Məhkəmə qərarları › İş №2(103)-3750/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3750/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3750/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(004)-1119/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyıt Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 041162 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Bu hüquq 219 saylı reyestr kitabında 32188 səhifədə xx.xx.2000-ci ildə 30/12063 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzilin mülkiyyətçisi Cavabdehdır. xx.xx.2024-cü il tarixli 56 saylı MKİS-nin mühəndisi N.Məmmədov, sahə nəzarətçiləri T.Qədirli, S.Şirinova tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzilindən (mənzilin sahibi:Cavabdeh) 7 saylı mənzilə su axıdılmışdır. Su axıntısı nəticəsində 7 saylı mənzilə zərər dəymişdir. Hazırda iddiaçı ona məxsus olan mənzilə yuxarı mərtəbədən su axıdılması nəticəsində dəymiş zərərin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 3500 manat pulun və ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 5000 manat pulun, oğlunun istifadə etdiyi dərmanların, çamaşırxanada yuyulan paltarların, istifadə etdiyi kommunalların, taksi ilə dəfələrlə çamaşırxanaya paltar apardığı üçün taski pulun və ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzildə yaşayır. Həmin mənzil 3-cü mərtəbədə yerləşir. xx.xx.2024-cü il tarixdə saat 08.25 radələrində qonaq otağında 4-cü mərtəbədən gələn su səsinə oyanmışdır. Elə bil ki, suyu evə vedrələrlə tökürdün. Yəni o qədər çox su axırdı. Tez 4-cü mərtəbəyə qalxaraq mənzilin su xəttini bağlamışdır. Qapını döymüş ,iki oğlan yuxulu vəziyyətə ona baxmışlar. Evinin su basdığını onlara bildirmişdir. Daha sonra mənzilinə gələrək MİS 56 saylı MKS zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra oğlanlardan birindən soruşmuş ki, suyun tökülməsinin səbəbi nədir, o da su kranının yaddan çıxıb açıq qaldığını bildirmişdir. “102”-yə yığaraq bu barədə məlumat vermişdir. Lakin ona heç bir kömək göstərməmişlər. Su təxminən saat 15:20-dək evinə tökülməyə davam etmişdir. Oğlunun üst geyimləri, döşəkləri, yorğanları, odeyalları, yun odeyalları, ev geyimləri, yay odeyalları və bir çox əşyalarının üzərinə həmin su tökülmüşdür. Bunun nəticəsində onun mənzilinə və orada olan əşyalarına zərər dəymişdir. Həmin əşyaları çamaşırxanada aparıb yudurtmuşdur. Həmçinin oğlunun dərmanları islanmışdır. Buna görə də yeni dərmanlar alaraq, paltarları yudurdaraq ziyana düşmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(004)- 1119/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 3673 (üç min altı yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,10 (qırx dörd manat on qəpik) manat pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 15,90 (on beş manat doxsan qəpik) manat (60-44,10=15,90) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 mənzilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzildən 2020-ci ilin sonlarından başlayaraq bir neçə dəfə su axıdılmış, nəticədə Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzilə zərər dəymişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzilə su Cavabdeh mənzilindən axmış, baş vermiş hadisəyə görə cavabdehin təqsirli olduğu və baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus mənzilə maddi zərər vurulması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində mənzilə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Həmçinin, cavabdeh məhkəmə iclasında onun mənzilindən su axıdılması nəticəsində iddiaçının mənzilinə zərər dəydiyini təsdiq edərək, iddiaçıya 361 manat pul ödədiyini bildirmişdir. İddiaçı da 361 manatın ona ödəndiyini təsdiq etmişdir. Bu hal işin mübahisəsiz halıdır. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçının oğlunun istifadə etdiyi dərmanların, çamaşırxanada yuyulan paltarların, istifadə etdiyi kommunalların, taksi ilə dəfələrlə çamaşırxanaya paltar apardığı üçün taski pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin isə təyinatının nə olduğu məlum deyildir. Məhkəmə hesab etmişdir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/766 nömrəli ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən edilməli, cavabdeh tərəfindən iddiaçıya 361 manat pulun ödənildiyi nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 3673 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən də göründüyü kimi, 2024-cü ilin dekabr ayının 21-də iddiaçının mənzilinə su axmasının cavabdehə məxsus mənzildə kirayədə yaşayan Bərdə rayon sakinləri olan X5 və X1 ucbatından baş verdiyini və onların da cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Lakin məhkəmə bu məsələyə münasibət bildirməmiş, iddiaçının mənzilinə vurulmuş ziyanın bilavasitə həmin qardaşların təqsiri üzündən baş verdiyi həm iddiaçının özü, həm də cavabdehin mənzilində kirayədə yaşayan şəxslər (X7 və X6) tərəfindən etiraf edilməsinə baxmayaraq, məhkəmə Cavabdeh iddiaçının mənzilinə ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinin nədə ifadə olunduğunu və nə ilə subuta yetirildiyini əsaslandırmamışdır. Yəni, iddiaçının mənzilinə cavabdehin mənzilində olan su və ya digər kommunikasiya xəttinin yararsız olması səbəbindən deyil, məhz orada kirayədə yaşayan konkret şəxslərin səhlənkarlığı ucbatından dəydiyi halda, məhkəmənin həmin hadisə nəticəsində cavabdehin mənzilinə vurulmuş ziyana görə Cavabdeh mülki hüquqi məsuliyyətinin yaranması barədə qənaəti tamamilə əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, cavabdehin mənzilinin həm mətbəx, həm də sanitar qovşaq olan hissəsi təmirli olmuşdur. Mənzilin həmin hissələrinin cavabdeh tərəfindən yaxın keşmişdə təmir olunduğu iddiaçının ərizəsində də qeyd edilmişdir. Mənzilinə vurulan zərərə görə iddiaçının “102” Polis Xidmətinə vurduğu zəng nəticəsində həmin şəxslərin Yasamal RPİ-nin 29-cu Polis bölməsinə dəvət edilməsi və iddiaçının dediyinə görə onların cərimə edilərək buraxılması, geyim və yataq əşyalarının yuyulması üçün 361 manat pulun da onlar tərəfindən ödənilməsi məhz zərərin həmin şəxslərin səhlənkarlığı səbəbindən vurulduğunu təsdiq edir. Buna görə də məhkəmə mübahisənin həlli üçün MM nin 1096.1 və 1096.2-ci maddələri ilə yanaşı, həm də MM-nin 1111.2-ci maddəsini tətbiq etməklə 10-cu mənzildə yaşayan X5 və X4 ziyan vurulmasında birbaşa təqsirli olan şəxslər kimi işə cəlb etməli idi. Məhkəmə dəymiş zərərin məbləği olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mötəbər olmayan xx.xx.2025-ci il tarixli, 3- 16 16/2-10/766 nömrəli ekspert rəyini subut kimi qəbul etməklə ciddi yanlışlığa yol vermişdir. Əvvəla, ekspert qarşısında Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə su sızmasının texniki səbəbi nə olmuşdur sualı qoyulmuş olsa da, ekspert 7 saylı mənzilə su sızmasının ola biləcək bir neçə səbəbini sadalamış, ancaq 10 saylı mənzildən su sızmasının səbəbi kimi konkret olaraq heç nə qeyd etməmişdir. İkinci, ekspert qarşısında Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə zərər vurulub-vurulmadığı, əgər vurulmuşdursa bunun Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 10 saylı mənzildən su axıdılması nəticəsində baş verə biləcəyi sual edilmişdir. Lakin ekspert bu sualı 56 saylı MKİS-in nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktına istnad edərək cavablandırsa da, aktda iddiaçının mənzilinə su axmasının səbəbi barədə heçnə qeyd edilməmişdir. Ekspertin tədqiqat obyektinə baxış keçirildikdən sonra ekspertiza tədqiqatına başlanması barədə rəydə yazdıqları da tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli vəsatətdə qanunvericiliyə uyğun olaraq məhkəmənin nümayəndəsinin iştirakı ilə baxışın keçirilməsinin təşkil edilməsi və baxışın nəticələrinin protokollaşdırılmasının xx.xx.2025-ci il saat 15:00-a təyin edildiyi qeyd edilsə də, ekspertin xx.xx.2025-ci il tarixdə rəy verməsi ona dəlalət edir ki, tədqiqat obyektinə heç bir baxış keçirilməmiş və nəticəsi barədə protokol tərtib edilməmişdir. Yəni ekspertin tədqiqat obyektinə baxış keçirmədən həm iddiaçıya vurulan zərərin səbəbi, həm də məbləği barədə verdiyi rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda rəydə iddiaçının mənzilinə su axması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün tərtib edilmiş xərc qiymətləri də həddindən artıq şişirdilmişdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir ki, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Ekspert rəyinin kifayət qədər aydın və tam olmadığına görə cavabdehin nümayəndəsinin verdiyi vəsatət müzakirə edilmədən hakim tərəfindən təmin edilmədiyi elan edilmiş, nümayəndə tərəfindən ekspertizanın zəruriliyi əsaslandırıldıqdan sonra, iddiaçının da ekspertiza təyin edilməsinə etiraz etmədiyi halda, yenə də ekspertiza təyin etməmişdir.Yəni hakim ekspertin mötəbər olmayan rəyini sübut kimi qəbul etməklə mübahisənin obyektiv araşdırılmasında maraqlı olmadığını, işi həmin gün yekunlaşdrmaq niyyətində olduğunu nümayiş etdirmişdir. Hətta verilmiş vəsatət rədd edildiyi halda hakim bu barədə əsaslandırılmış qərardad qəbul etməyi də unutmuş, bu günədək də qəradad prosess iştirakçılarının elektron kabinetinə daxil edilməmişdir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarının hakim tərəfindən pozulması, ya onun həmin normaları bilmədiyindən, ya da işin obyektiv araşdırılmasında maraqlı olmadığından irəli gəlir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin – iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası ilkin olaraq qeyd edir ki, istinad edilən mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə Kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/766 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 və 10 saylı mənzillərinin plani yerləşməsini, yəni iddiaçıya məxsus 7 saylı mənzilin binanın 3-cü mərtəbəsində cavabdehə məxsus 10 saylı mənzilin isə 7 saylı mənzilin üstündə 4-cü mərtəbədə yerləşdiyini, 7 saylı mənzilin tikililərində mövcud olan qüsurların su sızmaya aid olduğunu, eləcə də 56 saylı MKİS in nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildən su axdığı və nəticədə 7 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Lakin, 10 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzildə yerləşən kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmadığından, 7 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.7 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4034,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırda cavabdeh apellyasiya şikayətində bildirir ki, işin həqiqi halarından da görünür ki, iddiaçın ehtimal etdiyi maddi zərərin cavabdehin hər hansı əməli (qanuna zidd hərəkəti) və mənzili ilə səbəbli əlaqəsi yoxdur. Məhkəmə Kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi işin halları ilə müəyyən edilir. Belə ki, ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildən su axdığı və nəticədə 7 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi ilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən edilməsi mümkün olmasa belə, həmin su sızmanın məhz cavabdehə məxsus mənzildən axması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/766 nömrəli ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən edilməli, cavabdeh tərəfindən iddiaçıya 361 manat pulun ödənildiyi nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 3673 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olur ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilərək qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməsi ilə rəyin verilməsinin tarixinin fərqli olması (arxa tarixə verilməsi) ilə bağlı qeyd edir ki, göstərilən pozuntu mövcud olsa da, faktiki olaraq rəy obyektiv halları əks etdirməklə onun mahiyyəti üzrə şübhə altına alınmasına əsas müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığından, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Cavabdehin su axmada birbaşa təqsiri olan şəxclərin iş üzrə cəlb edilməsinə dair dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh iddia tələbinə münasibətdə ona məxsus mənzildən istifadə edən şəxslərin məsuliyyət daşımasını bildirsə də, 1115-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin qanuni əsaslarla mənzilə sahiblik etmələri müəyyən edilməmişdir. Həmin normaya əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin də apellyatorun şikayətdə qeyd etdiyi kimi geyim və yataq əşyalarının yuyulması üçün 361 manat pulun da kirayənişinlər tərəfindən ödənilməsi məhz zərərin həmin şəxslərin səhlənkarlığı səbəbindən vurulmasını təsdiq etsə də, qanunvericinin mənasına görə mülki məsuliyyəti iddiaçı daşıyır. Belə ki, kollegiya qeyd edir ki, apellyasiya şikayətindən fərqli olaraq birinci instansiya məhkəməsində cavabdeh geyim və yataq əşyalarının yuyulması üçün 361 manat pulun da özü tərəfindən ödənilməsini və iddianın da qismən qəbul edilməsini göstərmişdir (i.v.92). Kollegiya şikayətin birinci instansiya məhkəməsi tərəfindən verilmiş vəsatət rədd edildiyi halda hakimin bu barədə əsaslandırılmış qərardad qəbul etməməsinə qiymət verərək hesab edir ki, bu faktın pozuntu olaraq öz təsdiqini tapmasına baxmayaraq mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, hazırki vəziyyətdə iddiaçının mənzilinə suyun sızması halının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası iddiaçının mənzilinə vurulmuş zərərin ödənişindən sonra cavabdehə bu zərərin baş verməsində səhlənkarlıq etmiş şəxs və ya şəxslərə qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(004)- 1119/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar