Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3694/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh vəkili (nümayəndəsi) X4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın (11 sot bələdiyyə torpaq sahəsinin bu günkü bazar dəyəri olan) 80.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 330 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı, 2007-ci ildə bələdiyyə torpağı almaq qərarına gəlmişdir. Əvvəllər tanıdığı X7 iddiaçıya bildirmişdir ki, onun yaxın qohumu Abşeron rayon Fatmayi kənd icra nümayəndəsi vəzifəsində işləyir, onun vasitəsi ilə Abşeron rayonunda münasib qiymətə bələdiyyə torpağı alınmasına köməklik göstərə bilər. Bundan sonra Solmaz, təzə Fatmayi bağları deyilən ərazidə 40 sot torpaq sahəsini iddiaçıya göstərərək bir hektarının 1.300 ABŞ dollarına satıldığını bildirmişdir. Onlar öz aralarında razılaşdıqdan sonra 52.000 ABŞ dollarını iddiaçı öz evində Solmaza vermişdir. Solmaz pulu aldıqdan sonra torpaq sahəsinin sənədlərini iddiaçının adına rəsmiləşdirə bilmədiyini bildirmişdir. Solmaz, bu məsələdə ona köməklik göstərilməsi üçün tanışı X2 müraciət etmişdir. Həmin vaxt iddiaçı, Səadət Hacıyevanın iş yoldaşı Tərlan Ağayevin köməyi ilə Fatmayi kəndində torpaq sahəsini satan şəxs Əliyev Mübariz Süleyman oğlu ilə tanış olmuşdur. Daha sonra sənədlərin rəsmiləşdirilməsi zamanı Mübariz Süleymanov iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin 1 hektar hissəsi satılır. Ona görə də iddiaçı 52.000 ABŞ dollarından əlavə Səadət Hacıyevaya 40 sot torpaq sahəsinin alınması üçün 40.000 ABŞ dolları da vermişdir. Beləliklə, iddiaçı tərəfindən 80 sot torpaq sahəsinin alınması üçün cavabdehə 92.000 ABŞ dolları məbləğində pul verilmişdir. Lakin sonradan Səadət Hacıyeva tərəfindən 48.000 ABŞ dolları əvəzi olaraq 30 sot torpaq sahəsi verilmiş və qalan 54.000 ABŞ dolları müqabilində olan 50 sot torpaq sahəsi verilməmişdir. Ona görə də iddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək Səadət Hacıyeva, Solmaz Fərəməzova və Mübariz Əliyevə qarşı 54.000 ABŞ dolların qaytarılması barədə iddia qaldırmışdır. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, 2007-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda iddiaçının adından xx.xx.2007-ci il tarixli, AN-İN 01377209 №-li “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlanılmışdır. Həmin müqavilədə satıcı qismində X8 adından etibarnamə üzrə çıxış edən X12 rayonu, 2 nömrəli sovxozda yerləşən ümumi sahəsi 2,0 ha olan torpaq sahəsinin 0,32 ha torpaq sahəsini 15.000 manata iddiaçıya satdığı qeyd edilmişdir. Lakın iddiaçının isə nəinki bu alğı-satqı müqaviləsindən, notariat ofisində aparılan həmin notariat əməliyyatından belə xəbər olmamışdır. Məhkəmə prosesləri zamanı alğı-satqı müqaviləsındəki imzanın saxta olubolmaması ilə bağlı iddiaçı, xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət vermiş, vəsatəti məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2014-cü il tarixli, 14924 saylı rəyinə əsasən məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsindəki” “Alıcı” qrafasındakı Musayev soyadı önündəki imzalar iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiasının qismən təmin edilməsini, cavabdehlər Səadət Hacıyeva və Solmaz Fərəməzovadan müştərək qaydada 42.400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2015ci il tarixli qətnamə ilə həmin qətnamə ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Mübariz Əliyevdən 42.400 manat pulun tutulub hazırkı iş üzrə iddiaçıya ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və onun əsasında verilmiş icra sənədi icraya yönəldilmişdir. Həmin icra sənədi üzrə icra hərəkətlərini yerinə yetirən Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Alıyev tərəfindən “icraata başlamaq haqqında qərar” qəbul edilsə də, sonradan X10 xx.xx.2017-ci il tarixdə vəfat etməsinə görə icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Abşeron rayonu 1 saylı Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləmiş cavabdeh tərəfindən qanunsuz notariat əməliyyatının həyata keçirilməsi məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh həmin Notariat Kontorunun rəisi vəzifəsində işlədiyi zaman vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə görə digər vətəndaşlara da külli miqdarda maddi ziyan vurmuşdur. İddiaçı cavabdehlə dəfələrlə görüşmüş və onun adından qanunsuz alğı-satqı əməliyyatını icra etdiyi üçün ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın 48.000 ABŞ dolları əvəzi olaraq 30 sot bələdiyyə torpaq sahəsi verilmişdir. Lakin qalan 54.000 ABŞ dolları müqabilində olan 50 sot torpaq sahəsi verilməmişdir. Sonradan iddiaçının təkidli tələbindən sonra cavabdeh ona 21 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vermişdir. Halbuki, belə torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilmir. Baxmayaraq ki, iddiaçıya həyətyanı torpaq sahəsi verilməli idi. Daha sonra iddiaçı qalan 11 sot bələdiyyə torpaq sahəsinin verilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh onu aldadaraq nə torpaq vermiş, nə də ki, onun dəyəri ödəmişdir. Bundan sonra o, cavabdehin əsassız bəhanələrindən təngə gələrək xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına xəbərnaməli poçt göndərişi ilə pretenziya məktubu göndərilmiş 0,11 hektar bələdiyyə torpaq sahəsinin ona verilməsini və bu mümkün olmadığı halda, onun bazar dəyərinin, yəni 80.000 manat məbləğində pulun ona ödənilməsi barədə təklif bildirişi göndərilmişdir. Lakin cavabdeh onun təklifini almasına baxmayaraq, heç bir münasibət bildirməmişdir. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək və bunun üçün dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə “iddia tələbinə qarşı etiraz” təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən faktlar həqiqəti əks etdirmir və hətta cavabdehin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5102/15 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə görə Əliyev Mübariz Süleyman oğlundan İddiaçı xeyrinə 42.400 manat pulun ödənilməsi qət edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bu qərarlar mübahisə edilə bilməz və sübuta ehtiyacı yoxdur. Həmin qərarlardan aydın olur ki, iddiaçını aldadan şəxs, yəni ona maddi ziyan vuran şəxs Əliyev Mübariz Süleyman oğlu müəyyən edilmiş və pul məbləğinin də elə həmin şəxsdən tutulması qərara alınmışdır. Hazırda həmin şəxsin vəfat etməsi bu faktı dəyişdirmir. Qərarlarda cavabdehin iddiaçıya nə kimi ziyan vurması, istinad etdiyi ekspertiza rəyinin ona verilməyən torpaq sahəsinə nə kimi bağlılığı olduğunu, yəni bir sözlə iddianın əsasını təşkil edəcək sübutları qeyd etməmişdir. Hesab edir ki, iddiaçı iddia ərizəsi üzrə düzgün cavabdeh seçməmiş, ümumiyyətlə iddia ərizəsini fərziyyələr üzərində tərtib etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia əsaslı hesab edilə bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09 aprel 2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2007-ci il tarixli alğısatqı müqaviləsi üzrə ona verilməsi nəzərdə tutulan torpaq sahəsinin bir hissəsinin sonradan ona verildiyini, verilməyən 0,11 ha hissənin isə hələ də ona verilmədiyini və dəyərinin 80.000 manat təşkil etdiyini iddia edərək, həmin pul vəsaitinin məruz qaldığı zərər kimi həmin dövrdə xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinin təsdiqləndiyi notariat kontorunun notariusu işləmiş cavabdehdən tutulmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddiasının faktiki əsası kimi istinad etdiyi hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərarının aid olduğu mülki işdə iddiaçı tərəfindən irəli sürülən faktiki hallarla üst-üstə düşür. Halbuki, iş materiallarından aydın olur ki, sözügedən mülki işdə dəyərini ödəməsinə rəğmən, iddiaçıya verilməyən sahəsinə görə 42.400 manat pulun Mübariz Əliyevdən tutulması qərara alınaraq icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin verilməməsinə görə onun məruz qaldığı zərərin – yəni, verilməyən torpaq sahəsinin dəyərinin ödənilməsi vəzifəsinin daşıyıcısının Mübariz Əliyev olduğu qanuni qüvvəyə olan məhkəmə qərarı ilə təsbit edilmiş və zərərin məhz həmin şəxsdən tutulması qət edilmişdir. Bu mənada, verilməyən eyni torpaq sahəsinə görə (hətta əvvəlkindən daha az sahəyə görə) zərərin təkrarən başqa şəxsdən – hazırkı iş üzrə cavabdehdən tələb edilməsinə yol verilə bilməz. X10 ölməsi səbəbindən icra vərəqəsi icraata xitam verilməsi də fərqli nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsasızdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsası ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi, iddiaçı tərəfindən ona təqdim edilmiş xx.xx.2015-ci il tarixli, 2(103)-2829/2015 nömrəli “İcra vərəqəsini”, Binəqədi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında qərarı” və “icra sənədi üzrə icraata xitam verməsi haqında qərarı” nəzərə alınmamışdır. Məhkəmə qətnaməsi ilə borclu hesab edilən şəxs Mübariz Əliyev öldüyündən və onun miras əmlakı olmadığı üçün tələbinin yönəldilməsi mümkün olan əmlak yoxdur. Ona görə də həmin borc məbləği, iddiaçıya maddi ziyanın vurulmasının əsil səbəbkarı olan və həmin vaxt notarius vəzifəsində işləmiş hazırkı iş cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin Rayon Məhkəməsi öz qətnaməsini əsaslandırarkən qanunvericiliyin müvafiq normalarını sadalamaqla kifayətlənmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş və əsaslı olan iddianı təmin etməmişdir. Halbuki, Rayon Məhkəməsi tərəfindən obyektiv araşdırma həyata keçirilsəydi, yekunda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mötəbər sübutlar əsasında ədalətli qərar qəbul edilə bilərdi. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia tələbinə qarşı verilmiş etirazın, habelə Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 4Ə/11-1868 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2007-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X8 mülkiyyətində olan Abşeron rayonu, 2 nömrəli sovxozda yerləşən ümumi sahəsi 2 ha olan torpaqdan 0,32 ha torpağın müvəqqəti istifadə hüquqlarını 15.000 manat müqabilində İddiaçı satmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2014-cü il tarixli, 14924 saylı ekspert rəyinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququnun alğı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, 102-ci vərəqdə olan xx.xx.2007-ci il tarixli İddiaçı adından olan ərizədə “Musayev” soyadı önündəki imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2007-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, 102-ci vərəqdə olan xx.xx.2007-ci il tarixli İddiaçı adından olan ərizədə “Musayev” soyadı önündəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-5102/15 saylı qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2, X5 və Əliyev Mübariz Süleyman oğluna qarşı cavabdehlərdən 42.400 manat pulun alınaraq ona verilməsi barədə iddiası qismən təmin edilərək, cavabdehlər X1 və X3 müştərək qaydada 42.400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Əliyev Mübariz Süleyman oğlundan 42.400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur.
14. Həmin qərardan həmçinin aydın olur ki, cavabdeh Əliyev Mübariz Süleyman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Həmin qərardan o da aydın olur ki, İddiaçı cavabdehlər X6 və X7 vasitəsilə digər cavabdeh Əliyev Mübariz Süleyman oğluna 1 ha torpaq sahəsi müqabilində 92.000 ABŞ dolları məbləğində pul versə də, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi baş tutmamış və ona yalnız 30 sot torpaq sahəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə 30 sot torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini nəzərə alaraq, iddianı cavabdeh Əliyev Mübariz Süleyman oğluna münasibətdə və 42.400 manat tələbi hissəsində təmin etmişdir.
16. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi icraya yönəldilərək iş üzrə icraata başlanılmış, lakin borclu Əliyev Mübariz Süleyman oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi səbəbindən icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
17. İşdə olan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Səadət Hacıyeva və Solmaz Fərəməzova adlı şəxslər vasitəsilə Mübariz Əliyevə 1 ha torpaq sahəsi müqabilində 92.000 ABŞ dolları məbləğində pul versə də, ona yalnız 30 sot torpaq sahəsi verilmiş, bu səbəbdən o, məruz qaldığı zərərin (verilməyən torpaq sahəsinə görə ödədiyi 42.400 manat pulun) adı çəkilən 3 şəxsdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin işə baxılarkən Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsindəki imzaların saxtalaşdırılmış olduğu öz təsdiqini tapmış və iddiaçının sözügedən iddiası Mübariz Əliyevə münasibətdə və 42.400 manat tələbi hissəsində təmin edilərək icraya yönəlmiş, sonradan borclunun ölməsi səbəbindən icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
18. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində, Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ona verilməsi nəzərdə tutulan torpaq sahəsinin bir hissəsinin sonradan ona verildiyini, verilməyən 0.11 ha hissənin isə hələ də ona verilmədiyini və dəyərinin 80.000 manat təşkil etdiyini iddia edərək, həmin pul vəsaitinin məruz qaldığı zərər kimi həmin dövrdə xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinin təsdiqləndiyi notariat kontorunun notariusu işləmiş cavabdehdən tutulmasını tələb etmişdir.
19. İşdən göründüyü kimi, iddiaçının hazırki iddiasının faktiki əsası kimi istinad etdiyi hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-5102/15 saylı qərarının aid olduğu mülki işdə iddiaçı tərəfindən irəli sürülən faktiki hallarla üst-üstə düşür. Halbuki, iş materiallarından aydın olur ki, sözügedən mülki işdə dəyərini ödəməsinə rəğmən, iddiaçıya verilməyən sahəsinə görə 42.400 manat pulun cavabdeh Mübariz Əliyevdən tutulması qərara alınaraq icraya yönəldilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Qeyd edilən prosessual norma ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2003cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
23. odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin verilməməsinə görə onun məruz qaldığı zərərin– yəni, verilməyən torpaq sahəsinin dəyərinin ödənilməsi vəzifəsinin daşıyıcısının Mübariz Əliyev olduğu qanuni qüvvəyə olan məhkəmə qərarı ilə təsbit edilmiş və zərərin məhz həmin şəxsdən tutulması qət edilmişdir. Bu mənada, verilməyən eyni torpaq sahəsinə görə (hətta əvvəlkindən daha az sahəyə görə) zərərin təkrarən başqa şəxsdən– hazırkı iş üzrə cavabdehdən tələb edilməsinə yol verilə bilməz. X10 ölməsi səbəbindən yuxarıda qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsi də fərqli nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz.
24. Məhkəmə, apellyasiya şikayətə münasibətdə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
25. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehin yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir.
27. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Çünki sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apelyasiya baxışının nəticəsi
29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığı üçün iş üzrə cavabdeh hazırkı qətnamədə kassasiya şikayəti verə bilməz, iddiaçı isə bu kimi hüquqa malikdir.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.