Məhkəmə qərarları › İş №2(103)-3736/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3736/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3736/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.060 manat maddi zərərə görə, 100.000 manat mənəvi zərərə görə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 126.090 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu mərhum Şahin Nərimanov 25 sentyabr 2014-cü il tarixdə saat 19:00 radələrində öz adına qeydiyyatda olan “Vaz 2107” markalı, **-KX-*** dövlət nömrə nişanlı avtomobillə Zığ yolu ilə Nobel prospekti istiqamətində hərəkətdə olarkən Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində onun idarə etdiyi “Opel Astra” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş həmin yolnəqliyyat hadisəsi nəticəsində Şahin Nərimanov sağlamlığa ağır zərər vurmaya aid olan, həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq, hadisə yerində vəfat etmişdir. Bakı Hərbi Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə təqsirləndirilən Cavabdeh vurduğu maddi zərərə görə 3.500 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi kimi iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Hökmdən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarı ilə avtomobilə dəyən 3.500 manat məbləğində ziyan zərərçəkmişin hüquqi varisi kimi iddiaçıya ödənilsə də, bu, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya və onun ailəsinə dəyən maddi və mənəvi ziyanın yalnız cüzi bir hissəsini təşkil edir. Belə ki, iddiaçının oğlunun gənc yaşında faciəvi şəkildə vəfat etməsi ailəsinə ağır dərəcədə iztirab və əzab yaşatmış, sarısntı keçirmələrinə səbəb olmuşdur. İddiaçıya 100.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, iddiaçı yas mərasimləri təşkil etmiş, oğlunun xatirəsinə lazımi səviyyədə məclis keçirmişdir. Bu mərasimlərin təşkili və keçirilməsi iddiaçıya 22.560 manat məbləğində vəsait hesabına başa gəlmişdir. Qəbir abidəsinin hazırlanmasına iddiaçı tərəfindən 3.500 manat məbləğində pul ödənilmişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ümumilikdə 26.060 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin (sığorta şirkəti tərəfindən ödənilən məbləğ nəzərə alınmaqla) təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən, qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Halbuki, maddi və mənəvi zərərlə bağlı iddia ərizəsində qeyd olunanlar izahatlar, təqdim edilən sənədlər və işdəki digər hallarla təsdiqini tapır. Çəkdiyi xərclərlə bağlı ona dəymiş maddi ziyanın səbəbi isə cavabdehin hökmlə təsdiqini tapmış əməli olmuşdur. Məhkəmə isə, bu hallara düzgün hüquqi qiymət verməmiş, onları hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Həmçnin, qeyd olunmuşdur ki, vurulmuş maddi ziyanla bağlı iddiaçıya ümumilikdə 8000 manat (3000 manat əmlaka dəymiş maddi ziyan, 5000 manat oğlunun ölümü ilə bağlı) sığorta şirkət tərəfindən ödənilmişdir. Lakin bu məbləğ iddia ərizəsi tərtib olunarkən nəzərə alınmamışdır. Ona görə də, maddi ziyanla bağlı hissədə tələbi təmin ediləcəyi halda 8000 manatın sığorta şirkəti tərəfindən ödənilməsinin nəzərə alınmasına etirazı yoxdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2707/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin olunması, Cavabdeh maddi ziyana görə 17.050 (on yeddi min əlli) manat, mənəvi zərərə görə 3000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq “xxxx” MMC Qiymətləndirmə Şirkətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1553/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2707/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, dəlillər uyğun izahat verdi. Məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Rəfail oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Rəfail oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh, “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.09.2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Naxçıvanski dairəsi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1- ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Zığ yolu ilə Nobel prospekti istiqamətində hərəkət edən Şahin Nərimanovun idarə etdiyi “Vaz 2107” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna daxil olaraq, həmin avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şahin Nərimanov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobilə isə 3500 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 06.01.2016-cı il tarixli hökmü ilə, Cavabdeh CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətdə nəqliyyat vasitələrinə idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cinayət işi üzrə yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 3500 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəsini almışdır. İş materiallarında olan 09.12.2015-ci il tarixli, 022762 nömrəli sığorta aktına əsasən, İddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ölümə görə 5000 manat, 06.01.2016-cı il tarixli, 023520 nömrəli sığorta aktına əsasən isə, avtomobilə dəymiş ziyana görə 3000 manat sığorta ödənişi edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsini həmin sübutlara tam, hərətərli və obyektiv qiymət verməməsi prosessual normalarının tələblərinin pozulması ilə müşayət olunan düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Kassasiya instansiyası məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi sübutlar mötəbər sübutlar olmamış, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar (yas mərasimlərində nə qədər adamın iştirak etməsi, həmin mərasimlərə nə qədər pul xərclənməsi, yas mərasimlərinin konkret olaraq hansı Mərasim zalında keçirilməsi) barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, tələbin hüquqi əsasını Mülki Məcəllənin 1127-ci maddəsi təşkil edir. Həmin normaya əsasən zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Hazırkı tələbində iddiaçı oğlunun ölümü ilə bağlı dəfn xərcləri kimi 26060 manat pulun tutulmasını tələb edir. Belə olan halda qeyd edilən məbləğdə xərcin çəkilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ciil tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin hallarından göründüyü kimi, iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona maddi ziyan vurulduğunu, yas mərasimlərinin keçirilməsi ilə bağlı ona maddi ziyan vurulmasını, nəticədə 26.000 min məbləğində xərc çəkdiyini qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyətəqdimedəbilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddia tələbini iş materiallarına əlavə edilmiş aktı, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəyini və “xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyini mötəbər sübut kimi təqdim edir. Kollegiya hesab edir ki, iş səhifə 20-yə əlavə edilmiş akt, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin, “xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyləri hazırki iş üzrə iddia tələbini təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, nə iş materiallarına əlavə edilmiş akt, nə də “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin, “xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyləri iddiaçının mərhum oğlu Şahin Nərimanovun yas mərasimində qeyd edilən sayda adamın iştirak etməsini təsdiq etmir. İş materiallarına əlavə edilmiş aktda qeyd edilən adam sayına uyğun olaraq 3, 7, 40 və cümə axşamları mərasimi üçün sərf olan xərclər barədə rəy verilmişdir. MPM-nin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar