Məhkəmə qərarları › İş №2(103)-3754/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3754/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3754/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nizami Rayon Məhkəməsinin 2(007)-1910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən DİN DYPİ-nin xx.xx.2024-cü il tarixində qəbul etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-1910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2nun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

6. Belə ki, hazırkı mübahisəli məsələ ondan ibarətdir ki, ərizəçi şikayət ərizəsində polis idarəsinin qərarlarından şikayət versə də, elektron qaydada verilən şikayəti “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsi hissəsinə əlavə etdiyindən, onun inzibati qərardan verdiyi əriəsi iddia ərizəsi şəklində məhkəmənin elektron sisteminə daxil olmuş, bundan sonra elektron bögüyə əsasən avtomatik paylanılma qaydasında bölüşdürülmüş, ərizəyə mülki işlərin indeksi kimi “2” indeksi verildiyindən, rayon məhkəməsi də “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi”nə dair şikayət ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina etmişdir.

7. Ərizəçi qərardaddan verdiyi şikayətində bildirir ki, qeyd edilən məsələ onun günahı deyil. Bu, elektron məhkəmə informasiya sisteminin texniki imkanlarının olmaması ilə bağlı olan məsələdir. Ona görə də Məhkəmə şikayət ərizəsinə baxmaqdan imtina edə bilməzdi, bununla rayon məhkəməsi onun məhkəməyə müraciət hüququnu pozmuşdur.

8. Məhkəmə kollegiyası hazırkı halda şikayətdə qeyd edilən dəlillərlə razılaşaraq hesab edir ki, həyata keçirilən məhkəmə -hüquq islahatları çərçivəsində məhkəmələrdə uğurla tətbiq edilən “Elektron Məhkəmə” İnformasiya Sisteminin başlıca məqsədi, həm də şəxslər üçün məhkəməyə əlçatanlığın artırılmasını təmin etmək olduğundan, həmin sistemdə baş verə bilən və mövcud olan hər hansı çatışmazlıq, yaxud texniki məsələlərlə bağlı qüsur və ya uyğunsuzluq heç bir halda, məhkəməyə müraciət edən şəxsin ziyanına şərh (tətbiq) oluna bilməz.

9. Hazırkı halda rayon məhkəməsi texniki baxımdan qeyd edilən halı aradan qaldıraraq, ərizəçinin şikayətinə müvafiq indeks verilməklə, ona qanuna müvafiq qaydada baxılmasını təmin etməli olduğu halda, bunu etməmiş, qeyd edilən texniki məsələni aradan qaldırmaq yerinə, məhz formal əsaslara istinad edərək, yəni indeksin səhv olması baxımından ərizənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə ərizənin yolverilməzliyinə görə onu icraata qəbul etməkdən imtina ilə bağlı qərardad qəbul etmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı madəsində bəyan olunan “Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”na, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində nəzərdə tutulan “Ədalətli məhkəmə araşdırması hüququ”na uyğun olmamışdır.

10. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “ Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

11. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X8rşı işlər).

12. “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

13. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

14. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X5rşı iş).

15. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasiya instansiyası məhkəmələrinin eyni- formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.

16. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.

17. Hazırkı işdə ərizəçinin ilkin şikayətindən də müəyyən etmək olur ki, o, məhz inzibati orqanın konkret tarixli və digər rekvizitləri olan inzibati tənbeh barəsində qərarını mübahisələndirir. Belə olan halda həmin ərizənin texniki yanlışlıq və ya məhkəmənin daxili prosedurlarına əsasən fərqli indekslə qeydə alınmasından asılı olmayaraq ortaya çıxmış istənilən uyğunsuzluğun “yükünü” ərizəçinin üzərinə qoymaq əsassız olaraq şəxsin məhkəməyə müraciət hüqüqunu pozmaqla yanaşı, həm də ədalət mühakiməsinin özünün maraqlarına uyğun olmazdı.

18. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və “Elektron Məhkəmə” İnformasiya Sistemindəki uyğunsuzluqla bağlı texniki məsələlər həll edilərək ərizəçinin şikayətinə müvafiq indeks verilməklə qanunla müəyyən edilmiş qaydada baxılmasının təmin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:

X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və “Elektron Məhkəmə” İnformasiya Sistemindəki uyğunsuzluqla bağlı texniki məsələlər həll edilərək ərizəçinin şikayətinə müvafiq indeks verilməklə qanunla müəyyən edilmiş qaydada baxılmasının təmin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar