Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3704/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının atası X2 xx.xx.2023-cü il tarixdə xəsarət almış, xx.xx.2024-cü il tarixdə X6 Xəstəxanasında vəfat etmişdir. X6 Xəstəxanası tərəfindən üç dəfə ona ölüm və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamə verilmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə (№**********90) ölüm haqqında tibbi şəhadətnamə (Diaqnoz "Dəqiqləşdirilməmiş fəaliyyət zamanı") düzgün olaraq verilmiş və Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən 1082 nömrəli aktla qeydə alınmış xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı, 373995 nömrəli “X2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində mədəciklərin fibrilyasiyası və titrəməsi, baş beynin diffuz travması nəticəsində vəfat etməsinə” dair ölüm haqqında şəhadətnamə verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X3 Mərkəzi MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 15.000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə atası X2 aldığı xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə X6 Xəstəxanasında vəfat etməsinə baxmayaraq X6 Xəstəxanası tərəfindən üç dəfə ona ölüm və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamə verilmiş və onun çoxsaylı şikayətlərindən sonra nəhayət ki, dördücü dəfə ölüm və digər məlumatlar düzgün formada qeyd edilən şəhədətnamə vermişlər. Məhz bu səbəblərdən cənab prezidentə və digər vəzifəli şəxslərə ərizə ilə müraciət edərək ona düzgün məlumatlar qeyd edilməyən şəhadətnamə verilməsində təqsiri olan şəxs və ya şəxslərin İnzibati Xətalar Məcəlləsinin 562.1-ci maddəsinin tələblərinə uyğun olaraq tədbir görülməsini xahiş etsə də, aidiyyati qurum bu barədə heç bir tədbir görməmişdir. Bundan başqa qeyd edir ki, 07 iyun 2024-cü il tarixdə atasının ölümü haqqında şəhadətnamə ala bilmiş, nəticədə ölüm haqqında şəhədətnamə 6 ay müddət keçdikdən sonra verildiyi üçün mərhum atasının 3 aylıq əmək haqqını ala bilməmiş və bütün bu hallar, cavabdeh orqanın ona qarşı etdiyi haqsızlıqlar, səhlənkar və qanunsuz hərəkətlər ona çox pis təsir etmiş, bir tərəfdən atasının vəfat etməsi, digər tərəfdən atasının ölümündən sonra cavabdeh orqanın əməkdaşlarının ona qarşı haqsız davranışları onun sinir və əsəb sistemini pozmuş və bunun nəticəsində də əsəb xəstəliyinə görə müalicə və müayinə olunur. Məhz bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi cəhətdən zərbə vurulmuşdur və bütün bu proseslərlə bağlı güclü mənəvi psixi sarsıntı keçirmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-248/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəf Cavabdeh2 MMC-in hərəkətlərinə görə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaxın qohumu olan atasının vəfatından kədərlənib, mənəvi sarsıntı və izdirab keçirməsi təbii və aşkardır. Lakin, onun mənəvi sarsıntı keçirməsinin məhz cavabdeh tərəfindən ona bir neçə dəfə ölüm səbəbi və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamələr verilməsi nəticəsində baş verməsi öz təsdiqini tapmır.
6. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən məhkəməyə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və nəticədə iddia tələbi ilə bağlı mahiyyəti üzrə səhv qətnamə qəbul etmişdir. Hesab edir ki, təqdim etdiyi sənədlərlə iddia sübut edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarı:
hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
14. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı:
Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının mənəvi sarsıntı keçirməsinin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübut olunmamışdır, yəni onlar arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, iddiaçı ona mənəvi zərər vurulması nəticəsində hansı məhrumiyyətlərə məruz qalmasını bildirsə də, bunun məhz cavabdehin hərəkətləri ilə bağlığını təsdiq edən sübutlar təqdim etməmişdir.
19. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının yaxın qohumu olan atasının vəfatından kədərlənib, mənəvi sarsıntı və izdirab keçirməsi təbii və aşkardır. Lakin, onun mənəvi sarsıntı keçirməsinin məhz cavabdeh tərəfindən ona bir neçə dəfə ölüm səbəbi və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamələr verilməsi nəticəsində baş verməsi öz təsdiqini tapmır.
20. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və iddia tələbində irəli sürülən həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
25. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 11 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.