Məhkəmə qərarları › İş №2(103)-3751/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3751/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3751/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pəncərə qəfəsinin bağlanması və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(001)-248/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evinin pəncərəsinin qarşısındakı sahədə cavabdehlər tərəfindən quraşdırlmış şiferlərin sökülməsinə dair iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid hissəsində həyətinə cavabdehlərə məxsus otaqdan açılan pəncərənin sökülərək yerinin daş kərpiclə cavabdehlərin hesabına hörülməsi, fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahədə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyaların götürülməsi, həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərə məxsus fərdi yaşayış evləri bitişikdir, buna baxmayaraq, giriş-çıxışları ayrıdır. İddiaçının mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinin həyətinə baxan hissədə cavabdehlərin otağından pəncərə mövcuddur və iddiaçı həyətdən sərbəst qaydada istifadə edə bilməməsini iddia edir. Belə ki, həyətyanı sahə qapalıdır, isti havalarda həyətyanı sahədə oturmaq, söhbət etmək, qonaq qəbul etməkdə ciddi çətinliklər yaranır, qadınların sərbəst şəkildə istirahət etməsini mümkünsüz edir. Bununla yanaşı iddiaçıya məxsus fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşısında yerləşən boş sahədə məişət əşyaları yerləşdirilmişdir, həmin hissədə istifadə etməyə başlamışlar. Həmin boş sahənin üstünü şiferlə bağlamışlar və boş sahənin eni təxminən 1,5 metr təşkil edir. Belə olan halda yataq otağının pəncərəsinin açılması, havalandırılması, istifadə edilməsində ciddi maneələr yaranır, mütəmadi olaraq istifadə edildiyindən, otağın pəncərəsi daima bağlı vəziyyətdə qalır, pərdələr örtülmüş vəziyyətdə qalır və işıq düşməsi də artıq mümkünsüz olur. Halbuki, həmin hissə cavabdehə aid olan hissə deyildir, əvvələr boş sahə olmuşdur və istifadə edilməmişdir. Cavabdehlərin bu hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur, əmlakından rahat istifadə etməsi mümkünsüz olur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2023 saylı, 03 mart 2023cü il tarixli qətnaməsi (hakim Etibar Mustafayev) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia tələbinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya aid hissəsində həyətində cavabdehlərə məxsus otaqdan açılan pəncərənin sökülərək yerinin daş kərpiclə cavabdehlərin hesabına hörülməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onun istifadəsində olan həyətyanı sahəyə pəncərə açmaqla onun öz həyətyanı sahəsindən sərbəst istifadəsinə maneçilik törətdiyini, göstərsə də, yerinə müayinə zamanı göstərilənlərlə bağlı heç bir maneə müəyyənləşdirilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, cavabdehə məxsus evin 1 pəncərəsi iddianın istifadəsinə olan həyətyanı sahəyə açıldığı halda, iddiaçının evinin iki pəncərəsi cavabdehin istifadəsində olan həyətyanı sahəyə açılır. Həmçinin iddia tələbinin fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahəsinə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyaların götürülməsi, həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi hissəsidə əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahəsinə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyalar yataq otağının pəncərələrinin açılmasına, otağın havalandırılmasına ciddi maneələr yaradır. Halbuki, iş üzrə keçirilmiş yerində müayinə zamanı sözügedən sahənin cavabdehin istifadəsində olmaqla, ora açılan iddiaçıya məxsus pəncərələrin qarşısınının açıq olduğu, əşyaların isə pəncərələrin açılmasına heç bir maneə törətmədiyi müəyyən edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərir ki, məhkəmənin bu qətnaməsi qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır və ləğv edilməlidir. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və müvafiq olaraq qeydiyyat vəsiqəsi verilmişdir. Ona və cavabdehlərə məxsus fərdi yaşayış evləri bitişikdir, buna baxmayaraq giriş-çıxışları ayrı-ayrıdır. Onun mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinin həyətinə baxan hissədə cavabdehlərin otağından pəncərə açılmışdır və nəticədə həyətdən sərbəst qaydada istifadə etməyinə ciddi maneçilik törədirilir. Belə ki, həyətyanı sahə qapalıdır, isti havalarda həyətyanı sahədə oturmaq, söhbət etmək, qonaq qəbul etməkdə ciddi çətinliklər yaranır, qadınların sərbəst şəkildə istirahət etməsini mümkünsüz edir . Bu, milli mentalitetə də uyğun deyildir. Belə ki, pəncərədən həyət aydın şəkildə görünür. Bir müddət bundan öncə cavabdehlər tərəfindən ona məxsus fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşısında yerləşən boş sahədə məişət əşyaları yerləşdirilmişdir, həmin hissədən istifadə etməyə başlamışlar. Həmin boş sahənin üstünü şiferlə bağlamışlar və boş sahənin eni təxminən 1,5 metr təşkil edir və belə olan halda yataq otağının pəncərəsinin açılması, havalandırılması, istifadə edilməsində ciddi maneələr yaranır, mütəmadi olaraq istifadə edildiyindən otağın pəncərəsi daima bağlı vəziyyətdə qalır, pərdələr örtülmüş vəziyyətdə qalır və işıq düşməsi də artıq mümkünsüz olur. Halbuki, həmin hissə cavabdehə aid olan hissə deyildir, əvvəllər boş sahə olmuşdur və istifadə edilməmişdir. O, cavabdehlərə bu barədə dəfələrlə iradını bildirmiş, etiraz etmiş, lakin ona əhəmiyyət verməmişlər və həmin sahəyə məişət əşyaları yığmaqda və istifadə etməkdə davam etmişlər. Ona məxsus yaşayış sahəsindən rahat istifadə edilməsinə ciddi maneçiliklər yaranmışdır və yataq otağının pəncərəsinin qarşı hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə ona məxsus hissəyə açılan pəncərənin heç bir maneə törətmədiyi, həmçinin yataq otağının qarşı hissəsindəki sahədən cavabdehlər tərəfindən heç bir maneə törədilmədiyi, yığılmış məişət əşyalarının və həmin sahənin üst hissəsinə vurulmuş şiferin heç bir maneə yaratmadığının yerində müayinə zamanı müəyyən edilməsi göstərilmişdir. Bu, tamamilə əsassızdır. Belə ki, həyətə açılan pəncərənin həyətdən sərbəst və rahat istifadə edilməsinə maneçilik törətməsi, həmçinin yataq otağının qarşı hissəsinə yığılan məişət əşyalarından istifadə edilməsi, ümumiyyətlə həmin hissədən cavabdehlərin istifadə etməsi yataq otağından rahat və sərbəst istifadə edilməsinin, havalandırma üçün pəncərənin açılmasını mümkünsüz etməsi və s. hallar məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir, məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün iddia haqlı sayılmır.

19. Əvvəla, işdən və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatdan bəlli oldu ki, tərəflər arasında bundan əvvəl də eyni xarakterli bir neçə dəfə məhkəmə mübahisələri olmuşdur. İddiaçının izahatına görə ilk dəfə 2016-cı ildə qarşı tərəf onlara qarşı, 2019-cu ildə isə onun tərəfindən cavabdehlərə qarşı eyni xarakterli iddia tələbləri üzrə məhkəməyə müraciət edilmiş, hər iki iddia rədd edilmişdir. Hazırki iddia tələbinin bir hissəsi, yəni fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahədə cavabdehlər tərəfindən... həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsi hissəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(001)-248/2022 saylı qətnaməsi ilə rədd edilmiş evin pəncərəsinin qarşısındakı sahədə cavabdehlər tərəfindən quraşdırlmış şiferlərin sökülməsi tələbi eyni olduğundan, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahədə cavabdehlər tərəfindən... həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsinin rədd edildiyi hissədə qətnamə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

20. Hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı yönəltdiyi tələbin digər hissələri fərqli olsa da mahiyyət və məzmun baxımından oxşar tələblər sayılır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-248/2022 saylı işdə iddiaçının ona məxsus pəncərənin qarşısındakı sahədən istifadəyə cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması tələbi rədd edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almışdır.

21. Qeyd olunduğu kimi hazırki iş üzrə olan tələblər fərqli olsa da xarakter etibarı ilə digər işdə olan tələblərlə eynilik təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin yerində baxış zamanı müəyyən etdiyi hallar hazırki iddianın da əsassız olduğunu labüd etmişdir. İddianın əsassızlığı mübahisəli ünvanda çəkilmiş və işə əlavə edilmiş fotoşəkillərlə də açıq-aşkar təsdiq olunur. Belə ki, evin iddiaçının istifadəsində olan otağının iki pəncərəsi, evin cavabdehin istifadəsində olan həyətinə açılır, cavabdehlər həmin pəncərələrin yerləşdiyi divara bitişik öz əşyalarını yerləşdirsə də, bu əşyalar pəncərənin önünü, həmin pəncərələrdən gələn havanın və gün işığının qarşısını kəsmir. Əksinə, evin cavabdehlərə aid hissəsində olan otağının bir pəncərəsi evin iddiaçının istifadəsində olan həyətinə açılsa da, həmin pəncərənin qarşısı hündur mebel qoyulmaqla kəsilmiş, yalnız yuxarı nəfəslik hissəsinin önü açıq vəziyyətdə qalmışdır.

22. Bu cür vəziyyətdə iddiaçı bir tərəfdən fərdi yaşayış evinin ona aid hissəsinin həyətinə cavabdehlərə məxsus otaqdan açılan pəncərənin sökülərək yerinin daş kərpiclə cavabdehlərin hesabına hörülməsini tələb edir, digər tərəfdən isə fərdi yaşayış evinin özünə aid yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahədə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyaların götürülməsini, sahənin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadə edilməsinin cavabdehlərə qadağan edilməsini tələb edir. Düzdü, iddiaçı bunun səbəblərini özünə məxsus şəkildə iddia ərizəsində və şikayətində göstərir. Ancaq iddiaçı da bilməlidir ki, evin ona aid otağının iki pəncərəsindən təbii havanın və gün işığının gəlməsini istəyirsə, qarşı tərəfin də evin onlara aid otağının bir pəncərəsindən havanın gəlməsinə və gün işığının düşməsinə təbii haqqı mövcuddur. Demək, iddiaçı özünün hüququnun mövcudluğunu və qorunmalı olduğunu düşünür, ancaq nədənsə qarşı tərəfin də bu cür hüquqlara malik olduğunu, eləcə də onların da bu cür hüquqlarının qorunmalı və müdafiə edilməli olduğunu unudur. Bu hal isə hüquqa uyğun mövqe sayıla bilməz.

23. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar