Məhkəmə qərarları › İş №2(103)-3699/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3699/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3699/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3699/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2085/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 25 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 10 000 manat, mənəvi ziyana görə 150 000 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri təqsirli bilinib barəsində olan cinayət işinin baxılması üçün Lerik Rayon Məhkəməsinə verilmişdir. Həmin ittihama görə, "Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunaraq qeydiyyatda olduğu Lerik rayonunun Kəlvəz kəndinə gəldikdən sonrakı müddətdə həmkəndlisi X4 ilə rastlaşıb söhbət etdiyi zaman ona "Türmədən çıxmışam, hamı mənə hörmət edir, sən də mənə hörmət etməlisən, mənə pul lazımdır inək almaq istəyirəm, mənə kömək etsən bu qədər torpaq əkmişən, imkanın genişdir, pulun çoxdur, mən reketəm mənə haqq verməlisən” demişdir. X13 Şükürovun tələbi ilə razılaşmadığına görə sonuncu onu kənddən köçmədiyi təqdirdə başını kəsəcəyi ilə hədələmiş, 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Anar Əliyev və icra məmuru X8 kənd sakinləri X7 Əliyev arasında mübahisə yaranmış torpaq sahəsinə gəlib tələbkar və cavabdehi həmin əraziyə dəvət edib icra işini başa çatdırdıqları zaman İddiaçı at üstündə əlində xəncər Fizuli Əliyevin üzərinə gələrək ona «Sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm” kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb onu öldürəcəyi ilə hədələmiş, Fizuli Əliyev həmkəndlisi İddiaçı onu ölürmək istədiyinin real olduğunu bilərək məcbur olub avtomobilinə oturub ərazini tərk etmişdir. Bundan əlavə İddiaçı 28 iyul 2022-ci il tarixdə həmkəndlisi X1 Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayonunun Kələxan kənd sakinləri X5 və qeyrilərinə (21 təsərrüfat başçısı) rayonunun Kəlvəz kəndinin yaxınlığında, İran İslam Respublikası ilə olan dövlət çəpər xəttinin daxilində, N saylı hərbi hissəsnin 4-cii sərhəd zastavasının mühafizəsində olan ərazidə verilmiş kənd təsərrüfat təyinatlı pay torpaq sahələrində 2021-ci ilin payız aylarında payçıların şifahi razılıqlarına əsasən əkdiyi 20.0 ha çovdar sahəsindən zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək oğlu Şəhriyar Şükürzadəyə çovdarı biçmək üçün Fizuli Əliyevlə razılaşdığını bildirməklə onu kombayınçı Cəlilabad rayon sakini X6 ilə birikdə həmin sahəyə göndərib 10,0 hektarını zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdıraraq öz istifadəsinə keçirdikdən sonra bir hissəsini sataraq qazanc əldə etməklə X2 ümumilikdə 11060,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir.” İbtidai istintaq tərəfindən elan edilmiş ittiham yuxarıda qeyd etdiyi kimi olmuşdur. Lerik Rayon Məhkəməsinin 1(048)-01/2023 saylı, 18 yanvar 2023-cü il tarixli Hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Qeyd edilən hökmdən o və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-211/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə verilmiş olan apellyasiya şikayətləri təmin edilməmiş və Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından müdafiəçisi və zərərçəkmişin nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(102)- 1815/2023 nömrəli Qərarı ilə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli 1(106)-211/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(06)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş. Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü onun Cinayət Məcəlləsinin 134-ci maddəsi təqsirli bilinməsi hissədə ləğv edilmiş, əməlində Cinayət Məcəlləsinin 134-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə, ona həmin ittiham üzrə bəraət verilmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü onun Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, onun Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 18 yanvar 2023-cü il tarixdən 24 may 2024- cü il tarixə qədər 01 il 4 ay 06 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilərək, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 210/2024 saylı, xx.xx.2024cü il tarixli hökmündən kassasiya protesti və kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(102)- 162/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, onun 58 yaşı var və xəstəlikdən əziyyət çəkir. Heç bir əsas olmadan cinayət təqibinə məruz qalmışdır, sonda əməli böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilərək, o, 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baxmayaraq ki, o, özünü ümumiyyətlə təqsirli bilməmiş, lakin barəsində olan ittiham hökmü qanuni qüvvəsini almışdır. Ona görə də, tələbi böyük ictimai təhlükə törətməyən cinayətə görə 01 il 04 ay 06 gün həbsdə saxlanıldığı, həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, cəzasını çəkmiş hesab edilməyi və məhkəmənin qanunsuz qərarı ilə 11 ay 06 gün həbsdə qalması bağlıdır. Beləliklə məhkəmənin qanunsuz hökmü ilə 11 ay 06 gün azadlıqdan məhrum edilmişdir. Bununla kifayətlənməyən dövlət ittihamçısı baraət hökmü çıxdıqdan sonra kassasiya protesti verdiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Həmçinin qeyd etmişdir ki, o, birinci Qarabağ Müharibəsi veteranıdır və qardaşı 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Belə ki, qanunsuz olaraq həbsdə saxlanıldığına görə, qardaşının ailəsinin yanında ola bilməmiş, ona həsr olunmuş tədbirlərdə iştirak edə bilməmişdir, bu da onu çox sarsıtmışdır və hal-hazırda da sağlamlığı bərpa olunmamışdır. Cinayət təqibi zamanı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 11 ay 06 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 150000 manat pul tələb edir.

3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmiş və etirazını belə əsaslandırmışdır ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasını, həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar 160.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən aidiyyəti dövlət orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə’’də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2085/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın qismən təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 11000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3cü və 9-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apelyasiya şikayətində göstərilmişdir: Sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi h e ç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 11.000 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. iddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işin hallarını, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

12. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

13. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

14. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

15. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

16. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

17. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

18. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır

19. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir

20. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir

21. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir

22. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı

23. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(048)- 01/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı cəzasınının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir.

33. İş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 1(048)-01/2023 saylı saylı hökmü dəyişdirilmədən saxlanmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli 1(102)-1815/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

35. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı və müdafiəçisi Vəkil Hələməlı oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməklə, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü İddiaçı Cinayət Məcəlləsinin 134-ci maddəsi təqsirli bilinməsi hissədə ləğv edilmiş, İddiaçı əməlində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına görə, ona həmin ittiham üzrə bəraət verilmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023cü il tarixli 1(048)-01/2023 saylı hökmünün İddiaçı Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, İddiaçı Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilindiyi əməlin həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı 18 yanvar 2023-cu il tarixdən 24 may 2024-cü il tarixə qədər 01 il 04 ay 06 gün həbsdə saxlanıldığı müddətin ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi yə onun məhkəmə icias zalından dərhal həbsdən azad olunması hökm edilmişdir. Qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli 1(102)-162/2025 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır.

37. Beləliklə, işin faktiki hallarına əsasən İddiaçı cinayət məsuliyyətinə cəlb olunmuş, Lerik Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 1(048)-01/2023 saylı hökmü ilə İddiaçı qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, sonradan həmin hökm qismən ləğv edilməklə, cəzası 5 ay müddətinə endirilmiş, məhkəmə iclas zalından azad edilmişdir. İddiaçı əsassız olaraq 11 ay 06 gün azadlıqdan məhrum edildiyindən və bu hal iş materialları ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.

38. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

39. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

40. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

42. Sadalanan müddəalar onu deməyə əsas verir ki, iddiaçının əsassız olaraq 11 ay 06 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrumetmə cəzası çəkməsi onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi zərər ödənilməlidir.

43. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan işlər üzrə kassasiya instansiyası məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, seçilmiş qətimkan tədbiri, cəza şəxsə ödəniləcək mənəvi zərərin miqdarının müəyyənləşdiriləməsində meyar kimi çıxış edir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir.

44. Beləliklə, qeyd olunanlar konteksində kollegiya hesab edir ki, işin halları və qanunvericiliyin bu yöndə olan tələblərinə görə birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin həcminin 11000 manat məbləğində müəyyən edilməsi qanuni və ədalətli olmuşdur.

45. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tələbin Maliyyə Nazirliyinə deyil, bilavasitə təqsiri törədən quruma yönəldilməsinə dair dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar 2 meyarla dəyərləndirilməlidir. Bu meyarların əsası iddianın obyekti və iddianın predmeti kimi obyektiv hallardan asılıdır. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. İddianın predmeti isə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqdur. Hazırki işdə iddia tələbinin predmeti qismində göründüyü kimi, kompensasiya məbləğinin tələb olunması çıxış edir. Bu da öz növbəsində iddia tələbinin adekvat subyektə yönəldiyinin göstəricisidir.

46. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının barəsində dövlət qurumunun təqsirli hərəkətləri nəticəsində yanlış qənaətə gəlinmiş və bununla da 11 ay 06 gün müddətinə qeyri-adekvat rəftara məruz qalmışdır. İşin mübahisəsiz halıdır ki, şəxs əsassız olaraq həmin müddəti azadlıqdan məhrumetmə yerində cəza çəkmişdir. Bununla da, onun müvafiq kompensasiya hüququ yaranmışdır.

47. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

48. Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

49. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadəsi ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.

50. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

51. Bu baxımdan kollegiya hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2085/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar