Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3714/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 94689,35 manat, mənəvi zərərə görə 28300 manat olmaqla, cəmi 122989,35 (bir yüz iyirmi iki min doqquz yüz səksən doqquz manat 35 qəpik) manat məbləğində kompensasiyanın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixində Bakı şəhərində anadan olmuş, 2012-ci ildən etibarən Odlar Yurdu Universitetində ali təhsil almağa başlamışdır. İddiaçı 07 mart 2013-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2013-cü il tarixdə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-119/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1, 228.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli, 1(103)-884/2014 nömrəli qərarı ilə iddiaçı və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-66/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya münasibətdə dəyişikliksiz saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli sərəncamı ilə İddiaçı cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İddiaçı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Avropa Məhkəməsi bu şikayəti həmin cinayət işi üzrə həbs edilmiş digər şəxsin şikayət ərizəsi ilə bir icraatda birləşdirmiş və xx.xx.2021-ci il tarixdə Avropa Məhkəməsinin həmin ərizələrlə bağlı “Əzizov və Novruzlu Azərbaycana qarşı” qərarı qəbul edilmişdir. Avropa Məhkəməsi baxılan işdə Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinin, eləcə də 5-ci maddənin 3-cü bəndi ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli, 12(102)-2(a)/2022 nömrəli qərarı qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü İddiaçı münasibətdə ləğv edilmişdir. Eyni zamanda İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı qarşı cinayət təqibi çərçivəsində onun evində axtarış aparılan zaman istintaq orqanı tərəfindən götürülmüş 94.100 manat və 589,35 manata bərabər tutulan 750 ABŞ dollları məbləğində pul vəsaiti barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Ali Məhkəmə Plenumunun xx.xx.2022ci il tarixli Qərarında qeyd olunur ki, “...İddiaçı məhkəməyədək ibtidai istintaq dövründə həbs edilmələrinin əsasları faktiki olaraq Rəşad Həsənov və digərləri Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Aropa Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12(102)-2(a)/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş əsaslarla eynilik təşkil etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun əvvəlki-X1, X3, X2 və X10 münasibətdə qəbul etdiyi qərarında təfsir etdiyi əsaslar nəzərə alınmaqla İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1, 228.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə və həmin iş üzrə çıxarılmış apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarına yenidən Ali Məhkəmənin Plenumunda cinayət prosessual qaunun Lİİİ fəslində nəzərdə tutulmuş icraat çərçivəsində baxıb zəruri qərarın çıxarılması mümkündür”. İddiaçıli oğlu barəsində olan Ali Məhkəmə Plenumunun qərarına istinad edilən Plenumun xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı ilə eyni cinayət işi üzrə hüquqi vəziyyətdə olan Z.A.Qurbanlıya mənəvi ziyana görə 28.300, R.F.Axundova 66.700, Ü.M.Məmmədliyə 28.300 və R.Z.Həsənova 66.700 manat ödənilmişdir. Qərardan göründüyü kimi mənəvi ziyana görə kompensasiya məbləği adları qeyd edilən şəxslərin əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi ilə onların azadlığa çıxması aralığını əhatə edən müddətə uyğun olaraq müəyyən edimişdir. İddiaçı Z.A.Qurbanlı və Ü.M.Məmmədli kimi 20 aya yaxın qanunsuz olaraq həbsdə saxlanılmışdır. Beləliklə, maddi ziyana görə 94689,35 manat məbləğində (91400+589,35=94689,35), mənəvi ziyana görə isə 28300 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(006)-935/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 94689,35 (doxsan dörd min altı yüz səksən doqquz manat otuz beş qəpik) manat məbləğində maddi zərərin, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 114689,35 (yüz on dörd min altı yüz səksən doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, iddia təmin olunması hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqlənməməsi, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 20000 manat vəsaitin ödənilməsi, maddi zərərə tutulmuş 94689,35 manat pul vəsaitinin icra vəziyyətinin aydınlaşdırılmaması, hökmlə müsadirə olunmuş həmin pul vəsaitinin dövlət büdcəsinə köçürülüb-köçürülməməsinin yoxlanılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-119/2014 saylı hökmünə əsasən, xx.xx.2013-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2013-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1, 228.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Cinayət Məcəlləsinin 28, 220.1-ci maddəsi ilə 4 il müddətinə, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu xx.xx.2013-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirininin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – İddiaçı yaşadığı evdən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi mühasibatlığının depozit hesabında saxlanılan 94100 manat və 589,35 manata bərabər tutulan 750 ABŞ dolları məbləğində pul vəsaitinin barəsində xüsusi müsadirə tətbiq edilib məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-2(a)/2022 saylı Qərarından görünür ki, “Əzizov və Novruzlu Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarına əsasən X5 və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1, 228.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-696/2015 nömrəli, 02 iyun 2015-ci il tarixli və 1(102)-1228/2015 nömrəli, 15 oktyabr 2015-ci il tarixli qərarları, habelə onlarla bağlı olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-884/2014 nömrəli, 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-119/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmü X7 və İddiaçı münasibətdə ləğv edilmiş, X5 və İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1, 228.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qanunsuz olaraq azadliqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 mart 2013-cü il tarixdən 17 oktyabr 2014-cü il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanı səhvi və ya sui-istifadəsi nəticəsində ağır mənəvi zərər vurulmuşdur. İddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin 20000 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə vurulmuş 94689,35 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-119/2014 saylı hökmünə əsasən İddiaçı məxsus 94100 manat və 589,35 manata bərabər tutulan 750 ABŞ dolları məbləğində pul vəsaiti xüsusi müsadirə tətbiq edilməklə İddiaçı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Odur ki, iddia tələbi maddi ziyan hissəsində tam əsaslıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 20000 manat mənəvi zərər məbləği yüksək deyildir, onun apellyasiya şikayətinə əsasən azaldılmasına və ya iddianın həmin hissədə tam rədd olunmasına qanuni əsas müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia digər hissədə də əsaslı olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi - Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)- 119/2014 saylı hökmünə əsasən İddiaçı məxsus 94100 manat və 589,35 manata bərabər tutulan 750 ABŞ dolları məbləğində pul vəsaiti xüsusi müsadirə tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Cavabdeh apellyasiya şikayətində hökmün həmin hissədə icrası vəziyyətinin aydınlaşdırılmaması, müvafiq pul vəsaitinin icra nəticəsində dövlət bütcəsinə keçirilməsinin yoxlanılmamasını göstərmişdir. Bu səbəbdən də, apellyasiya baxışı zamanı Azəraycan Respublikasının Baş Prokurorluğuna müvafiq sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Baş Prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə müstəntiqin qərarına əsaən xx.xx.2013-cü il tarixdə 386881 və 386882 nömrəli order sənədləri əsasında Baş Prokurorluğun depozitinə İddiaçı adından yerləşdirilmiş 94100 manat və 750 ABŞ dolları məbləğində pul vəsaitləri Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2015ci il tarixli 64-707/2015-1 nömrəli məktubu və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-119/2014 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə xüsusi müsadirə tətbiq olunaraq dövlət nəfinə köçürülmüşdür. Göründüyü kimi, hökmün icrası ilə bağlı müvafiq pul vəsaitlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddianı qeyd edilən hissədə təmin etmişdir. Göründüyü kimi, cavabdeh etirazının (həmçinin, apellyasiya şikayətinin dəlillərini) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3714/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3714/2023
18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver