Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3717/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikililərin sökülməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(001)-252/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə İddiaçı adına 2/3 hissədə, xx.xx.2019-cu il tarixdə X1 adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3203-cü məhəllədə (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağdaban küçəsi, 86) yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyanın nə vaxta təsadüf etdiyini müəyyən etmək mümkün deyil. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin ətrafında svaylar vurulduqdan sonra aparılmış qazıntı işlərindən sonra ərazidə hər hansı torpaq üçqununun və sürüşmənin olmadığını nəzərə alaraq İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyanın cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmadığını söyləmək olar. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-cü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi, ərazinin ilkin vəziyyətinin bərpa edilməsi və bərkitmə işlərinin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, aralarında olan daş hasarın cavabdehlərin hesabına bərpa edilməsi və əmlaka dəymiş zərərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi üzərində onun xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlərdən Cavabdeh2 ona məxsus olan həmin evə qonşu olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-cü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir, 2023-cü ilin payız aylarından başlayaraq olduqca yaxın məsafədə qanunvericilik normalarını pozaraq qanunsuz tikinti işləri aparmağa başlamışdır. Sonradan isə həmin torpaq sahəsi digər Cavabdeh1 adına keçirilərək, tikinti işləri eyni şəxslər tərəfindən davam etdirilməkdədir. Aparılan tikinti işləri nəticəsində ona məxsus evin divarlarında və bünövrəsində çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüşdür, bina əyilmişdir. Eyni zamanda tikinti işləri o qədər yaxınlıqda aparılır ki, gələcəkdə onların fərdi yaşayış evindən maneəsiz, təhlükəsiz və tikinti-sanitariya norma və qaydalarına uyğun istifadə mümkünsüz olacaqdır. Cavabdehlərin hərəkətləri nəticəsində evinin qəzalı vəziyyətə düşməsi adi gözlə müəyən edilsə də və bu cavabdehə əyani göstərilsə də, bütün bunlara baxmayaraq, cavabdeh həmin qanunsuz tikinti işlərini davam etdirməkdədir. Verdikləri müvəqqəti təminat tədbiri barədə ərizə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2024cü il tarixli, e-16(001)-171/2024 saylı qərardadı ilə təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 3203-cü məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikinti işləri aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilmişdir. Eyni zamanda Cavabdeh1 onlara qarşı iddiası üzrə 2(001)-2762/2024 saylı mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(001)- 252/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı cavabdehlərin qanunsuz tikililər inşa etdiyini, həmin qanunsuz tikililərin inşası zamanı onun mülkiyyətinə zərərin dəydini bildirsə də, bu halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə tərəfindən hazırkı iş üzrə ekspertiza təyin olunmuş, mütəxəssislər həmin əraziya baxış keçirmişlər və ekspert rəylərində də qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin ətrafında svaylar vurulduqdan sonra aparılmış qazıntı işlərindən sonra ərazidə hər hansı torpaq üçqununun və sürüşmənin olmadığını nəzərə alaraq İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyanın cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehlərin hüquqazidd əməli nəticəsində onun mülkiyyətinə zərərin dəyməsi mötəbər sübutlarla əsaslanıdırla bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia ilə bağlı hər hansı sübut təqdim edilməməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq əksinə məhkəmə qətnaməsini yalnız ekspert rəyinə uyğun əsaslandırmış, işin həqiqi hallarını və sübutları nəzərə almamışdır. Halbuki işin faktiki hallarından məlum olur ki, hazırki mübahisə ilə bağlı mülki hüquq pozuntusu baş vermişdir. Hazırki mübahisənin yaranmasına səbəb cavabdehlər tərəfindən qanuni olmayan formada tikinti işlərinin aparılması və həmin tikinti işlərinin nəticəsində xüsusi mülkiyyətində olan evinə zərərin dəyməsidir. Evində təhlükəsiz mühitdə yaşamaq onun hüququdur. Lakin məhkəmənin işin faktiki hallarını və sübutları nəzərə almadan yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etməsi onu bu hüquqdan məhrum edir. İddia ərizəsinddə göstərdiyi kimi və yerli baxış, həmçinin ekspertiza tədqiqatı aparılarkən də mübahisəsiz (gözlə) müəyyən edildiyi kimi, ev maili şəkildə çökmüş və əyilmişdir. Lakin bununla bağlı heç bir tədqiqat aparılmamışdır (məhkəməyə video və foto görüntülər təqdim edilmişdir). Həmçinin cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanuni olubolmaması, layihədən kənara çıxılmaqla onun hüquqlarını pozması ilə bağlı dəfələrlə məsələ qaldırılsa da, cavabdeh tərəf layihə sənədlərini təqdim etməmiş, ekspert isə aparılan dərin qazıntı və tikinti işlərinin normalara uyğun olub-olmaması barədə suallardan yayınmışdır, məhkəmə isə istinad edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamış və əsassız qətnamə qəbul edilmişdir. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur. Həmçinin ekspert qarşısında qoyulmuş suallar da konkret olmamış və əsasən də mübahisə predmeti ilə birbaşa bağlı olan suallar qoyulmamışdır. Eyni zamanda ekspert qeyd etmişdir ki, tikili olmadığından aparılan işlərin normalara uyğun olub-olmaması tədqiq edilməmişdir. Göründüyü kimi, ekspert qazıntı-tikinti işləri ilə tikili olmamasını fərqləndirmədən suala cavab verməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərin qanunsuz tikililər inşa etdiyini bildirməklə həmin qanunsuz tikililərin inşası zamanı onun mülkiyyətinə zəririn dəyməsinə istinad etmişdir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin ətrafında svaylar vurulduqdan sonra aparılmış qazıntı işlərindən sonra ərazidə hər hansı torpaq üçqununun və sürüşmənin olmadığını nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyanın cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən faktiki olaraq mübahisəli ərazidə tikili inşa olunmamışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məjəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olur ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İddiaçı apellyasiya şikayətində qeyd edilən rəyi mübahisələndirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilməmiş, eyni zamanda bununla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dəymiş ziyanın (evin maili şəkildə çökməsi və əyilməsi) cavabdehlər tərəfindən aparılmış tikinti işləri nəticəsində yaranmamışdır. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. İddiaçı tərəf apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, işin faktiki hallarından məlum olur ki, hazırki mübahisə ilə bağlı mülki hüquq pozuntusu baş vermişdir. Hazırki mübahisənin yaranmasına səbəb cavabdehlər tərəfindən qanuni olmayan formada tikinti işlərinin aparılması və həmin tikinti işlərinin nəticəsində xüsusi mülkiyyətində olan evinə zərərin dəyməsidir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır Lakin iddiaçı baş vermiş mülki hüquq pozuntusunun, yəni cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə hər hansı bir formada zərər dəyməsi barədə, həmçinin cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanunsuz hesab edilməsi üçün mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə isə cavabdehlər tərəfindən hər hansı bir təqsirli hərəkət edilməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsini müəyyən edilməmişdir. Apellyator şikayətində mənzilə dəyən zərərlə bağlı əsaslandırmaları ilə əlaqadar kollegiya tərəfindən işdə olan fotolara və diskə baxış keçirilmiş və göstərilən hallar, yəni evin maili şəkildə əyilməsi və qəzalı vəziyyətə düşməsi öz təsdiqini tapmamışdır. Kollegiya şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, ekspert qarşısında qoyulmuş suallar konkret olmuş, mübahisə predmeti ilə birbaşa bağlı olan suallar qoyulmuşdur. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(001)- 252/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə