Məhkəmə qərarları › İş №2(103)-3716/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3716/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3716/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(006)-56/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X8 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. cavabdehlərin həmin ev üzərində mülkiyyət hüququ olması işin mübahisəsiz halıdır və iddiaçı yuxarıda qeyd edilən sərəncam və onun icrası məqsədi ilə bağlanmış müqaviləsi əsasında qaldırıdğı iddiasında cavabdehin həmin ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək sonuncuya hər ay kirayə haqqı ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 39 A saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 39 A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 197 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərini iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 2 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 88 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər X4, X6 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. Birinci instansiya məhkəməsi baxışı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 19 mart 2022-ci il tarixli H/01-PLS saylı məktubla məhkəməyə təqdim etdiyi Daşınmaz əmlakın (yaşayış sahəsinin) qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 39A nömrəli yaşayış sahəsinin aylıq kirayə haqqı 300-350 manat və hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 133.760 manatdır. Qiymətləndirmə xərci 500 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi baxışı həmçinin iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7127 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 39A nömrəli evin tikinti altı sahəsi 174.0 kv.m, faktiki sahəsi 163.8 kv.m təşkil edir. Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 39A nömrəli yaşayış evinin divarlarında çatlar, çökmələr, divarlarda aralanmalar baxış zamanda müşahidə olunmadığını, təmirli vəziyyətdə olduğunu nəzərə alaraq, tədqiq olunan ev qəzalı vəziyyətdə olmadığı müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(006)-56/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçınə aid edilməsi və Daşınmaz əmlakın qiymətləndirilməsi xərci olan 500 (beş yüz) manatın İddiaçındən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini ondan ibarət olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X8 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, cavabdehlərin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. İddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin faktiki hallarının qanuni əsası tapılmadığından, yəni tələb qanuni əsasın dispozisiya əlamətləri ilə uzlaşmadığından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Mübahisə predmeti olan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, cavabdehlərin həmin ev üzərində mülkiyyət hüququ vardır. Hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən müvafiq Sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur. İddiaçının kommersiya hüquqi şəxsi olması və həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, icarə əsasında iddiaçının istifadəsinə verilən torpaq sahəsinin ərazisində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdə iddiaçının əsas məqsədi gördüyü işdən mənfəət əldə etməkdir. Buna görə də, burada torpaqların dövlət ehtiyacları üçün alınması və qəzalı vəziyyətdə olan tikililərin əhalinin mənafeyi naminə sökülərək yerində yeni tipli binaların tikilməsindən söhbət gedə bilməz. Qəzalı vəziyyətdə olan binaların sökülməsi üçün müvafiq iddia tələbi ilə müraciət etmək səlahiyyəti də qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət orqanına məxsusdur, iddiaçının buna subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, İİİ hissələrinə, 24-cü maddəsinin İİİ hissəsinə, 43, 71-ci maddəsinin İ-İİ, Vİ-Vİİ, İX hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.1, 6.1.1-6.1.2, 6.1.4-6.1.5, 6.1.7-6.1.9, 6.2-6.3, 14.1, 14.2, 14.2.1- 14.2.2, 16.1, 152.6, 324.1-324.2, 324.4, 390.1, 390.3, 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.5; «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolunun 1-ci maddəsinə; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1-76.2, 77.1, 88,107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, eyni kateqoriyalı işə baxan hakim həmin işdə iddiaçının iddia tələbini təmin etmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu gün isə cavabdehin daşınmaz əmlaka dair çıxarışının olmasını əsas gətirməklə iddianın rədd edilməsi özü özlüyündə sual doğuran hallardan biridir. Bundan başqa, məhkəmənin qətnamədə qeyd etdiyi fikirlə bağlı xüsusi olaraq qeyd edilir ki, Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamının mahiyyəti ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X8 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikilməsidir. Məhz bu məqsədlə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilinin sahəsindən 20% olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada təmirli mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Cavabdeh isə hüquqdan sui-istifadə edərək iddiaçıdan mənzilin hər kv.metri üçün 3.000 manat pul tələb edir. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin, cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bundan başqa binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ, İİİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 24-cü maddəsinin İİİ hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 71-ci maddəsinin İ-İİ, Vİ-Vİİ, İX hissələrinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1, 6.1.1-6.1.2, 6.1.4-6.1.5, 6.1.7-6.1.9, 6.2-6.3. Mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 14.1, 14.2, 14.2.1-14.2.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Belə ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X5 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə”uyrun olaraq həyata keçirilməli; “ictimai marara” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa- Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər, Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, “eo ipso” (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1576 nömrəli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X8 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. İddia tələbinin əsasını təşkil edən müvafiq Sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə ünvan 1 ünvanda qeydiyyatdadırlar. Həmin ev və üzərində yerləşdiyi torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, cavabdehlərin həmin ev üzərində mülkiyyət hüququ olması işin mübahisəsiz halıdır və iddiaçı yuxarıda qeyd edilən sərəncam və onun icrası məqsədi ilə bağlanmış müqaviləsi əsasında qaldırıdğı iddiasında cavabdehin həmin ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; onların sözügedən evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən qeyd edilən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 197 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin mülkiyyətçi Cavabdeh1 mülkiyyətinə verilməsini, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək sonuncuya hər ay 500 manat məblərində kirayə haqqı ödənilməsini tələb edir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilənin mahiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X7 ə Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi və hazırki iş üzrə mülkiyətçilərlə yalnız razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilməsindən ibarətdir. Başqa sözlə, heç bir məcburiyyətdən söhbət getmir və gedə də bilməz. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. İddiaçı da cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmamasını ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranması və bu razılığın əldə etmək mümkün olmamasını həm də digər sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozması kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən müvafiq Sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur. İddiaçının kommersiya hüquqi şəxsi olması və həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icarə əsasında iddiaçının istifadəsinə verilən torpaq sahəsinin ərazisində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdə iddiaçının əsas məqsədi gördüyü işdən mənfəət əldə etmək olduğuna görə burada torpaqların dövlət ehtiyacları üçün alınması və qəzalı vəziyyətdə olan tikililərin əhalinin mənafeyi naminə sökülərək yerində yeni tipli binaların tikilməsindən söhbət gedə bilməməsinə dair qənaəti ilə razılaşır və həmçinin hesab edir ki, qəzalı vəziyyətdə olan binaların sökülməsi üçün müvafiq iddia tələbi ilə müraciət etmək səlahiyyəti də qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət orqanına məxsusdur, iddiaçının buna subyektiv hüququ olmamasına dair məhkəmənin nəticəsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etməməklə, əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilinin sahəsindən 20% olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada təmirli mənzilin onların mülkiyyətinə verməsi bu təklifin cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib olmasına dair dəlillərinə hüquqi qyimət verərək hesab edir ki, işin qeyd edilən halı üzrə araşdırma ararmış birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. Belə ki, cavabdehlərin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir. Belə olan halda isə cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdehlərin hərəkətləri hüquqdan sui-istifadə olmamış, eləcə də bu hərəkətləri digər sakinlərin mənafeyi və mülkiyyət hüquqlarının pozulması demək deyil. Çünki işin mübahisəsiz hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən ev cavabdehin mülkiyyətində olmaqla həmin evin qəzalı vəziyyətdə olması müəyyən edilməmişdir. Həmçinin iddiaçıya verilmiş sərəncam və bağlanmış müqavilədə iddiaçıya torpaqların dövlət ehtiyacları üçün alınması və qəzalı vəziyyətdə olan tikililərin əhalinin mənafeyi naminə sökülərək yerində yeni tipli binaların tikilməsi öhdəliyi verilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, sözügedən sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur ki, belə olan halda da iddiaçı tərəf həmin sərəncamın və müqavilənin icrası üçün cavabdehlərlə bu cür razılığın əldə edilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bununla bağlı kollegiya həmçinin də qeyd etməyi zəruri sayır ki, Konstitusiyada mülkiyyətin dəyərinin öncədən ödənilməsi şərtinin müəyyən edilməsi məhz mülkiyyətçinin maraqları baxımındandır. Əslində sonradan ödəmə (və ya başqa alternativ şərtlər) yalnız mülkiyyətlərin razılığı ilə ola bilər ki, bu da tərəflərin arasında bağlanmış müqavilələr yolu ilə həll edilməlidir Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(006)-56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar