Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3708/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-76/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdiyi apellyasiya şikayətinə və Cavabdeh MMC-nin ayrıca verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə (cild 1, iş v. 247) tələb olunub: 1) iddiaçılara məxsus, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev № 207-də yerləşən 13 №-li məznilin cavabdeh tərəfindən yararsız hala salınmasına görə iddiaçılara həmin küçədə, yola baxan hissədə 55,92 kv.m qeyri-yaşayış sahəsinin və 43,92 kv.m yaşayış sahəsin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun; 2) xx.xx.2022-ci il tarixdən başlayaraq həmin sahələrin təhvil veriləcəyi tarixədək qeyri-yaşayış sahəsinə görə əldə çıxmış fayda kimi hər ay üçün 450 manat cavabdehdən tutularaq iddiaçılara ödənilsin; 3) xx.xx.2022-ci il tarixdən başlayaraq həmin sahələrin təhvil veriləcəyi tarixədək kirayədə yaşayışa çəkilən xərcə görə hər ay üçün 500 manat cavabdehdən tutularaq iddiaçılara ödənilsin; 4) mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehdən tutularaq iddiaçılara ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kirayədə yaşayışa iddiaçıların çəkdiyi xərcin əvəzi kimi 4.725 manat, mənəvi zərərin əvəzi kimi 2.000 manat cavabdehdən tutularaq iddiaçılara verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. İddiaçıların apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddia ərizəsindəki tələblər barədə məhkəmə aşağldakıları qeyd edir: Birinci tələb barədə: Birinci tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev № 207-də yerləşən 13 №-li mənzilin bir hissəsi – yaşayış sahəsi 28,5 kv.m, köməkçi sahəsi 7,1 kv.m təşkil edən 2 otağı İddiaçı1 mülkiyyətindədir. Digər İddiaçı2 mülkiyyətçinin oğludur, mülkiyyətçi ilə birlikdə mənzildə yaşayır. Mənzilin altında yerləşən, ümumi sahəsi 42,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətindədir, Nəsimi rayon MKTB (icarəyə verən) ilə İddiaçı1 (icarəçinin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən anbar kimi istifadə edilməsi üçün İddiaçı1 icarəyə verilib. Mənzilin yaxınlığında cavabdeh tərəfindən hündürmərtəbəli bina inşa edilir. Bununla əlaqədar həyata keçirilən söküntü-tikinti işləri nəticəsində mənzil zədələnib. Bu, ekspert rəyi ilə təsdiq olunur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2961 nömrəli rəyinə görə, cavabdeh tərəfindən ətrafda yerləşən evlərdə və mənzillərdə aparılmış söküntü nəticəsində iddiaçıların yaşadığı mənzilə və həmin mənzilin altında yerləşən, dövlətə məxsus qeyri-yaşayış sahəsinə zərər vurulub. Mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 4.094,0 manat müəyyən olunur. Lakin iddiaçılar zərərin əvəzinin ödənilməsini tələb etmir, mənzilin əvəzinə yeni mənzil, qeyriyaşayış sahəsinin əvəzinə isə yeni qeyri-yaşayış sahəsi verilməsini tələb edirlər. Yeni mənzilin verilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, “daşınmaz əmlakın zədələnməsi” və “daşınmaz əmlakın məhv olması” ayrı-ayrı anlayışlardır. Yeni mənzilin verilməsi o halda tələb oluna bilər ki, mənzil məhv olsun. Lakin ekspert rəyindən görünür ki, mənzil zədələnib. O cümlədən ekspert tərəfindən mənzildəki qüsurların aradan qaldırılması üçün zəruri olan xərcin məbləğinin müəyyən edilməsi onu təsdiq edir ki, mənzilin bərpası mümkündür. Əgər mənzil məhv olsayıdı ekspert onun bərpası üçün zəruri olan xərcin məbləğini müəyyən edə bilməzdi, çünki məhv olunmuş əmlakın bərpası mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mənzilin bərpası mümkün olduğuna görə, mənzilin bərpası üçün tələb olunan xərcin ödənilməsi tələb oluna bilər. İddiaçılar bunu tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yeni qeyri-yaşayış sahəsinin verilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, birinci, qeyri-yaşayış sahəsi məhv olmayıb, ona görə də mənzilə münasibətdə yuxarıda qeyd olunanlar qeyri-yaşayış sahəsinə də aiddir. İkinci, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətindədir, əgər həmin əmlak məhv olarsa onun əvəzində yeni qeyri-yaşayış sahəsinin verilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21-ci maddəsinə görə, müvafiq dövlət orqanına məxsusdur, iddiaçı (icarəçi) İddiaçı1 belə hüquqa malik deyil. İkinci tələb barədə: İkinci tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mənzilin altında yerləşən, ümumi sahəsi 42,7 kv.m qeyri-yaşayış sahəsi dövlət mülkiyyətindədir, Nəsimi rayon MKTB-nin balansındadır. Nəsimi rayon MKTB (icarəyə verən) ilə İddiaçı1 (icarəçinin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən həmin sahə anbar kimi istifadə edilməsi üçün İddiaçı1 icarəyə verilib. İddiaçı1 isə həmin sahəni hər ay 450 manat icarə haqqı ödənilməsi şərtilə "xxxx" MMC-yə icarəyə verilməsi barədə həmin MMC ilə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlayıb. İcarəyə bu Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllə, maddə 700.3). Həmin Məcəllənin 683.1-ci maddəsinə görə, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Nəsimi rayon MKTB dövlət əmlakı olan qeyri-yaşayış sahəsini üçüncü şəxsə ("xxxx" MMC-yə) icarəyə verməyə icazə verməyib. Ona görə də İddiaçı1 qeyri-yaşayış sahəsini icarəyə vermək hüququ, buna müvafiq olaraq həmin sahənin icarəsindən hər ay 450 manat icarə haqqı əldə etmək hüququ olmayıb. Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış faydaya verilmiş anlayışdan görünür ki, fayda deyildikdə hüququ pozulmuş şəxsin hüququ pozulmasayıdı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Hüququn pozulması üçün əvvəlcə hüquq mövcud olmalıdır. Ona görə də İddiaçı1 əldə çıxmış icarə haqqının əvəzinin ödənilməsini tələb edə bilməz. Üçüncü tələb barədə: Üçüncü tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin həyata keçirdiyi söküntü-tikinti işləri nəticəsində iddiaçıların yaşadığı mənzil zədələndiyindən onlar xx.xx.2023-cü ildən (iddia verilən tarixdən) xx.xx.2024-cü ilədək (birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən tarixədək) başqa ünvanda kirayədə yaşamağa və buna görə kirayə haqqı ödəməyə məcbur olublar. Birinci instansiya məhkəməsi düzgün olaraq aylıq kirayə haqqının məbləğini 350 manat, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək kirayədə yaşayışa çəkilmiş xərcin məbləğini isə 4.725 manat müəyyən edib. Bu nəticə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğundur. Dördüncü tələb barədə: Dördüncü tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin həyata keçirdiyi söküntü-tikinti işləri nəticəsində iddiaçıların yaşadığı mənzilin zədələnməsi, bundan sonra iddiaçıların kirayədə yaşamağa məcbur olması onların şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə iddiaçılar mənəvi sarsıntı və iztirab keçirmişlər. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 2.000 manat tutmaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdiyi apellyasiya şikayəti və Cavabdeh MMC-nin ayrıca verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 76/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3708/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3708/2024
19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver