Məhkəmə qərarları › İş №2(103)-3736/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3736/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3736/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin və əldən çıxmış faydanın tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi mənəvi əvəzinin və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-205/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, zərər çəkmiş şəxs İddiaçı mülki iddiasının qismən təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh alınıb İddiaçı xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manatın tutulması, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi hökm edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 385/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Hökm qanuni qüvvəyə minmişdir. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2017-ci il tarixdə 760.000 ABŞ dolları məbləğinin qaytarılması ilə bağlı akt bağlanılmış, həmin akta əsasən cavabdeh iddiaçıdan xx.xx.2014-cü il – xx.xx.2016-cı il tarixə qədər 760.000 ABŞ dolları məbləğində pulu aldığını etiraf edib və bu məbləğin xx.xx.2017-ci il tarixədək 150.000 ABŞ dolları hissəsini, xx.xx.2017-ci il tarixədək 350.000 ABŞ dolları hissəsini, yanvar və mart aylarında ediləcək ödənişlərdən sonra ümumi məbləğdən ödənilməyən hissəsinin xx.xx.2017-ci il tarixədək qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Sabiq oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 288.350 manat, mənəvi zərərə görə 50.000 manat, əldən çıxmış faydaya görə 300.000 manat və 929 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 639.279 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, onun 2014-cü ilin may ayında yaşadığı binada qonşusu olan və uzun müddətdir ki, tanıdığı mərhum X3 Musayev ona yaxınlaşaraq, yoldaşının əmisi oğlu Cavabdeh “Azərsun” şirkətində mühasibatlıq şöbəsində işlədiyini, dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısını həyata keçirdiyini bildirmişdir. Həmçinin, Anarın dediyinə görə cüzi pulla bu işləri gördüyünü, hər hansı bir problem olmadığını, yaxşı gəlir əldə edildiyini bildirmişdir. Cavanşir Musayev ona iş adamı olduğunu, əlində müəyyən qədər pul vəsaitləri olduğunu, həmin dövrdə də işlərin bir az durğunlaşdığını bildirib, ondan Anara pul verməsini və onun bu işləri genişləndirərək yaxşı gəlir götürməsini demişdir. Bu məqsədlə də 2014-cü ilin iyun ayının əvvəlində Cavabdeh, Cavanşir Musayev və o görüşərək söhbət etmişlər. O, Cavabdeh bu işin qanuni olubolmaması, hər hansı bir təhlükənin olub-olmamasını soruşmuşdur. Cavabdeh “Azərsun” şirkətində maliyyə idarəsinin rəis müavini vəzifəsində işlədiyini, həmin şirkətə lazım olan dəftərxana ləvazimatının alınması və “Azərsun” şirkətinə satılmasının ona həvalə edildiyini, hər hansı bir problemin olmadığını, işin qanuni olduğunu, özünün də şirkətinin olduğunu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dəftərxana ləvazimatlarının satışını həyata keçirən şirkətlərdən topdan satış qiymətinə dəftərxana ləvazimatlarını öz şirkətinə aldığını, alınana ləvazimatların üzərinə 15 faizini əlavə etməklə “Azərsun” satdığını, bu işi ona həvalə edən “Azərsun” şirkətində rəhbərlikdə işləyən bir nəfər türkiyəli şəxsə hər ayın əldə olunmuş 15 faiz gəlirin 7 faizini həmin şəxsə, qalan 8 faizinin 4 faizini ona verəcəyini, digər 4 faizinin 3 nəfər arasında bölünəcəyini bildirmişdir. Beləliklə, xx.xx.2014-cü ildə o, Cavabdeha 40.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra onlar xx.xx.2014-cü ildə ona 1.500 ABŞ dolları və xx.xx.2014-cü ildə 1.500 ABŞ dolları məbləğində pul verərək, bu işdə hər hansı bir problem və narahatçılığın olmadığını, əksinə əlavə pula ehtiyac oluğunu bildirmişlər. O, həqiqətən də işin yaxşı getdiyini görüb, bu məqsədlə də xx.xx.2014-cü ildə əlavə 40.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra üç ay ardıcıl həmin şəxslər ona 3.200 ABŞ dolları məbləğində pul vermişlər. 2014-cü ilin dekabr ayında həmin şəxslər ona görülən işlərin həcmini böyütməyə ehtiyac yarandığını, sadəcə olaraq kənar şəxsləri bu işə qatmaq gələn xeyiri kənar şəxslərə vermək istəmədiklərini, azdan-çoxdan bir-birilərini tanıdıqlarını, elə imkan varsa pulu onun artırmasını bildirmiş, o da onlara inanıb əlavə 100.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Daha sonra eyni qaydada 2015-ci ilin fevral ayında əlavə 100.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. 2015-ci ilin fevral ayında pulu verdikdə Cavabdeh onu daha da həvəsləndirmək və inandırmaq üçün pulları ona verəndən sonra 2015-ci ilin fevral ayında öz mülkiyyətində olan və Xaçmaz rayonunda yerləşən 1.5 ha torpaq sahəsinə dair Çıxarışın sürətini ona verərək, narahat olmamasını, onun puluna heç nə ola bilməyəcəyini, ən pis halda mülkiyyətində olan torpağın dəyərinin bir milyondan artıq olduğunu, torpağı satıb onun pulunu verəcəklərini bildirdiklərindən, o, daha da güvənmişdir. Beləliklə, 2016-ci ilin may ayından iyun ayınadək əlavə 320.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, ümumilikdə Cavabdeh 2016-cı ilin iyun ayınadək 600.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. 2015-ci ilin sentyabr ayının 15-də Cavabdeh atası Namiqin onunla söhbətinin olduğunu və bu məqsədlə də onunla görüşmək istədiyini bildirmiş və o, razılaşmışdır. xx.xx.2016-cı ildə Cavabdeh, atası Namiq Əfəndiyevlə gələrək onunla görüşmüşlər. Anarın atası Namiq Əfəndiyev bütün söhbətlərdən, işlərdən xəbərdar olduğunu, ümumi pulun miqdarının 600.000 ABŞ dolları təşkil etdiyini bildirmiş, həmin vaxt o, Namiq Əfəndiyevə əgər işlərdə nəsə problem varsa onun verdiyi pulları qaytarmalarını demişdir. X6 heç bir problemin olmadığını, onun oğlunu və onun gördüyü işləri yaxşı bildiyini, oğlu Anarın işgörən adam olduğunu, oğlunun gördüyü işlərdə heç bir problem olmadığını, çox etibarlı oğlan olduğunu və sair bildirmişdir. Cavanşirin isə onların kürəkəni olduğunu, yəni heç nədən narahat olmağa dəymədiyini bildirib, yaxşı bir iş olduğu üçün əlavə 200.000 ABŞ dolları məbləğində pul lazım olduğunu və bu işə əlavə pul verməli olmasının daha məqsədəmüvafiq olduğunu demişdir. O, artıq bu işlərə Anarın atasının da qoşulduğunu, hər hansı bir problem yaranmayacağını düşünüb, bundan sonra 160.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh də onu əmin etmək üçün həmin vaxt Bakı şəhəri, Buzovna kəndində yerləşən villasına dair Cavanşirin adına baş etibarnamə vermişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə Cavabdeh ona Heydər Əliyev adına Fondun əməkdaşlarının gələrək bütün pulları götürdüklərini, artıq kassada pul qalmadığını demişdir. Bu zaman o, verdiyi pulların necə qaytarılacağını soruşmuşdur. Cavabdeh söhbətə atası Namiq Əfəndiyevi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləyən qardaşı İlqar Əfəndiyevi gətirərək, ona qısa müddət ərzində onun pullarını qaytaracaqlarına zəmanət vermişlər, yəni Anarın adına olan Xaçmaz rayonu Xudat şəhərində yerləşən 1 ha torpaq sahəsini və Buzovna kəndində olan bağ evlərini satıb onun pulunu qaytaracaqlarını demişlər. Lakin onun pulunu qaytarmamışlar. O, Buzovna kəndində yerləşən bağ evinə dair Cavanşirin adına verilmiş etibarnamənin ləğv olunduğunu, eyni zamanda Cavabdeh adına olan Xudat şəhərindəki torpaq sahəsinin atası Namiq Əfəndiyevin adına keçirildiyini və Cavabdeh rəsmi olaraq yalandan ailəsindən boşandığını öyrənmişdir. Cavabdeh və atası Namiq Əfəndiyev ona 2016-cı ilin dekabr ayınadək ondan aldıqları pulun bir hissəsini bağlayacaqlarına söz vermiş, lakin yanvar ayınadək heç bir ödəniş etməmişlər. xx.xx.2017-ci ildə Cavabdeh hansı məbləğdə borcunun olması barədə akt yazaraq, hissə-hissə ödənilməsi qrafikini də həmin aktda qeyd etmiş olsa da, yenə də hər hansı bir ödəniş etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh bir neçə nəfərin etibarını qazanaraq eyni üsulla aldadaraq Cövdəd adlı şəxsdən 250.000 ABŞ dolları, Orxan adlı şəxsdən 160.000 ABŞ dolları, Kamil adlı şəxsdən isə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti alaraq onları da aldatmış və onlara da qeyd olunan məbləğlərdə borcu vardır. Onlar Cavabdeh barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi vermişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, Anarın ona 760.000 ABŞ dolları borcu vardır. Onu polis idarəsinə dəvət edərkən, o Anara qarşı şikayəti olmadığını bildirmişdir. Belə ki, həmin vaxt Anarın atası və özü söz vermişlər ki, o, şikayətçi olmasa onlar qısa zamanda ona olan bütün borcu qaytaracaqlar. O, artıq başa düşmüşdür ki, Cavabdeh ona aylıq verdiyi pul elə onun külli miqdarda verdiyi pullardan imiş, yəni Anar onun verdiyi pullardan az miqdarda aylıq ona qaytarmaqla məqsədi onun etibarını qazanmaq olmuşdur. O, bu barədə Anarın özü ilə danışmış, bunun nə məsələ olduğunu və başqalarına da borcunun olduğunu soruşmuş, Anar isə cavabında heç nədən narahat olmamasını, 2017-ci ilin fevral ayınadək borcdan 160 000 ABŞ dollarını qaytaracaağını bildirib, bu barədə WhatsApp şəbəkəsi vasitəsi ilə də səsli mesaj göndərmişdir. Lakin xx.xx.2017-ci il tarixdə onlara heç bir ödəniş etmədən naməlum istiqamətdə yoxa çıxmışdır. Bundan sonra öyrənmişlər ki, Xudat şəhərində yerləşən torpaq sahəsi borclu olduğu Cövdətin adına rəsmiləşdirilmiş, Bakı şəhərində yerləşən 5 mərtəbədəki binada olan 3 otaqlı mənzil digər borclu olduğu şəxs Orxanın adına rəsmiləşdirilmişdir. Hansı ki, həmin şəxslər Cavabdeh Nəsimi RPİ-ə şikayət etmişlər, həmin şikayətdən sonra mənzil və torpaq sahəsi onların adlarına keçmişdir. Hazırda da, Cavabdeh tərəfindən ondan almış olduğu puldan hər hansı bir ödəniş edilməmişdir. Bundan sonra dəfələrlə Cavabdeh və onun valideynləri ilə əlaqə saxlamış, onlar hər dəfə onu razı salaraq pullarını yaxın zamanda qaytaracaqlarını, özlərinə məxsus mülklərini satıb pulunu qaytaracaqlarını bildirsələr də, bu günədək ona hər hansı bir məbləğdə pul qaytarmamışlar. Onun müvafiq şikayət ərizələri əsasında Cavabdeh barəsində cinayət işi başlanmış, onun Respublika ərazisində olmadığı müəyyən edildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş və o, Ukrayna Respublikasının Kiyev şəhərində tutularaq Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilmişdir. Bundan sonra təxminən 2 ilə yaxın istintaq aparılmış və ittiham aktı təsdiq edilərək cinayət işi aidiyyatı üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 205/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilməklə, təqsirləndirilən şəxs Cavabdeh alınıb İddiaçı xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat pulun tutulması, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması hökm edilmiş və ona mülki iddianın qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1411/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cinayət əməlləri nəticəsində ona külli miqdarda, yəni 760.000 ABŞ dolları ziyan vurulmuş, həmin ziyandan 171.147,64 manatı Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh tutularaq ona ödənilməsi qeyd edilmiş, belə olan halda ona dəymiş ziyanın qalan hissəsi isə mülki qaydada cavabdehdən tutulmalıdır. Eyni zamanda, mülki cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi istirablar, sarsıntılar çəkmiş, ona mənəvi zərər vurulmuş, həmçinin həmin pul ona vaxtında qaytarılsa idı o, həmin pulu ticarətə, dövriyəyə və ya banka qoyub aylıq gəlir əldə etmiş olardı. Ona görədə hesab edir ki, mülki cavabdehdən 170.000 ABŞ dolları (Azərbayacan manatına məzənnəsində 289.000 manat maddi ziyandan əlavə 50.000 manat mənəvi zərər və 300.000 manat əldən çıxmış fayda tutularaq ona ödənilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cavabdeh ondan aldığı 760.000 ABŞ dollarından 490.000 ABŞ dollarını qaytarmış (həmin vaxtın Azərbaycan manatına məzənnəsi ilə) 270.000 ABŞ dollarını isə qaytarmamışdır. Həmin puldan 170,684,96 manatını cinayət işi üzrə mülki iddia qismən təmin edilərək, cavabdehdən tutulması qeyd edilmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir, belə ki, cavabdehdən tutulmalı olan 270.000 ABŞ dolları hazırda Azərbaycan manatına ekvivalentində 459.000 manat təşkil edir və həmin puldan isə məhkəmə yalnız 170.648,96 manatını tutmuşdur. Hazırda həmin puldan 288.350 manat açıq qalmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 182/2024 nömrəli qərardadına ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “maddi ziyanın ödənilməsi” hissəsində xitam verilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 182/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 859 manatın (929-70=859) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X7).

6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilmiş və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Bununla belə, məhkəm hesab etmişdir ki, dəymiş zərərin məbləğinə münasibətdə iddia tələbi qismən əsaslıdır.

7. Məhkəmənin qənaətinə görə mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5.000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

8. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissə üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı pulunun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində həmin pul məbləğindən faydalana bilməməsi, pul məbləği özündə olacağı təqdirdə hansı işlər görə biləcəyi və gördüyü işlərin müqabilində nə qədər gəlir əldə edə biləcəyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, nə də öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 859 manat (929-70=859) iddiaçıya aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini, o cümlədən cavabdehin ona qarşı dələduzluq etməsini, onun qanunsuz əməlləri nəticəsində ona külli miqdarda ziyan dəyməsini, ondan mənimsədiyi və bu günədək qaytarmadığı pulunun ən azından illik müvafiq faiz dərəcəsi ilə banka qoyub gəlir əldə edəcəyini nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun təsvir və tədbiqində səhvə yol vermişdir. Onun tərəfindən hüquq normasına düzgün istinad edilməməsi, iddianın rədd edilməsinə əsas ola bilməzdi. Məhkəmə nəzərə almamışdır ki, əldən çıxmış fayda dedikdə mərkəzi bankın müəyyən etdiyi uçot dərəcəsi nəzərdə tutulmuşdur, halbuki, məhkəmə prosesində dəfələrlə bunu qeyd etmişdir. Eyni zamanda hamı üçün bəlli olan halların subut edilməyə ehtiyacı yoxdur. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir, lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Halbuki, məhkəmə cavabdehin barəsində cinayət işi başlanan gündən, yəni 2018-ci ildən, qətnamə qəbul edilən günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə maddi ziyanı, əldən çıxmış faydanı hesablamalı idi. Məhkəmə, nəzərə almamışdır ki, əgər cavadeh onun pullarını vaxtında qaytarsa idı, o, həmin pulu hər hansı bir banka depozit şəklində qoyub aylıq gəlir əldə edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin surəti cavabdehin cəzasını çəkdiyi ümumi tipli cəzaçəkmə müəssisəsinə göndərilmiş və onun tərəfindən apellyasiya şikayətinə hər hansı münasibət bildirilməmişdir. Onun vəkili qismində Vəkil2 tərəfindən “Elektron” Məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı verilmiş etiraz isə məhkəmə kollegiyası tərəfindən qəbul edilməmiş və nəzərə alınmamışdır (cavabdehi Bakı Apelyasiya Məhkəməsində vəkil qismində təmsil etmək üçün səlahiyyəti olmaması səbəbindən). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən iddianın əldən çıxmış faydanın ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu tələb üzrə öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “əldən çıxmış faydanın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iş görüntüsü yaradaraq ("xxxx" MMC-də maliyyə idarəsinin rəis müavini vəzifəsində işləməsi və sair) iddiaçının inam və etibarını qazanmaq, həqiqi niyyətini gizlətmək üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı yalandan formal müqavilələr bağlanmış, ayrı-ayrı vaxtlarda zərərçəkmiş şəxsə (iddiaçıya) qaytarmaqla sonuncunun külli miqdarda pulunu ələ keçirmişdir. Onun bu əməlləri çərçivəsində 2014-cü ilin iyun - 2016-cı ilin sentyabr ayları ərzində ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən ona ümumilikdə 812.639 manat (760.000 ABŞ dolları) məbləğində pul verilmiş və həmin məbləğin 641.954,04 manat hissəsi geri qaytarılmışdır. Bu hallar Cavabdeh barəsində Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış istintaq və məhkəmə araşdırılmaları zamanı öz təsdiqini tapmış, nəticədə cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-205/2023 nömrəli hökmü ilə 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin icraat çərçivəsində iddiaçının cavabdehə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddiasına baxılmış və həmin hökmlə iddiaçının mülki iddiası qismən təmin edilmiş, cavabdehdən 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat iddiaçının xeyrinə tutulmuş, mülki iddia qalan hissədə baxılmamış saxlanılmış, iddiaçıya mülki iddianın qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən hökm qanuni qüvvəyə minmişdir.

28. Hazırda iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat, əldən çıxmış faydaya görə 300.000 manat və ödənilmiş 929 manat dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Cavabdehin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat zamanı iddiaçı maddi zərərlə bağlı mülki iddia qaldırdığından və iddia tələbinin maddi zərərlə bağlı hissəsinə həmin icraat çərçivəsində hüquqi qiymət verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qərardadı ilə iddia tələbi üzrə icraata “maddi zərərin əvəzinin ödənilməsi” hissəsində xitam verilmişdir.

29. Məhkəmə kollegiyası iddia üzrə irəli sürülmüş mənəvi zərərin əvəzinin tutulması tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində mənəvi zərərin dəyməsi mübahisəsizdir, lakin həmin hüquqazidd hərəkətlər nəticəsində iddiaçıya iddia tələbində göstərilən məbləğ həddində mənəvi zərərin dəyməsi ağlabatan deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi kimi tutulan 5 000 manat məbləğini yetərli və iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların əvəzi kimi əsaslı və ağlabatan hesab edir. Bu məbləğin artırılması üçün hər hansı əsas görmür.

30. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2014-cü il - xx.xx.2016-cı il tarixlər arasında ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 760.000 ABŞ dolları - 812 639 manat məbləğində pulun verilməsi işin mübahisə edilməyən halını təşkil edir. Bu halın cavabdeh tərəfindən etiraf olunmasını da özündə əks etdirən və cavabdeh, iddiaçı, habelə X8 və X9 tərəfindən xx.xx.2017-ci il tarixdə imzalanmış akta əsasən cavabdeh qeyd edilən iki şəxsin şahidliyi ilə iddiaçıdan xx.xx.2014-cü il – xx.xx.2016-cı il tarixə qədər “Azersun” şirkətində konselyar mallarını və tikinti materiallarını alqı-satqısı üçün görüləcək işlərlə əlaqədar cavabdehdən 760.000 ABŞ dolları məbləğində pul aldığını, həmin pullara görə cavabdeh olduğunu və tam məsuliyyət daşıdığını, bu məbləğin ona təcili surətdə qaytarmalı olduğunu bildirmiş və bu məbləğin xx.xx.2017-ci il tarixədək 150.000 ABŞ dolları hissəsini, xx.xx.2017-ci il tarixədək 350.000 ABŞ dolları hissəsini, yanvar və mart aylarında ediləcək ödənişlərdən sonra ümumi məbləğdən ödənilməyən hissənin xx.xx.2017-ci il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür.

31. Artıq qeyd edildiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin göstərilən hökmü ilə cavabdeh tərəfindən verilmiş məbləğdən ümumilikdə 641.954 manat məbləğində hissəsinin iddiaçıya geri qaytarıldığı və ödənilməli olan məbləğin (812.639 – 641.954,04 = 170.684,96) 170.684,96 manat təşkil etdiyi müəyyən edilmişdir. Lakin bu məbləğ cavabdeh tərəfindən bugünədək iddiaçıya qaytarılmamışdır.

32. Bununla belə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutaraq və xx.xx.2017-ci il tarixli akt üzrə cavabdehin iddiaçı tərəfindən ona verilmiş məbləğin qaytarılması ilə bağlı öhdəlik götürdüyünü, ümumi məbləğin 641.954 manat hissəsinin qaytarıldığını və qalan 170.684,96 manat məbləğin bu günədək qaytarılmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçıya vurduğu zərərin əvəzinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyini tam icra etməmişdir. Bunun nəticəsi olaraq cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyi dövr ərzində iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur.

33. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məbləğlər ayrı-ayrı vaxtlarda və hissə-hissə qaytarıldığından, bununla bağlı dəqiq tarixlərin müəyyən edilməsi çətinlik yaratdığından və tərəflər arasında bağlanılmış akt üzrə ödənilməmiş qalıq məbləğin xx.xx.2017-ci il tarixinədək ödənilməsi razılaşdırıldığından əldən çıxmış faydanın hesablanması üçün başlanğıc tarix olaraq həmin tarix, son tarix kimi isə iddia tələbinin icraata götürüldüyü tarix, yəni xx.xx.2023-cü il əsas götürülməlidir. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.

34. Məhkəmə kollegiyası da iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, 170.684,96 manat məbləğin ödənilməsinin gecikdirildiyi xx.xx.2017-ci il tarixdən (bu tarixdən sonra hər hansı ödəniş edilməmişdir) xx.xx.2023-ci il tarixədək (son tarix xx.xx.2023-cü il), yəni 6 il 4 ay 4 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.

35. Məhkəmə kollegiyası qalıq məbləğinin 170.684,96 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 6 il 4 ay 4 gün olmasını nəzərə alıb, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (170.684,96 x 5 / 100 = 8.534,24 – 1 il, 8.534,24/ 12 ay = 711,18 – 1 ay, 711,18 / 30 = 23.70 – 1 gün /// (8.534,24 x 6 il = 51.205,44) + (711,18 x 4 ay = 2.844,72) + (23,70 x 4 gün = 94,80) = 54.144,96) 54.049,92 manat məbləğində pul vəsaiti tutulmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qətnaməsi qismən – “əldən çıxmış faydanın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçıya yaranmış 170.684,96 manat məbləğində pula xx.xx.2017-ci il tarixdən - xx.xx.2023-ci il tarixədək müddət üçün ilik 5 dərəcəsi ilə hesablanmış 54.049,92 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qətnaməsi qismən – “əldən çıxmış faydanın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 170.684,96 (bir yüz yetmiş min altı yüz səksən dörd manat, doxsan altı qəpik) manat məbləğində pula xx.xx.2017-ci il tarixdən - xx.xx.2023-ci il tarixədək müddət üçün ilik 5 faiz dərəcəsi ilə hesablanmış 54.049,92 (əlli dörd min qırx doqquz manat, doxsan iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar