Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3748/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1113/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat
1. İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 20.000 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə xahiş etmişdir.
2. Cavabdeh nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçıya vurulmuş mənəvi zərərə, o cümlədən işgüzar nüfuzuna xələl gətirdiyinə görə 20.000 manat miqdarında zərərin əvəzinin tutularaq iddiaçı Cavabdeh ödənilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 1113/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
4. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində deyil, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsinə və ya qarşılıqlı iddianın qanunverilciklə müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ərizəyə baxılarkən də belə bir hal müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin ünvanına göndərilmiş zərf (iddia ərizəsi və məhkəmə iclasının yeri və vaxtı haqqında bildiriş) “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək, məhkəmə geri qaytarılmışdır. Bundan sonra cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmənin ilkin hazırlıq iclasında, yəni xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmişlər, məhkəmə iclası cavabdehin nümayəndəsi və vəkilinin iş materialları ilə tanış olmağı barədə vermiş olduğu vəsatətə əsasən təxirə salınmışdır. Bundan sonra isə xx.xx.2024-cü il tarixində də məhkəmə hazırlıq iclası olmuşdur. Belə ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən cavabdehin qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin prosessual tələblərinə formal yanaşmış, müddətlə bağlı cavabdehin arqumentlərinə əhəmiyyət verməmiş və nəticədə cavabdehin məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması, habelə məhkəməyə müraciət və məhkəməyə əlçatanlıq hüquqları pozulmuşdur. Qeyd edilməlidir ki, işin hazırlıq iclası ilk dəfə xx.xx.2024-cü il tarixinə təyin olnmuşdur. Buna baxmayaraq, işin hallarını təsdiq edən sənədlər – təhqiqat materialları işdə mövcud olmadığından hakim işə baxa bilməmiş, iclasda Bakı şəhəri Nizami Rayon Prokurorluğuna sorğu verəcəyini bildirmiş, iclas növbəti tarixə təxirə salınmışdır. Təhqiqat materialları yalnız xx.xx.2024-cü il tarixində elektron məhkəmə sisteminə yüklənmişdir. Tərəfindən xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi və dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd elektron məhkəmə sisteminə yerləşdirilmiş və məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixində keçirilmiş hazırlıq iclasında hakim qarşılıqlı iddia ərizəsinin prosessual müddəti (20 gün) ötürməklə verildiyini qeyd edərək, bu ərizəni icraata qəbul etməkdən imtina etmiş, cavabdehə qarşılıqlı iddianın ayrıca icraat qaydasında təqdim edilməli olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, qarşılıqlı iddianın, habelə bütün işin əsasını təşkil edən işin faktiki halları prokurorluq tərəfindən toplanmış olan materiallarda öz təsdiqini tapır. Bu materiallar olmadan nəinki tərəfimizdən qarşılıqlı iddia verilməsi, hətta hakimin işə hazırlaşması belə mümkün olmamışdır. Qarşılıqlı iddianın ayrıca icraat qaydasında məhkəməyə təqdim olunması halında iddia tələbləri bu tələblərin tərəflərinə, xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli üçün bir icraatda birləşdiriləcəkdir. Məhkəmə qarşılıqlı iddianın ayrıca icraat qaydasında təqdim edilməsini tələb edərək həm də prosessual qənaət prinsipinin pozulmasına yol vermişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1113/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
13. Cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını Bakı şəhəri Nizami Rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə materialların məhkəməyə təqdim edilməsi ilə əsaslandırsa da, kollegiya qeyd edir ki, Bakı şəhəri Nizami rayon prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.
14. Nəzərə alınmalıdır ki, araşdırma cavabdehin barəsində edilmiş şikayət əsasında aparılmış, cavabdeh həmin araşdırma zamanı izahat vermiş, beləliklə həmin araşdırma materiallarından əvvəlcədən məlumatlı olmuşdur.
15. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliklə mülki işlərin baxılması və həll edilməsi müddətləri müəyyən edilmişdir. Ona görə də tərəflər öz prosessual hüquqlarından elə istifadə etməlidirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işə baxılsın və müvafiq məhkəmə aktı qəbul edilsin.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 1113/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: