Məhkəmə qərarları › İş №2(103)-3738/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3738/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3738/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(010)-220/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 100000 ABŞ dolları, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "Toyota Camry" markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq 35000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, cavabdehlərdən ona dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin müştərək qaydada onun xeyrinə tutulması və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 318 kv.m olan 6 otaqlı fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 07.05.2013-cü il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin əmlaka dair sərəncam vermək hüququ X5 etibarnamə əsasında etibar edilmişdir. X7 ilə cavabdehlər Cavabdeh1 və onun qohumu Cavabdeh3 uzun illər ərzində dostluq etmiş, aralarında qarşılıqlı inam və etibar yaranmışdır. Cavabdeh1 bizneslə məşğul olur. Biznesinin inkişafı üçün ona 2015-ci ilin dekabr ayında borc pul lazım olmuşdur. Borc götürmək üçün Möhübbəddin İbrahimova müraciət etmiş, borcverən ondan təminat kimi ipotekaya qoymağa əmlak verməyi istəmişdir. Bu barədə o və Cavabdeh3 dostu Orxan Cəfərova müraciət etmiş, sonuncu dostlarına etibarı nəticəsində evin borca təminat olaraq verilməsinə razı olmuşdur. Möhübbəddin İbrahimov evin sənədləri əsasında Cavabdeh1 borc verməyə razı olduğunu bildirmişdir. Evə baxış keçirildikdən sonra öz aralarında evə 135000 ABŞ dolları dəyərində qiymət qoymuşlar. Halbuki, evin dəyəri reallığı əks etdirmir. Möhübbəddin İbrahimov təminat kimi qoyulması müqabilində 100000 ABŞ dolları pul və 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı avtomobil vermişdir. Onunla Cavabdeh2 arasında 18.12.2015-ci ildə Abşeron rayonu, 1 saylı Notariat kontorunda evin satılmasına dair alqısatqı müqaviləsi bağlanmışdır. Evin reallıqda dəyəri 400000 manatdan artıq olsa da, borca təminat verildiyindən formal az qiymət göstərilmişdir. Bu barədə nümayəndə ona məlumat vermiş, o da borca təminat verilməsinə, lakin borc ödənildikdən sonra evin geri qaytarılmasına razılıq vermişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilən 100000 ABŞ dolları valyuta dəyişmə məntəqəsində 105000 manata dəyişdirilmiş, həmin ödənilən pulun 5000 manatını əvvəlcə Cavabdeh3 götürmüş, 100000 manatını da Orxan Cəfərov bank depozitindən götürdükdən sonra Cavabdeh3 vermişdir. Evin dəyəri üçün 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı **-HM-*** dövlət qeydiyyatlı avtomobil isə evin alqı-satqısının səhərisi günü, yəni 19.12.2015-ci il tarixində Cavabdeh4 mülkiyyətinə verilmişdir. Bu minvalla alqı-satqı müqaviləsindən sonra ödənilən pulların heç biri nə ona, nə də onu təmsil edən Orxan Cəfərova çatdırılmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-220/2020 saylı iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 135000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü azərbaycan manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Cavabdeh3 məhkəməyə ünvanının dəyişdirilməsi barədə məlumat verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin cavabdehlə bağlı məhkəmə bildirişlərini iddia ərizəsində göstərilən ünvana, yəni ünvan 1mişdir. Lakin bildirişlərə əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş Cavabdeh3 iştirakı olmadan işə baxmışdır ki, bu da qətnamənin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğvi üçün əsasdır”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını eləcə də iş üzrə yuxarı instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnaməni iddiaçı mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 135000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü azərbaycan manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən – cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissəsində yoxlanılması təşkil edir. İş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi ilə İddiaçı, X7 və Cavabdeh1 Cavabdeh2 Möhübəddin oğluna qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, pulun qaytarılması müqabilində evin sahibinin mülkiyyətinə qaytarılması barədə ilk iddiasının təmin edilməməsi, Cavabdeh2 Möhübəddin oğlunun İddiaçı, X7 və Cavabdeh1 qarşı mülkiyyət hüququnun bərpa edilməsi və evin təhvil verilməsi barədə qarşılıqlı iddiasının təmin edilərək Cavabdeh2 Möhübəddin oğlunun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpa edilməsi, həmin evin mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2017-ci il tarixli 2(105)-3920/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2800/2017 saylı 28 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh2 Möhübbətdin oğlu, Cavabdeh3 və Cavabdeh1 qarşı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 318 kv.m. sahəsi olan fərdi yaşayış evinin 18.12.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin dəyəri olan 135000 ABŞ dollarının 100000 manatının (50000 ABŞ dollarının) cavabdehlər Cavabdeh3 və Cavabdeh1, qalan 85000 ABŞ dollarının isə Cavabdeh2 tutularaq ona qaytarılması, əks təqdirdə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır, belə ki,həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəsində iddiaçı tərəfin cavabdeh tərəfdən pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçı tərəfin cavabdeh tərəfdən müqavilə münasibətlərindən yaranan əsaslarla həm daşınmaz əmlakla bağlı, həm də avtomobillə bağlı yenidən pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il Qərarında göstərilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci ilQərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar. Göründüyü kimi, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Ona görə də qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)- 2800/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə İddiaçı üçün məcburi olsa da, Xətai Rayon Məhkəməsində baxılmış işdə o, iştirak etmədiyindən, həmin məhkəmənin 28.06.2019-cu il tarixli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətə malik deyildir. Birinci işdə isə həmin iş üzrə tərəflər arasında borc yox, alqı-satqı münasibətlərinin baş verməsi müəyyən olunmuşdur. Odur ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, satıcı İddiaçı adından çıxış edən X7 ilə alıcı Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evi 100000 manat məbləğində pula alıcıya satılmış, X1 tərəfindən 100000 manat X5 təqdim edilməsi üçün notariusun bank hesabına köçürülmüşdür. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə baxışında Cavabdeh2 nümayəndəsi bildirmişdir ki, “... evin qiymətini 135000 ABŞ dollarına razılaşmışlar ki, alınan evə görə 100000 ABŞ dolları məbləğində pul və 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı avtomobil verilsin. Alqı-satqı notariat kontorunda Azərbaycan manatı ilə aparılmalı olduğuna görə həmin vaxt Azərbaycan manatına ehtiyac olmuş, Möhübbəddin İbrahimov 100000 ABŞ dolları məbləğində pulu valyutadəyişmə məntəqəsində manata dəyişərək 105000 manat pul almış, həmin puldan Cavabdeh3 5000 manatı özünə götürmüşdür. Qalan 100000 manat pul notariusun depozit hesabı vasitəsilə 18.12.2015-ci il tarixdə Orxan Cəfərovun adına keçirilmişdir. Bundan əlavə razılaşdıqları kimi “Toyota Camry” markalı avtomobil Cavabdeh3 tanışının adına rəsmiləşdirilmişdir....” Həmçinin həmin məhkəmə iclasında şahid qismində dəvət edilmiş X6 bildirmişdir ki, “...Evin 135000 ABŞ dollarına alqı-satqısı barədə razılaşdıqdan sonra Möhübbəddin İbrahimov 100000 ABŞ dolları məbləğində pulu 105000 manata çevirmiş, həmin pulun 5000 manat hissəsini Müşfiq adlı şəxs götürmüşdür. Qalan 100000 manat pu alqı-satqı üçün notariusun bankda olan hesabında Orxan adlı şəxsin hesabına keçirilmişdir. “Toyota Camry” markalı avtomaşını isə real dəyərindən 7000 ABŞ dolları az qiymətə, yəni 35000 ABŞ dolları məbləğində pula Müşfiq adlı şəxsə satmışdır. Cavabdeh3 maşını öz adına rəsmiləşdirmək istəsə də, prokurorluq işçisi olduğuna görə sonra fikrini dəyişmiş və həmin avtomobilin qohumu Cavabdeh4 adına rəsmişləşdirilməsini Cavabdeh2 xahiş etmişdir. Buna görə də maşın həmin adamın adına rəsmişləşdirilmişdir. Beləliklə, avtomaşından əlavə evin alınmasına görə Möhübbəddin İbrahimov 105000 manat pul vermiş, 5000 manatı Cavabdeh3 götürmüş, qalan 100000 manat pulu Orxan Cəfərov bank hesabından götürərək Cavabdeh3 vermişdir.” Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2017 saylı iş üzrə 08.12.2017-ci il tarixli məhkəmə iclas protokolundan çıxarışdan görünür ki, şahid qismində ifadəsi alınmış Cavabdeh3 Elman oğlu göstərmişdir ki, “Dostum Azərə pul lazım idi, mən isə bilirdim ki, mərhum İbrahim Möhübbəddin sələmə pul verir. Bununla bağlı Möhübbəddinlə görüşmüş, görüş zamanı mərhum bizə maşınını satmaq istədiyini bildirmiş, biz isə maşına deyil, pula ehtiyacımızın olduğunu bildirmişik. Belə olan halda İbrahim Möhübbəddin təminat kimi bizə evə dair alqı-satqı bağlanmasını təklif etmiş və borclarını ödəyib qurtarandan sonra müqaviləni ləğv edəcəyini bildirmişdir. Mərhumu sözünün üstündə duran kimi tanındığı üçün ona etibar edərək müqaviləni bağlamağa razı olmuşduq. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, banklar pul vermirdi, pul Azərə lazım idi, pulu çevirmə olmayıb, elə 100000 manat pul olub, Orxan 100000 manatı verdi mənə, mən də verdim Azərə”. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3920/2017 saylı iş üzrə 22.12.2017-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, “… Mən biznes fəaliyyəti məşğul olduğum üçün mənə yüksək məbləğdə pul lazım idi, bununla bağlı banklara müraciət etsəm də, bankdan pul götürə bilməmişdim. Ona görə də dostdan tanışdan sələmə pul axtarırdım. Bu zamana tanışlıqla mərhum İbrahimov Möhübbəddinlə tanış oldum. Hazırki mübahisəli evə dair formal alqısatqı bağlanması şərtini və hər ay faizlə pul verilməsini mərhum İbrahimov Möhübbəddin irəli sürmüşdür və mənə də təcili pul lazım olduğu üçün məcbur razılaşdım. Lakin mərhum İbrahimov Möhübbəddin güvəniləcək bir insan olduğu üçün onun sözünə etibar edərək formal alqı-satqı bağladım. Mərhum bu gün həyatda olsa idi bunların heç biri baş verməzdi. O, çox güvənilən insan idi. Onun ölümündən sonra qardaşı və oğlu istifadə edib mübahisəli evə dair çıxarış almışlar…” Suallara cavab olaraq isə: “Evin faktiki sahibi Orxandır; ev Faiqin adınadır; notariusda iştirak etmişdim; alqı-satqı olmuşdur; 135000 manat məbləğdən söhbət getmiş, 35000 manatlıq maşın verilmiş, 100000 manatı da götürdük; Orxan götürdü, bizə çatdırdır.” (i.v.11). Hazırki iş üzrə 09.10.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, “İddianı qəbul etmirəm. Burada əsas məsələlər Orxan və Müşfiqin arasında olub. Bizim heç birimizin məsələyə aidiyyəti yoxdur. Müşfiq mənim əmim qızının oğludur. Belə ki, təxminən 2015-2016-cı ilin dekabr ayı idi və Müşfiq maşını olmadığı üçün onu aparmağı xahiş etmişdir. Məsələ ondadır ki, ev girov qoyulub, əvəzində pul götürülməli idi. Borc verən Möhübbəddin kişi də artıq rəhmətə gedib. Ev isə Orxanın atasına məxsus olub. Mən hətta bu məsələ ilə bağlı Sumqayıt məhkəməsi idi, ya da Abşeron Məhkəməsi, dəqiq xatırlamıram, şahid kimi gedib ifadə vermişəm. Mən sadəcə olaraq Müşfiq və Orxanın yanında olmuşam. Məsələ o olub ki, ev girov qoyulub və 100000 manat pul verilib. Mən də ifadəmdə demişəm ki, Orxan pulu götürüb, bizə verib, yəni Müşfiqə. Onlar məni tanımır ki, 100.000 manatı heç nədən mənə versinlər. Əslində pul dollarla verilməli idi, lakin manatla verilib. Məni də ona görə şahid qismində çağırmışdılar ki, pulun dollarla verilmədiyini təsdiq edim. …Nə mənim, nə də Salehin bu məsələ ilə əlaqəmiz yoxdur. Mən sadəcə pulun verilməsinə şahidəm, Salehin isə adına maşın keçirilib...” Suallara cavab olaraq isə: “Bəli, 4-5 ilin söhbətidir ola bilsin ki, ərizəni mən yazmışam; xeyr, onlar nə məni, nədəki Salehi tanımırlar; bilmirəm, Orxan və Müşfiqin arasında olan məsələdir; Möhübbəddin kişinin qardaşı İsmayıl var, onlar da bununla bağlı məni çağırdılar, Gənclik tərəfdə oturub söhbət elədik, ərizəni ola bilsin ki, həmin zaman yazmışam; mənlik başqa bir şey yoxdur; xeyr, Müşfiq mənə pul verməyib, onlar məni tanımırlar, mənə nəyə görə pul versinlər. Çağırın Müşfiqi gəlib burada etiraf eləsin; maşın məsələsindən xəbərim yoxdur və s.” (i.v.142). Həmin məhkəmə iclas protokolundan həmçinin görünür ki, İddiaçı vəkilinümayəndəsinin sualına cavab olaraq Cavabdeh2 vəkili-nümayəndəsi göstərmişdir ki, pulun çatmayan hissəsinin əvəzinə 35000 ABŞ dolları Orxanın razılığı ilə maşın verilib, Müşfiq, Bakı qeydiyyatı olmadığına görə, Salehdən xahiş edib və o da vəsiqəsini vermişdir. Bundan sonra isə avtomobil Salehin adına rəsmiləşdirilmişdir (iş.v.144). Cavabdeh1 əlyazma şəklində yazılaraq Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli Notariat kontoruna ünvanlandığı 30.01.2017-ci il tarixli ərizəsində göstərmişdir ki, “O, X7 ilə notarial qaydasında müqavilə bağlayıb etibarnamə ilə onun öhdəsində olan Mehdiabad qəsəbəsində yerləşən həyət evini Rəhman adlı şəxsdən 100.000 manat borc götürərək onun evini girov qoymuşuq, ancaq formal olaraq alqı-satqı kimi rəsmiləşdirmişik. Rəhmana mən həmin 100.000 manatı ödədikdən sonra Orxana həmin evinin sənədlərini qaytaracağıma söz vermişdim. Faktiki olaraq Orxan həmin evi Rəhmana satmayıb, Rəhmandan götürdüyüm borcun əvəzinə rəsmiləşdirilmişdir. Ona görə də xahiş edirəm Orxanın evinin alqı-satqı sənədlərini etibarsız hesab edəsiniz, Rəhmanın isə pulunu, yəni borc götürdüyüm pulu qaytarmağı öhdəmə götürürəm.” Beləliklə, qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi və işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçılə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Evin satılmasında məqsəd cavabdehlər Cavabdeh1la Cavabdeh3 pula olan ehtiyaclarını ödəmək üçün satışdan əldə olunan vəsaitin onlara borc verilməsi olmuşdur. Tərəflər evin qiymətini 135.000 ABŞ dollarına razılaşmış, həmin vəsaitin 100.000 ABŞ dolları pul, 35.000 ABŞ dolları isə avtomobil şəklində verilmişdir. 100.000 ABŞ dolları alqı-satqıdan bilavasitə öncə azərbaycan manatına konvertasiya edilərək 100.000 manatı notariusun depozit hesabına qoyulmuş, 5.000 manatını isə Cavabdeh3 götürmüşdür. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində satıcının nümayəndəsi kimi çıxış etmiş Orxan Cəfərov 100.000 manatı notariusun depozit hesabından çıxardaraq dərhal Cavabdeh1la M.Abassova vermişdir. Eləcə də 35.000 ABŞ dollarının əvəzində verilən avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq qohumu Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmiş və sonuncu cəmi 1 aydan sonra həmin avtomobili sataraq pulunu şəxsi ehtiyaclarına sərf etmişdir (i.v.50 - DİN BDYPİ-dən verilmiş kompüter çıxarışı). Kollegiya qeyd edir ki, 18.12.2015-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinin alqısatqı müqaviləsi rəsmiləşdirildikdən dərhal sonra həmin evin dəyəri olaraq ödənilmiş 135.000 ABŞ dolları məbləğində vəsait (pul və avtomobil) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 borca verilməklə iddiaçı ilə həmin cavabdehlər arasında həmin məbləğə dair borc müqaviləsi bağlanmışdır. Ona görə də hazırki iddia tələbinn qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi çıxış edir. Belə ki, həmin normaya əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə müəyyən edilir ki, mülkiyyətçi İddiaçı adından çıxış edən Orxan Cəfərovun alqı-satqını həyata keçirməkdə məqsədi təmsil etdiyi şəxsin iradəsinə uyğun olaraq əldə etdiyi vəsaiti Cavabdeh1 və Cavabdeh3 borc vermək olmuşdur. Həqiqətən də görünür ki, həmin pul məbləği onlara verilmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı pulu Cavabdeh3 və Cavabdeh1 borc vermiş, həmçinin 35000 ABŞ dolları dəyərində avtomobil verilmiş, lakin Cavabdeh3 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, alınan 135000 ABŞ dolları məbləğində pulu geri qaytarmamışlar. İddiaçı 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb etsə də, avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsi səbəbindən onun dəyərinin – 35.000 ABŞ dollarının Cavabdeh4 və avtomobili sonuncuya verdiyinə görə Cavabdeh2 tutulmasını tələb etmişdir. Lakin, işin halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, yaşayış evinin alqısatqı müqaviləsi bağlanarkən Cavabdeh4 orada olmamış, heç bir danışıqda iştirak etməmiş, o cümlədən tərəflərin borc münasibətlərinn iştirakçısı olmamış və avtomobilin adına rəsmiləşdirilməsi yalnız qohum kimi Cavabdeh3 xahişi ilə baş vermişdir. Artıq qeyd olunduğu kimi, avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı iddia tələbində Cavabdeh1 və Cavabdeh3 xeyrinə 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etdiyi halda həmin məbləğin 135.000 ABŞ dolları olaraq müəyyənləşdirilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir, çünkü İddiaçı həmin məbləği müəyyənləşdirərkən avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsini nəzərə almışdır. Həmçinin qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verdiyi 135.000 ABŞ dolları məbləğində borcun qaytarılması barədə olmaqla, bu hüququn həcmi (miqdarı, ölçüsü və kimdən tutulmalı olması) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Ona görə də Kollegiya hesab edir ki, 135.000 ABŞ dolları məbləğində vəsait məhz Cavabdeh3 və Cavabdeh1 tutulmalıdır. Kollegiya həmçinin hesab edir ki, göstərilən məbləği cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçıdan birgə götürdükləri üçün, həmin vəsaitin onlar tərəfindən hansı qaydada (kim nə qədər) istifadə olunmasından asılı olmayaraq, onlar iddiaçı qarşısında birgə məsuliyyət daşımalıdırlar. Həmçinin kollegiya bir daha qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən – cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissəsində yoxlanılması təşkil edir. Belə ki, digər cavabdehlərə münasibətdə iddianın rədd edilməsi hissəsi Ali Məhkəmə tərəfindən yoxlanılmış və həmin hissədə Bakı Apellyasiya Məhkəmsinin 14.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Sadalanan normalar çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd edir ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilmiş və Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili vasitəsi ilə məhkəmə kollegiyasının iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası həmçinin təkrar apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, digər Cavabdeh3 isə birinci instansiya məhkəməsinin iclasılarından xəbərdar olmuş, belə ki, sonuncu mülki işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə məhkəməyə vəsatət ünvanlamış və həmin vaxt, yəni işə birinci instansiya məhkəməsində baxılan zaman qeyd olunan ərizə ilə müraciət etmədiklərindən, eləcə də həmin ərizənin verilməsi üçün əsasların təkrar apellyasiya baxışında yaranması halı təsdiq edilmədiyindən hazırda qeyd olunan iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər qeud edilən ərizələrin birinci instansiya məhkəməsinə təqdim etməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə iddianın təmin etmə tədbiri barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim etməyə cəhd etməmişdir. Beləliklə də, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-220/2020 saylı iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 135.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü azərbaycan manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar