Məhkəmə qərarları › İş №2(103)-3695/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3695/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3695/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(006)-685/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanda yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İcarəyə verən X2 ilə icarəçi "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsində tam mülkiyyət üzrə ona məxsus hissəsindən "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müddəti xx.xx.2018-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarə müddəti 27 sentyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı adına xx.xx.2011-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC-də gözətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1i ünvanda yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli 4Ə-405 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X3 adına özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı ona ödənilməyən icarə haqqı və digər ödənişlərin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51.600 manat icarə haqqı borcuna, əlavə 5 faiz hesablanmaqla, 2.580 manat pul, 5.000 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 282 manat 54 qəpik dövlət rusumu, ümumilikdə cəmi 64462.54 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 01 mart 2018-ci il tarixdə cavabdehlə aralarında müqavilə bağlayaraq o, şəxsi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini aylıq 1200 manata icarəyə vermişdir. Belə ki, cavabdeh onu 500 manat maaşa işləməyə dəvət etdi. O, da razılaşmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəsmi olaraq xx.xx.2011-ci il tarixdə onu işə götürdülər. Daha sonra cavabdehlə xx.xx.2018-ci il tarixdə notarial qaydada icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilərək, müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilməsi, rüblük 3600 manat icarə haqqı ödənilməsinə dair rəsmi müqavilə bağlamışlar. Cavabdeh onunla icarə müqaviləsi bağlamazdan əvvəl də xeyli müddət şəxsi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən istifadə etmişdir. O, bu şirkətdə işlədiyinə görə icarə haqqını tələb etməyə çəkinmişdir. Cavabdeh hər ödəniş vaxtı ona icarə haqqının ödənişinin onlarda toplanmasını və yaxın zamanda ödənişi həyata keçirəcəklərini demişdir. O, da orada işləyib maaş aldığına görə məcbur cavabdehin vədlərinə hörmətlə yanaşmışdır. Müqavilənin vaxtı bitəndən sonra 2021-ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən qeyd olunan ərazidən çıxdı, onu da xx.xx.2021-ci il tarixdə işdən çıxartdı. O gündən dəfələrlə icarə haqqının ödənilməsini tələb etsə də indiyədək cavabdeh ona heç bir ödəniş etməmişdir. Cavabdeh onun maddi ehtiyac içində olmasından istifadə etmiş, onu aldatmış, cavabdehlə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etibarından sui-istifadə etmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. İcarə haqqının ödənməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Bu səbəblərdən məhkəməyə pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlə onun arasında bağlanılan icarə müqavilələrinə görə ümumilikdə 43 ay, hər ay icarə haqqı 1.200 manat olmaqla ümumilikdə 51.600 manat borcu vardır. Hesab edir ki, cavabdeh, 51.600 manat borca görə əlavə 5% hesablanmaqla 2.580 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, onun qanunsuz hərəkətləri nəticəsində əsəb, sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən hesab etmişdir ki, ona 5.000 manat mənəvi zərər də dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır. Cavabdehin xeyli müddət əsəbləri ilə oynaması, narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmaması kimi hallar nəzərə alınmalıdır. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi, o cümlədən direktoru Gürcüstan Respublikası vətəndaşı olduğundan, cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsi fiziki şəxs olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşdirmə formal olmuş, torpaq faktiki olaraq cəmiyyətin istifadəsində və sahibliyində qalmışdır. Torpaq sahəsi daima MMC-nin faktiki olaraq cəmiyyətin istifadəsində olduğundan, cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə nə İddiaçı tərəfindən hər hansı icarə haqqı tələb olunmuş, nə də sonuncuya cəmiyyət tərəfindən icarə haqqı ödənilmişdir. Sonradan İddiaçı torpaq sahəsinin onun mülkiyyətində qalmasından istifadə edərək, cəmiyyətdən xəbərsiz, məlumatı olmadan həmin torpaq sahəsini özbaşına satmış və satışdan əldə etdiyi pulu da cəmiyyətə ödəməmişdir. Hal-hazırda iddiaçı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarə borcunu tələb etməsi üçün heç bir hüququ və haqqı yoxdur, həmçinin həmin icarə müqaviləsi üzrə pulu tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini iddiaçı ötürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(006)- 685/2025 nömrəli qətnaməs ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya olan icarə haqqı borcu ödənilmədiyindən, mülkü qanunvericiliyin yuxarıda göstərilən müddəasının tələbinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində həmin icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Lakin, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, rədd edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli çıxarışla dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaka dair notarait qaydasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilədən görünür ki, icarə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İddiaçı öz iddia ərizəsində “müqavilə vaxtı bitəndən sonra 2021-ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən ərazidən çıxdı” qeyd etməklə, müqavilənin 2021-ci ilin sentyabr ayına qüvvədə olmasını təsdiq etmiş, belə ki, cavabdeh həmin ilin oktyabr ayında ərazini boşaltmaqla müqavilənin uzadılması niyyətində olmadığını bəyan etmişdir. Bunun əksinə iddiaçının məhkəmə iclasında cavabdehin icarə predmeti olan sahədən 2021-ci ilin oktyabr ayından sonrakı dövrdə polisə müraciət etməklə çıxarıldığını bildirməsi halı Abşeron Rayon Polis İdarəsi Mehdiabad polis bölməsinə verilmiş sorğu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin haqlı olduğunu qeyd etmiş, lakin iddia müddətinin bitməsinə əsaslanaraq iddianı təmin etməmişdir. Buna baxmayaraq məhkəmə iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddianı nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Lakin icarə müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il olsa da, bu vaxta kimi müqavilənin ləğvi ilə bağlı heç bir tərəf təklif irəli sürməmişdir. Buna görə də müqavilənin müddəti bir il uzadılmış hesab edilməli idi. Hətta belə hesab edilməsə də, iddia müddəti yenə də ötürülmüş olmur. Çünki sonuncu öhdəliyin icra müddətinin bitdiyi vaxtı xx.xx.2021-ci ili nəzərə alınsa, iddia müddətinin bitmə tarixinin xx.xx.2024-cü il olduğu aydın olur. Bununla belə, məhkəmə iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddianı nəzərə almamışdır. Belə ki, müqavilə üzrə iddia müddəti bitməmişdən öncə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia ərizəsi ərazi aidiyyatı üzrə uyğunsuzluq olduğuna görə, geri qaytarılmışdır. Buna görə də ilk dəfə iddia tələbini məhkəməyə irəli sürdüyü tarix əsas götürülməli, bununla da iddia müddəti həmin tarixdən kəsilmiş olmalı idi. İndiki işdə icarə haqqlarını cavabdehdən tələb etməyi üçün məhdudiyyətin qoyulması ədalətsiz yanaşmadır. Çünki bu məhdudiyyətin yaranma tarixindən əvvəl tələbini aydın və dəqiq şəkildə məhkəməyə ünvanlamışdır. Peşəkar hüquqi biliklərinin olmaması da nəzərə alınsa, ərazi aidiyyatı ilə əlaqədar yanlışlığın olması tələb hüququnu əlindən almamalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan icarə haqqı borcu ödənilmədiyindən, mülkü qanunvericiliyin yuxarıda göstərilən müddəasının tələbinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində həmin icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Lakin, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, rədd edilməlidir.. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli çıxarışla dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaka dair notarait qaydasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, icarə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı “müqavilə vaxtı bitəndən sonra 2021ci ilin oktyabr ayında cavabdeh icarə haqqını vermədən ərazidən çıxdı” qeyd etməklə, müqavilənin 2021-ci ilin sentyabr ayına qüvvədə olmasını təsdiq etmişdir. Cavabdeh isə həmin ilin oktyabr ayında ərazini boşaltmaqla müqavilənin uzadılması niyyətində olmadığını bəyan etmişdir. İddiaçının birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdehin icarə predmeti olan sahədən 2021-ci ilin oktyabr ayından sonrakı dövrdə polisə müraciət etməklə çıxarıldığını bildirməsi halı Abşeron Rayon Polis İdarəsi Mehdiabad polis bölməsinə verilmiş sorğu ilə öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətində isə iddiaçı bildirmişdir ki, icarə müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il olsa da, bu vaxta kimi müqavilənin ləğvi ilə bağlı heç bir tərəf təklif irəli sürməmişdir. Buna görə də müqavilənin müddəti bir il uzadılmış hesab edilməli idi. Lakin işin sadalanan hallarından göründüyü kimi cavabdeh tərəf 2021-ci ilin oktyabr ayında ərazini boşaltmış və müqavilənin uzadılması niyyətində olmadığını bəyan etmişdir ki, belə olan halda da müqavilənin müddəti uzadılmış hesab edilə bilməz. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə ki, iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. İddiaçı həmçinin apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia müddəti bitməmişdən əvvəl onun Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddianı nəzərə almamışdır. Məhkəmə Kollegiyası iddiaçının qeyd olunan dəlili ilə də razılaşmır, çünki xx.xx.2024-cü il tarixdə iddiaçının məhkəməyə müraciət etsə də, iddia ərizəsi ərazi aidiyyatı üzrə uyğunsuzluq olduğuna görə, geri qaytarıldığı və bununla bağlı verilən şikayət üzrə apellyasiya məһkəməsinin qərardadının da xx.xx.2024-cü ildə qəbul edilməsini nəzərə alınmaqla iddiaçı 3 illik müddət ərzində məhkəməyə iddia ilə müraciət etməmişdir. Halbuki, iddiaçının xx.xx.2024-cü il tarixə kimi məhkəməyə iddia ilə müraciət etməyə kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(006)- 685/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar