Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3697/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-442/2023 nömrəlİ, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 000 (on yeddi min) manat məbləgində pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat və həmçinin ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumumum əvəzinin alınıb mənə verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, tanışı olan Cavabdeh pula ehtiyacı olduğuna görə xx.xx.2020-ci ildə 17 000 min manat borc pul vermiş, qeyd edilən pul məbləğini borc müqaviləsi ilə 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində rəsmiləşdirmiş, müqaviləyə görə, cavabdeh krediti xx.xx.2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüş, borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır. xx.xx.2020-ci ildə cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci il tarixədək hər ay 2 800 manat manat olmaqla qaytarmağı və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində müvafiq dəyişiklik edilərək xx.xx.2021-ci il tarixinədək bocun ona qaytarılmasını ilə bağlı müvafiq rəsmiləşdirmə qeydləri 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində aparılmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində müvafiq dəyişiklik edilərək borcun xx.xx.2022-ci il tarixinədək ona qaytarılmasını ilə bağlı müvafiq rəsmiləşdirmə qeydləri 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində aparılmışdır. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcu bu günə kimi ödəməmişdir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür, cavabdeh öhdəliyini icra etməmiş, nəticədə müqavilənin tələblərini pozmuşdur. Bu səbəbdən, müqavilənin 4-cü bəndinə əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-442/2023 nömrəlİ, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17 000 ( on yeddi min) manat məbləğində pul, 150 (bir yüz əlli) manat vəkil xərci və 141.45 (bir yüz qırx bir manat, qırx beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin arasında olan hüquq münasibətinə düzgün qiymət verməmiş və nəticədə onun mənafeyinə ciddi və əsassız şəkildə mənfi təsir göstərəcək qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmə əsassız şəkildə tərəflərin birgə şəkildə yaratdıqları və daha sonradan işlədə bilmədikləri "xxxx" MMC-nin aralarında bağlanan kredit müqaviləsindən 8 ay sonra qeydiyyatdan keçirildiyini əsas gətirərək iddiaçı tərəfindən cavabdehə verilən 17.000 manat pul məbləğinin qeyri-iş münasibəti ilə bağlı verildiyini göstərmişdir, lakin rayon məhkəməsi bu zaman bir nüansı tamamilə nəzərdən qaçırır ki, tərəflərin birgə yaratdıqları "xxxx" MMC-nin kredit müqaviləsindən 8 ay sonra yaradılması bu hüquqi şəxsin fəaliyyəti ilə bağlı 8 ay öncədən malların alınması və ya digər kommersiya fəaliyyətinin aparılmasına əsla əngəl törətmir.
7. Əqdin məzmunundan da göründüyü kimi hüquqlarını müdafiə etdiyi cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirtdiyi iddiaçı tərəfindən cavabdehin hüquqi savadsızlığından istifadə edilərək aldadılmış və cavabdeh üçün ədalətsiz hüquqi nəticə yaranmışdır. Bu borc tamamilə kommersiya fəaliyyətinin nəticəsində meydana gəldiyindən onun ödənilməsi də tam şəkildə bərabər vəziyyətdə həyata keçirilməlidir. Aralarında olan sahibkarlıq fəaliyyəti bunu deməyə əsas verir ki, Cavabdeh həmin pulu şəxsi səbəblərdən deyil, sırf sahibkarlıq fəaliyyəti üçün almışdır. Sabunçu Rayon Məhkəməsi isə öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh bu halı sübut edə biləcək hər hansı dəlili məhkəməyə təqdim etməyib, lakin məsələnin digər tərəfində də iddiaçı tərəfindən həmin borcun mahiyyəti ilə bağlı məhkəməyə təqdim edilən yeganə sübut "xxxx" MMC-nin aralarındakı borc müqaviləsindən 8 ay sonra qeydiyyatdan keçməsi ilə bağlıdır, lakin burada razılaşmaq olar ki, bu tip yüksək məbləğləri özündə ehtiva edən sahibkarlıq fəaliyyətləri tez bir zamanda formalaşmır və tərəflər hər bir halda 8 ay öncədən müəyyən malları ala və ya fəaliyyəti həyata keçirə bilərlər. Odur ki, Sabunçu Rayon Məhkəməsinin həmin sübutla və buradan yola çıxaraq mübahisə ilə bağlı mövqeyi əsassız və ədalətsiz hesab olunmalıdır, çünki göründüyü kimi iddiaçının cavabdehə verdiyi borc məbləği onların birgə sahibkarlıq fəaliyyəti üçün istifadə edilib və iddiaçı kimi cavabdeh də həmin biznes fəaliyyətinin istənilən səviyyədə baş tutmaması səbəbindən pul itirib. Belə olan halda həmin məbləğləri tərəflərin bir-birinə ödəməsi nə dərəcə qanuni sayıla bilər?
8. Qətnamədən də göründüyü kimi, məhkəmə təqdim edilən sübutlara düzgün hüquqi mövqe nümayiş etdirməmiş, Nəticə etibarilə, Məhkəmə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə ümumən işin həqiqi hallarına əsaslanmayan qətnamə qəbul olunmasına səbəb olmuşdur.
9. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız cavabdehin nümayəndə və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirakı mümkünsüz olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
11. Belə olan halda, Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi ilə bağlı sübut təqdim edilmədiyindən vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
12. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 17 000 (on yeddi min) manat məbləğində borc pulu faizsiz olaraq xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir.
13. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə, borc alan borc verənə krediti xx.xx.2020-ci il tarixdən hər ay 2800 (iki min səkkiz yüz) manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, Borc alan qalan krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3000 (üç min) manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.
14. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində qeyd olunmuş “Borc alan” krediti xx.xx.2020- ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Hissəsi Borc alan krediti xx.xx.2021 tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” kimi dəyişdirilsin.
15. Kredit Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.02021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə “Borc alan” krediti xx.xx.2020-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür hissəsi “Borc alan krediti xx.xx.2022 tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” kimi dəyişdirilsin.
16. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 13 000 (on üç min) manat məbləğində borc pulu faizsiz olaraq xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir.
17. Hüquqi Yardımın göstərilməsi haqqında 147 nömrəli müqavilənin surətindən görünür ki, Quliyev X1 Səidə Akif qızı ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış, hüquqi yardıma görə haqq 900 manat müəyyən edilmişdir.
18. 56590 nömrəli, 7677 nömrəli və 1084 nömrəli qəbzlərin surətindən görünür ki, 996 manat və 498.5 manat məbləğində pul vəsaiti İddiaçı hüsabına ödənilmişdir.
19. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlrilər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə təsis edilmiş və təsisçisi İddiaçıdur.
20. İcarə müqaviləsinin surətindən görünür ki, X2 icarəçi "xxxx" MMC-nin direktoru İddiaçı ilə ünvan 1 ünvanında obyektinin 70 kv.m sahəsini icarəçiyə öz fəlaiyyətini sərbəst həyata keçirmək üçün icarəyə vermişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər
25. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, hazırkı borc əslində tərəflərin birgə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır, iddiaçı cavabdehin hüquqi savadsızlığından istifadə edərək, bunu borc müqaviləsi kimi rəsmiləşdirmişdir.
42. Birinci instansiya məhkəməsi həmin dəlillə bağlı qeyd etmişdir ki, cavabdehin vəkili qeyd edilən müqavilənin formal olduğunu, pul məbləğinin tərəflərin birgə iş fəaliyyətinə əsasən götürülmüş pul vəsaiti olduğunu israr etsə də, bu halı təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh qeyd edilən pulun "xxxx" MMC-nin fəaliyyətinə xərclənmiş olduğunu bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, yəni sözügedən müqavilənin bağlandığı tarixdən 8 ay sonra dövlət qeydiyyatına alınmışdır.
43. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
44. Beləliklə, cavabdeh tərəfindən borcun şəxsi səbəblərdən deyil, sırf birgə sahibkarlıq fəaliyyətinə görə alınması ilə bağlı biri digərini tamamlayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən, eləcə də əsaslı şübhədənkənar sübutlar təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
45. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov