Məhkəmə qərarları › İş №2(103)-3743/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3743/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3743/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun mülkiyyətində olan ünvan 3-in ümumi sahəsi 228.0 kv.m-nin 110.0 kv.m-i üçün tətbiq olunmayan 20 faizə görə qalmış 22.0 kv.m-nin dəyəri olan 33000 manat, ümumi sahəsi 41,42 kv.m sahədən ibarət ona məxsus əmlakından hesablanmayaraq pulu cavabdeh tərəfindən ona ödənilməmiş 6,42 kv.m sahənin dəyəri olan 9630 manat və onun mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsinə aid 15.8 kv.m olmaqla 23.700 manat dəyəri olan ümumilikdə 66330 manat pulun cavabdeh "Cavabdeh” X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək Cavabdeh hesabından onun mülkiyyətində olan ünvan 1-in ümumi sahəsi 228.0 kv.m-nin 110.0 kv.m hissəsi üçün tətbiq olunmayan 20 faizə görə qalmış 22.0 kv.m-nin dəyəri olan 33000 manatı və ya 110.0 kv.m üçün tətbiq olunmayan 20 faizə görə yaşayış sahəsinin verilməsi, ümumi sahəsi 41,42 kv.m sahədən ibarət ona məxsus əmlakından hesablanmayaraq pulu cavabdeh tərəfindən ona ödənilməmiş 6,42 kv.m sahənin dəyəri olan 9630 manat və onun mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsinə aid 15.8 kv.m olmaqla, 23.700 manat dəyəri olan ümumilikdə 66330 manat pulun Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 032 saylı müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış MH seriyalı 053021 №-li, xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi ilə iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 228 kv.m yaşayış sahəsini cavabdehə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə öz növbəsində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarını və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxx 2018-ci il tarixli 37 saylı Sərəncamını əsas tutaraq iddiaçının mülkiyyətində olan ümumi sahəsi 228 kv.m olan evin 110.0 kv.metrini pulla satın alaraq 173.400 manat ödəməyi, qalan 117.0 kv.metrinə isə Prezidentin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş 20 faizi tətbiq etməklə, cəmi 140.2 kv.m-nin əvəzinə isə xx xxx 2020-ci ilədək tikəcəkləri çoxmənzilli, çoxmərtəbəli yaşayış binasından hər biri 55.10 kv.metr olan 2 ədəd təmirli mənzilləri və 30.0 kv.metr qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə imzalandıqdan və 110.0 kv.metrə görə ödənilən pul məbləği alındıqdan sonra iddiaçının ailə üzvləri müqaviləni oxuyub müəyyən etmişlər ki, cavabdeh tikinti şirkəti müqavilənin 1.1.1.1.-ci bəndində əvəzini pul məbləği ilə ödədiyi 110.0 kv.metrə nəzərdə tutulmuş əlavə 20 faiz haqqı tətbiq etməmişdir. Beləliklə, 110.0 kv.m.x20%=22.0 kv.metrə görə hər kv.metrin qiyməti 1500 manat olmaqla 33000 manat cavabdeh tərəfindən ödənilməmişdir. Hələ aralarında xx xxx 2018-ci il tarixli müqavilə bağlananadək aparılmış danışıqlar zamanı cavabdeh iddiaçını əmin etmişdir ki, mülkiyyəti satın alınan bütün mülkiyyətçilərə hər kv.metrə görə ödənilən məbləğə Fərmanla nəzərdə tutulmuş 20 faiz əlavə haqq tətbiq olunacaqdır. Ona görə də iddiaçı onunla müqavilə bağlanan zaman həm qarşılıqlı inama, həm də müqavilədə göstərilən faizin ümumi 228.0 kv.metrə tətbiq olunduğunu hesab etdiyi üçün imza atmışdır. Ancaq sonradan bilmişdir ki, 110 kv.metrə 20 faiz tətbiq olunmamışdır. Bu səbəblərə görə dəfələrlə cavabdehə müraciət edərək əlavə 22.0 kv.metrin dəyərini ödəməyi xahiş etsə də, bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı bu barədə X11 İdarəsinin 21-ci Polis Bölməsinə şikayət etmişdir. Ancaq Polis Bölməsindən xx xxxxxxxx 2018-ci il tarixli ***-**** N1218 saylı məktubla iddiaçıya bildirilmişdir ki, məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh qəsdən iddiaçının hüquqi savadsızlığından istifadə edərək ona 33000 manat dəyərində ziyan vurmuşdur. Onun qəsd hərəkətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-394-cü maddələrinə müvafiq olaraq müqavilənin notariat qaydasında təsdiqlənməməsi sübut edir. Çünki əgər müqavilə notariat qaydada təsdiqlənmiş olardısa, o zaman notarius müqavilənin hər bir bəndini oxuyub aydınlaşdırdıqdan sonra tərəflərə imza atdıra bilərdi. Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi ev 16, mənzil 18-in ümumi sahəsi 228.0 kv.metrinin 110.0 kv.metri üçün tətbiq olunmayan 20 faizə görə qalmış 22.0 kv.metrin dəyəri olan 33000 manat pulu ona ödəməmişdir. Halbuki, cavabdeh 20 faizə görə iddiaçıya mənzil sahəsi və ya pul məbləği ödəməsini vəd etmişdir. Bundan başqa ticarət obyekti kimi iddiaçının istifadəsində olan ümumi sahəsi 41,42 kv.m olan ərazinin əvəzinə cavabdeh tərəfindən müqavilənin 1.1.2-ci bəndində göstərilən 30 kv.m qeyriyaşayış sahəsi iddiaçıya verilmiş, digər 5 kv.m sahənin hər kv.m-i üçün 1500 manat hesablamaqla iddiaçıya 7500 manat ödənilmişdir. Lakin ümumi sahəsi 41,42 kv.m olan ərazidən qalan 6,42 kv.m sahəni hesablamayaraq pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bundan başqa, onun mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsinə aid 15.8 kv.m sahə cavabdeh tərəfindən hesablanmamış və pul iddiaçıya ödənilməmişdir. Cavabdeh bilərəkdən müqavilədə 20 faizin tətbiqini elə göstərmişdir ki, tərəf onun bütün yaşayış sahəsinin ölçüsünə tətbiq olunduğunu zənn etsin. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3142/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 16 saylı evin faktiki ümumi sahəsi 228.0 kv.metr olan 18 saylı mənzili üzrə 20% nəzərə alınmaqla 110.0 kv.m üçün verilməmiş 22.0 kv.metr ölçüsündə yaşayış sahəsinin verilməsi və ya sözügedən 22.0 kv.metin əvəzinə, hər kv.metrin qiyməti 1500 manat olmaqla, 33000 manat məbləğində pulun verilməsi vəzifəsinin cavabdeh "Cavabdeh” MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsaslanmışdır. Həmin Fərmanın 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Tərəflər arasında xx xxx 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə müəyyən edilən öhdəlikləri tərəflər tamamilə icra etmişlər. Məhkəmənin müqavilə tərəflərinin öhdəliklərinin dəyişdirilməsinə əsası və qanuni əsası yoxdur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-1İİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3,-cü bəndini tətbiq etməli deyildi. Çünki "X9" MMC-yə ayrılan torpaq sahəsi və iddiaçının mülkiyyətində olan mənzil dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak hesab edilmir. Fərmanın tələbinə görə daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Apellyasiya şikayəti qətnamənin yalnız iddia tələbinin təmin edilmiş һissəsi ilə baglı (33000 manat pulun tutulması) verildiyindən, apellyasiya instansiyası məһkəməsi mübahisələndirilən qətnaməni yalnız һəmin һissədə yoxlayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Təqdim edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövləttikintilayihə» DLİ tərəfindən tərtib edilmiş «Bakı şəhəri Nəsimi rayonu S.Zeynalov küçəsi 14, 16, 18, M.Rəfili küçəsi 11, 13, 15, 17, 19, Azadlıq prospekti 40, 42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında» Aktın surətindən görünür ki, mübahisəli ünvanda yerləşən yaşayış binasında bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilmir, həmin bina üymumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2018-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq, Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarını, bu qərarda əsas məqsədin qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olduğunu, şirkətin NK-nin Qərarının icrası və məqsədinə nail olunması üçün bütün imkanlara malik olması ilə əlaqədar bəyanat və zəmanətlərini, bununla bağlı Şirkətin təklifini nəzərə alaraq müqavilə bağlamışlar. Həmin müqavilənin 2.4-cü bəndindən görünür ki, Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2018-ci il tarixli sərəncamından görünür ki, Nəsimi rayonu,Azadlıq prospekti,Mirəli Qaşqay,Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən,qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda xx xxxxx 2018-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, X7 arvadı İddiaçı paylı mülkiyyətində olan ünvan 2 mənzil 18 ünvanda yerləşən mənzil sahəsinin ona məxsus hissəsinin satılmasına, sökülməsinə, yerində yeni hündürmərtəbəli yaşayış binasının inşa edilməsinə, İddiaçı yeni inşa edilən binada mənzillə təmin edilməsinə etiraz etmədiyini, gələcəkdə bu barədə hər hansı iddia və tələbi olmadığı barədə ərizə vermişdir. Həmin notariusda tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli ərizədən də görünür ki, iddiaçı ona məxsus 228.0 kv.m-dən ibarət 4 mənzil və qeyri yaşayış sahəsinin 104.0 kv.m hissəsini satdığını,qalan hissənin əvəzində ona mənzil verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin ərizəyə İddiaçı “oxudum, razıyam” qeydini yazmışdır və imzalamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilən layihə çərçivəsində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ("Əmlak mülkiyyətçisi'') öz mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 110,5 kv.metrdən (faktiki 228,0 kv.m-dən) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, “Tikinti şirkəti” isə "Əmlak mülkiyyətçisi''nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş yşayış sahəsinin 117,0 kv.m hissəsinə görə inşa etdiyi binada 55,10 kv.metr, 55,10 kv.metr təmirli mənzilləri və 30,0 kv.metr qeyri-yaşayış (yarım zirzəmi) sahəsini "Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi, 110,0 kv.m hissəsinə görə isə 173.400 manat vəsaiti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.1.1.-ci bəndinə əsasən “Tikinti şirkəti” tərəfindən söküləcək mənzilin faktiki 228,0 kv.metr olan sahəsindən 110,0 kv.metr sahənin əvəzinə 173 400 manat pul şəklində ödənildikdən sonra, qalan 117,0 kv.metr sahəyə nəzərdə tutulmuş 20% əlavə edilərək 140,2 kv.metr təşkil edir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı notarial qaydada tərtib edilmiş ərizə verərək ona məxsus 228.0 kv.m-dən ibarət 4 mənzil və qeyri yaşayış sahəsinin 104.0 kv.m hissəsini satdığını, qalan hissənin əvəzində ona mənzil verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının 33000 manat pul ilə bağlı tələbinin mahiyyəti ondan ibarətdir ki, tərəfindən müqavilə imzalandıqdan və 110.0 kv.metrə görə ödənilən pul məbləğini aldıqdan sonra müəyyən olmuşdur ki, cavabdeh müqavilənin 1.1.1.1.-ci bəndində əvəzini pul məbləği ilə ödədiyi 110.0 kv.metrə görə nəzərdə tutulmuş əlavə 20 faiz haqqı tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və ətraflı araşdırmadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən qanunun tələblərini pozmuşdur. Belə ki, “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelərin rəhbər tutulmasını göstərmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarında göstərilir ki: “Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Plenum həmçinin qeyd etmişdir ki, qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşin müəyyən edilmiş hallarını, Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus 110 kv.metr yaşayış sahəsinə görə 173,400 manat vəsait hesablanarkən, xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsasən daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması nəzərə alınmamışdır. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüş, cavabdeh sökülmüş tikililərin ümumi sahəsidən 20% artıq sahəni təmirli vəziyyətdə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, bu cür söküntü işləri aparılarkən sökülmüş tikililərin müqabilində sakinlərə pul vəsaitinin kompensasiya olaraq ödənilməsi deyil, yeni inşa edilmiş binalarda müvafiq yaşayış sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki. tərəflər yaşayış sahəsinin sökülməsinə görə iddiaçının öz istəyi ilə ona pul məbləğinin verilməsi barədə razılığa gələrkən, söküləcək sahənin qiymətini qarşılıqlı razılıq əsasında sərbəst surətdə bazar qiymətlərinə uyğun olaraq müəyyən etmişlər və həmin məbləğə yenidən 20 faiz əlavə məbləğin hesablanaraq ödənilməsi ilə bağlı iddia tələbininhüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normalarını pozmuş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3142/2019 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar