Məhkəmə qərarları › İş №2(103)-3710/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3710/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3710/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Məmmədov Ülvi Ziyadxan oğlu və Vəkil1, cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1612/2024 saylı 05 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Azərbaycan Beynəlxalq Bankının” Sahil filialı ilə borcalan İddiaçı arasında bağlanmış 7 iyun 2013-cü il tarixli 065 №-li kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana 55.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürür, kredit öhdəliklərinin icrasının təminat üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən ABB-də 60 ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində, depozit çıxış edir. İddiaçı öhdəsinə götürmüşdür ki, borcalan kredit müqaviləsinə əsasən öhdəliklərini tam icra etməyincə, Bankın razılığı olamadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə **********9361558210 saylı depozit hesabında olan vəsaiti akseptsis qaydada silinməlidir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh həbsdə olduğu 7 ay 20 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, Cavabdeh davranışı üzərində nəzarəti Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən həyata keçirilməsi, Cavabdeh təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi icraata, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla – cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsi, Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin Mərkəz filialına müvafiq hesaba yerləşdirilmiş cəmi 70270 manat pul vəsaitinin zərərçəkmiş şəxs İddiaçı verilməsi, depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir.

3. Həmin hökmdən müəyyən edilir ki, İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etmiş, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs tərəfindən uzun müddət ərzində müxtəlif banklarda olmuş pul vəsaitlərinin, habelə banka qoymaq adı ilə ondan götürülmüş pul vəsaitlərinin, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin də ələ keçirilməsi ilə bağlı ifadələri üzrə ətraflı araşdırma aparılmış, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fizuli filialında depozitə qoyulmuş 120000 ABŞ dolları, «X15» Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı ilə 20000 ABŞ dolları və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı ilə 30000 ABŞ dolları məbləğində pul vəsaitlərinin, eləcə də «Mitsubishi Pajero» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə olunan pulun ələ keçirilməsi ilə həmin xüsusatlar təsdiq edilmədiyindən həmin hissələrdə cinayət işi üzrə icraata 19 avqust 2017-ci il tarixli qərarla xitam verilmişdir. İbtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. İrəli sürülmüş ittihamda göstərilən və məhkəmə istintaqında təsdiqini tapmış epizodlar üzrə məbləğlər son nəticədə təqsirləndirilən şəxs tərəfindən faktiki etiraf olunmuş və ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı 4 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X6 və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı 4 sentyabr 2019-cu il tarixli qətnaməsi yuxarı instansiyalarda dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)-466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X8 məxsus olan 100000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X6 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək, "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də, əslində İddiaçı ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X10 müxbir hesabından köçürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərərin (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq İddiaçı) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-389/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2579/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

7. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği isə 5 illik müddət üçün cəmi 39900 ABŞ dolları məbləğində hesablanmalı idi.

8. "xxxx" ASC-nin məhkəmənin sorğusuna əsasən verdiyi məlumatdan da görünür ki, əmanəti İddiaçı Mirismayil qızı ilə "xxxx" ASC arasında baglanmış xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABS dolları vəsaiti Banka əmanət kimi goyulmuş, müqavilənin müddəti 5 illik, yəni xx.xx.2018-ci ilədək müəyyən edilmisdir. Qeyd edilən 5 illik müddət ərzində müştəriyə ümumilikdə 36.226,19 ABŞ dolları məbləgində faiz ödənişləri olmuş, həmin məbləğ mütəmadi olaraq müştəri tərəfindən istifadə edilmiş, müqavilə bitən zaman isa müştərinin depozit hesabında əsas depozit məbləgindən (70.000 ABŞ dolları) əlavə olaraq 116,67 ABS dolları faiz məbləgi qalmışdır. xx.xx.2019-cu il tarixdə müştəridən ümumilikdə 70.122,68 ABS dolları məbləğində pul akseptsiz gaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca (onun 44.761,99 dollar əsas borca, 25.360,69 dolları faiz borcuna) silinmişdir. Həmin 70.122,68 ABŞ dollarının 70.000 ABŞ dollar hissəsini müştərinin depozit hesabında olan əsas əmanət məbləği, 116,67 ABS dolları hissəsini yuxarıda qeyd edilən ve depozit hesabında son olaraq qalan faiz məbləği (əsas məbləğ; hesablanmiş), 3,75 ABŞ dolları hissəsini adi cari hesabında olan məbləğ, 2,26 ABS dolları olan hissəsini isə depozit hesabına bağlı cari hesabında olan məbləğ təşkil edir. İddiaçı xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixə əsas borcu 52.300 manat, müqavilə müddətində ödənilməmiş faizlər üzrə 0 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər üzrə (5% həcmində) 43,58 manat təşkil etmişdir. İddiaçı hal-hazırda banka xx.xx.2024-cü il tarixə əsas borcu 7.538,01 manat, müqavilə müddətində ödənilməmiş faizlər üzre 0 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər üzrə (5% həcmində) 2.099,13 manat təşkil etmisdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin xeyrinə X1 tutulmuş 191.567 manat məbləğində pulun hazırkı iş, yəni xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinə her hansı aidiyyəti yoxdur.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 109.000 ABŞ dolları məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 476 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “Səbail” filialının depozitinə qoyduğu ona məxsus 70000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2013-cü il tarixdə etibarnamə əsasında girov qoymaqla 55000 ABŞ dolları məbləğində onun adına kredit götürməklə külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, bundan başqa xx.xx.2015-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “Səbail” filialının depozitinə qoyduğu ona məxsus, qardaşı oğlu Əliyev X3 adına rəsmiləşdirilmiş 100000 ABŞ dolları məbləğində pul vəsaitinin saxta etibarnamədən istifadə etməklə külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, eləcə də xx.xx.2015-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “ABB Premyer” filialının depozitinə qoyduğu ona məxsus, Cavabdeh adına rəsmiləşdirilmiş 100000 ABŞ dolları məbləğində pul vəsaitinin aldatma və etibardan sui-istifadə etməklə talayaraq təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. O, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1240/2017 saylı, xx.xx.2017-ci il tarixli (sərdlik edən F.Qəniyev) hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 7 ay, 20 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il, 4 ay, 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Qeyd edilən hökmdən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, o, "xxxx" ASC ilə aralarında bağlanılmış 06 iyun 2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 70000 ABŞ dolları məbləğində olan pul vəsaitini və ona hesablanmış 39000 ABŞ dolları məbləğində faiz pulunun qaytarılması üçün "xxxx" ASC-yə müraciət etmiş, bu zaman məlum olmuşdur ki, "xxxx" ASC xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında depozitə qoyduğu 70000 ABŞ dolları məbləğində pul vəsaitini onunla bank arasındakı xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin (hansı ki, hazırkı iş üzrə Cavabdeh həmin müqavilə üzrə talamada təqsirli bilinib məhkum olunmuşdur) 4-cü bəndinə əsaslanaraq akseptsiz qaydada gecikdirilmiş borc öhdəliyinin icrası adı altında silmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra "xxxx" ASC tərəfindən depozitə qoyulmuş pul vəsaitinin akseptsiz qaydada silinməsi qanuni hesab olunmuş və İddiaçı 70000 ABŞ dolları məbləğində əsas və ona hesablanmış 39000 ABŞ dolları faiz məbləğindən, cəmi 109000 ABŞ dolları pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, cavabdehin cinayətkar qəsdi nəticəsində ona maddi zərər vurulmuş, odur ki, vurulan maddi zərər əvəzi onun hesabına ödənilməlidir.

11. Cavabdeh iddiaya etiraz edərək, məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, o, onun tərəfindən dəyən ziyanı tam şəkildə ödəmiş, bununla bağlı hökmün və qətnamələrin surətlərini məhkəməyə təqdim etmişdir. Bununla yanaşı cavabdeh bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ ona bank tərəfindən tam ödənilmişdir və sonra ona qarşı bank tərəfində iddia qaldırılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmiş, ondan 191.567 manat 45 qəpik məbləğində pul vəsaiti tutulmuşdur. Həmin iş üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1612/2024 saylı, 5 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun bankda olan depozit əmanətlərini ələ keçirmək yolu dələduzluq etdiyinə və bununla bağlı məhkum edildiyinə əsaslanaraq, cavabdehdən 109000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. Həmin hökmlə təsdiq edilir ki, ibtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı İddiaçı ödənilmişdir, ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASCdəki müvafiq hesabına yerləşdirilmiş və həmin hökmlə depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi hökm edilmişdir.

14. Bununla yanaşı mülki işdə olan qətnamələrin surətlərində olan sübutlarla təsdiq edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)- 466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X8 məxsus olan 100000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X6 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X6 və) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi həmin işə baxılarkən bankın əsaslandığı əsas hal ondan ibarət olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərər (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə - faktiki olaraq Gülruh Əliyevaya qaytarılmışdır.

15. Məhkəmə son olaraq hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən dələduzluq cinayəti nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən ona vurulan zərərin tam ödənilməsi təsdiq edildiyindən iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386.1, 1096 və 1097.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1612/2024 saylı, 5 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)-466/2017 saylı qətnaməsinə və 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli qətnaməsinə istinad edərək hesab edir ki, Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərər (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə - faktiki olaraq Gülruh Əliyevaya qaytarıldığından, və 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmiş və həmin hökmlə depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməklə tam zərər ödənildiyindən iddia təmin edilməməlidir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işindən əmələ gələn mülki iddiaçı kimi çıxış etməmişdir. CPM və MPM-nin tələblərinə əsasən müstəqil iddia ilə çıxış etmək onun hüququdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarımülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hökmünə istinad edərək mülki iddia rədd edilə bilməz. İddiaçı "Klassik əmanət (depozit) hesabı haqqında" xx.xx.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70000 (yetmiş min) ABŞ dolları məbləğində depozit qoymuşdur. Lakin cavabdeh ona qarşı dələduzluq edərək qeyd edilən vəsaiti girov qoymaqla xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi ilə 55000 (əli beş min) ABŞ dolları kredit götürməsi və krediti vaxtında qaytarmaması səbəbi ilə "xxxx" ASC xx.xx.2019-cu il tarixdə borca görə 70000 (yetmiş min) ABŞ dolları və ona hesablanmış faizləri akseptsiz silmişdir. Depozit 60 ay müddətinə qoyulmuşdur. 70000 (yetmiş min) ABŞ dolları X 11.4% = 7980 ABŞ dolları : 12 ay = 665 ABŞ dolları X 60 ay = 39900 ABŞ dolları. Göründüyü kimi İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə 39900 ABŞ dolları gəlir əldə edəcəkdir. 70000 ABŞ dolları + 39900 ABŞ dolları =109900 ABŞ dolları. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən əsas pulun və faizin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən 70000 (yetmiş min) ABŞ dolları məbləğində əsas, 45220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bak Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(006)-2579/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən **********9361558210 saylı depozit hesabından 70122,68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız hesab edilməsi və "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70000 ABŞ dolları məbləğində əsas, 36226,19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bak Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(006)-2579/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Cavabdeh həmin məhkəmə prosesində maraqlı şəxs kimi iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilən məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği 39900 ABŞ dolları məbləğində müəyyən edildiyi öz təsdiqini tapmışdır. Lakin məhkəmə "xxxx" ASC-nin akseptsiz silmə hüququnu tanıdığından iddianı təmin etməmişdir. Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsindən fərqli olaraq vəsaitin ödənilməsi əsası ilə deyil, akseptsiz silmə hüququnu əsas götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsi ümumiyyətlə, depozit hesaba qoyulmuş məbləğə görə 60 ay ərzində iddiaçının əldə edəcəyi gəlirlərə münasibət bildirməmişdir. Məhkəmə sadə riyazi hesablamanı belə aparmadan, ekspertiza təyin etmədən təqdim etdiyi məhkəmə aktlarındakı hesablamaları, ekspertiza rəyini nəzərə almadan Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmünü əsas götürərək hesab edir ki, 70270 manat pul vəsaiti ilə İddiaçı 70000 ABŞ dolları depozitini və 39900 manat depozitdən əldə edəcəyi gəlirləri ödənilmiş hesab etməsi Mülki Məcəllənin zərər vurulması ilə bağlı normalarını ciddi şəkildə pozmuşdur. Hesab edir ki, işi araşdırmadan 1 hazırlıq iclası ilə baxış təyin edən hakim işdə olan sübutlara düzgün qiymət verməmişdir. İddiaçı hazırda da xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən banka 15.000 ABŞ dollarına yaxın məbləğdə borcu qalmaqdadır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (ekspert rəyi ilə) müəyyən edilmiş depozit məbləği və ona hesablanmış faizlər yenidən sübut edilməməlidir. Lakin Xətai rayon Məhkəməsi mülki qətnamədəki sübutları deyil, cinayət işi üzrə qəbul edilmiş hökmü əsas götürdüyündən prosessual pozuntuya yol vermişdir. Sübutları düzgün qiymətləndirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

27.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

28.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

32. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

34. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (82.3-cü maddə)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.İş materiallarından göründüyü kimi iddiaçı cavabdehin ona qarşı dələduzluq cinayəti törətdiyinə əsaslanaraq hesab edir ki, sonuncunun ona aid vəsaiti girov qoymaqla xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinə əsasən 55.000 ABŞ dolları kredit götürməsi və krediti vaxtında qaytarmaması səbəbi ilə, o, depozitə qoyduğu 70.000 ABŞ dolları və həmin məbləğə 60 ay ərzində adi dövriyyə şəraitində faiz olaraq hesablanmalı olan 39.900 ABŞ dolları olmaqla, cəmi 109.900 ABŞ dolları məbləğində pul vəsaitindən məhrum olmuş, bununla da qeyd edilən məbləğ həcmində zərərə uğramışdır. 39.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 40.Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Mülki qanunvericiliyin bu maddələrinin mənasına görə cavabdehin yol verdiyi mülki hüququ pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi yalnız qeyd olunan əsaslar eyni zamanda müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

41. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, cavabdehin barəsində başlanılmış cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etdiyi, ona qarşı təqsirli törədilməsi təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə ziyanın məbləğinin müvafiq olaraq 42.900 manat (həmin dövrün məzənnəsinə uyğun 55.000 ABŞ dolları) və 104.700 manat (həmin dövrün məzənnəsinə uyğun 100.000 ABŞ dolları) məbləğində olduğu müəyyən edilmişdir.

42. Belə ki, analığı İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə adına olmuş depozit məbləğini girov qoymaqla 7 iyun 2013-cü il tarixdə 55.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 42.900 manat) kredit götürərək ələ keçirməsi, habelə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, həmin saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə depozitə qoyulmuş 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 104.700 manat) pul vəsaitini 22 iyun 2015-ci il tarixdə ələ keçirməsi ilə bağlı cinayət epizodları üzrə Cavabdeh təqsirli olması məhkəmədə tam şəkildə sübuta yetirilmişdir.

43. Zərərçəkmiş şəxsə ayrı-ayrı cinayət epizodları üzrə vurulmuş ziyanın faktiki həcminin daha artıq olması, ümumiyyətlə təqsirləndirilən şəxsin ona daha böyük məbləğlərdə əlavə ziyanlar vurması halları cinayət işinin məhkəmədə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.

44. Bundan başqa işə məhkəmədə baxılarkən iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən müəyyən edilmişdir ki, cavabdeh ələ keçirdiyi puldan faktiki olaraq ümumilikdə 77.330 manat (həmin dövrün məzənnəsinə uyğun 74.000 ABŞ dolları) qaytarmışdır. Bundan başqa məhkəmə istintaqında təsdiqini tapmış epizodlar üzrə məbləğlər son nəticədə təqsirləndirilən şəxs tərəfindən etiraf olunmuş və ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70.270 manat (həmin dövrün məzənnəsinə uyğun 41.335 ABŞ dolları) pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmişdir.

45. Digər cinayət epizodu üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6559/2019 saylı 4 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bankın iddiası üzrə cavabdehdən 191.567,45 manat məbləğində pul vəsaiti tutulmuşdur.

46. İddiaçının istinad etdiyi epizod üzrə bankın verdiyi məlumatdan müəyyən olunur ki, İddiaçı Mirismayil qızı ilə "xxxx" ASC arasında baglanmış xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABS dolları vəsaiti Banka əmanət kimi goyulmuş, həmin məbləğdən iddiaçıya ümumilikdə 36.226,19 ABŞ dolları məbləgində faiz ödənişləri edilmiş, müqavilə bitən zaman isə müştərinin depozit hesabında əsas depozit məbləgindən (70.000 ABŞ dolları) əlavə olaraq 116,67 ABS dolları faiz məbləgi qalmışdır. xx.xx.2019-cu il tarixdə müştəridən ümumilikdə 70.122,68 ABS dolları məbləğində pul akseptsiz gaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca (onun 44.761,99 dollar əsas borca, 25.360,69 dolları faiz borcuna) silinmişdir.

47. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği isə 5 illik müddət üçün cəmi 39900 ABŞ dolları məbləğində hesablanmalı idi.

48. Beləliklə xx.xx.2019-cu il tarixdə iddiaçıya aid depozit məbləğindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca görə akseptsiz gaydada ümumilikdə 70.122,68 ABS dolları məbləğində (onun 44.761,99 dollar əsas borca, 25.360,69 dolları faiz borcuna) pul vəsaiti silinmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə ödənilməli faiz məbləğindən (39.900 ABŞ dolları) 36.226,19 ABŞ dolları məbləgində ödənişlər edilmiş və iddiaçı tərəfindən həmin məbləğdən istifadə edilmişdir (hökmlə də müəyyən olunur – iş vərəq 56-57). İddiaçı cinayət işinin məhkəmə araşdırılması zamanı cavabdehin ələ keçirdiyi puldan faktiki olaraq 77.330 manat (həmin dövrün məzənnəsinə uyğun 74.000 ABŞ dolları) qaytardığını etiraf etmiş, 70.270 manat (həmin dövrün-dekabr 2017-ci ilin məzənnəsinə uyğun 41.335 ABŞ dolları) iddiaçının adına Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmişdir. Qeyd edilməlidir ki, manatla edilmiş ödənişlər ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə nəzərə alınmalıdır.

49. İddiaçı banka olan borcu xx.xx.2024-cü il tarixə (əsas borc üzrə 7.538,01 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu üzrə (5% həcmində) 2.099,13 manat) 9.637,14 manat (hazırki dövrün məzənnəsinə uyğun 5.668,91 ABŞ dolları) təşkil etdiyi nəzərə alınsa belə qeyd edilməlidir ki, cavabdehin iddiaçıya zərər olaraq ödədiyi məbləğlə qeyd olunan məbləğin tam əhatə olunduğu müəyyən edilir.

50. Beləliklə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna görə maddi məsuliyyətin yaranması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərin - törədilmiş əməlin hüquqa zidd olması, hüquq qaydasının pozulması halının baş verməsi; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması hallarının mövcudluğu öz təsdiqini tapsa da, hazırkı vəziyyətdə onun təqsirli olaraq törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində vurduğu zərərin əvəzi tam şəkildə ödənilmiş, bununla iddiaçının cavabdeh tərəfindən pozulmuş hüququ tam şəkildə bərpa edilmişdir. Cavabdehdən əlavə pulun tutulması isə iddiaçının əsassız varlanmasına səbəb olacaqdır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1612/2024 saylı, 5 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar