Məhkəmə qərarları › İş №2(103)-3718/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3718/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3718/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona məxsus Nəsimi rayonu A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 81 saylı mənzilinə vurduğu maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə isə 3000 manat pulun Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, vurulmuş maddi zərərə görə 2498 manatın və dövlət rüsumuna görə ödənilmiş pulun 25 manat hissəsinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 40 manatının Cavabdeh, 10 manatının isə İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh məhkəmə iclasına çağırılmamış, ona bu barədə heç bir məhkəmə bildirişi təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə konstitusion hüquqlarını pozmaqla onu dinləmədən, ekspertizanın keçirilməsi zamanı iştirakı təmin edilmədən mötəbər olmayan sənədlər əsasında qanunsuz qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh evə baxışa dəvət olunsaydı, belə şişridilmiş məbləğ göstərilməzdi, eyni zamanda məhkəmədə iştirak etsəydi, əlavə və təkrar ekspertizaların keçirilməsi barədə vəsatərlər verərdi. Bundan başqa, mənzilin mülkiyyətçisi cavabdeh olsa da, bu hadisə, yəni delikt onun qohumu Yasin Həsənovun istifadəsində olduğu vaxt baş verib. Buna baxmayaraq, nə o, nə də mülkiyyətçi kimi cavabdeh məhkəməyə çağırılmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, su sızması cavabdehə məxsus mənzildən yox, ondan yuxarıda yerləşən mənzildən axaraq, iddiaçının mənzilinə ziyan vurmuşdur. Məhkəmə isə bu halı araşdırmamışdır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş edir. İddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, 31 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 4/66-da, 3-cü mərtəbə yerləşən 84 saylı mənzildə səhlənkarlıq edilərək, su kranının açıq qoyulması və sanitar xətlərin nasazlığı nəticəsində həmin binada yerləşən 81 saylı mənzilin qonaq otağı, dəhliz, hamam, ayaqyolu və mətbəxinə su axaraq, ziyan vurulmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24339 saylı rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 81 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 84 saylı mənzildən suyun sızması nəticəsində 81 saylı mənzildə qüsurların (zədələrin) əmələ gəlməsi, suyun sızmasının səbəbinin isə 84 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və mənzilin kommunikasiya xətlərinin nasazlığı nəticəsində baş verə bilməsi və suyun sızması nəticəsində 81 saylı mənzilində yaranmış qüsurların (dəymiş ziyanın) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2498 manat olduğu müəyyən edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməllə zərər arasında uyğun səbəbli əlaqə, binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması. Kollegiya,vurğulayır ki, binadan suyun axıdılması nəticəsində müvafiq otağı tutan şəxsin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır (qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM, maddə 1097.3.) Yəni, bu halda zərər vuranın mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin müəyyən edilməsinə (və ya araşdırılmasına) ehtiyac yoxdur. Belə ki, sözügedən halda zərər vuranın məsuliyyəti qanunla həmin zərərin meydana gəlməsinə səbəb olan daşınmaz əmlakdan yararlanan şəxsin cavabdehlik daşıması əsasına söykənməklə, həmin şəxs bu zərərdən məsul tutulmuşdur. Bundan istisna kimi zərərin yalnız qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar müəyyən edilmişdir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 84 saylı mənzilinə Cavabdeh məxsus həmin binanın 84 saylı mənzilindən müxtəlif texniki səbəblərdən su axması, bunun nəticəsində iddiaçıya zərər dəyməsifaktı iş materialları ilə təsdiq olunur. Cavabdeh, bu faktı təkzib edərək, su sızmasının ona məxsus mənzildən deyil, ondan yuxarıda yerləşən mənzildən baş verdiyini bildirsə də, bu halı təsdiq edən və iş üzrə təkrar tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Beləliklə, Kollegiya, yuxarıda göstərilənləri və iddiaçıya vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsi halının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşıyır. Kollegiya, apellyasiya şikayətinin cavabdehin məhkəmə baxışında iştirakının təmin olunmamasına dair dəlillərinə münasibətdə bildirir ki, rayon məhkəməsi tərəfindən iş üzrə iddiaçı tərəfindən əvvəlcə cavabdeh qismində cəlb edilmiş Yasin Həsənovun qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı, eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza üzrə tədqiqat obyektinə baxışın keçirilməsi vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş və sms xəbərdarlıqlar edilmişdir. Cavabdeh əvəz olunduqdan sonra isə əsl Cavabdeh da, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş və sms xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, rayon məhkəməsi tərəfindən cavabdehin məlumatlandırılması üçün lazımi tədbirlər görülmüşdür. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-4824/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar