Məhkəmə qərarları › İş №2(103)-3721/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3721/2022

16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3721/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-776/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində verilmiş 15.05.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə, barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta protokolu üzrə inzibati xəta haqqında işə xitam verildiyinə görə ona dövlət orqanlarının vəzifəsi şəxslərinin günahı üzündən vurulmuş ziyanın, dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 675 manat xərcin, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəyə çəkdiyi 310 manat xərcin, iki ay ərzində Səngəçal qəsəbəsinə təsadüfi keçən yol maşınları keçən yol maşınları və digər nəqliyyatdan istifadə etməklə narahat şəkildə gedib-gəlmək üçün çəkdiyi 500 manat nəqliyyat xərcinin və 9000 manat mənəvi ziyanın, cəmi 10485 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiada göstərir ki, 30.04.2019-cu il tarixdə, axşam saat 21:46-da Nobel prospekti ilə, iddiaçıya məxsus «Mercedes Benz CDİ» minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru iddiaçıya avtomobili saxlamaq işarəsi vermişdir. İddiaçı avtomobili saxlamış və o, iddiaçıya Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İXP ******* saylı inzibati xəta haqqında protokol (İXP) tərtib etmişdir. Etiraz edərək protokola imza atmamışdır. Həmin qanunsuz protokoldan 06.05.2019-cu il tarixdə şikayət verməsinə baxmayaraq, şikayəti araşdırılmadan həmin maddəyə əsasən 15.05.2019-cu il tarixdə TP ******* saylı qərarla barəsində 150 manat cərimə cəzası verilməsi barədə inzibati tənbeh tətbiq edilərək sitemə yerləşdirilmişdir. İddiaçı dəfələrlə işgücünü ataraq Zığ qəsəbəsindən Badamdar qəsəbəsinə getmiş, lakin Bakı şəhər DYPİ-də bu qanunsuzluqları aradan qaldırmaq və onları törədənlər barədə qanuni tədbir görmək əvəzinə, onlara haqq qazandırılmışdır. İddiaçı hüququnun bərpası və ona qarşı edilən qanunsuzluqların aradan qaldırılması üçün 17.05.2019-cu il tarixdən 18.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, DİN-nin BDYPİ-nin rəhbərliyinə, Bakı şəhəri BPİ-nin rəhbərliyinə, Bakı şəhəri BPİ DYPİ-nin rəhbərliyinə «Azərpoçt»un müvafiq şöbələri vasitəsilə və elektron qaydada cəmi 37 dəfə olmaqla müraciətlər ünvanlanmışdır. 9 dəfə Xırdalanda yerləşən DİN-nin BDYPİ-nə, 22 dəfə Bakı şəhəri BPİ-nin Bakı şəhəri BPİ-nin DYPİ-nə, 2 dəfə Bakı şəhəri BPİ-nə, 9 dəfə Suraxanı Rayon Məhkəməsinə gedib-gəlmişdir (əvvəl qərardad qəbul edilib iş geri qaytarılmışdır). 15.05.2019-cu il tarixli, TP ******* saylı qərar verilib sistemə yerləşdiriləndən 2 ay sonra avtomobilinə «saxlanılma», 3 ay sonra isə «həbs» qərarı verilmişdir. 2019-cu ilin avqust ayının ortasından sonra avtomobilini idarə edə bilməyərək həyətdə saxlamışdır. Hətta avtomobilini vaxtında texniki baxışdan keçirə bilməmiş, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra keçmişdir. 9 ay ərzində (05.2019- 01.2020) yollarda qalaraq gedib-gəlməkdən, «Azərpoçt» vasitəsilə məktubların və teleqramın göndərilməsinə, telefon danışığına, əvvəl öz avtomobilində (cəmi 15 dəfə), sonra isə ** HT *** dövlət nömrələri avtomobillə (cəmi 27 dəfə) gedib-gəlməyə çəkilən xərclərə görə xeyli miqdarda maddi ziyan çəkmişdir. Mənəvi iztirablara və psixoloji sarsıntıya məruz qalmışdır. 15.08.2019-cu il tarixdə 15.05.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və bağlanmış inzibati iş üzrə icraata xitam verilməsi məqsədilə Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 06.09.20019-cu il tarixli, 3(010)-893/2019 saylı qərarı ilə şikayəti qismən təmin edilərək 15.05.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçı yenidən Bakı şəhər DYPİ-nin rəisinə müraciət edərək barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun iştirakı ilə obyektiv araşdırılmasını və qanunsuz yazılması təsdiqini taparsa, icraata xitam verilməsini xahiş etmişdir. Lakin yenə də süründürməçiliyə məruz qaldığını görüb eyni məzmunlu müraciətlə daha yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), Daxili İşlər Nazirliyinə şikayət etmişdir. İddiaçını 2020ci ilin yanvar ayının ortalarında Bakı şəhəri BPİ-nə dəvət etmişlər. Barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun icraatına 16.01.2020-ci il tarixdə xitam verilmişdir. Xitam qərarını rəsmi şəkildə 11.03.2021-ci il tarixdə Bakı şəhər DYPİ-dən 91 saylı poçt şöbəsi vasitəsilə almışdır. Hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşlarının qanunsuz hərəktləri nəticəsində iddiaçıya vurulmuş zərər Azərbaycan Respblikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və 29.12.1998-ci il tarixli, 610-İQ nömrəli «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan dövləti tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, 9 ay ərzində Bakı şəhəri BPİ-nə, BPİ-nin BDYPİ-nə və Suraxanı rayon Məhkəməsinə 15 dəfə öz şəxsi avtomobili ilə gedib-gəlmişdir və hər dəfə orta hesabla ancaq yanacaq və sürkü materialı xərci 8-10 manat olmaqla, cəmi 135 manat, 27 dəfə ** HT *** dövlət nömrəli avtomobillə gedib-gəlməyə görə hər dəfə 20 manat ödəməklə, cəmi 540 manat, ümumilikdə 675 manat ziyana düşmüşdür; 9 ay ərzində rabitə (poçt, teleqram, telefon və s.) xərci kimi və bu işlə əlaqədar nümayəndəyə verdiyi etibarnaməyə görə ödədiyi 11,5 manat haqqla birlikdə cəm olaraq təxminən 310 manat ziyana düşmüşdür; avtomobilinin üzərinə həbs qərarı qoyulduğuna görə Qaradağ rayonunun Səngəçal qəsəbəsinə yenicə düzəldiyi iş yerinə iki ay ərzində (2019-cu ilin avqust ayının ortasından oktyabr ayının ortasınadək) müxtəlif taksi və digər nəqliyyat xidmətlərindən istifadə etdiyinə görə, hər gün üçün orta hesabla təxminən 10 manat olmaq şərtilə 500 manat ziyana düşmüşdür; 9 ay ərzində DİN-in müvafiq qurumlarının qanunsuzluğuna görə yollarda qaldığına, avtomobilini idarə edə bilməyərək həyətdə saxlayıb piyada hərəkət etdiyinə, iddiaçını tanıyanlar və qonşular arasında barəsində mənfi fikir formalaşdığına görə vurulmuş mənəvi ziyan 9000 manat civarında ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-776/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəsi üçün ödənilmiş 25,32 (iyirmi beş manat otuz iki qəpik) manat, 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat maddi ziyanın, 900 (doqquz yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 2100,32 (iki min yüz manat, otuz iki qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İddiaçı tərəfindən iddia etdiyi maddi zərərlə bağlı xərclər barədə hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdir. Ümumiyyətlə qanunda iddiaçının tələb etdiyi xərclərə görə (müvafiq orqanlara gedib-gəldiyi üçün çəkdiyi xərclər, rabitə,poçt, teleqram,telefon və.s xərclər) hər hansı kompensasiya nəzərdə tutulmamışdır. Buna baxmayaraq, Nəsimi Rayon Məhkəməsi qeyd olunan xərclərə görə 1200,32 manat məbləğində maddi zərərin iddiaçıya ödənilməsini qət etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə tərəfindən maddi zərərlə bağlı 1200,32 manat vəsaitin dövlət büdcəsindən ödənilməsi qət edilərkən hər hansı fakt göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Maddi zərərlə bağlı sübutlar mövcud olduğu halda, məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 900 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə; Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Qanunun 1.8, 4.3, 5, 6.1, 7.2; «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü; Mülki Məcəllənin 1101.1; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, həmin Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı Baloğlan oğluna ünvanlanmış 21.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, 30.04.2019-cu il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Nobel prospektində idarə etdiyi «Mercedes» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsinin ban şüşələrinə örtük çəkdiyinə görə Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru Məhəmməd Hüseynli tərəfindən dayandırılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadığından protokol müvafiq qərar qəbul edilməsi üçün DYPİ-yə təqdim olunmuş, İnzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru Xeyrulla Cəlilov tərəfindən 15.05.2019-cu il tarixdə inzibati xəta haqqında işə baxılaraq 150 manat cərimə olunması haqda qərar qəbul edilmişdir. İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi ilə bağlı Suraxanı rayon məhkəməsinə etdiyi şikayətinə 06.09.2019-cu il tarixdə baxılaraq həmin qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün DYPİ-yə göndərilmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olması qənaətinə gəlinərək DYPİ rəisinin 16.01.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Yol verdikləri qəbahətlərə görə aidiyyəti əməkdaşlar ciddi xəbərdar edilmişlər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 30.04.2019-cu il tarixdə idarə etdiyi «Mercedes» markalı, 90-EL063 dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin tələbini pozduğuna görə barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Araşdırma zamanı İddiaçı yol hərəkəti qaydasını pozmasına dair hər hansı bir videogörüntünün əldə olunmaması və eləcə də bu xətaya yol verməsinin şahidi olmaması səbəbindən bu hal Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iddiaçının hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəyə çəkdiyi 310 manat xərcin tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddiaçı vurulmuş zərəri 310 manat qiymətləndirsədə bununla bağlı müvafiq sübutları tam təqdim edə bilməmiş, yalnız etibarnamənin alınmasına çəkilmiş 11,50 manat xərci poçt və rabitəyə isə 13,82 manat məbləği sübuta yetirə bilmişdir. Məhkəmə həmçinin iddianın digər hissələri olan iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat və 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun tutulması hissəsində isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məbləğlər ağlabatanlıq rəqəmlər və hesablamlar ilə aparılmış, təqribi göstəricilər hazırki reallığa uyğun olduğundan təmin edilməlidir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və dövlət büdcəsi vəsaiti hesabına iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəsi üçün ödənilmiş 25,32 (12,45+1,37+11,50) (iyirmi beş manat, otuz iki qəpik) manat, 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində maddi ziyanın əvəzi ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının qanunsuz inzibati məsuliyyətə cəlb edilməsi, uzun müddət maşınsız qalması, dəfələrlə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanun: Maddə 1.8. Şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4.3. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı idda üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. İkincisi, birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Üçüncüsü, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir. Dördüncüsü, iddia tələbinin maddi zərərlə bağlı qanuni əsası Mülki Məcəllənin 1096, 1101.1 və «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunnun 1.8, 5, 4.3 və 6.1-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşır. Cavabdeh iddiaçının tələb etdiyi xərclərə dair sübutlar təqdim etmədiyini, eləcə də buna görə kompensasiyanın nəzərdə tutulmadığını, lakin məhkəmənin buna görə 1200,32 manat tutduğunu göstərir. Düzdür, tələbin qismən təmin edilən bu hissəsi üzrə ola bilsin ki, yazılı sübutlar kifayət qədər olmasın. Ancaq bu o demək deyil ki, iddiaçı bu maddi zərərə məruz qalmamış və buna görə də onun əvəzini tələb edə bilməz. Yəni, əgər barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsə və inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsəydi, yəqin ki, iddiaçının bu orqanlara, o cümlədən məhkəməyə dəfələrlə gedib-gəlməsinə, maddi vəsaitinin də əsassız sərf olunmasına əsas və zərurət olmayacaydı. İddiaçının iş yerinə gedib-gəlmək üçün yaxud avtomobilə olan digər ehtiyacı ilə bağlı öz avtomobilindən istifadə etməklə hərəkət edə bilərdi. Ancaq bu halla baş vermiş və iddiaçı da bunun nəticəsində qazancından(gəlirindən) həmin orqanın qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Ağlabatan mühakimə də iddianın bu hissəsinin əsaslı olduğunu təsdiq edir. Ona görə də iddiaçının tələb etdiyi xərclərə görə qanunda əsasın nəzərdə tutulmaması dəlili də əsassız olmuşdur. Beşincisi, iddiaçının 30.04.2019-cu il tarixdən 16.01.2020-ci il tarixədək iddiasında göstərdiyi səbəblərdən sürücülük hüququndan və avtomobilindən istifadə etmək imkanının məhdudlaşdırılması, ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, ən azından qeyd olunan dövrdə iddiaçı sürücülük hüququndan və öz avtomobilindən istifadə edər, başqa yerə getmək imkanı əldə edə bilərdi, lakin bu məhrumiyyətlərə görə edə bilməmişdir. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Çünki, inzibati xəta haqqında protokol tərtib edən və inzibati tənbeh tətbiq edən orqanın səhvi nəticəsində, yəni qanunsuz cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona inzibati xəta haqqında işin icraatına inzibati xətanın tərkibi olmadığına görə xitam verilməsidir. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbətdə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdehin mübahisələndirəcəyi hissə 2100,32(iki min yüz manat, otuz iki qəpik)manat olduğundan qətnamədən kassaiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-776/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar