Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-372/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(007)-449/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı əmək haqqının və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-da işlədiyi dövr ərzində ona ödənilməmiş 6014 manat əmək haqqının və əmək haqqı vaxtında verilmədiyi üçün gecikdirilmiş hər günə görə 2% olmaqla 55553,84 manat ödəncin, istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul əvəzinin və həmin pul əvəzinin gecikdirilməsinə görə 2307,26 manat ödəncin, mənəvi zərərin əvəzi kimi 31000 manat pul vəsaitinin (hər hesablanan ay üçün 1.000.00 manat, cəmi 31 ay) cəmi 94875,10 manat ödənişin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh MTK (Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 28, mənzil 20) Bakı şəhər Vergilər Departamentinin Kommersiya X10 Qeydiyyatı İdarəsində 20.11.2013-cü il tarixdə, ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Hal-hazırda MTK Abşeron rayonunun Masazır kəndində yaşayış kompleksi inşa edir, iki üsulla (18%- ƏDV və sadələşmiş - 1 bina köhnə üsulla, 3 bina yeni üsulla) vergi ödəyicisidir. 01.04.2016-cı il tarixdə Cavabdeh MTK-nın maliyyə direktoru vəzifəsinə qəbul edilmiş, eyni tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürən (MTK) tərəfindən hər ay üçün ona 200 manat məbləğində əmək haqqı verilməsi müəyyən olunmuşdur. Qeyd edilən müqavilə eyni tarixdə onun tərəfindən imzalanmış və qüvvəyə minmişdir. Bu barədə, xxxxxxx000100 nömrəli, 22.06.2016-cı il tarixli əmək müqaviləsi bildirişi buraxılmışdır, yəni DSMF sisteminə 2 (iki) aydan çox müddət keçdikdən sonra işlənilmişdir. Lakin, 01.04.2016-cı il tarixdə imzalanmasına baxmayaraq əmək müqaviləsi MTK tərəfindən 2017-ci ilin dekabr ayının sonunda ona təqdim olunmuşdur, 20 aydan sonra. Bunun da təsdiqi əmək müqaviləsinə vurulmuş və 2017-ci ilin noyabr ayında hazırlanmış MTK-nin yeni möhürüdür. Deməli onu 20 ay əmək müqaviləsi olmadan işlədiblər. Təyin edildiyi vəzifədə uzun müddət işləməyinə baxmayaraq, maliyyə çətinlikləri bəhanə gətirilərək Cavabdeh MTK tərəfindən ona əmək haqqı verilməmişdir, DSMF və vergi orqanlarına təqdim edilmiş aylıq və illik hesabatlarda da ona əmək haqqının verilmədiyi göstərilmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır-qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq. Lakin bütün bu iş dövrü ərzində ona əmək haqqı verilməmişdir və əmək haqqı ilə bağlı işçilərin haqq-hesab sənədləri aparılmamışdır. İşçilər dəfələrlə sual verdikdə ki, “Vergilər ödənilmir, DSMF-yə sosial ayrılmalar ödənilmir, əmək haqqı verilmir, bəs yığılan pullar haraya gedir?”, həmin suallar cavabsız qalmışdır. Bütün bu hallar Əmək Müqaviləsinin və Əmək Məcəlləsinin şərtlərini kobudcasına pozulması və ona həm maddi həm də mənəvi ziyan vurulması deməkdir. Belə ki, Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır və müqavilənin 5.2-ci bəndinə əsasən tərəflərdən biri digərinə ziyan vurarsa, dəyən zərəri digər-tərəfə könüllü şəkildə ödəməyi öhdəsinə götürür (Əmək Məcəlləsinin 191, 195-ci maddəsi). Bununla yanaşı, məhkəməyə bildirmək istəyir ki, MTK-ya daxil olan vəsaitlərin, eləcə də kassa-mədaxil və kassa-məxaric əməliyyatlarının gizlədilməsi üçün MTK tərəfindən X4 adlı şəxsin adına qeyri-qanuni cari bank hesabı açılmışdır və MTK-nın bütün mədaxil olunan ödənişləri sakinlər tərəfindən E-manat vasitəsi ilə bu bank hesabına ödətdirilir ("xxxx" ASC, Müxbir/Hesab AZ61NABZ********************, FAD- 508988, VÖEN-990001061, SWİFTRBTAAZ22, Flesabın sahibi X4, Hesab/İbanAZ61RBTA********************) ki, bu da həm vergilərdən yayınma, həm də korrupsiya cinayəti əlamətlərinin göstəricisidir. Kənar fiziki şəxsin adına açılan hesab həm məntiqə, həm də mövcud qanunvericiliyə nə dərəcədə uyğundur? Qeyd edilənlərlə bağlı əmək haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər etsə də, əmək haqqının veriləcəyi bildirilmiş, lakin bu günə kimi verilməmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında X8 Xidmətinin 6 saylı region üzrə X5 və ASAN xidmət mərkəzinə yazılı müraciət etmiş, müraciəti ilə bağlı MTK-nın cərimə edilməsi barədə rəsmi cavab alsa da, əmək haqqı ödənilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(007)-449/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə işdə olan sənədlərə və qanun normalarına istina edilsə də, qətnamə əsaslandırılmamışdır. Yalnız göstərilmişdir ki, məhkəmə iddiaçının təqdim etdikləri sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh MTK-da işlədiyi dövr ərzində ona 6014 manat əmək haqqının, istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul kompensasiyasının ödənilməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfindən aidiyyəti üzrə dövlət orqanlarına göndərilmiş sorğulara verilmiş cavablarla iddianın qismən və ya tam əsaslı olmasına dəlalət olan halları müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsində qeyd etdiyi kimi 01.04.2016-cı il tarixdən Cavabdeh MTK-nın maliyyə direktoru vəzifəsində işləmiş və sonuncu ilə arasında bağlanmış eyni tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürən tərəfindən hər ay üçün ona 200 manat məbləğində əmək haqqı verilməlidir. Qeyd edilən müqavilə eyni tarixdə qüvvəyə minmişdir. Təyin edildiyi vəzifədə uzun müddət işləməyinə baxmayaraq maliyyə çətinlikləri bəhanə gətirilərək Cavabdeh MTK tərəfindən ona əmək haqqı verilməmişdir. DSMF və vergi orqanlarına təqdim edilmiş aylıq və illik hesabatlarda da ona əmək haqqının verilmədiyi göstərilmişdir. Əmək haqqının alınmaması yalnız sözlə ifadə edilir, əmək haqqının verilməsi isə sənədlərlə təsdiq edilməlidir ki, məhkəmə bunun fərqinə varmamışdır. Başqa bir tərəfdən məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, iş materiallarını illərlə Məhkəmə Ekspertiza Mərkəzinə göndərməmiş, ekspert tərəfindən verilmiş vəsatətlərə münasibət bildirməmişdir, işi hərəkətsiz saxlamış, nəticədə ekspert mülki işi icrasız məhkəməyə qaytarmış, hərəkətsizliklə bağlı işə baxılması 2 il müddətinə başa gəlmişdir. Sual olunur, əgər ekspert rəyinə, xüsusi biliyə ehtiyac yox idisə və qərar rəy olmadan verilə bilirdisə, onda niyə 1-ci instansiya məhkəməsi ekspertiza təyin edirdi? Yalnız vaxt uzadmaq üçün? Göründüyü kimi məhkəmənin işə münasibəti qərəzli olmuşdur. Belə ki, həmçinin bildirirəm ki, hazırkı işlə yanaşı Nizami rayon Məhkəməsində onun Cavabdeh MTK-ya qarşı işə bərpa edilməyi və əmək kitabçasının qaytarılması barədə 2 iddiasına baxılmışdır. İşə bərpa edilməyi barədə iddiaya hakim F.Mİrzəyevin sədrliyi ilə baxılıb, iddia rədd edilsə də, Bak Apelyasiya Məhkəməsinin 2(103)- 13341/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsi (sədrlik edən hakim İsmayıl Xəlilov) ilə həmin qətnamə ləğv edilmiş və işə bərpa edilmişdir. Əmək kitabçasının qaytarılması barədə iddiasına isə Nizami rayon Məhkəməsinin Babək Qasımovun sədrliyi ilə 22.11.2019-cu il tarixdə baxılmış və iddia təmin edilmişdir. Hakim F.Mİrzəyev əvvəlki işdə olduğu kimi heç bir sənəd və sübuta əsaslanmadan qərəzlə onun iddiasını rədd etmişdir. İddiaçı və cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı Cavabdeh MTK-da işlədiyi dövr ərzində ona 6014 manat əmək haqqının, istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul kompensasiyasının ödənilməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfindən aidiyyəti üzrə dövlət orqanlarına göndərilmiş sorğulara verilmiş cavablarla iddianın qismən və ya tam əsaslı olmasına dəlalət olan halları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında 01.04.2016-cı il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçiyə hər ay 200 manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan AR ƏƏSMN yanında X9 Xidməti 6 saylı region üzrə X3 27.03.2019-cu il tarixli məktubunda qeyd olunur ki, araşdırma zamanı Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, X2 01 aprel 2016-cı il tarixində Cavabdeh MTKnın maliyyə direktoru vəzifəsinə qəbul edilmişdir. 01.11.2017-ci il tarixində Cavabdeh MTK-nın 01.11.2017-ci it tarixli, 20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarının aparılması) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X2 ilə Viktoriya-313’' MTK arasında bağlanmış əmək müqaviləsində müəyyən olunmuş 200.00 manat əmək haqqına uyğun olaraq onun işlədiyi 01 aprel 2016-cı il tarixdən 01 noyabr 2017-ci il tarixədək olan dövr üçün əmək haqqı hesablanmalıdır. Cavabdeh MTK-nın təqdim etdiyi məktubda qeyd olunmuşdur ki, işlədiyi dövr ərzində şirkətin X1 201,53 manat borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cü maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək, haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə almır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə müvafiq olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun taktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğim 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Bununla əlaqədar müəssisənin məktubunda bildirilir ki, işdən çıxarkən İddiaçı 01 aprel 2016-cı il 01 aprel 2017-ci il iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə 236,84 manat məzuniyyət pulu hesablanmışdır. Həmin məzuniyyət pulu noyabr ayında ödəniş cədvəli əsasında ona verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən isə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə put əvəzi ödənilməlidir. Eyni zamanda Cavabdeh MTK məktubunda bildirir ki, İddiaçı 118,42 manat haqq-hesab hesablanaraq ödənilmişdir. Əmək haqqı və məzuniyyət haqlarının düzgün hesablanması barədə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını məqsədə müvafiq hesab edirik. İddiaçı 6 saylı region üzrə X5 daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək və məzuniyyət haqqlarının ödənilməsində aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq 26.10.2018ci iİ tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında Qərar qəbul edilərək "xxxx" MTK-nın rəhbəri 1500.00 manat məbləğində cərimə edilmişdir. İş materiallarında i/v 63-64-də olan 2017-ci il tarixə aid iddiaçı tərəfindən imzalanmış qəbzlərdən görünür ki, iddiaçıya müxtəlif aylarda pullar ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MTK-da 01.04.2016-cı ildə aylıq əmək haqqı 200 manat olmaqla maliyyə direktoru vəzifəsinə işə qəbul edilmiş, 01.11.2017-ci il tarixində Cavabdeh MTK-nın 01.11.2017-ci it tarixli, 20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarının aparılması) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərindən birini təşkil edir. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası–əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinin 1, 2, 3, 4 və 5-ci hissələrinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Həmin Məcəllənin 142-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Həmin Məcəllənin 135-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İddiaçı Cavabdeh MTK-da işlədiyi dövr ərzində (01.04.2016-01.11.2017) ona 6014 manat əmək haqqının, istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul kompensasiyasının ödənilməməsini qeyd edərək, həmin pul məbləğlərini tələb edir. 03 iyun 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında qeyd etmişdir ki, mülki iş materiallarında i/v 63-64-də olan pul məbləğlərinin alınması ilə bağlı qəbzlərdə olan imzalar ona məxsusdur. Lakin həmin pul məbləğlərinin əmək haqqına heç bir aidiyyatı yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında İddiaçı Cavabdeh MTK-da işlədiyi 01.04.2016-cı ildən 01.11.2017-ci il tarixədək olan dövr üçün ödənilməli olan əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi (i/v 63-64-də olan qəbzlər nəzərə alınmaqla) nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 9/6263 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi 01.04.2016-cı il tarixdən 01.11.2017-ci il tarixdən olan müddətdə ona ödənilməli olan 6014,0 manat məbləğində əmək haqqının və istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul məbləğinin ödənilmədiyini hazırkı tədqiqatla iş materiallarında olan sənədlər əsasında müəyyən etmək mümkün deyildir. Lakin qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı ilə ekspertiza qarşısında qoyulmuş sual üzrə Cavabdeh MTK tərəfindən tərtib edilmiş İddiaçı hesablanmış əmək haqları üzrə haqq-hesab cədvəli məlumatlarına (i/v 59) əsasən iddiaçıya 01.04.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək ümumilikdə 4435,26 manat məbləğində əmək haqqı və son haqq hesab hesablanmış, bundan da müvafiq olaraq tutulmalar (cəmi 322,23 manat) nəzərə alınmaqla ümumilikdə 4000 manat (i/v 63-64 məlumatlarına əsasən həmin ödənişlərin əmək haqqı üzrə ödənişlər olması məhkəmə tərəfindən nəzərə alınarsa) məbləği 113,03 manat təşkil etdiyi müəyyən edildi. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi 6014 manat əmək haqqının, istifadə etmədiyi məzuniyyət üçün 460,99 manat pul kompensasiyasının ödənilməməsi hissəsində qismən təmin edilməli, ekspert rəyinə əsasən ödənilməmiş 113,03 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya iddia tələbini əmək haqqı vaxtında verilmədiyi üçün gecikdirilmiş hər günə görə 2% olmaqla 55553,84 manat ödəncin, istifadə etmədiyi məzuniyyət üçün pul əvəzinin gecikdirilməsinə görə 2307,26 manat ödəncin ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçının tələb etdiyi əmək haqqı məbləği və məzuniyyət üçün pul əmək mübahisəsinə səbəb olmuşdur. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Buna görə də, iddia tələbi əmək haqqı və məzuniyyət üçün faizin tutulması hissəsində əsassız olduğundan, təmin edilməməlidir. Kollegiya iddia tələbini mənəvi zərərin əvəzi kimi 31000 manat pul vəsaitinin (hər hesablanan ay üçün 1.000.00 manat, cəmi 31 ay) tutulması ilə bağlı hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində qeyd olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün 290-cı maddənin qeyd hissəsində göstərilən əsaslar müəyyən olunmadığından, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehdən tutulub, Az.MEM, VÖEN **********, AZ43CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(007)- 449/2019-cu il saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə əmək haqqı və məzuniyyətə görə 113,03 (yüz on üç manat üç qəpik) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh MTK-dan alınılb, Az.MEM, VÖEN **********, AZ43CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-372/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-372/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver