Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3723/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, vəkil xidmətinin göstərilməsi görə cavabdehin iddiaçıdan aldığı 2.600 manat pul, habelə cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi zərərin əvəzi kimi 1.000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.600 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, cavabdehdən tutulmalı olan pulun hissə-hissə tutulması barədə qətnamə qəbul edilsin. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasımda yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh özünü ona vəkil kimi təqdim etmiş və övladının tərəf olduğu mülki işdə hüquq yardım göstərməyi öhdəsinə götürmüşdür. O, bunun müqabilində cavabdehə xidmət haqqı kimi 3.800 manat pul ödəmiş, lakin cavabdeh hüquqi yardım göstərməmiş, habelə cavabdehin vəkil olmadığını bilmişdir. Ona görə də pulun geri qaytarılması tələb etmiş, cavabdeh pulu 2019-cu il dekabr ayının axırına kimi qaytaracağına söz vermiş, 1.200 manat qaytarmış, qalan 2.600 manatı isə qaytarmamışdır. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən məhkəmə işi ilə bağlı iddiaçının ona 3.800 manat pul verdiyini etiraf etmiş, pulun bir hissəsinin qaytarıldığını, qalan 2.600 manat pulu isə hissə-hissə qaytara biləcəyini bildirmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 2.600 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Məhkəmə həmçinin qeyd edir ki, 2.600 manat pulun hissə-hissə qaytarılması qərara alınarsa, bu hal iddiaçının məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcək. Ona görə də apellyasiya şikayəti təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3723/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3723/2021
23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver