Məhkəmə qərarları › İş №2(103)-3753/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3753/2020

28.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3753/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Fuad Qasımzadənin iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair 2(006)-6277/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzində 3700 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş zərərin əvəzində 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzində 25 (iyirmi beş) manat, cəmi 3025 (üç min iyirmi beş) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona dəymiş zərərin cavabdehin hərəkətləri ilə səbəbli əlaqədə olmasını və cavabdehin buna görə təqsirinin olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün zəruri olan hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmiş, nəticədə yuxarıda qeyd edilən maddi hüquq normalarını tətbiq edilməsində yanlışlığa yol verilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətini etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə Apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Sabirabad Rayon İcra Hakimiyyəti Quruzma kənd X4 üzrə nümayəndəlik tərəfindən verilən xx xxxx 2019-cu il tarixli, 879 №-li arayışdan görünür ki, İddiaçı təsərrüfatında 5 ana inəyi olmuşdur. xx.xx.2019-cu il tarixdə səhər 07:00 radələrində 10 minlik elektrik xəttinin qırılması nəticəsində İddiaçı 2 baş inəyini elektrik vuraraq öldürmüşdür. Sabirabad rayon mal-qara alğı-satqı bazarı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan surətinə əsasən, 2019-cu ilin iyun ayında Sabirabad rayon mal-qara alqı satqı bazarında 1 baş 6 yaşında təxminən 300 kq. diri çəkisi olan dişi inəyin orta bazar qiyməti 1900-2000 və 1 baş 6 yaşında təxminən diri çəkisi 295 kq. olan dişi inəyin qiyməti 1600- 1700 manat olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi tərəfindən verilmiş inəyin satış qiyməti haqqında rəyə əsasən, inək qrupuna aid edilən heyvanların bazar qiymətləri heyvanın cinsinə, məhsuldarlığına, yaşına, balavermə qabiliyyətinə, südünün keyfiyyətinə və digər zootexniki göstəricilərinə uyğun olaraq müəyyənləşir. Sorğuda göstərilən inəklər (2019-cu ilin iyun ayında 1 baş 6 yaşında təxminən 300 kq. və 295 kq diri çəkisi olan dişi inəklər) və yaşı və diri çəkisinə görə cinslərin tələblərinə uyğun olaraq yerli heyvan cinslərinə aiddir. Müxtəlif rayon bazarlarında aparılmış sorğuya əsasən bildirilir ki, belə heyvanların satış qiyməti yuxarıda sadalanan keyfiyyətlərdən asılı olaraq 1200-1500 manat arasında dəyişir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən İddiaçı ünvanlanan xx xxxx 2019-cu il tarixli, AERA-21-568 №-li məktubla bildirilmişdir ki, iddiaçının Energetika Nazirliyinə daxil olmuş “iribuynuzlu heyvanları cərəyan vurması nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı” müraciətinə Enerji Məsələlərini X2 fililalında baxılmışdır. Araşdırma zamanı və sahə üzrə nəzarətçi mühəndisin iştirakı ilə 35/10 kv- luq "Quruzma” yarımstansiyasından qidalanan, Qaraqaşlı kənd ərazisindən keçən 10 kv-luq “Quruzma” HEVX-nin iribuynuzlu heyvanların (inək) tələf olduğu 2 dayaqlar arası məsafəyə baxış keçirilmiş və həmin hissədə naqillərin dəyişdirilərək yeni naqillə əvəz olunduğu müəyyən olunmuşdur. Tərəflərindən təqdim olunan sənədlərdən İddiaçı məxsus 2 baş iribuynuzlu heyvanların cərəyan vurması nəticəsində tələf olması halının Quruzma kənd X4 üzrə nümayəndəsinin müavini, Quruzma bələdiyyəsinin mühasibi, polis sahə rəisi, Sabirabad Elektrik şəbəkəsinin baş mühəndisi, Quruzma sahəsi üzrə montyoru və özünüzün iştirakı ilə yerində xx.xx.2019-cu il tarixində aktlaşdırıldığı məlum olmuşdur. Həmçinin tələf olmuş heyvanların daxili orqanlarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi X1 Sınaq Laboratoriyasında müayinə aparılmış və həmin heyvanlarda infeksion xəstəliklər aşkar olunmamışdır. Digər tərəfdən “xxxxxxxx” ASC-nin Şirvan RETSİ-yə daxil olmuş müraciətə xx.xx.2019-cu il tarixli 01/07- 618 nömrəli cavab məktubunda dəymiş ziyanın ödənilməsi səlahiyyətləri çərçivəsində olmadığı bildirilmişdir. Araşdırma materiallarına əsasən iribuynuzlu heyvanların cərəyan vurması nəticəsində tələf olduğu məlum olmuşdur. Dəymiş ziyanın ödənilməsinin tələb olunması məsələsi X3 Agentliyinin səlahiyyətinə aid olmadığından aidiyyəti üzrə müvafiq orqanlara müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1108.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları və işin halları barədə əsaslandırdığı sübutlar onu göstərir ki, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddia təmin olunan hissədə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxxxxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6277/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar