Məhkəmə qərarları › İş №2(103)-3715/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3715/2024

09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3715/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun bank hesabında əsassız olaraq silinmiş cəmi 6.430 manat məbləğində pul vəsaitinin qaytarılması məqsədi ilə Cavabdeh2 234 manat, Cavabdeh5 2.180,50 manat, Cavabdeh3 1.372 manat, Cavabdeh7 1.591,60 manat, Cavabdeh4 345,78 manat, Cavabdeh1 215 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus "xxxx" ASC-yə aid 4169 7385 4921 0916 saylı “Birkart” və 4109 7414 7033 3925 saylı maaş kartlarına aid bank hesabları vardır. O, həmin hesablarını mobil telefonuna yüklədiyi “Birbank” mobil tətbiqi vasitəsilə idarə etmişdir. Müəyyən vaxtlarda həmin kartlardan “online” ödənişlər də həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Masallı şəhəri ərazisində olduğu zaman özünü "xxxx" ASC-nin “28 May” filialının əməkdaşı kimi təqdim edən Kamran Qasımov adlı tanımadığı şəxs ***-***-**-** saylı mobil nömrədən iddiaçının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, "xxxx" hesablarına kiber hücumların olduğunu, kartına müdaxilə etmək istəyən şəxslərin olduğunu, hesab məlumatlarının təhlükəsizliyini artırmaq məqsədi ilə kartların üzərində olan 16 rəqəmli şifrənin “WhatsApp” hesabına göndəriləcək linkə daxil olduqdan sonra açılacaq proqramda müvafiq yerə daxil etməyini istəmişdir. İddiaçı, həmin vaxt kart hesabına kiber hücumun olacağından ehtiyat edib həmin şəxslə razılaşmış və həmin şəxsin ***-***-**-** saylı mobil nömrə ilə açılmış “WhatsApp” hesabından onun nömrəsinə göndərilən linkə daxil olmaqla özünə məxsus və yuxarıda qeyd edilmiş bank kartlarının nömrələrini həmin linkdə ayrılan xanalara daxil etmişdir. Bundan sonra mobil telefonunda olan “Birbank” tətbiqindən gələn bildirişlərlə bank hesablarında olan ümumilikdə 6.430 manat pulun hissə-hissə olmaqla məxaric olunduğunu görmüşdür. İddiaçı, həmin vaxt dələduzluğa məruz qaldığını başa düşmüşdür. Elə həmin vaxt ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə həmin nömrəyə zəng çatmadığını bilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng etmiş və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. İddiaçının verdiyi məlumat əsasında Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Masallı Rayon Polis Şöbəsi tərəfindən sorğu nəticəsində əldə olunmuş bank hesab çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:28-də iddiaçıya məxsus hesablardan Cavabdeh6 hesabına 489,43 manat, saat 16:33-də Cavabdeh2 hesabına 234 manat, saat 16:17-də Cavabdeh5 hesabına 2.180,50 manat, saat 16:19-da Cavabdeh3 hesabına 1.372 manat, saat 16:21-də Cavabdeh7 hesabına 1.591,60 manat, saat 16:30-da Cavabdeh4 hesabına 345,78 manat, saat 16:36-da Cavabdeh1 hesabına isə 215 manat köçürülmüşdür. Göründüyü kimi iddiaçı müvafiq linkə daxil olduqdan dərhal sonra bir neçə dəqiqə ərzində ümumilikdə 6.428,31 manat onun kart hesabından yuxarıda adları çəkilən şəxslərin hesabına köçürülmüşdür. Bank çıxarışından açıq-aydın görünür ki, 7 nəfər cavabdeh şəxsə köçürülən pullarla bağlı əməliyyatların növü “Birbank” tətbiqi il kartdan karta köçürmə olmuşdur. Sözügedən köçürmələrdə kart sahibi olan iddiaçının iradəsi olmamış, o, cavabdehləri tanımamış və onlarla hər hansı şəkildə əlaqəsi olmamışdır. Kart sahibinin aksepti olmadan, qanuni əsas olmadan cavabdehlər əsassız olaraq varlanmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kart hesabının məlumatları ələ keçirildikdən sonra ondan xəbərsiz cavabdehlərin hesabına müxtəlif məbləğlərdə pul məbləğləri köçürülmüş və cavabdehlər bunun nəticəsində əsassız varlanmışdırlar. Cavabdehlərdən Cavabdeh6 özü bu halı etiraf edərək, iddiaçıya dəymiş zərəri könüllü olaraq ödəmişdir. İşin bu halı da eyni zamanda təsdiq edir ki, iddiaçının bank hesabından cavabdehlərin hesabına köçürülmüş pul vəsaitləri əsassız və heç bir hüquqi əsas olmadan cavabdehləri varlandırmışdır. c) apellyasiya şikayətləri barədə məlumat

5. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ayrı-ayrılıqda həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv edilməsini və həmin hissələrdə iddianın rədd edilməsini xahiş etmişlər d) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri üzrə apellyasiya icraatı barədə məlumat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qətnamə (iş № 2(103)-1851/2024) ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətlərinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni apellyatorlara aid hissədə ləğv edilməsini və apellyasiya baxışının predmeti olan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. e) iş üzrə hazırki apellyasiya icraatı və apellyasiya baxışının hədləri barədə məlumat

7. Cavabdehlərdən biri olan Cavabdeh1 Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən hazırda apellyasiya şikayəti verərək, qətnamənin ana aid hissəsinin ləğv edilməsini və ona aid tələbin rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Odur ki, qeyd edilənlərə əsaslanan Məhkəmə qətnamənin əsaslılığını yalnız Cavabdeh1 münasibətdə yoxlamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

10. Cavabdeh1 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. İş üzrə iddiaçı və digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər.

12. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməlidir.

14. Belə ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Binance” dijital platformasında (rəqəmsal varlıqları birbaşa istifadəçilər arasında almağa və satmağa imkan verən rəqamsal platforma) onlayn kripto alış-verişi ilə məşğuldur və indiyə qədər heç bir qeyri-qanuni əməliyyat etməmişdi. xx.xx.2023-cü il tarixdə saat 16:16:23-də Cavabdeh1 215 manat dəyərində 107,50 USDT (dijital varlıq, TETHER, ən məşhur tokeni USDT adlanır və bu dollarla dəstəklənir, dəyəri 1 dollardır) satmışdır. Bunun müqabilində Cavabdeh1 kartına 215 manat mədaxil olmuşdur. Birjada satış zamanı pulun kim tərəfindən, hansı kartdan göndərildiyi məlum olmur və o, satış edib pulunu almışdır. Burada vasitəçilik, gizlilik və təhlükəsizliyi “Binance” özü təmin edir. Ona görə də Cavabdeh1 asılı olan heç bir şey yoxdur. İddiaçı öz şəxsi məlumatlarına başqasına verməli olmadığı halda, buna yol verməklə itirdiyi pul vəsaitinə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməz. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək Cavabdeh1 münasibətdə əsassız qətnamə qəbul etmişdir.

15. İddiaçıya məxsus “Bank kartı hesabından çıxarışdan” görünür ki, iddiaçının hesabından xx.xx.2023-cü il tarixdə saat 16:28-də iddiaçıya məxsus hesablardan Cavabdeh6 hesabına 489,43 manat, saat 16:33-də Cavabdeh2 hesabına 234 manat, saat 16:17-də Cavabdeh5 hesabına 2.180,50 manat, saat 16:19-da Cavabdeh3 hesabına 1.372 manat, saat 16:21-də Cavabdeh7 hesabına 1.591,60 manat, saat 16:30-da Cavabdeh4 hesabına 345,78 manat, saat 16:36-da Cavabdeh1 hesabına isə 215 manat köçürülmüşdür.

16. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 xidmətinə” və Masallı Rayon Polis Şöbəsinə müraciət edərək, iddia ərizəsində qeyd edilən hadisə ilə bağlı məlumat vermişdir (bax: hazırki qətnamənin 2-ci bəndinə). Məlumat əsasında aparılmış araşdırıma zamanı müəyyən edilmişdir ki, iddiaçının hesabından silinmiş pul vəsaiti müxtəlif hissələr ilə hazırki iş üzrə cavabdehlərin bank hesablarına keçirilmişdir (bax: hazırki qətnamənin 15-ci bəndinə). Aparılmış araşdırma pulu ələ keçirən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki mühakimə icraatı qaydasında müvafiq iddia ilə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

17. İş materialları ilə müəyyən edilir ki, iddiaçı özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən şəxsə ona aid bank məlumatlarını təqdim etmiş, bunun nəticəsində həmin şəxs iddiaçının bank kartlarından istifadə etməklə onun hesablarından vəsait əldə edərək cavabdehlərin hesabına köçürmüşdür.

18. Cavabdeh1 tərəfindən təqdim edilmiş sənədlərdən isə müəyyən olunur ki, o, “Binance” platformasında kriptovalyuta satışını həyata keçirmiş və alıcı tərəfindən həmin məbləğ alğı-satqı zamanı onun hesabına köçürülmüşdür.

19. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, pullar və sənədli qiymətli kağızlar da əşyadır (maddə 135.1.). Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (maddə 182.1.). Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur (maddə 182.2.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.).

20. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıya məxsus pul vəsaitini əvəzsiz qaydada əldə etməmişdir, habelə həmin məbləğin iddiaçının hesabından qeyri-qanuni olaraq çıxarılmasında onun təqsirli olması müəyyən edilməmişdir. İddiaçı özü ona aid bank məlumatlarını qorumalı olduğu halda, həmin məlumatları tanımadığı şəxsə təqdim etmiş, bunun nəticəsində zərərə məruz qalmışdır.

21. Bundan başqa, Cavabdeh1 mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən iddiaçının iradəsinin ziddinə olaraq onun sahibliyindən çıxmış pula münasibətdə vicdanlı əldə edən hesab edilir. h) apellyasiya baxışının nəticəsi

22. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır.

23. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

24. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 37 manat dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməlidir.

25. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 215 manatın və dövlət rüsumunun tutulması hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin.

İddiaçı “pul tələbi barədə” iddiası Cavabdeh1 aid hissədə təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu İddiaçı aid edilsin. Bu məqsədlə İddiaçı 37 (otuz yeddi) manat tutularaq Cavabdeh1 ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar