Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3737/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının nümayəndəsi Kamal Vəlizadənin, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Mirismayıl Hadinin iştirakı ilə, iddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-856/2024 nömrəli qətnaməsindən iddiaçı “X1 Kompleksi” MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 494.952 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Kamal Vəlizadə apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh, onun vəkili və nümayəndəsi Mirismayıl Hadi apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflərin arasında əmək münasibəti olub, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatın X2 və Tədarükü Məntəqəsi filialında direktor vəzifəsində işləyib, habelə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb. İddiaçı iddia edir ki, iddiaçı təşkilatın X2 və Tədarükü Məntəqəsi filialında 2020- 2021-ci mövsüm illəri üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, 2020-ci mövsüm ilinin nəticəsinə görə xam pambığın kondisiya çəkisində 414.052 kq (məbləği 264.800 manat) əskik gəlmə, 2021-ci mövsüm ilinin nəticəsinə görə xam pambığın kondisiya çəkisində 331.453 kq (məbləği 230.152 manat) əskik gəlmə müəyyən edilmişdir. Ümumilikdə, 2020- 2021-ci mövsüm illəri üzrə əskik gəlmə nəticəsində iddiaçıya cəmi 494.952 manat zərər vurulmuşdur. Bu tələbin irəli sürülməsi üçün iddia müddəti keçib. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə, işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilib. İddiaçının nümayəndəsinin bildirdiyinə görə, auditorun rəyi verildikdən sonra zərərin vurulduğunu aşkar ediblər, bundan sonra məhkəməyə müraciət ediblər. Auditorun rəyi xx.xx.2023-cü ildə verilib (cild 1, iş v. 99). Yəni iddiaçının mövqeyinə görə, zərərin vurulması xx.xx.2023-cü ildə aşkar olunub, 5 ay sonra isə iddia verilib. Lakin xx.xx.2022-ci il tarixli aktdan (cild 1, iş v. 17) görünür ki, iddiaçı xam pambığın kondisiya çəkisində əskik gəlmənin mövcudluğunu xx.xx.2022-ci ildə aşkar edib. Hətta auditorun rəyi bu tarixdən 1 ilə yaxın vaxt (11 ay 25 gün) keçdikdən sonra – xx.xx.2023-cü ildə əldə edilib. Ona görə də belə hesab olunur ki, iddia müddətinin axımı xx.xx.2022-ci ildən başlanıb. İddia ərizəsi isə həmin tarixdən 1 il 5 ay sonra - xx.xx.2023-cü ildə verilib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi, iddiaçı, ümumiyyətlə, müddətin bərpası barədə vəsatət verməyib. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 856/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3737/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3737/2024
05.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver