Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3706/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-770/2021 nömrəli qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2939 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-770/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnaməən iddiaçı İddiaçı açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2(001)-5590/2019 saylı, 20.06.2019-cu il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən dayandırılmış və nəticədə İddiaçı ASC-yə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən verilmiş əsassız ərizə və şikayətlərə görə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-24/2018 saylı, 13.04.2018-ci il tarixli icra vərəqəsi bugünədək icra olunmamışdır. 58785.82 (əlli səkkiz min yeddi yüz səksən beş, 82) ABŞ dolları məbləğində olan borcun icra tədbirlərinin dayandırılması nəticəsində İddiaçı ASC-yə bugünədək ödənilməmişdir. 58785.82 (əlli səkkiz min yeddi yüz səksən beş, 82) ABŞ dolları məbləğində vəsaitin illik beş faizi - 2939 (iki min doqquz yüz otuz doqquz) ABŞ dolları təşkil edir. Qeyd etmək istəyirlər ki, birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən İddiaçı ASC-yə vurulmuş zərərin təsdiq edilməsinə dair müvafiq sübutlar təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinə əsasən, cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə təqdim edilmiş müvafiq sübutlar və AR MPM-nin 164-cü maddəsi nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, apellyasiya şikayətini müdafiə edirlər və izahatı kimi qəbul edilməsini xahiş edirlər. Onlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edə bilməmişdilər. İpoteka qoyan və arvadı işin uzadılması məqsədi daşıyan hərəkətlərə yol verir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı zərərə məruz qaldığını iddia etsə də buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki iş üzrə Cavabdeh məhkəməyə müraciət etmək hüququndan istifadə edərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və iddia təmin tədbiri barədə ərizə vermişdir. Onun ərizəsi isə məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı maddi və mənəvi zərər tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. Belə ki, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Buna görə də, cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurması inandırıcı və ağlabatan görünmür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 770/2021 nömrəli qətnaməsi İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3706/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3706/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver