Məhkəmə qərarları › İş №2(103)-3749/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3749/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3749/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər, yəni 18 ay həbsdə saxlanılmış, Baş Prokurorluğun İstintaq İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 274, 347, 228.1 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir.

2. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 21.600 manat, vurulmuş mənəvi zərərə görə 100.000 manat, cəmi 121.600 manat kompensasiyanın ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçılar X21 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. Tələbdə göstərilmişdir ki, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövrundə verilən işgəncələr nəticəsində ölüb. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti «Tərtər işi» adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb olur. İddiaçılar da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may və iyun aylarında saxlanılıb və işgəncələrə məruz qalıblar. İddiaçıların qanunsuz azadlıqdan məhrum edilməsi və ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 3 hökmü - Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli, Tərtər Hərbi Məhkəməsinin 1(098)- 9/2019 saylı, 13 mart 2019-cu tarixli və Tərtər Hərbi Məhkəməsinin 1(098)- 6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur. İddiçılardan 5nin - X21, X18, İddiaçı, X10 və X1 zərəçəkmiş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X26, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X13 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X11 Azərbaycan Respublikası CMnin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2 1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin (X31 oğlunun sədrliyi ilə) xx.xx.2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İddiçılardan 3-nün - X21, X4 və X5 zərərçəkmiş şəxs qismində tanındığı ikincı cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X2, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X14, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X12, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X6 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X22 Azərbaycan Respublikası CM-nın 125, 126.2.1, 126.2.3. 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019- cu tarixil hökmünə əsasən X3 6 il, X15 6 il, X12 5 il 6 ay, X6 6 il, X22 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaçılardan birinin - X9 zərərçəkmiş şəxs qismində tanındığı üçüncü cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X19 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri İlə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmünə əsasən (X31 oğlunun sədrliyi ilə) X19 1000 manat cərimə cəzasına və 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

5. Üçüncü iddiaçı - İddiaçı 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2012-ci ilin iyunun 26-da həmın məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, leytenant rütbəsində bu məktəbdən məzun olub. 2013-cü ilin iyun ayından etibarən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün birinci tağını komandiri vəzifəsinə təyin olunub. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. xx.xx.2017-ci ildən etibarən may ayı boyunca Tərtər rayonunun Marquşevan kəndindəki köhnə hərbi hissədə taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə qaynar maye tökülüb, bədəninə davamlı elektrik cərəyanı verilib, baş barmağının dırnaqları çıxarılıb və s. İddiaçı 2017-ci ilin mayında Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi İlə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın istintaq təcridxanasında, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanıb. 2018-ci ilin may ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 334.1, 344.1 və 228.1-ci maddələri ilə təqsirləndirilib. 2018-ci ilin avqustun 22-da həmin maddələrlə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2018-ci ilin noyabrın 3-də azadlığa çıxıb. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 1238 №4 rəyindən görünür ki, «İddiaçı sol çiyin, hər iki kürək və hər iki sag çiyin nahiyələrində əzilmiş-sıyrılmış yaraların, sağ daban nahiyəsində termiki yaranın sağalmış izi olan piqmentasıya sahələri aşkar edilmişdir. Heç bir tibbi sənədi olmadığı üçün həmin izlərin əmələ gəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək mümkün deyirdir, lakin saxlanılmış bəzi morfolojı xüsusiyyətlərinə əsasən demək olar ki, sağ daban nahiyəsində olan piqmentasiya sahəsi elektrik naqillərinin yerli kontakt termiki təsirindən, digərləri isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə də yetirilmələri mümkündür, ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, ayrı-ayrılqda isa sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir».

6. Göründüyü kimi, şərti adı «Tərtər işi» adlanan cinayət işi çərçivəsində iddiaçılar qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilib və 2017-ci ilin may-iyun aylarında, bəzən isə sonrakı tarixlərdə də onlara amansız işgəncələr verilib, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunublar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Onlar hər biri mənəvi ziyana görə ayrı-ayrılıqda 50.000 manat, cəmi 250.000 manat tələb edir. Maddi ziyana görə hər bir iddiaçılar hər biri aşağıdakı təzminat məbləği tələb edirlər: c) üçüncü İddiaçı 2019-cu ilin fevral ayında zorla ərizə yazdırılaraq hərbi xidmətdən tərxis edilib. Hadisələrə qədər maaş aldığı sonuncu ay 2017-cı ilin aprel ayı olub. Əvvəllər maaşı 1.157 manat olsa da, sonradan heç bir imtahan olmadan ixtisasını dəyişdikləri üçün aprel ayı ərzində tağım komandiri kimi 976 manat alıb. Azadlığa çıxdıqdan sonra səhhətində yaranmış problemlərlə əlaqədar müayinələrə gedib, müayinələr nəticəsində müəyyən edilib ki, bir seansı 1.000-1.500 manat civarında olan müalicələr almalıdır, amma maddi imkanı olmadığından müalicələri almayıb. Hazırda da səhhətindəki kəskin ağrılarla yaşayır. Heç yerdə iş tapa bilmir. İşgəncələrdən belində və böyrəklərində şiddətli ağırlar olur, hava azacıq soyuyan kimi sol böyrəyi ağrılar verir. Sol böyrəyi ciddi şəkildə əzilib. İddiaçı 2017-cı ilin aprel-2019-cu ilin fevral ayı müddətində, yəni 22 ay ərzində alacağı əmək haqından məhrum olub. Bu isə 21.472 manat edir (22 ay x 976 = 21.472). Bundan başqa, o peşəkar hərbçi Karyerasından məhrum edilib. O, 20 illik (2012-2032-ci illər) müqavilə əsasında zabit kimi xidmətdə olmalıydı. Bu isə onun xidmət dövrünün qalan 14 ili (2019-2032) üçün potensial maddi qazancından məhrum edilməsidir. Bu isə 163.968 manat edir (168 ay x 976 = 163.968) iddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 185.440 manat edir.

7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X16 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(006)-306/2022 saylı mülki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

8. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 4 ay olmaqla xx.xx.2018-ci ilə qədər uzadılmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində daha əvvəl istintaqı aparılan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 341.1, və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 5 ay olmaqla xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə ********* nömrəli cinayət işindən İddiaçı Azərbaycan Respublikası CM-nin 274, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmışdır. xx.xx.2018ci il tarixdə cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 274 və 347ci maddələri ilə istintaq olunan hissəsinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1,303.3.6,303.3.8,391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün Bakı Hərbi Məhkəməsinin hazırlıq mərhələsinə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cü maddəsi yeni redaksiyada verilərək qüvvədə düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrindən həmin Məcəllənin 228.1,329.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasəq xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası CMnin 274,347,228.1 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər, yəni 18 ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında baş leytenant rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Onun orta əmək haqqı məbləği 1200 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin 07 may tarixindən 18 ay müddətində, yəni 2018-ci ilin dekabr ayına qədər faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 21.600 manat edir (1200 x 18 ay=21.600). İddiaçı vurulmuş mənəvi zərərə görə isə 100.000 manat tələb edir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 21.600 manat, cəmi 121.600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.568 (on yeddi min beş yüz altmış səkkiz) manat, mənəvi zərərə görə 18.000 manat (on səkkiz min) manat, cəmi 35.568 (otuz beş min beş yüz altmış səkkiz) pulun tutularaq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı əsassız olaraq 18 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri üzrə (177.2.4, 331.3, 341.1, 347, 274, 228.1) cinayət işi başlanılmış və son olaraq bütün hissələri üzrə yekun olaraq AR CM-nin 329.1 və 341.1-ci maddələri istisna olmaqla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin istisna kimi qalan AR CM-nin 329.1 və 341.1-ci maddələri üzrə məhkəmə qeyd edir ki, həmin sonuncu maddələrin dispozisiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 fevral 2016-ci il tarixli hökmü ilə hüquqi qiymət verilərkən də sırf AR CM-nin 329.1 və 341.1-ci maddələri üzrə ona 1 (bir) il müddətinə sınaq müddəti təyin edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı son olaraq ona verilmiş ittiham üzrə cəza təyin edilmiş olsaydı da belə iddiaçı öz iş yerində qalmaqla əmək münasibətlərini davam etdirəcəkdi. Məhkəmə onuda qeyd etmişdir ki, iddiaçıya dəymiş ziyan məbləği 21.600 manat qeyd ediləsədə , bu hal məhkəmədə öz əksini tam tapmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatından da müəyyən edilir ki, onun iş vaxtı ərzində rütbəsi (vəzifəsi) aşağı salınmış və bunun nəticəsində əmək haqqı aşağı düşmüşdür. (ilkin iddia ərizəsində də iddiaçı özünün əmək haqqısının 976 manat olmasını qeyd etmişdir). Məhkəmə bu halda hesab edib ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 17568(976 manat x18 ay=17568) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, iddiaçı 18 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə hesab edib ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hislərinin yaranmasınavə stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 18.000 (1.000 x 18 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 18.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.568 (on yeddi min beş yüz altmış səkkiz) manat, mənəvi zərərə görə 18.000 manat (on səkkiz min) manat, cəmi 35.568 (otuz beş min beş yüz altmış səkkiz) pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 18.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 18.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Eyni zamanda ona dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassızdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Lakin bu qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın Azərbaycan RespublikasıMaliyyə Nazirliyindən tutulması qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

16. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4.1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmişhallarda,miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) təmin olunan hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

25. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.

26. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir.

27. İddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə və azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı əsası ilə barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsidir. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mənəvi zərərin hər ay üçün 1000 manat müəyyən edilməsi də mövcud məhkəmə praktikasına uyğundur və məhkəmə praktikasının vahidliyini də təmin etmiş olur. 28.Hazırkı iş üzrə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməzdi. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkum olunmuş, yalnız sonradan yuxarıda qeyd olunan səbəblərə görə ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir. Ona görə də cavabdehin bu cür uğursuz müqayisə aparması əsaslı ola və iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.

29. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 18 ay müddətində (xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər) həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 18000 manat müəyyən edilməsini də əsaslı hesab edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 733/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar