Məhkəmə qərarları › İş №2(103)-3723/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3723/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3723/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X6 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6149/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh ASC "xxxxxxxxxxxxxxxxxx" Sığorta Şirkətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu, 5410 manat maddi ziyan, 3000 manat mənəvi zərərin, cəmi 8410 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6149/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 5000 (beş min) manat məbləğində maddi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5030 (beş min otuz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, belə ki, hadisədən bir müddət keçdikdən sonra onlara bu barədə məlumat verilmiş, araşdırmalar aparılmış və araşdırma nəticəsinədə hər hansı bir toqquşma izi müəyyən edilməmişdir. Bundan əlavə, materiallarda inzibati tənbeh vermə haqqında qərar mövcud olmamış, həmin qərar sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənədlərdə Müşfiq Mirzəyevin imzası yoxdur və sənədlər möhürlə təsdiq edilməmişdir. Göstərilənləri nəzərə alaraq qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhəri Xətai rayon Polis idarəsi tərəfindən verilmiş AYP № 037983 saylı “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, NZS qəsəbəsi, Əsas yol adlanan hissədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW” markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq və arxa hissələri əzilmişdir. Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə “Land Rover” markalı, **-LO-*** dövlət nişanlı avtomobilin sürücüsü X3 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, tərəflərindən baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmış, DİN NHİX-nə müraciət edərək, yol-nəqliyyat hadisəsinin baş verdiyi iddia edilən ərazidə quraşdırılmış TŞ kameralarında həmin saatlar üçün qeydə alınmış video görüntülər istənilmişdir. Sorğuya cavab olaraq daxil olmuş video görüntülərə baxış zamanı məlum olmuşdur ki, həmin tarixdə və saatda “Land Rover” markalı, **-LO-*** dövlət nömrə nişanlı, “BMW 525“ markalı, **-SS-*** dövlət nömrə nişanlı və “MAN” markalı, 90- JK-961 dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verməmişdir. Ona görə də sığorta hadisəsi hesab edilməməsi halında sığorta ödənişinin verilməsindən imtina edilir. Müstəqil ekspert X2 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “BMW 525” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5410 manat məbləğində ziyan dəymişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qəzaya səbəb olan “Land Rover” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh ASC "xxxxxxxxxxxxxxxxxx" Sığorta Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6149/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar