Məhkəmə qərarları › İş №2(103)-3757/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3757/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3757/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3210/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin təmir xərcləri üçün 4146 manat, dəymiş fiziki və mənəvi zərərin əvəzi olaraq 5000 manat, ödənilmiş dövlət rüsumu 30 manat, "xxxx" MMC-yə ödənilmiş 300 manat, iddia ərizəsinin yazılması üçün ödənilmiş 100 manat olmaqla, cəmi 9576 manat pul Cavabdeh alınıb onun xeyrinə tutulması, cavabdehin mənzilindən onun mənzilinə su axmasına səbəb olan sıradan çıxmış su boruları və digər təchizat vasitələrinin dəyişdirilməsi, eləcə də hər dəfə bu halın baş verməsinə səbəb olan kirayəşinlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil ona məxsusdur. AR ƏMDK yanında DODRX-nin ******* saylı, 24.02.20011-ci il tarixli Çıxarışına əsasən sözügedən mənzil tam pay hüququ ilə onun mülkiyyətindədir. “08” sentyabr 2020-ci il tarixdə onun mənzilindən bir mərtəbə yuxanda yerləşən 76 saylı mənzildən suyun axması nəticəsində onun mənzilini su basmışdır. Suyun axması nəticəsində mənzilinə ciddi ziyan dəymiş, evinin təmiri yararsız hala düşmüşdür. Bu fakt öz təsdiqini Bakı şəhəri, Nərimanov rayonu, 20 saylı MKlS-nin mühənsidi N.l.Quliyev, sosial işçiləri C.A.Şıxəliyev və A.X.Daşdəmirov tərəfindən tərtib edilmiş 12.09.2020-ci il tarixli Akt ilə öz əksini tapmışdır. Bundan başqa, bu fakt birinci hal deyil və sözügedən mənzildə yaşayan kirayəşinlər tərəfindən onun mənzilinə dəfələrlə su axıdılması nəticəsində mənzilinə müəyyən ziyanlar dəymişdir. Hər dəfə bu barədə 76 saylı mənzilin mülkiyyətçisi Cavabdeh müraciət edərək bu kimi hallara son qoyulmasını tələb etsə də, tələb nəticəsiz qalmışdır. “08” sentyabr 2020-ci il tarixdən sonra Cavabdeh onun mənzilinə dəymiş, zərəri ödəməyi öhdəsinə götürsə də, bu istiqamətdə heç bir tədbir görməmiş, hər dəfə müxtəlif bəhanələrlə onun mənzilindən suyun axması nəticəsində mənzilinə dəymiş zərəri ödəməkdən yayınmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində mənzilin təmiri yararsız vəziyyətə düşmüşdür. Belə ki, suyun axması nəticəsində mənzilin yataq otağı, dəhlizi, mətbəxi və hər iki sanitar qovşağının tavanı, divan, döşəməsi, elektrik xətləri sıradan çıxmışdır. Cavabdehin təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində mülkiyyətində olan mənzilin təmirə dəymiş zərərin müəyyənləşdirilməsi üçün '‘RECtNVEST' MMC-yə müraciət etmişdir. “REC” İNVEST” MMC mənzilinin təmirinə dəymiş ziyanın dəyərini 4146 manat miqdannda müəyyənləşdirmişdir. Cavabdehin mənzilindən onun mənzilinə suyun axıdılması nəticəsində təkcə mənzil zərər görməmişdir. Bu zərərlə yanaşı onun özünə də, kifayət qədər həm maddi, həm fiziki, həm mənəvi olaraq zərər dəymişdir. Belə ki, bir azərbaycanlı qadın olaraq onun mənzili daim təmirli, təmiz və səliqəli olmuşdur. Amma suyun mənzilinə axıdılması nəticəsində o təbii olaraq eyni təmizliyi evində qoruyub-saxlaya bilməmişdir. Çünki nə qədər evini təmiz saxlamağa çalışsa da, zərər dəyən yerlərin daim qopub tökülməsi evini mütəmadi olaraq bərbad vəziyyətə salmış və təbii ki, bu da öz növbəsində onun əlavə olaraq maddi, fiziki və xüsusilə də mənəvi olaraq məhvinə səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh mənzilinin təmirinə dəymiş zərərlə yanaşı, həm də ona təzminat ödəməyə borcludur. Bundan başqa cavabdehin mənzilindən onun mənzilinə su axmasına səbəb olan sıradan çıxmış su boruları və digər təchizat vasitələrinin dəyişdirilməsi, eləcə də həmin mənzildə müvafiq nəzarəti həyata keçirməyərək hərəkətsizlik nümayiş etdirmiş kirayəşinlərin sözügedən mənzildən çıxarılması məqsədəmüvafiqdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3210/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2293 (iki min iki yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7,20 (yeddi manat, 20 qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə su sızmasına səbəb olan su borularının və digər təchizat vaistələrinin dəyişdirilməsinin Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 50 (yüz əlli) manat məbləğində pulun (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən və ona məxsus olan 76 saylı mənzildən iddiaçıya məxsus evə hər-hansı bir su axıdılması və ya axması baş verməmişdir. İş meteriallarında olan Ekspert rəyində qeyd olunur ki, “76 saylı mənzilə baxış keçirərkən, mənzilin sanıtar qovşağının təmirli olması və kanalizasiya xəttlərinin gizli olması müəyyən edilmişdir. Bu səbəbdən də mənzilə su sızmasının texniki səbəblərini müəyyən etmək mümkün olmamışdır. Lakin iş materlarında olan 20 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş AKTa əsasən və 76 saylı mənzilin 74 saylı mənzilin üstündə yerləşməsini nəzərə alaraq, 74 saylı mənzilə 76 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur”. Ekspertiza rəyindən görünür ki, rəy ehtimallar əsasında hazırlanmış, onun mənzilində quraşdırılmış su xəttlərindən və su ötürücü qovşaqlardan su sızmasını müəyyən etmədən, müvafiq elmi-texniki vasitələrdən istifadə etmədən ümumi məlumatlar əsasında rəy verilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3210/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olanAzərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 24.02.2011 İş materiallarında olan Nərimanov rayonu 20 saylı MKİS-nin mühəndisi və sosial işçilərinin tərtib etdikləri 12.09.2020-ci il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, ev 87, 76-cı mənzildən su axıdılması nəticəsində Bakı şəhəri, Təbriz küçəsi, ev 87, 74-cü mənzilin dəhlizinə, mətbəxinə, ayaq yoluna və vanna otağına maddi ziyan dəymişdir. 76 nömrəli mənzil Cavabdeh mülkiyyətində olması, lakin həmin mənzildə kirayəçinlərin qalması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29.05.2021-ci il tarixli, 192/S-05-21/M-02 nömrəli Yaşayış mənzilinə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilinə dəymiş ziyanın dəyəri 4146 manat təşkil etmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, ev 87, mənzil 76 (yeni qaydada: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 163, M3, m2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 31.05.2020 İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021-ci il tarixli, 10/3649 nömrəli ekspertiza rəyindən görünür ki, iş üzrə iddiaçının bildirdiyinə görə 74 saylı mənzilin dəhliz tikilisinə su sızması 74 saylı mənzil ilə eyni proeksiyada olan 76 saylı mənzilin su və kanalizasiya xətlərindən olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün, həmin mənzilin üst mərtəbəsində yerləşən 76 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Baxış zamanı 76 saylı mənzilin sanitar qovşağının təmirli olması və kanalizasiya xətlərinin gizli şəkildə olması müəyyən edilmişdir. Bu səbəbdən 74 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan məlumatlara və Nərimanov rayon 20 saylı MKİS-in əməkdaşları tərəfindən, 12.09.2020-ci il tarixində tərtib etdiyi AKT-a əsasən 74 saylı mənzilə həqiqətən də 76 saylı mənzildən suyun axıdıldığı qeyd olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 74 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 76 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 74 saylı mənzilin dəhliz tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 76 saylı mənzildən su axıdılığı və nəticədə 74 saylı mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1886,0 manat məbləğində müyyən olunmuşdur. Rəyin smetasında yaranan qüsurların aradan qaldırılması üçün təxminən 2293 manat tələb olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq və ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətlərinə ümumlikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh mülki iş üzrə keçirilmiş ekspert rəyini mübahisələndirsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3210/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3210/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar