Məhkəmə qərarları › İş №2(103)-3737/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3737/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3737/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(006)-236/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir.

2. Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı Cavabdeh1 JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,23 ha torpaq sahəsinin 26 noyabr 2001-ci il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X5 məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən olunması, göstərilən həmin torpaq sahələrinin alqı- satqı və vərəsəlik üzrə İddiaçı adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi MKnın xx.xx.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayit Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X43 Mərkəzinin mütəxəssisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş rəydən görünür ki,İddiaçı məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 5,18ha meyvə bağındakı hər alma ağacının dəyəri 396 manat, hər gilas ağacının dəyəri 1440 manat kimi müyyən edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair JN-1669 KOD 30319018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli 2-478 saylı qətnaməsinə əsasən dövlət reyestrindən İddiaçı adına 18 oktyabr 2006-ci il tarixli, ********* qeydiyyat nömrəli. **********12 reyestr nömrəli çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən - onlara qaytarılmalı olan Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan və faktiki ona məxsus ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2001-2002-ci illərdə Quba rayonu ərazisində özünə torpaq sahəsi almaq istəyərkən yaxın qohumları olan cavabdehlərin özlərinə aid torpaq sahələrini satmaq istədiklərini öyrənmiş, bu məqsədlə 25 noyabr 2001-ci il tarixdə qardaşı X18, arvadı X9 JN 1668, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş 0,46 ha, oğlanları Cavabdeh1, X32 və qızı X10 JN 1669, 1670 və 1671, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə hər birinə verilmiş 0,23 ha torpaq sahələrini, eləcə də digər qardaşı X33, arvadı X15, uşaqları X34 və X13 JN 1674, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə hər birinə verilmiş 0,22 ha torpaq sahələrini onlardan alaraq pullarını ödəmiş, bu barədə aralarında həmin tarixdə müqavilə imzalanmışdır. Bir gün sonra bacıları da öz həyat yoldaşları ilə gələrək özlərinə aid olan torpaq sahələrini satmaq niyyətlərini bildirdiklərinə görə o, razılaşaraq 26 noyabr 2001-ci il tarixdə bacısı X27, uşaqları X35, X36 və X16 JN 1677, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,90 ha, bacısı X19, uşaqları X20 və X26ma JN 1676 kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,65 ha, bacısı X6, əri X14, uşaqları X7 və X8 JN 1678, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,90 ha torpaq sahələrini pullarını ödəməklə almış və onlarla da aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlərdən əksəriyyətinin şəxsiyyət vəsiqəsi olmadığından 25 və 26 noyabr 2001-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirmək mümkün olmamış, cavabdehlər tez bir zamanda şəxsiyyət vəsiqələri əldə edib alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirəcəklərinə söz vermişlər. İddiaçı yaxın qohumluq münasibətlərində olduğu cavabdehlərin sözlərinə inanaraq həmin vaxtdan torpaqlara özü baxaraq becərmiş, bütün torpaq rüsumlarını və vergiləri şəxsən özü ödəmişdir. Bunlarla yanaşı, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum atası X5 məxsus 0,46 ha torpaq sahəsini atasının ölümündən sonra, yəni 05 noyabr 1999-cu il tarixdən özü baxaraq əkib becərmiş, atasının ölümündən sonra haqqında danışılan miras qalmış torpaq sahəsini şəxsən özü qəbul etmiş və buna digər bacıqardaşları etiraz etməmişlər. Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli 2-478/2006 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehlər X18 arvadı X9 JN 1668, oğlanları Cavabdeh1, X32 və qızı X10 JN 1669, 1670, 1671, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə hər birinə verilmiş 0,23 ha torpaq sahələrini, X21 arvadı X15, uşaqları X34 və X13 JN 1674, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə olan 0,90 ha, X22 JN 1675, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,22 ha torpaq sahələrini 25 noyabr 2001-ci il tarixdə, X17 uşaqları X35, X36 və X23 JN 1677, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,90 ha, X11, X20 və X12 JN 1676 kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,65 ha, X3, X1, X2 və X4 JN 1678, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,90 ha torpaq sahələrini 26 noyabr 2001-ci il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X5 məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən olunması, cavabdehlərdən 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, göstərilən həmin torpaq sahələrinin alqı-satqı və vərəsəlik üzrə İddiaçı adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli 2(105)-258/2019 saylı qətnaməsi ilə Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli 2- 478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2( 102)-4797/2019 saylı qərarı ilə tərəfindən verilən kassasiya şikayəti təmin edilməyərək, Sumqayit Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(105)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsinin icrası qaydasında 25 noyabr 2001-ci il tarixdən faktiki sahibliyində və istifadəsində olan Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi ondan alınaraq cavabdehə qaytarılmalıdır. 25 noyabr 2001-ci il tarixdən başlayaraq barəsində söz açılan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi onun faktiki sahibliyində olmaqla 2007-ci ildən onun tərəfindən becərilib qulluq edilərək alma və gilas ağacları əkilmiş, son 12 il ərzində həmin ağaclara mövcud tələblərə uyğun şəkildə yüksək səviyyədə aqrotexniki xidmət göstərilmiş, eyni zamanda torpağın bütün vergi və rüsumları onun tərəfindən ödənilmişdir. Hazırda 0,23 ha ölçüsü olan bu torpaq sahəsinin üzərində hər birinin dəyəri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X43 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən 396 manat qiymətləndirilən çox illik 140 ədəd alma ağacı və həmin rəyə əsasən hər birinin dəyəri 1440 manat qiymətləndirilən 12 ədəd gilas ağacı mövcuddur. Lakin haqqında danışılan torpaq sahəsi ona ötürülərkən tam şəkildə boş olmuş, onun üzərində heç bir ağac və ya digər bitki olmamışdır. Göründüyü kimi sərf etdiyi vaxt, maliyyə vəsaiti və fiziki əmək nəticəsində üzərində əkilən və aqrotexniki xidmət göstərilən alma və gilas ağaclarının hesabına bu sahənin qiyməti dəfələrlə artmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X43 Mərkəzinin 20 may 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, aqrotexniki xidmət işlərinin yüksək səviyyədə aparıldığı və mövcud məhsul görünüşünü nəzərə almaqla orta məhsuldarlıq alma ağacları üçün - 400 sentner olmaqla bundan sonra 20-24 il meyvəvermə qabiliyyətinə malik olacaq və gilas ağacları üçün - 160 sentner olmaqla bundan sonra 18-20 il meyvəvermə qabiliyyətinə malik olacaq. Onun qeyd edilən ağacları əkməkdə məqsədi uzun illər ərzində bu ağacların bəhrəsini əldə etmək və həmin bəhrədən yararlanmaq olmuşdur. Bunu bilən cavabdehlər isə torpağı ona ötürdükdən 17 il sonra, yəni ağaclar tam şəkildə bəhər verməyə başladıqdan sonra iddia qaldıraraq bağı geri tələb etməyə başlamışlar. Yuxarıda sadalanan məhkəmə aktlarından da görünür ki, Cavabdeh1 Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi 2001-ci ildə olan vəziyyətdə geri qaytarılmalıdır. Amma onun üzərində ona məxsus 140 ədəd alma və 12 ədəd gilas ağacı mövcuddur. Ağacların isə torpaq sahəsindən ayrılması bioloji baxımdan mümkün olan deyil.

9. "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabatından görünür ki, gilas ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 1430 manat, 12 (on iki) ədədinin qiyməti 17160 manat; alma ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 380 manat, 140 (bir yüz qırx) ədədinin qiyməti 53200 manat, cəmi: 70360 manat təşkil edir.

10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 18 fevral 2021-ci il tarixli 2(006)-236/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, predmeti mübahisəli torpaq sahəsi olan alqı-satqı müqaviləsi hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iddiasına əsasən müqavilədəki imzanın ona məxsus olmaması səbəbi ilə etibarsız hesab edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Məhkəmə müqavilənin qeyd edilən səbəbdən etibarsız hesab edilməsi, müqavilə tərəflərinin qohum olmasını və bununla da müqavilənin bağlanmasında və imzalanmasında iştirak edən şəxsin qardaşı oğlunun Cavabdeh1 olmamasını müəyyən etmək üçün İddiaçı bütün imkanlara malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, o, torpağın alqı-satqı müqaviləsi bağlanan zaman vicdanlı daranmamışdır.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.6, 157.7, 1091, 1094, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsi cavabdeh tərəfə məxsusdur, ağacları isə ora iddiaçı əkib, bu barədə mübahisə yoxdur. İddiaçı ağacları cavabdehlərin razılığı olmadan əkib. Cavabdeh tərəf bildirir ki, ağaclar onlara lazım deyil, ağacların dəyərini ödəmək istəmirlər, bundan başqa, ağacların bir hissəsi artıq öz ömrünü (məhsuldarlıq dövrünü) başa vurub, iddiaçının ağacları çıxarıb aparmasına (başqa yerə köçürməsinə) heç bir etirazları yoxdur. Ağacların başqa yerə köçürülməsi mümkündür, bu, torpaq sahəsinə zərər vurmur. Ona görə də, hazırkı mübahisədə ağaclar “ayrıla bilən yaxşılaşdırma” sayılır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, ağacların torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini tələb edə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 135.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

20. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-448/2022 saylı 28 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) cavabdeh Əliyev Elmar Qəzənfər oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

22. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi iddiaçını vicdanlı sahib hesab etmiş və mübahisəyə Mülki Məcəllənin 157.7-ci maddəsini tətbiq etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsinin mövqeyi ilə nəyə görə razılaşmamasını, iddiaçını hansı əsaslara görə vicdanlı sahib hesab etməsini əsaslandırmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən çoxillik ağacları əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırma hesab edərək, ağacların başqa yerə köçürülməsinin mümkünlüyü qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamış, bu məsələ xüsusi bilik tələb edən məsələ olduğu halda, bunun üçün müvafiq ekspert rəyi və ya mütəxəssis rəyi alınmasının zərurətini nəzərə almamışdır.

Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Cavabdeh1 qeyd etdi ki, iddiaçı əmisi olduğu üçün onun torpaqdan istifadə etməsinə bir söz deməmişdir. İslahatdan öncə ona məxsus torpaq sahəsi meyvə bağı olmuş, 100-dən çox ağac əkilmiş, həmçinin armud ağacları da olmuşdur. İddiaçının əkdiyi ağacları çıxarıb aparmasına etiraz etmir.

25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 135.3-cü maddəsinə görə bitkilər əşya deyildir, onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir, əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə də şamil edilir.

27. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

35. Göründüyü kimi torpaq cavabdehə məxsus olmuş, ağaclar iddiaçı tərəfindən əkilmiş, cavabdeh tərəf iddiaçının əkdiyi ağacları çıxarıb aparmasına etirazı olmadığını bildirmişdir.

36. Kollegiya tərəfindən sözügedən ağacların mübahisəli torpaq sahəsindən çıxarılmasının və başqa yerə köçürülməsinin mümkün olub-olmamasını, ağacların yaşını (neçə illik), həmçinin alma və gilas ağaclarının hazırkı qiymətini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/803, 9/5187 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 0,23 ha torpaq sahəsindəki ortalama diametrləri 32 sm-80 sm olan 155 ədəd alma ağacları və ortalama diametrləri 30 sm-97 sm olan 09 ədəd gilas, diametri 7 sm olan 01 ədəd armud ağacları xüsusi texnikanın köməyi ilə (CAT-6, EGHL) hər bir ağacın diametrinə müvafiq həcmdə (qazılacaq dərinliyin hündürlüyü, eni, uzunluğu) (istinadlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi” qaydası, Transplatation of treesan informative manual for freshers, Tree transplantation və s.) qazıcı qurğusu ilə, köçürülmə prosesi düzgün yerinə yetirilərsə həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkündür.

37. Rəyə görə, tədqiqata təqdim edilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində 2007-ci ildən əkilmiş 155 ədəd palmet sortlu alma, 01 ədəd yerli sort armud ağacı, 09 ədəd Romanovka və Moldovka sortlu gilas ağacları vardır.

38. Qərardadda qoyulmuş “Müəyyən olunan ağacların, onlara zərər vurmadan köçürülməsi mümkündürmü?” sualını ağacların gələcək inkişafı onların köçürülməsi qaydasının düzgün aparılması, köçürüldüyü yerdəki torpağın münbitliyi və ediləcək aqrotexniki qulluqlardan asılı olduğu üçün həmin sual üzrə rəy vermək mümkün olmamışdır.

39. Həmçinin göstərilmişdir ki, Quba rayonu ərazisində yerləşən meyvə bağlarında, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 2007-ci ildə əkilmiş 155 ədəd palmet sortlu alma, 01 ədəd yerli sort armud ağacı, 09 ədəd Romanovka və Moldovka sortlu gilas ağacları orta məhsuldar olduğu halda ümumilikdə orta bazar dəyəri nəzəri qaydada təxminən 59250,00 manat müəyyən edilir. O cümlədən: - ortalama diametrləri 32 sm-80 sm olan 155 ədəd alma ağacları – 46500,00 (155x300m) manat; - 01 ədəd diametri 7 sm olan yerli sort armud ağacı – 150,00 manat - ortalama diametrləri 30 sm-97 sm olan 09 ədəd gilas ağacları – 12600,00 (9x1400m) manat.

40. Rəydə qeyd edilmişdir ki, Quba rayonu ərazisində yerləşən meyvə bağlarına mövcud olan tələb və təklifdən, ağacların inkişaf səviyyəsindən, məhsuldarlığından və digər amillərdən asılı olaraq yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.

41. Qeyd edilən 165 ədəd ağacların köçürülməsinə çəkiləcək xərclərin ümumi dəyəri, həmin ağacların mövcud olduğu yerlə köçürüldüyü sahə arasındakı məsafənin uzunluğu və relyefi məlum olduqdan sonra müəyyən edilə bilər.

42. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, ağacların həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkündür.

43. Apelyasiya baxışı zamanı Cavabdeh1 bildirmişdir ki, iddiaçı əmisi olduğu üçün onun torpaqdan istifadə etməsinə etiraz etməmişdir.

44. Cavabdehlər iddiaçının həmin torpaq sahəsindən istifadə etməsindən, ağaclar əkməsindən məlumatlı olmuş, hər hansı etiraz etməmişlər.

45. İddiaçı vicdanlı sahib olmuşdur.

46. Qanunvericiliyin tələbinə əsasən isə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər.

47. Ekspert rəyinə əsasən isə ağacların həmin torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini tələb edə bilməz.

48. Belə olan halda iddiaçının hazırki pul tələbi rədd edilməlidir, iddiaçı müvafiq olaraq ağacların həmin torpaq sahəsindən çıxarılaraq götürülməsi barədə müstəqil iddia qaldıra bilər.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2021 saylı iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar