Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3741/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Arjomandi Touraja qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamədən iş üzrə cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iş üzrə tərəflərin özlərinin, habelə iddiaçının vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi, bina № 244də yerləşən 1 saylı mənzilin cavabdeh tərəfindən yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2.081,80 manat, cavabdeh tərəfindən aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun əvəzi olaraq 38,88, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manata, ümumilikdə isə 13.666,68 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.03.2017-ci il tarixli “İcarə müqaviləsi” əsasında iddia ərizəsində qeyd edilən və iddiaçıya məxsus olan mənzil cavabdeh tərəfindən 1 il müddətinə iddiaçıdan icarəyə götürülmüşdür. Həmin vaxt mənzil normal şəraitli olmuşdur. Mənzildə masa, oturacaqlar, mebellər, kreslolar, kondisionerlər, elektrik qızdırıcıları, tozsoran, soyuducu, şəhər telefonu, açıq internet xətti (modemlə birlikdə) və s. əşyalar olmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab olunur. Cavabdeh, müqavilənin bitmə tarixinədək icarə haqqını vaxtıvaxtında ödədiyi üçün sözügedən müqavilənin uzadılmasına etiraz olmamışdır. Lakin, müqavilə vaxtının uzadıldığı növbəti ilin aylar üzrə icarə haqqını ödəməkdən yayınmış, ümumilikdə 5 ay 15 gün müddəti üçün cavabdeh icarə haqqını ödəməmişdir. Həmin müddət ərzində cavabdeh iddiaçının mənzilini və mənzildəki əşyaları yararsız hala salmış, bir qismini isə iddiaçıdan xəlvət aparmış, mənzilin açarlarını iddiaçıya qaytarmaq istəməmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında ərazi üzrə Mənzil İstismar- Kommunal Sahəsinin nümayəndələrinin və qonşuların iştirakı ilə mənzilin qapısını sındırılaraq açılmışdır. Mənzilə daxil olarkən mənzilin tavan və divarlarında boya qatının çatlamasının, qopmasının və ləkələrin əmələ gəlməsini, döşəmə parketinin lak qatının və parketin sürtülməsi, üç ədəd spot tipli lampaların olmadığı, küçə tərəfdən hava yolu ilə çəkilmiş mənzilə daxil olan telefon xəttinin kəsildiyinin, hamam, ayaqyolu otağında təxminən 1,0 kv.metrə qədər kafel plitələrinin sınması və çatlamasının, su kranının (simistitelin) işlək vəziyyətdə olmadığının pəncərə şüşəsinin sınmasının, seyf qapının daxili üzlüyünün sınmasının, hamam, ayaqyolu və mətbəx otaqlarında asma tavanın hisslənməsinin, dəhlizdə təxminən 0,5 kv.metr metlax plitələrinin sınmasının və çatlamasının, unitazın sındırıldıqdan sonra yapışqanla yapışdırıldığının, elektrik xətlərinin yararsız hala salındığının, birləşdirici karobkanın sökülməsinin, mənzilin dəmir seyf qapılarının üstündə quraşdırılmış çılçırağın (plafon) şüşəsinin, digərinin isə tamamilə olmamasının şahidi oldular. Bundan başqa cavabdeh evdən gedərkən 1 ədəd şkafı, 1 ədəd 1,6x0,8 metr ölçüdə şpon materialından hazırlanmış masanı, 4 ədəd gövdəsi metaldan olan diyircəkli kreslonu sındırılmış, 3 ədəd taxta materialından hazırlanmış stulu aparmış və 1 ədədini yararsız hala salmış, 1 ədəd “Panasonik" markalı telefon aparatını, pəncərədə quraşdırılmış 2,4 kv.metr (1,5x1,6m) jalüz tipli pərdənin və 1 ədəd “Elektrolüks" markalı kondisioneri də yararsız hala salmışdır. Evdə olan 1 ədəd internetə qoşulmaq üçün modemi, 1 ədəd ikigözlü elektrik sobasını və 1 ədəd “Çinar” markalı soyuducunu və evin su kartını da özü ilə aparmışdır. Bütün bunlarla bağlı müvafiq akt tərtib olunmuşdur. Su kartını almaq və ona dəymiş olan maddi ziyanın cavabdehdən alınması üçün onun faktiki olduğu ünvana getmişdir. Lakin, cavabdeh iddiaçıya vurmuş olduğu ziyanı ödəmək istəməmiş, üstəlik iddiaçını döymüş, nalayiq sözlərlə təhqir etmişdir. İddiaçıya dəymiş maddi ziyanın və təmir-bərpa xərclərinin müəyyən edilməsi üçün "xxxx" MMC-nə müraciət etmişdir. Həmin MMC-nin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilərək iddiaçıya dəymiş maddi ziyanın məbləği müəyyən edilmiş və müvafiq mütəxəssis rəyi tərtib olunmuşdur. Sonradan məlum olmuşdur ki, cavabdeh mənzildən istifadə etdiyi müddətdə elektrik enerjisindən istifadəyə görə onun 38,88 manat borcu da qalmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçının keçirtdiyi əsəb, stress və həyəcanın nəticəsində iddiaçı psixoloji sarsıntıya məruz qalmışdır. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, iddia ərizəsində qeyd edilən maddi və mənəvi zərərin əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.03.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2.081,80 manat, aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88, mənəvi zərərə görə 500 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4.166,68 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarına əhəmiyyət verməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün kifayət qədər araşdırma aparmamış, əldə edilmiş sübutları düzgün qiymətləndirməmiş, cavabdehin məhkəmədə iştirakını təmin etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. İşin mahiyyəti belədir ki, 17.03.2017-ci il tarixdə cavabdeh, iddiaçı ilə notarial qaydada təsdiq olunmuş “İcarə müqaviləsi” bağlayıb mənzili 1 il müddətinə icarəyə götürmüş və oradan daşınmaz əmlakın alğı-satqısı ofisi kimi istifadə etmişdir. Mənzili icarəyə götürərkən mənzil təmirsiz olmuş, elektrik və telefon xətlərinin naqillər yararsız vəziyyətdə olmuş, mənzil boş olmaqla heç bir mebel və əmlak olmamışdır. Məhz buna görə də, mənzil şəhərin mərkəzində olsa da, bazar qiymətlərindən aşağı qiymətə icarəyə götürülmüşdür. Mənzildə cavabdeh tərəfindən təmir və təmizlik işləri görülmüş, oraya mebel və istifadə üçün lazım olan avadanlıqlar və texniki vasitələr (kompüterlər, telefonlar, ofis vasitələri və s.) gətirilmiş, elektrik və telefon xətləri və naqillər yenilənmiş və digər işlər görülmüşdür. İşə başlayandan bir müddət sonra iddiaçı tez-tez ofisə gedibgəlməyə başlamış, hər xırda və əhəmiyyətsiz işə görə deyinməyə və mübahisə etməyə, cavabdehi və işçilərini narahat etməyə və cavabdehdən əlavə pul tələb etməyə başlamışdır. Buna görə də aralarında narazılıqlar başlamış və cavabdeh ondan işinə mane olmamağı tələb etmişdir. Lakin iddiaçının qeyri-etik əməllərindən cana doyub 2018ci ilin aprel ayında mənzili iddiaçıya təhvil vermək məcburiyyətində qalmış və başqa ünvanda ofis tutub fəaliyyətini orada davam etdirmişdir. İddiaçı bundan sonra da xuliqanlıq hərəkətlərini davam etdirmiş, yeni ofisinə gəlmiş, işinə maneçilik etmiş və cavabdehə yalan böhtanlar atıb şərləmək istəmiş, hətta ona bədən xəsarətləri vurmağa çalışmışdır. Cavabdeh iddiaçıya aylar üzrə bütün icarə haqlarını ödəmiş və ona borcu qalmamışdır. İddiaçının bildirdiyi 5 aydan çox müddət üçün icarə haqqı ödənişinin edilməməsi həqiqətə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. Lakin Rayon Məhkəməsi sübutları düzgün araşdırmamış və onları düzgün qiymətləndirməmişdir. Şahid qismində X6 və X4 iş üzrə birbaşa şahid deyillər və hadisə barədə ancaq iddiaçının sözlərindən məlumat almışlar. Buna görə də, bu şəxslərin ifadələri sübut kimi qəbul oluna və onlara istinad edilə bilməz. İş üzrə sübut olan 17.03.2017-ci il tarixli “İcarə müqaviləsi” isə faktiki olaraq məhkəmə tərəfindən saxtalaşdırılmışdır. Belə ki, qətnamədə məhkəmə göstərmişdir ki, guya müqavilədə mənzilin bütün şəraiti ilə qəbul edildiyi qeyd olunmuşdur. Halbuki müqavilədə belə bir müddəa yoxdur. İş üzrə təqdim olunmuş 23.06.2019-cu il tarixli akt da çox şübhəlidir. Belə ki, aktda guya mənzilin vəziyyəti təsvir edilmişdir. İlk olaraq bu aktın tərtib olunduğu tarixlə iddiaçının mənzili boşaltması və cavabdehin borclu olduğu tarixlər və aylar üst-üstə düşmür. İddiaçı izahatında bildirir ki, 1 il tamam olandan sonra növbəti 5 ay 15 gün üçün icarə haqqı ödənilməmişdir (yəni 2018-ci ilin avqustsentyabr aylarında), hazırki akt isə cavabdehin iştirakı olmadan23.06.2019-cu il tarixdə yazılmışdır. Yəni akt mənzili təhvil verdikdən 1 il sonra tərtib olunmuşdur ki, bu bir il ərzində mənzilin kimlərin istifadə etməsi və orada hansı əməlləri törətməsi bilinmir. Aktda gülməli olan digər məsələ isə guya cavabdeh tərəfindən bəzi əşyaların aparılmasıdır. Əgər bu əşyalar yoxdursa bunların məhz cavabdeh tərəfindən aparılmasını akta qol çəkənlər haradan bilirlər. Həmçinin iş üzrə alınmış və alınma mənbəyi faktiki məlum olmayan “mütəxəssis rəyləri və smeta” adlanan sübutlar da çox şübhəlidir. Bu məsələlər üzrə müvafiq ekspertiza təyin oluna bilər və daha dəqiq məlumatlar əldə edilə bilərdi. Amma Rayon Məhkəməsi nədənsə ekspertizanın keçirilməsinə ehtiyac bilməmiş və alınma mənbəyi bilinməyən və həqiqiliyi çox böyük şübhələr doğuran rəy və smetanı əldə rəhbər tutmuşdur. Rayon Məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı nəticəsi də əsassızdır və mənəvi zərərin vurulması sübuta yetmir. Cavabdeh birinci instansiya məhkəməsində məlumat almadığı üçün iştirak edə bilməmiş, sübutlarını təqdim edə və hüquqlarını qoruya bilməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsində bu sübutlar bir-bir yoxlanmalı və düzgün qiymətləndirilməlidir. Apellyasiya baxışında iştirak edən iş üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı və onun vəkili M.Süleymanov apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddianın, habelə qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat pulun tutulması barədə” hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH 090693 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi 244 saylı, evin 01 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 828 səhifə 124411 qeydəalma №124411 saylı, 23.07.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə tərəflər arasında bağlanmış 17.03.2017-ci il tarixli “İcarə müqaviləsindən” görünür ki, iddiaçı özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili bir il müddətinə 17.03.2018-ci il tarixinədək cavabdehə icarəyə vermişdir (bənd 1.). İcarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur (bənd 3.). İcarə haqqı 200 manat müəyyən edilir (bənd 4.). İcarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş sahədə təmir-tikinti işləri apara bilməz (bənd 8.). Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon ödənişləri haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir (bənd 11.). Müqavilənin qeyd edilən şərtləri nə iddiaçı nə də ki, cavabdeh tərəfindən mübahisələndirilimir. Bu səbəbdən də, müqavilənin şərtləri işin mübahisəsiz halları kimi qəbul edilir. Bununla da, müəyyən edilir ki, iş üzrə tərəflər arasında “İcarə müqaviləsindən” irəli gələn hüquq münasibətləri yaranmışdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (maddə 700.3.). İcarə hüquq münasibətlərinin bitdiyi tarixin müəyyən edilməsi iş üçün əhəmiyyətlidir. 17.03.2017-ci il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı bildirir ki, müqavilənin bitmə tarixi olan 17.03.2018-ci il tarixə 1 ay qalmış cavabdehin müqavilənin pozulmasına dair təklifi daxil olmadığı üçün müqavilə daha bir il müddətinə uzadılmışdır. Cavabdeh də apellyasiya şikayətində icarə obyektini 2018-ci ilin aprel ayında iddiaçıya təhvil verərək başqa ofisdə fəaliyyətini davam etdirdiyini bildirmişdir. İddiaçı, qonşu X3 və 15 saylı Mənzil İstismar-Kommunal Sahəsinin nəzarətçisi X2 tərtib etdikləri 23.07.2019-cu il tarixli aktdan görünür ki, mənzilə daxil olarkən mənzilin tavan və divarlarında boya qatının çatlamasının, qopmasının və ləkələrin əmələ gəlməsini, döşəmə parketinin lak qatının və parketin sürtülməsi, üç ədəd spot tipli lampaların olmadığı, küçə tərəfdən hava yolu ilə çəkilmiş mənzilə daxil olan telefon xəttinin kəsildiyinin, hamam ayaqyolu otağında təxminən 1,0 kv.m-ə qədər kafel plitələrinin sınması və çatlamasının, su kranının (simistitelin) işlək vəziyyətdə olmadığının pəncərə şüşəsinin sınmasının, seyf qapının daxili üzlüyünün sınmasının, hamam ayaqyolu və mətbəx otaqlarında asma tavanın hislənməsinin, dəhlizdə təxminən 0,5 kv.m metlax plitələrinin sınmasının və çatlamasının, unitazın sındırıldıqdan sonra yapışqanla yapışdırıldığının, elektrik xətlərinin yararsız hala salındığının, birləşdirici karobkanın sökülməsinin, mənzilin dəmir seyf qapılarının üstündə quraşdırılmış çılçırağın (plafon) şüşəsinin, digərinin isə tamamilə olmamasının şahidi oldular. Bundan başqa cavabdeh evdən gedərkən 1 ədəd şkafı, 1 ədəd 1,6x0.8 m ölçüdə şpon materialından hazırlanmış masanı, 4 ədəd gövdəsi metaldan olan diyircəkli kreslonu sındırılmış, 3 ədəd taxta materialından hazırlanmış stulu aparmış və 1 ədədini yararsız hala salmış, 1 ədəd “Panasonik" markalı telefon aparatını, pəncərədə quraşdırılmış 2,4 kv.m (1,5x1,6m) jalüz tipli pərdənin və 1 ədəd “Elektrolüks" markalı kondisioneri də yararsız hala salmışdır. Evdə olan 1 ədəd internetə qoşulmaq üçün moderni, 1 ədəd ikigözlü elektrik sobasını və 1 ədəd “Çinar” markalı soyuducunu və evin su kartını da özü ilə aparmışdır. Həmin aktdan müəyyən olunur ki, 23.07.2019-cu il tarixdə iddiaçı tərəfindən qapısı sındırılaraq icarə obyektinə daxil olunmuş və həmin zaman icarə obyektinin və onda olan əşyaların vəziyyəti iddia ərizəsində qeyd edilən kimi olmuşdur. İddiaçı iddia edir ki, icarə obyekti olan mənzili cavabdehin istifadəsinə verərkən bütün şəraiti ilə stol-stul, mebellər, kreslolar, kondisionerlər, elektrik qızdırıcıları, tozsoranlar, soyuducu, şəhər telefonu, açıq internet xətti (modemlə birlikdə) və s. tam yararlı vəziyyətdə vermişdir. Lakin cavabdeh istifadəsində olduğu müddətdə onun mənzilini və əşyaları yararsız hala salmış, bir qismini isə ondan xəbərsiz mənzildən aparmışdır. Ona görə də, onun mənzilinə və əşyalarına dəymiş ziyanın əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh isə iddianı qəbul etmir və onun tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığını, bunun əksinə mənzili icarəyə götürərkən təmirsiz vəziyyətdə olduğunu və öz vəsaiti hesabına mənzildə yaxşılaşdırma işləri apardığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. "xxxx" ASC-nin 10.10.2019-cu il tarixli hesab ödəniş vərəqindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilinin elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88 manat təşkil edir. 06.11.2019-cu il tarixli tikinti və əmtəəşünaslıq üzrə dəymiş zərərin müəyyən edilməsinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi 244 saylı, evin 01 saylı mənzildə tikinti və əmtəəşünaslıq üzrə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetiriləcək işlərinin materialla birlikdə hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən (2.081 + 1.516)=3.597,8 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi 244 saylı, evin 01 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərə dair smetadan görünür ki, sözügedən mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2.081,80 (iki min səksən bir manat 80 qəpik) manat təşkil edir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə qonşudur, çoxdandır ki, tanışdır. İddiaçı həmin mənzili cavabdehə kirayə verib. Bir ildən artıqdır ki, orada qalırdı. Kirayə haqqını ödəmirdi və bununla bağlı çox mübahisələri olurdu. Hətta cavabdeh xanıma əl də qaldırıb, qonşular müdaxilə edib. Evi yararsız hala salıblar. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, 15 saylı MİKS-də işləyir, texniki nəzarətçidir. İddiaçı onların ərazisındə yaşayır. İranlıya evi kirayə verdiyi haqqında məlumatı var. Dəfələrlə onlara şikayət edib ki, kirayə haqqını vermir. Qapını sındırmış və akt tərtib etmişlər. Aktda yazılanları təsdiq etmişlər. Əşyalar sınmış və ev tamam yararsız vəziyyətdə idi. Elektrik sistemi sıradan çıxmış, evin əvvəlki vəziyyətini görməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir.Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mənzilini və evdəki əşyaları yararsız hala salmış, o cümlədən elektrik enerjisi üçün yaranmış borcu ödəməmişdir. İddiaçı özünə məxsus qeyd mənzili yararlı vəziyyətə salmaq üçün xərclər çəkmiş və bununla bağlı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Odur ki, Rayon Məhkəməsi maddi zərəri mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2.081,80 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88 manat məbləğində qiymətləndirməklə və iddianı həmin hissədə təmin etməklə, habelə 500 manat mənəvi zərərin əvəzini cavabdehdən iddiaçının xeyrinə tutmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin mənzildəki əşyaların bir qisminin cavabdeh tərəfindən gizli şəkildə mənzildən aparıldığı iş materialları ilə sübuta yetmədiyindən Rayon Məhkəməsinin qətnaməsinin aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsassız olduğu üçün ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə, apellyasiya şikayətinin cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, mülki iş materiallarından görünür ki, cavabdehə sms bildiriş vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə 13.02.2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir (maddə 138.1.). İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar (maddə 138.2.). İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (maddə 138.3.). Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər (maddə 138.4.). Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlili əsassızdır. Məhkəmə qətnaməsi çəkişmə şəraitində qəbul edilmiş sayılır. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın həmin hissəsi rədd edilməlidir. Çünki Rayon Məhkəməsi qeyd edilən hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin tələbə aid hissədə formal mülahizə xarakteri daşımır. Apellyasiya şikayətinin qalan hissəsi formal xarakter daşıyır. Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamə qismən, yəni “aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1.516 manat məbləğində pulun cavabdeh Arjomandi Tourajdan İddiaçı xeyrinə tutulması barədə” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiasının həmin hissəsi təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi qalan hissədə, yəni “iddianın qismən təmin edilməsi, mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2.081,80 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88, mənəvi zərərə görə 500 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4.166,68 manat məbləğində pulun cavabdeh Arjomandi Tourajdan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3741/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3741/2021
11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver