları, “tent"in olmaması adı ilə avtomobili saxlamış və həmin avtomobili AR DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasına heç bir sənəd təqdim etmədən yerləşdirmişdir. İddiaçı2 ** YP *** nömrəli yol patrul xidməti avtomaşınında xidməti vəzifəsini icra edən polis serjantlarının qanunsuz hərəkətləri barədə həmin gün AR DİN-in “102” qaynar xəttinə məlumat vermişdir. Sözügedən avtomaşın Bakı Şəhər BPİ DYPİ Yol patrul xidmətinin inspektorları tərəfindən qanunsuz olaraq xx.xx.2019-cu il tarixdən mühafizə olunan duracağa yerləşdirilmiş və həmin tarixdən fərdi sahibkarlıq fəaliyyətlərini həyata keçirə bilməmişlər. Habelə məlum tarixdən hər iki ailə üzvləri yeganə qazanc mənbəyindən məhrum edilmişlər. Bakı Şəhər BPİ DYPİ Yol patrul xidmətinin inspektorlarının qanunsuz hərəkətləri nəticəsində onara bu müddət ərzində 5.000 manat maddi zərər vurulmuşdur. Bundan başqa, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçılar mənəvi sarsıntı, iztirablar keçirmiş, habelə sağlamlığına xeyli zərər vurulmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4230/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilmişdir (hakim X7).

5. Məhkəmə iddia tələbinin maddi zərərin tutulması ilə bağlı hissədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar Bakı Şəhəri BPİ-nin X17 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş protokoldan narazıdırlar, həmin protokolu qanunsuz hesab edirlər və iddia edirlər ki, polis əməkdaşlarının qanunazidd hərəkətləri nəticəsində onlara maddi və mənəvi ziyan dəymişdir. Lakin iddiaçılar sözügedən protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı inzibati qaydada mübahisələndirmədən, sözügedən inzibati protokol və qərar ləğv edilmədiyi halda və hazırda qüvvədə olmasına baxmayaraq, Bakı Şəhəri BPİ-nin X17 İdarəsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmin zərərin nəyə əsasən müəyyən edilməsini təsdiq edən dəlilləri isə məhkəməyə təqdim etməmişlər. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşsə də, onlar öz iddia tələblərini sübuta yetirə bilməmiş, məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin dəyməsini sübut edə bilməmişdirlər.

6. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia tələbində cavabdehin qanunazidd hərəkətləri nəticəsində mənəvi sarsıntı, iztirablar keçirdiklərini, habelə sağlamlığına xeyli zərər vurulduğunu və pozulmuş hüquqlarının və sağlamlığının bərpa edilməsi üçün xərc çəkdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, bir sıra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13328/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov).

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və eyni mövqedən çıxış edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdilər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1871/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13328/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov).

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ümumiyyətlə işdə, sözügedən nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın iddiaçılar tərəfindən saxlanılan anda aradan qaldırılmasına hər hansı cəhd göstərilməsinə dair heç bir sübut yoxdur, ona görə də kasasiya şikayətinin dəlilləri tam əsassızdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək bildirmişdilər ki, əvvəlki məhkəmə icraatları zamanı inzibati xəta haqqında protokolun və qərarın qüvvədə olması əsası ilə iddia tələbi təmin edilməmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarına əsasən İddiaçı2 barəsində Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, İddiaçı2 barəsində Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta olmadığından xitam verilmiş, eləcə də avtomobilin geri qaytarılması qərara alınmışdır. Bu da mübahisə üzrə yeni halın yaranmasını göstərir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1871/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx.xx.2022-ci il, 13(102)-60/2021 saylı qərardadına əsasən iddiaçıların ərizəsi təmin edilmiş, ərizə mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli, 13(102)-1/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1871/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13328/2019 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4230/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarlarının çıxarılmasına əsas olmuş inzibati xəta haqqında qərar ləğv olunduğundan və şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından icraata xitam verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına yenidən baxılması üçün əsasdır.

Birinci instansiya məhkəməsindəki ikinci icraat

17. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı Şəhəri BPİ-nin X17 İdarəsini əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz etməklə, Bakı Şəhəri BPİ-nin X17 İdarəsini isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X17 İdarəsi əməkdaşlarının qanunsuz əməlləri nəticəsində onlara verilmiş maddi ziyanın əvəzi olaraq 61.550 manat maddi ziyan və 15.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 76.550 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə itirilmiş dəyərinin əvəzi olaraq 425 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 955 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X9) .

19. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların istifadəsində olan yük avtomobilinin əsassız olaraq hazıradək – 4 ilə yaxın müddət ərzində cərimə meydançasında saxlanılmasına görə avtomobilin istifadəsiz və baxımsız qalması səbəbindən dəyərinin itirilməsi mübahisəsizdir. Lakin iddiaçı avomobilin dəyərinin 2.800 manat məbləğində itirildiyini bildirsə də, iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən edilir ki, qeyd olunan markalı və buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 8.500 manat müəyyən olunur. Mübahisə predmeti olan avtomobil isə xx.xx.2019-cu il tarixdən istifadə olunmaması nəticəsində dəyərini 5% itirməklə hazırkı dəyəri 8.075 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019cu il tarixdən duracaqda saxlanılmaqla 425 manat dəyər itirmişdir (8.500*5%=425 və ya 8.500-8075=425).

20. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçılar avtomobilə dair İddiaçı1lə icarə müqaviləsinin bağlanması və həmin müqavilə üzrə icarəyə götürənlə İddiaçı2 əmək müqaviləsi bağlamaqla sürücü kimi fəaliyyət göstərməsini əsas gətirərək əldən çıxmış faydanı tələb etsələr də, bu halları sübut edə bilmirlər. Belə ki, iddiaçılar xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətini məhkəməyə təqdim etsələr də, həmin müqavilə əsasında hansı hərəkətlərin edilməsi, öhdəliklərin hansı qaydada və nə dərəcədə icra edilməsi, həmçinin digər İddiaçı2 sürücü kimi işə qəbul edilməsi ilə bağlı sübutları – ödəniş qəbzləri, hesabat sənədlərini və s. məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi isə ziddiyyətli olmaqla, istinad edilən mənbələr dəqiq göstərilmədiyindən sübut olaraq qəbul edilə bilməz. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylə isə müvafiq materiallar iddiaçı tərəfindən təqdim edilmədiyindən əldən çıxmış faydanın hesablanması mümkün olmamışdır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə sübut olunmadığından təmin edilə bilməz.

21. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması ilə bağlı hissəsinə münasibət bildirirək qeyd etmişdir ki, işin faktiki hallarından məlumdur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində 4 il müddətində avtomobil əsassız olaraq dayanacaqda qalmışdır. Bu müddət ərzində iddiaçıların hüquqlarını müdafiə etmək məqsədilə dəfələrlə məhkəmə şikayətlə müraciət etməsi, avtomobilə maddi ziyan vurulması isə onu deməyə əsas verir ki, iddiaçıların mənəvi sarsıntı keçirməsi istisna edilmir. Lakin iddiaçılar bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbini mənəvi zərərin tutulması hissəsində iddianı qismən - 500 manat məbləğində təmin etmişdir.

22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

24. İddiaçılar eyni məzmunlu apellyasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında avtomobilin qaytarılması göstərilsə də, DYP-nin əməkdaşları yalnız həmin avtomobilin cərimə meydançasında saxlanmasına görə ödəniş edildikdən sonra avtomobilin verilə biləcəyini bildirmişlər. Lakin məhkəmə buna başqa cür qiymət vermiş və həmin avtomobilin qəsdən cərimə meydançasından götürmədiyi kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, lakin ekspert məhkəmə tərəfindən qoyulmuş suallara cavab verə bilməmişdir. Bunu isə məhkəmə qeyri-qanuni olaraq iddianın təmin edilməməsi istiqamətində qiymətləndirmişdir. Bir halda ki, məhkəməyə təqdim edilən mütəxəssis rəyi də bu sahədə xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər tərəfindən tərtib edilmişdir. Digər tərəfdən, avtomobil 2019-cu ilin 01 fevralında alınmışdır və cəmi 2 ay müddətində istifadə olduqdan sonra DYP əməkdaşları tərəfindən əsassız olaraq cərimə meydançasına yerləşdirilmişdir. Əlbəttə, bu 2 ay ərzində də əldə olunmuş qəbzlərin halhazırki iddiada istifadə oluna biləcəyi düşünülmədiyi üçün də, həmin qəbzlər saxlanılmamışdır. Amma hamıya məlum olan, sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, əgər hər hansı bir yüklərin daşınması üçün avtomobil əldə olunursa, təbii ki, bu ancaq müəyyən gəlir götürmək məqədilə əldə olunmuşdur. Amma məhkəmə bu baxımdan da iddiaya düzgün yanaşmamışdır. Mənəvi ziyan məbləği kimi 500 manat pulun tutulması isə tamamilə absurd və məntiqsiz nəticədir. 4 ildən artıq keçən bu müddət ərzində həm inzibati, həm də mülki qaydada dəfələrlə məhkəmələrə müraciət olunması, hüquqların müdafiəsi üçün xeyli miqdarda xərc çəkilməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

25. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100 və 1101-ci maddələrində orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. İddiaçıya ziyan vuran tərəf Bakı Şəhəri BPİnin X17 İdarəsidir (İdarənin aidiyyəti məsul əməkdaşı, əməkdaşları). Lakin məhkəmə tərəfindən iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda saxlanılmış, onların səhvi nəticəsində dövlət büdcəsindən tutulan vəsaitin büdcəyə bərpası məsələsinə belə izah verilməmişdir. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. İddia tələbindən də göründüyü kimi, iddiaçının hüquq-mühafizə və məhkəmə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Yasamal Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

29. İştirak etdikləri məhkəmə iclasında İddiaçı2, habelə onun və digər İddiaçı1 vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətlərinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

30. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, habelə ona məxsus olan yük maşınının qaytarılmasını xahiş etmişdir.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və üçüncü şəxs Bakı Şəhəri BPİ-nin X17 İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;

34. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir; 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Hazırda hüquqi nəticə etibarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq həmin hissədə də təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, iddiaçıların izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticə etibarı ilə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, “QAZ 33021" yük markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçüncü şəxs X3 mülkiyyətindədir. Həmin avtomobil onun tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamə ilə sərəncam vermək səlahiyyəti də daxil olmaqla İddiaçı1 etibar edilmişdir. İddiaçı1 da xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş etibarnamə ilə bu nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyətini İddiaçı2 ötürmüşdür. Həmin etibarnamələrin müddəti əsas götürülməklə hər iki iddiaçı hüquqi nəticə etibarı ilə məhz xx.xx.2019-cu il tarixədək avtomobilə münasibətdə səlahiyyətli olmuşlar. xx.xx.2019-cu il tarixdə avtomobil İddiaçı2 tərəfindən idarə edilən zaman Bakı şəhər Baş X19 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və nəticədə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə İXP serialı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bununla yanaşı avtomobil yol hərəkətində iştirakdan kənarlaşdırılaraq, həmin idarənin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasına yerləşdirmişdir. Həmin protokola əsasən qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərar iddiaçılar tərəfindən mübahisələndirilmiş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarı ilə Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən İddiaçı2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, İddiaçı2 barəsində Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta olmadığından xitam verilmiş, həmçinin avtomobilin DİN BDYP-nin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasından İddiaçı2 qaytarılması qərara alınmışdır. Buna baxmayaraq, avtomobil hazıradək Baş X19 İdarəsinin “SİQNAL” İLİ İdarəsinin 10 saylı cərimə meydançasında saxlanılır.

41. Hazırda iddiaçılar Bakı Şəhəri Baş X19 İdarəsinin əməkdaşlarının onlara, habelə onların istifadə və sahibliyində olan avtomobilə qarşı hərəkətlərinin qanunsuz olduğunu, bu halın məhkəmə qaydasında sübuta yetirildiyini, nəticədə onlara maddi və mənəvi zərərin vurulduğunu iddia edirlər və bunun əvəzi olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 61.550 manat məbləğində (hərəkətsiz vəziyyətdə dayanacaqda qalması nəticəsində avtomobilə vurulmuş maddi zərər – 2.800 manat, X12 ilə bağlanmış xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əsasən İddiaçı1 hər ay 800 manat olmaqla 47 ay üzrə ödənilməli olan 37.600 manat, İddiaçı2 47 ay ərzində hər ay 450 manat əmək haqqı olaraq ödənilməli olan 21.150 manat) maddi və 15.000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb edirlər. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia üzrə tələb edilən məbləğin ondan tutulmalı olmadığını bildirir və bu əsasla iddianın rədd edilməsini tələb edir.

42. Məhkəmə kollegiyası iddia tələbinin “avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

44. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

45. Nəzərə alınmalıdır ki, iddiaçılar həmin avtomobilin mülkiyyətçisi deyil, İddiaçı2 ona verilmiş etibarnamə üzrə ümumiyyətlə avtomobili yalnız idarə etmək səlahiyyətində malikdir. Habelə avtomobilə vurulması iddia edilən zərər məbləği iddiaçıların hər hansı biri tərəfindən ödənilməmişdir. Onun mülkiyyətçisi olan üçüncü şəxs X6 məhkəməyə ünvanladığı ərizədə avtomobilin ona məxsus olduğunu bildirir və qaytarılmasını xahiş edir. Lakin nə bu barədə, nədə ki, avtomobilə vurulmuş zərərin əvəzinin tutulması tələbini irəli sürməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar hərəkətsiz vəziyyətdə dayanacaqda qalması nəticəsində avtomobilə vurulmuş maddi zərəri tələb etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində iddianın həmin hissədə məhz qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.

46. Məhkəmə kollegiyası iddia tələbinin “əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “QAZ 33021" yük markalı, **-BJ- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilən xx.xx.2019cu il tarixdə iddiaçıların qanuni istifadə və sahibliyində olmuş və müddət baxımından etibarnamələrlə məhdudlaşdırıldığından bu hüquqi vəziyyət xx.xx.2019-cu il tarixədək davam etmişdir. Bakı Şəhəri Baş X19 İdarəsi tərəfindən İddiaçı2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli qərar isə təxminən 2 il sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarı ilə ləğv edilmiş, onun barəsində başlanılan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta olmadığından xitam verilmişdir. Nəticədə iddiaçılara ən azı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddət üçün əldən çıxmış fayda qismində maddi, habelə ümumiyyətlə mənəvi zərərin vurulması istisna edilmir.

47. Lakin məhkəmə kollegiyası hesab edir ki, maddi və mənəvi zərərin qeyd edilən, habelə iddianın son dəyişdirilməsi, yəni xx.xx.2023-cü il tarixədək tələb edilməsindən asılı olmayaraq, cavabdeh apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillərində iddia tələbinin ona qarşı qaldırılmalı olmaması mövqeyindən çıxış etdiyindən mübahisəyə ilk növbədə bu səpkidə hüquqi qiymət verilməli və yalnız cavabdehin bu dəlili təkzib olunacağı təqdirdə, bu tələblərin əsaslığına hüquqi qiymət verilməlidir.

48. Bu baxımdan məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin bu qəbildən olan dəlillərinə hüquqi qiymət verilməsi, o cümlədən iddiaçılara vurulmuş maddi və mənəvi zərərin cavabdeh qurum tərəfindən ödənilməli olub-olmamasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci və 1101-ci maddələri, o cümlədən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əlaqəli şəkildə nəzərdən keçirilməlidir.

49. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsi ilə adı çəkilən qurumların (onların vəzifəli şəxslərinin) qanunsuz fəaliyyətindən irəli gələn zərərin tam həcmdə Azərbaycan Respublikası tərəfindən ödənilməsi nəzərdə tutulduğu halda, bu Məcəllənin 1102-ci maddəsində həmin orqanların 1101-ci maddəsinin təsir dairəsinə düşməyən nəticələrə səbəb olan hərəkət və hərəkətsizliklərindən irəli gələn zərərə görə Azərbaycan Respublikasının birbaşa məsuliyyəti istisna edilmişdir. Bu halda qanunverici zərərin əvəzinin Mülki Məcələnin 1097-ci maddəsinə əsasən ümumi əsaslarla pozuntuya yol vermiş qurumdan tutula biləcəyinin mümkünlüyünü müəyyən etmişdir.

50. Qanunvericiliyin istinad edilən müddəaları da nəzərə alınaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddia tələbinin əsasını polis əməkdaşı tərəfindən inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsi deyil, bu qərarı qəbul etmiş polis əməkdaşının qanunsuz hərəkətləri nəticəsində avtomobilin yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla mühafizə olunan meydançaya yerləşdirilməsi təşkil edir. Halbuki, inzibati xətalar məcəlləsində İddiaçı2 barəsində başlanılmış inzibati xəta barədə icraat üzrə avtomobilin xüsusi mühafizə olunan meydançaya yerləşdirilməsi zərurəti ilə bağlı hər hansı imperativ tələb təsbit edilməmiş, iddiaçı barəsində çıxarılmış inzibati tənbehvermə haqqında qərarda da bu barədə hər hansı qeyd aparılmamış və aparıla da bilməzdi. Başqa sözlə, avtomobilin meydançaya yerləşdirilməsi inzibati tənbehin verilməsi haqqında qərardan irəli gəlməmiş və bununla bağlı ümumiyyətlə hər hansı rəsmiləşdirmə aparılmamışdır. Bu səbəbdən onun qanunsuz fəaliyyəti nəticəsində hazırki halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etməməlidir.

51. Bununla belə, iddiaçıların istinad etdikləri hal (avtomobilin mühafizə dayanacağına yerləşdirilməsi) Azərbaycan Respublikası adından çıxarılmış hər hansı qərar və ya aktla müəyyənləşdirilmədiyindən, birbaşa Bakı Şəhəri Baş X19 İdarəsinin əməkdaşının öz vəzifə səlahiyyətlərini aşması nəticəsində iddiaçılara maddi və mənəvi zərər dəydiyindən hazırki iddia tələbi də məhz həmin quruma qarşı qaldırılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarında da İddiaçı2 barəsində inzibati icraatı aparan vəzifəli şəxsin öz səlahiyyətlərini pozması halı qeyd edilmiş, məhz bu pozuntular əsasında qəbul edildiyi üçün şəxs barəsində tərtib edilmiş protokol və qərar ləğv edilmişdir.

52. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, hazırki halda dövlət orqanının məsuliyyəti təqsirsiz məsuliyyətdir. Bu məsuliyyət müvafiq qurumun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu səbəbdən də, Bakı Şəhəri Baş X19 İdarəsinin də öz növbəsində pozuntulara yol vermiş vəzifəli şəxsdən vurulmuş zərərə görə ödənişin əvəzini reqress qaydada tələb edilməsi hüququ yaranır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. İddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar